Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5189/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 369,7 kv/m olan fərdi yaşayış evi və yerləşdiyi 0,075 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv.m olan mənzilin 2/5 hissəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ¼ hissəsi Cavabdeh1 mülkiyyətində olmuşdur.
2. X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
3. xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X3 vərəsəsi Cavabdeh1 miras əmlakdan ¼ hissədə pay almalıdır.
4. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1173/2014 saylı, 18 fevral 2014-cü il tarixli icra vərəqəsinə əsasən X6 xeyrinə Cavabdeh1 62.000 ABŞ dolları (ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan manatı) tutulmalıdır. 6.11.2021-ci il tarixli “tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında” Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1173/2014 saylı, 18 fevral 2014-cü il tarixli icra sənədi üzrə X3 vərəsələri kimi X9 və İddiaçı əvəz edilməsi qərara alınmışdır.
7. İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımova notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq qardaşı Cavabdeh1 mərhum X3 vərəsəliyi ilə bağlı ona borcu olmadığını bildirmiş və icra işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
8. xx.xx.2022-ci il tarixdə İddiaçı ərizəsinə əsasən yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixli ərizə 1 saylı Bakı ASAN xidmət Mərkəzində Notariat Ofisi tərəfindən ləğv edilmişdir.
9. xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 (hədiyyə verən) ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 369,7 kv.m olan fərdi yaşayış evini və yerləşdiyi 0,075 ha torpaq sahəsini arvadı Cavabdeh3 (hədiyyə alan) mülkiyyətinə vermişdir.
10. xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 (hədiyyə verən) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv.m olan mənzilin ona məxsus olan 2/5 hissəsini oğlu Cavabdeh2 (hədiyyə alan) mülkiyyətinə vermişdir.
11. xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 (hədiyyə verən) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ona məxsus olan ¼ hissəsini arvadı Cavabdeh3 (hədiyyə alan) bağışlamışdır.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi 22D saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,075 ha torpaq sahəsi ilə bağlı bağlanmış 4Ə887 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin, ünvan 3də yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsinin 3 saylı Bakı ASAN xidmət Mərkəzi tərəfindən təsdiq edilmiş 4ə-1190 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 17 saylı evin 35 saylı mənzilinin mülkiyyətində olan 2/5 hissəsinin bağışlanması ilə əlaqədar bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1173/2014 saylı xx.xx.2014-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən Cavabdeh1 62.000 ABŞ dollarının tutularaq X7 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1173/2014 saylı xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixində Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən icraata başlamaq haqında qərar qəbul edilmişdir. X1 vəfatından sonra miras açılmış, X9 və İddiaçı mirası qəbul etmişlər. İcra işi sonradan aidiyyat qaydasına əsasən Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Allahverdiyev tərəfindən X4 qəyyumu hazırki iş üzrə iddiaçı X10 və İddiaçı «İcra haqqında« AR Qanununun 31 -ci maddəsinə əsasən icra işi üzrə tələbkar kimi əvəzlənmişlər, icra məmuru İlqar Allahverdiyev tərəfindən qərar qəbul edilərək borclunun əmlakları üzərinə həbs qoyulmuş və qərar icra üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********19 nömrəli cavab məktubundan onlara məlum olmuşdur ki, borclu mülkiyyətində olan Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi 22D saylı fərdi yaşayış evini və onun yerləşdiyi 0,075 ha torpaq sahəsini 4Ə-887 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən həyat yoldaşı hazırki iş üzrə Cavabdeh3 bağışlamışdır. Aidiyyatı üzrə icra işi Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra isə icra məmuru İlqar Allahverdiyev tərəfindən borclu şöbəyə çağırıldığı günün sabahısı Cavabdeh1 2/5 hissəsi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 17 saylı evin 35 saylı mənzilinin mülkiyyətində olan 2/5 hissəsini xx.xx.2021 -ci il tarixində bağışlama müqaviləsinə əsasən oğlu, hazırki iş üzrə Cavabdeh2 bağışlamışdır. Eyni zamanda, borclu Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsini də 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən təsdiq edilmiş 4ə-1190 reyestr nömrəli xx.xx.2018ci il tarixli bağışlama müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh3 bağışlamışdır. Göründüyü kimi, icra işi ilkin olaraq Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Siyavuş Beydullayevin icraatında olarkən icra məmurunun işə səhlənkar münasibətinin nəticəsində borclunun barəsində məcburi icra tədbiri olaraq tələbin onun əmlaklarına yönəldilməsi təmin edilməmişdir. İcra məmurunun bu səhlənkarlığından istifadə edən borclu əmlakları bağışlamaq niyyəti olmadan, sadəcə tələbin mülkiyyətində olan əmlaklara yönəldiləcəyini nəzərə alaraq məqsədli şəkildə əmlakını tələbin yönəldilməsindən gizlətmək üçün onları, öz həyat yoldaşına vo oğluna bağışlamışdır. Əslində isə, niyyət əmlakları bağışlamaq deyil, əmlakları ona yönəldiləcək tələbdən gizlətmək olmuşdur. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi 22D saylı fərdi yaşayış evini və onun yerləşdiyi 0,075 ha torpaq sahəsini 4Ə-887 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli və ünvan 3də yerləşən 0,12 ha torpaq sahəsinin 1/4 hissəsini də 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən təsdiq edilmiş 4ə-1190 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən həyat yoldaşı hazırki iş üzrə Cavabdeh3 bağışlaması və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 17 saylı evin 35 saylı mənzilinin mülkiyyətində olan 2/5 hissəsini xx.xx.2021-ci il tarixində bağışlama müqaviləsinə əsasən oğlu, hazırki iş üzrə Cavabdeh2 bağışlaması uydurma əqd olmuş, və bu ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olmuşdur.
14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1898/2022 saylı qətnaməsi ilə (hakim O.Məmmədli) iddia tələbi təmin edilməmişdir.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən əqdlər təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir, iddiaçının iddia tələbində hazırki iş üzrə cavabdeh tərəfindən mübahisəli əmlakların (və ya əmlaklarda olan payının) həyat yoldaşına və oğluna bağışlanmasının uydurma əqd olması və hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasının göstərilməsinə baxmayaq, həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 215.1, 215.2, 215.6, 324.1, 390.1, 337.1, 337.2, 340.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal rayon Məhkəməsinin e- 2(004)-1898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ataları X3 mülkiyyətində olmasa da, onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsində 2 mərtəbəli yaşayış evi və torpaq sahəsi ilə bağlı ailə üzvüləri arasında razılıq əldə olunmuş və bu razılığın şərtləri ondan ibarət olmuşdur ki, qardaşlar və bacı anaları ilə birlikdə həmin evi birgə gəlir əldə etmək məqsədi ilə kirayə versinlər. Cavabdeh1 evi və torpaq sahəsini sənədləşdirərək öz mülkiyyətinə keçirdiyindən həmin evə və torpaq sahəsinə iddiası olmayacağından və həmin evin birgə kirayəyə veriləcəyi ilə bağlı ailə üzvləri arasında razılaşma olduğundan iddiaçı qeyd olunan ərizəni (xx.xx.2018-ci iltarixli ərizə) imzalamışdır. Sonradan iddiaçının anası, bacısı və qardaşının kirayə haqqı aldıqları bu fərdi yaşayış evindən kirayəçiləri çıxmağa məcbur edən Cavabdeh1 evin onun mülkiyyətində olması ilə əsaslandırmışdır. Eyni zamanda ataları X3 Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi 415-417, ev 419 ünvanında (Sahil çimərliyinə yaxın) 10 sotu sərəncam əsasında, ümumilikdə isə təxminən 40 sot torpaq sahəsində yerləşən yaşayış sahəsi istəfadəsində və sahibliyində olmuş və atanın vəfatından sonra həmin sahədə ailə üzvləri tərəfindən əldə edilmiş razılığa əsasən birgə istifadə olunmalı idi. Yəni cavabdehlə birlikdə iddiaçı, qardaş, bacı və anaları. Lakin 08 noyabr 2021-ci il tarixdə həmin sahəyə gedərkən bəlli oldu ki, Cavabdeh1 darvazanın kilidini dəyişmiş və iddiaçı da daxil olmaqla anasını, qardaş və bacısını həmin sahəyə buraxmamışdır. Məhz bu halın baş verməsindən birneçə gün sonra iddiaçı bacısı X9 ilə birlikdə Yasamal rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək icra işi üzrə tələbkar kimi əvəzlənmişlər. Hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etdikdən sonra xx.xx.2018-ci il tarixli ərizəni də xx.xx.2022-ci il tarixində ləğv etdirmişdir ki, həmin ərizə də iş materiallarına əlavə edilmişdir. İddiaçının iddia tələbindən də göründüyü kimi iddia tələbinin faktiki əsasını bağışlama müqavilələri bağlanarkən mövcud qanunvericiliyin tələblərinə əməl olunmaması deyil, bu müqavilələrin uydurma əqd olmaqla belə bir hüquqi nəticə əldə etmək niyyəti olmadan bağlanması olmuşdur. Çünki, cavabdeh icra tələbinin yönəlmiş olduğu əmlakları (və ya onun hissəsini) gizlətmək məqsədi ilə onlardan ikisini, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi 22D saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,075 ha torpaq sahəsini və ünvan 3də yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsini iş üzrə cavabdeh həyat yoldaşına, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 17 saylı evin 35 saylı mənzilinin mülkiyyətində olan 2/5 hissəsini isə iş üzrə cavabdeh - oğluna bağışlamışdır. Məhkəmə iclasında Cavabdeh1 heç bir sübuta istinad etmədən əsaslandırmağa çalışmışdır ki, guya İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixində ərizə ona görə verilmişdir ki, iddiaçıya hansısa məbləğdə pul ödəmişdir. Lakin həmin vaxt icra işi üzrə tələbkar olmayan bir şəxsə pulun verilməsi absurd göründüyü kimi, bunu təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. Əgər iddiçıya hər-hansı məbləğin verilməsi halı mövcud olmuş olsa idi, iddiaçıdan sadə yazılı formada belə ərizə əldə etmiş olardı. Cavabdeh məhkəmədə vermiş olduğu izahatında bildirmişdir ki, o, Mərdəkandakı bağı atasından, yəni X5 80.000 ABŞ dollarına almışdır. Bu məbləğin 18.000 ABŞ dollarını ödəmiş, qalan 62.000 ABŞ dolları borcu qalmışdır. Lakin iş materiallarında olan Bakı Apellyasya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1173/2014 saylı xx.xx.2014-cü il tarixli qanuni qüvvəsini almış qətnamədəki X3 izahatından da göründüyü kimi, Cavabdeh1 2002-ci ildə X12 ilə ailə həyatı qurmuş və mənzil şəraitini yaxşılaşdırmaq və Bakı şəhərində mənzil almaq üçün atası X2 62.000 ABŞ dolları borc götürmüşdür. Bu isə cavabdehin öz istəyinə nail olmaq üçün müxtəlif yalanlar uydurduğunu təsdiq edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
22. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
24. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
25. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
26. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər.
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
31. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddia rədd edildiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, mübahisə tərəfləri mərhum Bəxtiyar Quliyevin övladlarıdır. Yasamal Rayon İcra Şöbəsinin icraatında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1173/2014 saylı, 18 fevral 2014-cü il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 icra işi olmuş, həmin icra sənədinə əsasən Bəxtiyar Quliyevin xeyrinə Cavabdeh1 62.000 ABŞ dolları pul (ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan manatı) tutulmalı olmuşdur. Bəxtiyar Quliyev vəfat etdikdən sonra Yaqut Quliyeva və İddiaçı tələbkarla əvəz edilmişdir. Yaqut Quliyeva xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımova notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq qardaşı Cavabdeh1 mərhum X3 vərəsəliyi ilə bağlı ona borcu olmadığını bildirmiş və icra işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə hazırkı iddia ilə müraciət edilməzdən əvvəl İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir.
41. İddiaçı icra sənədinin icrasından yayınmaq üçün cavabdehin məqsədli şəkildə mübahisəli əmlakları oğluna və arvadına bağışlamasını əsas gətirərək hazırkı tələbini irəli sürmüşdür.
42. Cavabdeh isə iddiaya etiraz edərək atasına 62.000 ABŞ dolları borcunun olduğunu, onu hissə-hissə Banklardan götürdüyü kreditlər hesabına ödədiyini, lakin atası 2016-cı ildə vəfat etdiyindən, məhkəmə qaydasında qardaşı İddiaçı öz payına düşən 62.000 ABŞ dollardan 31.000 dollarını ondan tələb etdiyini, o isə həmin məbləği qardaşına ödədiyini bildirmişdir.
43. Cavabdeh iddiaya etirazını təsdiq edən sübut qismində ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışlarını təqdim etmişdir.
44. "xxxx" QSC-nin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə, 009A********** saylı kredit müqaviləsi bağlanmış, sonuncuya həmin müqaviləyə görə 6.000 manat kredit verilmiş, xx.xx.2019-cu ildə kredit öhdəliyi tam olaraq yerinə yetirilmişdir.
45. Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə, 11/0281/DİK saylı kredit müqaviləsi bağlanmış, sonuncuya həmin müqaviləyə görə 35.000 manat kredit verilmiş, xx.xx.2020-ci ildə kredit öhdəliyi tam olaraq yerinə yetirilmişdir.
46. Beləliklə, işin halları, tərəflərin izahatlarından və təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçının sözügedən bağışlama müqavilələrinin etibarsız sayılması üçün istinad etdiyi əsaslar hazırkı işdə mövcud deyildir.
47. Belə ki, iddiaçı cavabdehin icra sənədinin icrasından yayınmaq üçün mübahisəli əmlakları özgəninkiləşdirdiyini bildirsə də, sözügedən icra işi üzrə cavabdehin ona borcu olmadığına dair notarial qaydada təsdiq edilmiş ərizə vermiş, icra icraatına xitam verilməsini xahiş etmiş, həmin ərizəni öz iradəsi ilə yazıldığını mübahisələndirməmiş, eləcə də həmin ərizənin başqa məqsədlə verildiyini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir.
48. Digər tərəfdən, cavabdeh də iddiaçının tələbkar kimi keçdiyi icra işində borcu ödədiyini bildirmiş, bu barədə sadalanan Bank arayışlarını təqdim etmişdir. Ləğv prosesində olan "xxxx" ASC və "xxxx" QSC-dən təqdim edilmiş arayışlarlan görünür ki, həmin Banklarla bağlanmış kredit müqavilələrinin tarixləri iddiaçının icra icraatına xitam verilməsi barədə ərizənin tarixi ilə yaxındır. Belə ki, kredit müqavilələri xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə bağlanmış, iddiaçının icra şöbəsinə ünvanladığı ərizə isə xx.xx.2018-ci ildə verilmişdir. Beləliklə, hadisələrin xronoloji ardıcıllığı cavabdehin iddiaya etirazının dəlillərini daha əsaslı qəbul etməyə imkan verir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçıların apellyasiya şikayəti açıq-aşkar əsaslandırılmamışdır.
50. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).
51. Kollegiya qeyd edir ki, mübahisə edilən bağışlama müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində hazırki iş üzrə cavabdeh tərəfindən mübahisəli əmlakların (və ya əmlaklarda olan payının) həyat yoldaşına və oğluna bağışlanmasının uydurma əqd olması və hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasını qeyd etsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
52. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
53. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1898/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.