Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5161/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-407/2022 saylı hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh2 qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 8.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1557/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü məhkum Cavabdeh1 aid hissədə ləğv edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 32.4, 312.2-ci maddələri ilə 04 il 06 ay müddətinə, həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə 05 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə olaraq maddi ziyana görə 52.500 manat, əlavə xərclərə (hüquqi yardım və dövlət rüsumu) görə 455 manat, mənəvi ziyana görə 2.500 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə uzun illərdir ki, bir-birini tanıyırlar və ailəvi gediş-gəlişləri vardır. 2021-ci ildə qardaşı X4 AR CMnin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan məhkəmə işində qardaşının guya həbsdən azad olunmasına köməklik olunması məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin aprel ayında ondan ilkin olaraq 50.000 manat, sonra isə 500 manat və 2.000 manat, cəmi 52.500 manat məbləğində pul alaraq mənimsəmişlər. Onlar qardaşı Lütviyə heç bir köməklik etməmişlər, nəticədə qardaşı Lütvi 2021-ci ilin noyabr ayında 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Belə olan halda hazırda cavabdehlərdən ondan aldıqları 52.500 manat məbləğində pulunu geri qaytarmalarını tələb etmişdir. Onlar 52.500 manat pulu yaxın vaxtlarda qaytaracaqlarına söz versələr də, qərəzli olaraq müxtəlif bəhanələrlə vaxtı uzadaraq, pulu qaytarmaqdan imtina etmişlər. Dəfələrlə həmin pulları cavabdehlərdən tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də onu aldadaraq pullarını mənimsəmələri barədə 2021-ci ildə onlardan Baş Prokuror yanında Korrupsiya İdarəsinə şikayət etmiş və hazırda cavabdeh olan həmin şəxslər barəsində cinayət işi başlanılaraq onlar AR CM-nin 178.3.2, 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə məhkəməyə verilmişlər. Cavabdehlər Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) - 407/2022 saylı, xx.xx.2022-ci il tarixili hökmü ilə məhkum olunmuşlar. Lakin buna baxmayaraq, onlar hələ də ona vurduqları maddi ziyanı ödəməkdən qərəzli olaraq imtina edirlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər tərəfindən aldatma nəticəsində ondan 52.500 manat məbləğində pulun alınması və bununla da ona həmin məbləğdə ziyanın vurulması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-407/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə də təsdiq olunur.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərə görə 52.500 manat, ödənilmiş dövlət rüsumuna görə 255 manat və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X12)
6. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Yəni, hadisənin məhz cavabdehlər tərəfindən törədilməsi göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də cavabdehlər Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, onlara cəza təyin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hadisənin məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilməsi hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya əmlakını mənimsəməklə maddi ziyan vurulması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. İşdə olan sübutlarla cavabdehlər tərəfindən iddiaçının 52.500 manat pul vəsaitinin mənimsənildiyi müəyyən edilir. Bununla belə, cavabdehlər törətdiyi cinayət əməli nəticəsində iddiaçıya 52.500 manat məbləğində maddi zərər vurulmasında təqsirlidir və ona görə də həmin məbləğ cavabdehlərdən birgə qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, o, tələbinin cavabdehlər tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə əlavə xərc olaraq cəmi 455,0 manat məbləğində pulun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlərin təqsirli hərəkəti nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehlərdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 443.1-ci, 1096.2-ci, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 88-ci, 119.1-ci, 121.1-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Koinq Almaniyaya qarşı”, “Artiko İtaliyaya qarşı”, “Younq, Cames və X7rşı” iş üzrə qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə uzun illərdir tanışdır, onların ailəvi dostluq münasibətləri mövcud olmuşdur. Ona sonradan məlum olmuşdur ki, iddiaçının qardaşı Lütfi 2020-ci ildə işlədiyi Dövlət nəfəs alətləri orkestrində maliyyə pozuntularına yol verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Bununla bağlı o, iddiaçının qardaşının dəvətinə əsasən iddiaçının evinə gəlmiş və ondan Lütfiyə həbsdən azad olunması ilə bağlı kömək istəmişdirlər. O, isə bildirmişdir ki, onun Cavabdeh2 adlı tanışı var və həmin şəxsin bu məsələdə onlara köməklik edə biləcək tanışları mövcuddur. Bundan sonra iddiaçı və onun qardaşı Cavabdeh2 ilə şəxsən görüşmüş və məsələ bardədə məlumat vermişdirlər. Bir müddət sonra Xanlar onlara Lütfinin işi barədə köməklik göstərə biləcəyini, işin ibtidai istintaqa geri qaytarılacağını və Lütfinin həbsdən buraxılmasının mümkün olduğunu, lakin bunun üçün 100.000 manat pul vəsaitinin lazım olduğunu, pulun 50.000 manatının əvvəlcədən qalanının isə işin yekununda verilməli olduğunu bildirmişdir. O isə iddiaçının evinə gələrək, bu barədə onlara məlumat vermişdir. Bir neçə gün sonra iddiaçı onu yenidən evlərinə çağıraraq 50.000 manat pul vəsaitinin hazır olduğunu bildirmiş və Cavabdeh2 təhvil verilməsi üçün ona vermişdir, o da pul vəsaitini tam şəkildə sonuncuya təhvil vermişdir. Hətta sonradan Cavabdeh2 ilə olan telefon danışığını gizli yazaraq iddiaçıya dinlətmişdir ki, pul vəsaitinin onda olmadığı tam şəkildə aydınlaşsın. Qeyd olunanlardan da göründüyü kimi, o, iddiaçının pul vəsaitini mənimsəməmiş, onun belə bir niyyəti olmamışdır. O, sadəcə iddiaçının qardaşının həbsdən adan olunması üçün digər cavabdehlə arasında vasitəçi qismində çıxış etmişdir. Əlavə olaraq, məsələ ilə bağlı davam edən cinayət işi materiallarında olan iddiaçı tərəfindən verilmiş izahatda da görünür ki, iddiaçı özü də qeyd edir ki, cavabdeh onun qardaşının həbsinə məyus olmuşdur, çünki onların uzun illər davam edən dostluq münasibətləri mövcud olmuşdur. Sözügedən ifadədə öz əksini tapan digər məqam isə ondan ibarətdir ki, iddiaçı özü də etiraf etmişdir ki, Cavabdeh2 bu işi həll edə biləcəyini bildirmiş və buna əsasən ona təhvil verilməsi üçün 50.000 manat pul vəsaiti Cavabdeh1 verilmişdir. Mübahisə pretmetini təşkil edən pul vəsaiti isə yekunda Cavabdeh2 təhvil verilmişdir. Ümumilikdə cinayət işi materiallarına nəzər saldıqda aydın olur ki, o özü də Cavabdeh2 tərəfindən yalan vədlərlə aldadılmışdır. Onun hər hansı bir şəkildə iddiaçının pulunu ələ keçirmək, mənimsəmək niyyəti olmamışdır. Bundan əlavə, mülki iş üzrə onun hüquqları pozulmuş, özünü müdafiə etməsinə şərait yaradılmamış, çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verməmiş, kifayət qədər araşdırma aparmamış və sadəcə mübahisəsiz halları qiymətləndirmişdir. Qətnamə hüquqi faktlar tam şəkildə öz əksini tapmadan, iş üçün əhəmiyyət kəsb edən cinayət işi materialları, izahatlar tam şəkildə araşdırılmadan çıxarılmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh1 vəkili və nümayəndəsi X3 iştirak etdiyi xx.xx.2023-cü il tarixli məhkəmə iclası təxirə salındıqdan sonra növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir.
12. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.
13. Cavabdeh2 cəzasını çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətin 09 saylı Cəzaçəkmə müəssisəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat göndərilmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.1-ci maddəsinə əsasən məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Apellyasiya şikayətində qətnamənin Cavabdeh1 münasibətdə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız ona aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edib, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nümayiş etdirilən hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış 1(103)- 1557/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü hazırki iş üzrə preyudisial xarakter daşıyır.
23. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirməklə dələduzluq etməsinin, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinin müəyyən edilmədiyi, lakin Cavabdeh1 Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmə, yəni Azərbaycan Respublikası CM-nin 32.4-cü, 312.2-ci maddəsində nəzərdə tutulmuş əməlinin tam sübuta yetirildiyi qənaətinə gəlmişdir. Bu səbəbdən çıxarılmış hökmə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4, 312.2-ci maddəsi ilə qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh1 isə həmin Məcəllənin 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 8.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur.
24. Lakin apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 qeyd olunan cinayət əməllərini törətməsi mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunduğundan, onun əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4-cü, 312.2-ci maddələri ilə düzgün tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1557/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Cavabdeh1 aid hissədə ləğv edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhz həmin məhkəmə aktı ilə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı 52.500 manat məbləğində maddi ziyanın vurulduğu sübuta yetirilmişdir. Cavabdehlər tərəfindən ziyan məbləğinin hər hansı hissəsi bügünədək iddiaçıya qaytarılmamışdır.
25. Bununla belə, cavabdehlər təqsirli, hüquqa zidd əməlləri ilə iddiaçıya 52.500 manat məbləğində real zərər vurmaqla mülki hüquq pozuntusu (delikt) törətmişdilər. Bu səbəbdən onlar mülki hüquq məsuliyyəti daşıyaraq iddiaçıya vurduqları real zərərin əvəzini tam həcmdə ona ödəməlidilər. Birinci instansiya məhkəməsi də qeyd edilənləri nəzərə alıb, haqlı olaraq cavabdehlərdən iddiaçının xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 52.500 manat məbləğində pul vəsaitini tutmuşdur.
26. Məhkəmə kollegiyası cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulan dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş pul vəsaitinin məbləği ilə də razılaşır.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-144/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada ona verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə Cavabdeh1 rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.