Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5128/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2886/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə və Cavabdeh1 qarşı – iddiaçının Cavabdeh2 ASC-nin İdarə Heyyətinin sədri vəzifəsinə bərpa edilməsi və təsisçisi Cavabdeh1 9890 manat məbləğində dəymiş maddi zərərin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2886/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Bu səbəbdən də qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir, bütün bunları isə Cavabdeh2 ASC-də təsisçi, həm də səhmlərin nəzarət paketinə sahib olan Cavabdeh1 təşkil etmişdir. Bu səbəbdən işə bərpa olunmasını, işdən azad olunduğu üçün ona dəymiş maddi zərərin isə Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, qanunsuz işdən azad olunduqdan sonra işə bərpa edilməsi barədə əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Agentliyinə, eləcə də prokurorluğa müraciət etmişdir, lakin məhkəməyə müraciət etməli olduğunu isə bilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ü.Əhmədpaşayev apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçı əmək intizamını pozmuş, işə çıxmamış, bu səbəbdən onun əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilən 1 aylıq müddəti ötürmüş, bir il altı aydan sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçı əmək intizamını pozmuş, işə çıxmamış, bu səbəbdən onun əmək müqaviləsinə xitam verilmişdir, işdən çıxması ilə bağlı ondan pul tələb edilməsi tam əsassızdır, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilən 1 aylıq müddəti ötürmüş, bir il altı aydan sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İşəgötürən Cavabdeh2 ASC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, 26.01.2015-ci il tarixdən işçi İddiaçı Cavabdeh2 ASC-nin idarə heyətinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Cavabdeh2 ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağının 01 nömrəli 28.06.2018-ci il tarixli protokolundan görünür ki, cəmiyyətin idarə heyətinin sədri üç il müddətinə İddiaçı seçilmişdir. Cavabdeh2 ASC-nin Müşahidə şurasının qərarı üzrə 15 saylı 14.08.2019-cu il tarixli işdən çıxma haqqında əmrin surətindən görünür ki, İddiaçı 01.08.2008-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə (kontrakta) 14.08.2019-cu il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir və istifadə edilməmiş kompensasiya - 300 gün ödənilməsi qərara alınmışdır. Cavabdeh2 ASC-nin müşahidə şurasının 01 saylı 14.08.2019-cu il tarixli iclas Protokolundan görünür ki, Cavabdeh2 ASC-nin nizamnaməsinin 7.11-ci bəndinə uyğun olaraq İddiaçı cəmiyyətin idarə heyətinin sədri vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxarılması və idarə heyətinin sədrliyindən azad edilməsi və digər üzvü X1 idarə heyətinin sədri təyin edilmişdir. İddiaçı işdən çıxarılmasına səbəb onun uzun müddət işə çıxmaması, əmək funksiyalarını həyata keçirməməsi və cəmiyyətin normal iş fəaliyyətini pozmaq olmuşdur. “xxxx” ASC-nin nizamnaməsinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin idarə heyətinin sədrinin tutduğu vəzifəsinə uyğunsuzluğunu müəyyən etmək cəmiyyətin müşahidə şurasına həvalə edilmişdir. Mülki işdə olan 15.08.2019-cu il tarixli Cavabdeh2 ASC-nin 2019-cu ilin iyul ayı üzrə əmək haqqı və axırıncı hesablaşma haqqında vərəqindən görünür ki, İddiaçı 2770,84 manat ödənilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş materiallardan görünür ki, o, 20.08.2019-cu ildə Xətai Rayon Prokurorluğuna, 20.08.2019-cu il tarixdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı etiraz etmiş və müddətin tətbiqinə dair ərizə vermişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ƏM-in 296-cı maddəsinin 2-ci hissəsinə əsasən ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Kollegiya qeyd edir ki, hazırkı mülki işdə olan 15.08.2019-cu il tarixli Cavabdeh2 ASC-nin 2019-cu ilin iyul ayı üzrə əmək haqqı və axırıncı hesablaşma haqqında vərəqindən görünür ki, İddiaçı 2770,84 manat ödənilmişdir, İddiaçı da göstərilən tarixdə işdən azad olunması barədə məlumatlı olmuş, bilmişdir. Bununla da məlum olur ki, iddiaçı 15.08.2019-cu il tarixdə işdən çıxarılması barədə məlumatı olsa da, lakin mövcud iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 24.02.2021-ci il tarixdə müraciət etmişdir. Kollegiya bildirir ki, 296-cı maddəsinin 6-cı hissəsinin mətni aşağıdakı kimi təsbit olunmuşdur: bu maddədə göstərilən müddətlər üzürlü səbəbdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı isə bu məsələ ilə bağlı, yəni 15.08.2019-cu il tarixdə işdən çıxarılmasına baxmayaraq, 1 il 6 ay sonra məhkəməyə müraciət etməsi ilə bağlı bildirmişdir ki, o, qanunsuz işdən çıxarılması ilə bağlı əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Agentliyinə, eləcə də, Xətai Rayon Prokurorluğuna müraciət etmişdir, lakin məhkəməyə müraciət etməli olduğunu bilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş materiallardan görünür ki, o, 20.08.2019-cu ildə Xətai Rayon Prokurorluğuna, 20.08.2019-cu il tarixdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Aparılmış məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyini bildiyi 15.08.2019-cu il tarixdən 1 il 6 ay sonra, yəni 24.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının xeyli gec, yəni bir il altı ay sonra məhkəməyə müraciət etməsinin səbəbləri barədə qeyd etdiyi xüsusatlar qanunda nəzrədə tutulmuş obyektiv hallarla bağlı olmamışdır, bu səbəbdən də həmin xüsusatlar bir il altı aylıq müddət üçün üzrlü sayıla bilməz Bu baxımdan, rayon məhkəməsinin işə bərpa ilə bağlı iddia tələbi üzrə gəldiyi nəticə əsaslıdır. İddiaçının dəymiş maddi ziyanın ödənilməsi barədə tələbi ilə bağlı isə Kollegiya qeyd edir ki, həmin tələb əsas, ilkin tələbdən asılı olan (törəmə) tələb olduğundan və əsas tələb də təmin edilə bilmədiyindən, iddiaçının maddi zərərlə bağlı tələbi də əsassız olmuşdur ki, birinci instansiya məhkəməsi bununla bağlı da düzgün nəticəyə gəlmişdir. Nəticə: Bununla da müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2886/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5128/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5128/2021
17.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver