Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5189/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin cavabdehlərin hesabına sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-3308/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi, 52 ünvanında yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan 0,59685 ha torpaq sahəsi daxilindəki zəbt edilmiş torpaq sahəsindən çıxarılması, tikilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi və yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. 2008-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 52 ünvanında yerləşən 0,59685 ha torpaq sahəsini və torpaq sahəsinin içində yerləşən anbar kompleksini almışdır. Həmin torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən 1068,3 kv.metr ümumi, 707.4 kv.metr əsas 360.9 kv.metr köməkçi sahədən ibarət müəssisənin (anbar kompleksi) ona məxsus olması Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş MH seriyalı ******* saylı Çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsini alanda, artıq cavabdehlər (2 ailə) sözügedən ərazidə yerləşən qanunsuz tikililərdə qanunsuz məskunlaşaraq yaşamağa başlamışdırlar və bugünədək də yaşayırlar. 2019-cu ilin əvvəlində hər iki ailəyə mülkiyyətində olan həmin tikililərdən və torpaq sahəsindən çıxmağı tələb etməyinə baxmayaraq həmin ərazini boşaltmaqdan imtina edirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111, Mülki Məcəlləsinin 180-cı maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)- 3308/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, əlavə olaraq bildirmişdir ki, məhkəmə iş üzrə verilmiş ekspert rəyini nəzərə almadan əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu və mübahisəli evdə iddiaçı həmin torpaq sahəsini almamışdan qabaq yaşadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, cavabdehin izahatını dinləyib işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-3308/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamentinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamədən görünür ki, X4 ünvan 3 ünvanında yerləşən Anbar kompleksini (ümumi sahəsi 1471,4 kv.m) qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi, 52 ünvanda yerləşən 0.59685 ha torpaq sahəsində yerləşən 1068,3 kv.m ümumi, 707,4 kv.m əsas, 360.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (anbar kompleksi) tam mülkiyyət hüququ uzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 №-li reyestr kitabının 376 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sabunçu rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-1305 saylı qətnaməsi ilə Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Zabrat qəs. Oktyabr küç. yerləşən 52 “B” saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx xxxx 2007ci il tarixli 2-1304 saylı qətnaməsi ilə Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Zabrat qəs. Oktyabr küç. Yerləşən 52 “A” saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Zabrat qəs. üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 139 saylı arayışından görünür ki, İmanov X5 qəs. Nəsibova Zeynalova (keçmiş Oktyabr) küç. 52b saylı ünvanda Sabunçu rayon məhkəməsinin 2- 1305/2007-ci il tarixli qətnaməsinə əsasən ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Zabrat qəs. üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 138 saylı arayışından görünür ki, Cavabdeh1 Zabrat qəs. Nəsibova Zeynalova (keçmiş Oktyabr) küç. 52a saylı ünvanda Sabunçu rayon məhkəməsinin 2-1304/2007-ci il tarixli qətnaməsinə əsasən ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. Anası X3 xx.xx.2015-ci ildən qeydiyyata düşməsinə baxmayaraq, 2007-ci ildən yuxarıda göstərilən ünvanda qeydiyyatsız yaşayır. İş materiallarında olan X1 adına verilmiş xx.xx.1994-cü ildən etibarlı sayılan 005208 saylı vəsiqədən görünür ki, o “Şəhid adının əbədiləşdirilməsi və şahid ailələrinə edilən güzəştlər haqqında” x xxxxxxxx 1993-cü il Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan X2 Gəncə şəhəri, Nizami rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 183 saylı arayışdan görünür ki, onun oğlu Abdullayev Yaşar xx.xx.1994-cü il tarixində Tər-tər bölgəsində həlak olub. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********473 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə iddia olunan torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, cavablanmış sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən aparılmışdır. Mübahisələndirilən ölçülmüş ərazinin faktiki sahəsi 0.6224 hektardır ki, (bundan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X10 tərəfindən xx xxxxxx 2008-ci il tarixdə tərtib edilmiş sxemə əsasən (sxem əlavə edilir) bundan 0.59685 hektarı İddiaçı mülkiyyətində, 0.02555 hektarı isə dövlət mülkiyyəti torpağıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisələndirilən ərazidən torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilmədi. İ.İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi, 52 ünvanda yerləşən 0.59685 ha torpaq sahəsi ilə həmin ərazidə Cavabdeh1 və Hüseyn Ənnağı oğlunun istifadəsində olan torpaq sahələrinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkündür. Mübahisələndirilən torpaq sahələrinin faktiki ölçüləri (0.6224 və 0.0287 hektar) 0.6511 hektardır. Torpaq sahələrinin yerləşdikləri ərazidə Cavabdeh1 faktiki istifadəsində olan 287 kv.m (yaşayış evi ilə birlikdə) torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi üstüstə düşür (sxem əlavə edilir). İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli 13847 saylı rəyinin nəticə hissəsinə əsasən torpaq sahələrinin yerləşdiyi ərazidə Cavabdeh1 faktiki istifadəsində olan 287 kv.m (yaşayış evi ilə birlikdə) torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi üst-üstə düşür (sxem əlavə edilir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahləri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 52 ünvanında yerləşən 0,59685 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması onun həmin evdən istifadə, sahiblik və sərəncam hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların mülkiyyətçiyə tanıdığı imkandan istifadə edərək evdən istifadəsinə törədilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Bu konteksdə həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı mülkiyyətində olan əmlakdan istifadəsinə yaranmış maneçiliyin aradan qaldırılmalı və Cavabdeh1 tərəfindən inşa edilmiş özbaşına tikililər sökülməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli 13847 saylı rəyinin nəticə hissəsinə əsasən torpaq sahələrinin yerləşdiyi ərazidə Cavabdeh1 faktiki istifadəsində olan 287 kv.m (yaşayış evi ilə birlikdə) torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi üst-üstə düşür (sxem əlavə edilir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Belkə ki, Cavabdeh1 tərəfindən inşa edilmiş tikili lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla iddiaçıya məxsus topaq sahəsində tikilmişdir. Kollegiya həmçinin onu da nəzərə alır ki, cavabdeh özü tərəfindən inşa edilmiş tikilinin iddiaçıya aid torpaq sahəsində olmasını mübahisələndirmir. İddia tələbinin Cavabdeh2 münasibətdə yönəlmiş hissəsinə dair kollegiya qeyd edir ki, Sabunçu rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2-1305 saylı qətnaməsi ilə Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Zabrat qəs. Oktyabr küç. yerləşən 52 “B” saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 2- 1304 saylı qətnaməsi ilə Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Zabrat qəs. Oktyabr küç. Yerləşən 52 “A” saylı evə pasport qeydiyyatına alınması qət edilmiş və hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin mübahisəli torpaq sahəsində yerləşməsi sübuta yetirilmədiyindən kollegiya hesab edir ki, Cavabdeh2 qarşı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-3308/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin cavabdehlərin hesabına sökülməsi və maneələrin aradan qaldırılması” barədə iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 52 ünvanında yerləşən 0,59685 ha torpaq sahəsi daxilində Cavabdeh1 istifadəsində olan 287 kv.m. torpaq sahəsindən Cavabdeh1 çıxarılsın və həmin sahədə onun tərəfindən inşa edilmiş özbaşına tikili öz hesabına sökülsün. Cavabdeh1 tərəfindən İddiaçı yaradılan maneələr aradan qaldırılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorun özünə aid edilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5189/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5189/2020
24.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver