Məhkəmə qərarları › İş №2(103)-5128/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5128/2022

02.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5128/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Məhəmməd Xəlilovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus, ipoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev № 7-də yerləşən 211 №-li mənzilə tutma yönəldilməsi barədə Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8İ-9060 reyestr nömrəli icra qeydi ləğv edilsin. İddia onunla əsaslandırılıb ki, icra qeydinin verilməsi üçün tələbkarın notariusa təqdim etdiyi sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etmir, ona görə də icra qeydi qanunsuzdur. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Məhəmməd Xəlilov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddiaçı və Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə Cavabdeh1 BOKT MMC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 970 nömrəli kredit müqaviləsinə görə cavabdeh iddiaçıya 70.000 manat kredit verib, kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25 faiz müəyyən edilib. Eyni tarixdə eyni tərəflərin arasında bağlanmış ipoteka müqaviləsinə görə kreditin qaytarılmasının təminatı kimi yuxarıda göstərilən mənzil ipoteka ilə yüklü edilib. Kredit verən hesab edib ki, kredit alan kredit öhdəliyini pozub. Ona görə də kredit verən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin verilməsi üçün notariusa müraciət edib. Həmin müraciətin əsasında Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2021-ci il tarixli, 8İ-9060 reyestr nömrəli icra qeydi verilib. İcra qeydinə görə əsas borc kimi 55.437,83 manat, faiz borcu kimi 20.765,64 manat, dəbbə pulu kimi 72,77 manat, cəmi 76.276,24 manat məbləğində pul tələbi üzrə tutma ipoteka predmeti olan mənzilə yönəldilməlidir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə görə, icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. O cümlədən Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının 2-ci bəndində həmin səndlərdən biri belə qeyd olunub: alınmış borc üzrə faiz və cərimələrin hesablanması tarixi və məbləğləri göstərilməklə tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. İcra qeydi ilə tutulan 20.765,64 manat faiz borcuna və 72,77 manat cərimə borcuna dair təfsilatlı maliyyə arayışı notariusa təqdim olunub. Bu isə belə qiymətləndirilir ki, borcun mübahisəsiz olduğu təsdiq olunur. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd edib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar