Məhkəmə qərarları › İş №2(103)-518/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-518/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-518/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(005)-206/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2010-cu il tarixli AK-22 saylı kredit müqaviləsinə əsasən 13,317.93 manat məbləğində əsas borc, 1,110.00 manat məbləğində faiz borcu, 6,721.55 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 06.05.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2,399.45 manat borc, ümumilikdə isə 23,548.93 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət elmədiyi halda, qalan borcun cavabdehlərdən tutulması, mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 29 mart 2010-cu il tarixdə kredit verilməsi haqqında AK-22 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 90 ay müddətinə 29766.80 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə həmin mənzil 29.03.2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X5” ASC ilə "xxxx" ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən “X5” ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində borcu yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(005)- 206/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 29 mart 2010-cu il tarixli, AK-22 saylı kredit müqaviləsi üzrə 13,317.93 manat məbləğində əsas borc, 1,110.00 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 06.05.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2,399.45 manat olmaqla, cəmi 17827,38 manat borc və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan "xxxx" ASCdən tutularaq "X4" MMC-nin hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan "xxxx" ASCdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində 4 dəlilə istinad etməklə qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. Birinci dəlili ondan ibarətdir ki, borc məbləğinin cavabdeh “X5” ASCdən tutulması hissəsində iddianın rədd edilməsi ilə bağlı məhkəmə səhv qənaətə gəlmişdir, ASC ilə bank arasında birgə fəaliyyət haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliyini lazimı şəkildə yerinə yetirə bilməyəcəyi təqdirdə “X5” ASC kredit məbləğinin qaytarılması üçün öhdəlik götürmüşdür. İkinci dəlili ipoteka predmetinə tutma yönəldilməsi hissəsində iddianın rədd edilməsidir. Şifahi məluamata əsasən sözügedən mənzilə Cavabdeh2 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İpoteka qeydiyyata alınmadıqda iddia ərizəsi həmin hissədə rədd edilməli deyil, baxılmamış saxlanılmalı idi. Üçüncü dəlili cərimə borcunun tənasübsüz şəkildə azaldılması ilə bağlıdır. Məhkəmə borcun qaytarılmamasına görə kreditora dəymiş ziyanı nəzərə almamış, cərimə məbləğini formal məbləğədək azaltmışdır. Axırıncı dəlil isə qiymətləndirmə ekspertizaları tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pulun bankdan tutulması ilə bağlıdır. Əmtəəşünaslıq ekspertizasının keçirilməsi iddiaçı tərəfin xahişi ilə deyil, cavabdeh tərəfin və məhkəmənin təşəbbüsü nəticəsində təyin olunduğundan 300 manat məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Digər cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya əvvəla qeyd edir ki, qətnamə yalnız iddiaçının mübahisələndirdiyi hissələrdə yoxlanılır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – "xxxx" ASC-yə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə "xxxx" ASC-yə aid hissədə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2010-cu il tarixli, AK-22 saylı kredit müqaviləsinə əsasən, sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 90 ay müddətinə, 29766.80 manat məbləğində kredit verilmişdir. 29 mart 2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsinə əsasən həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzil 29.03.2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “X5” ASC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən “X5” ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh2 ünvanlanmış bildiriş pretenziyadan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2021-ci il tarixli 9/5115 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları və 29.03.2010-cu il tarixli AK-22 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla sual üzrə müqavilə müddətinin bitdiyi, 29 sentyabr 2017-ci il tarixinə Cavabdeh2 iddiaçı “Texnikabank" ASC-yə olan əsas və faiz borcu cəmi 14442,27 manat məbləğində müəyyən edilir, o cümlədən, əsas kredit borcu 12518,02 manat, faiz borcu 1924,25 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2021-ci il tarixli 9/1174 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasə iş materiallarında olan hesabdan çıxarış məlumatları və 29.03.2010-cu il tarixli AK-22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh2 29 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) “Texnikabank" ASC-yə olan borcu 15339.70 manat məbləğində müəyyən edilir, o cümlədən, əsas kredit borcu 13271.68 manat, faiz borcu 2068,02 manat təşkil edir. Qeyd edilir ki, 11.01.2021-ci il tarixli, 9/5115 nömrəli ekspert rəyi ilə 01.04.2021-ci il tarixli, 9/1174 nömrəli ekspert rəyi arasındakı fərq onunla izah olunur ki, 9/5115 nömrəli ilkin ekspert rəyində 24.09.2012-cu il tarixdən 30.07.2012-ci il tarixədək ümumilikdə 440,00 AZN məbləğində ödənilmiş sığorta haqqları kredit borcuna silinmişdir. 15 yanvar 2021-ci il tarixli “X6”inin SEM/Y 02-011/21 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin 15 yanvar 2021ci il tarixə likvid dəyəri 75600 manat təşkil edir. 16 aprel 2021-ci il tarixli “Əmlak Ekspert Mərkəz”inin ƏEM/A 81-402/21 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında, yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin 16 aprel 2021-ci il tarixə bazar dəyəri 86000 manat, likvid dəyəri 82000 manat təşkil edir. Apelyasiya şikayətinin birinci dəlili cavabdeh “X5” ASC-dən tutulması hissəsində iddianın rədd edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini rədd edərkən, belə nəticəyə gəlmişdir ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış, onlar arasında müqavilə öhdəliyi yaranmamışdır. Belə olan halda borcun cavabdeh "xxxx" ASC-dən tutulması hissəsində tələb rədd edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti düzgün olmamışdır. İş materiallarından görünür ki, bankla tikinti şirkəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2-ci maddəsinə görə şirkət kreditin verilməsi üçün zəruri olan sənədlərin “banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsinin olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir. Müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “şirkət” öz üzərinə götürür. Bu halda “şirkət” borcalanın “bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “bank”a ödənilənə qədər qüvvədədir. Müqavilənin 2.14-cü maddəsinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə 17 dekabr 2015-ci l tarixli 1 saylı Əlavədən görünür ki, müqavilənin 2.6-cı bəndində «alıcının» sözü «alıcısına» sözü ilə əvəz edilmiş, «adına order verilməsi üçün» sözləri çıxarılmış; 2.7-ci bəndində «order əsasında» sözləri çıxarılmış; 2.9-cu bəndində «dərhal mənzilin alıcısına order verilməsi» sözləri «mənzilin alıcısına verdiyi sənədlər» sözləri ilə əvəz edilmiş və 2.12-ci bəndinin birinci cümləsi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: «Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, bank qeyd edilən pozuntu barədə dərhal şirkəti məlumatlandırmalıdır. Şirkət məlumatlandırıldıqdan 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə, bank ödənilməmiş krediti və ona hesablanmış faizləri şirkətin bankda olan hesabından, ona xəbərdarlıq etməklə, silir. “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını müəyyən edən 390-cı maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (390.4). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (390.5). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (390.7). Kollegiya hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2). Şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. Belə olan halda, məhkəmənin bu hissədə mövqeyi yalnış olmuşdur. Bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də, Kollegiya qeyd edir ki, cavabdeh "xxxx" ASC-yə aid hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4-cü maddəsinə görə isə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İşin hallarından görünür ki, kredit müqaviləsi 90 ay müddətinə bağlanmış, müqavilə üzrə öhdəliyin icrası vaxtı 29.09.2017-ci il tarixində başa çatmış, bankın da həmin vaxtdan başlayaraq, zaminə qarşı tələb etmə hüququ 1 il qüvvədə olmuşdur. Lakin bank tərəfindən hazırki iddia ərizəsi ilə 25.06.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Kollegiya hesab edir ki, qanunun tələbinə görə hazırki halda zaminliyə xitam verilmişdir və zaminliyə xitam verildiyindən cavabdeh (zamin) "xxxx" ASC iddiaçının qarşısında məsuliyyət daşımır. Ona görə də iddia tələbi "xxxx" ASC aid hissədə qanunsuz və əsassızdır. İddiaçının ikinci dəlili ipoteka predmetinə tutma yönəldilməsi hissəsində iddianın rədd edilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzil ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. İddiaçının bununla bağlı dəlilləri əsassızdır. Cərimə borcunun tənasübsüz azaldılması ilə bağlı Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin bununla bağlı dəlili əsassızdır. İddiaçının apelyasiya şikayətinin sonuncu dəlili məhkəmə xərcləri, yəni qiymətləndirmə ekspertizaları tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pulun bankdan tutulması ilə bağlı olmuşdur. Apelyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır, iddia tələbi kredit borcu üzrə tutmanın əmlaka yönəldilməsi hissəsində təmin edilmədiyindən Ləğv prosesində olan “Texnikabank" ASC-dən 150 manat qiymətləndirmə ekspertizasının xərci "X4" MMC-nin xeyrinə, 150 manat qiymətləndirmə ekspertizasının xərci tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-206/2021 saylı iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən – iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi cavabdeh "xxxx" ASC-yə aid hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar