Məhkəmə qərarları › İş №2(103)-5198/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5198/2022

09.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5198/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)-2202/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla, Maraqlı şəxs arasında 01 mart 2022-ci il tarixli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi"nin təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla, Maraqlı şəxs mediasiya prosesindən keçmiş və aralarında 01 mart 2022-ci il tarixli barışı sazişi imzalanmışdır. Barışıq sazişinin 2.2.3-cü bəndinə əsasən ünvan 1 ünvanda yerləşən bağ evinin ½ hissəsi onun, ½ hissəsi isə Maraqlı şəxs mülkiyyətinə keçməlidir. Barışıq sazişinin 2.3-cü bəndinə əsasən bu barışıq sazişinin 2.2.3-cü bəndində nəzərdə tutulmuş əmlakı tərəflər qanunvericiliyə uyğun rəsmiləşdirməsini xx.xx.2022-ci il tarixinədək yekunlaşdırmalıdır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, hal-hazıradək barışı sazişinin qeyd olunan şərti Maraqlı şəxs tərəfindən icra olunmamış, ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsi onun mülkiyyətinə keçməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)- 2202/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) ərizə qismən təmin olunmuş, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin 2.2.3-cü bəndinin təsdiq edilməsi qət olunmuş, ərizə qalan hissədə təmin olunmamışdır. Maraqlı şəxs qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aralarında mediasiya zamanı bağlanmış sazişin 2.2.3-cü bəndinin uşaqların maraqlarına uyğun olmaması, həmin bənddə nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hər birinin ½ hissədə payının müəyyən olunmasının qanuni olmaması, bu zaman uşaqların onun yanında qalmasının, payının daha çox müəyyən olunmalı olmasının nəzərə alınmaması, həmçinin həmin sazişin icra müddətinin 31 mart 2022-ci il tarixə müəyyən olunmasına baxmayaraq, sazişin 2.2.3-cü bəndində ərizəçinin ona 3 il müddətində 100000 ABŞ dolları pul ödəməli olmasının, beləliklə həmin hissədə icra müddətinin başa çatmamasının nəzərə alınmaması, fərdi yaşyış evinin dəyərinin isə 500000 manatdan çox olması, bu səbəbdən də evin ½ hissəsinə görə ödənilməli olan 100000 ABŞ dolları pulun az olması, bunun ədalətli olmaması, sizişin 2.2.3-cü bəndinin qanuni olmaması, həmin vaxtı bunun başa düşməməsi, sonradan bilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən maraqlı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən aralarında mediasiya prosessi zamanı barışıq əldə olunmuş, birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı razılaşmışlar. Lakin, hesab edir ki, sazişin 2.2.3-cü bəndində nəzərdə tutulmuş bağ evi hissədə bölgü düz olmamış, onun və azyaşlı uşaqlarının hüquqları məhdudlaşdırılmışdır. Yəni, uşaqların onun yanında qalması halı nəzərə alınmaqla onun payı daha çox müəyyən edilməli idi. Saziş bağlanan zamanı tələskənliyə yol vermiş, kifayət qədər düşünməmiş, sonradan anlamışdır ki, sazişin qeyd edilən bəndində səhvə yol vermişdir. Bununla yanaşı, hazırda həmin bağ evində ərizəçi yaşayır, lakin o, oradan istifadə edə bilmir. Əgər ərizəçi sazişdə nəzərdə tutulmuş 100000 ABŞ dolları pul vəsaitini qısa zamanda ona ödəyərsə, həmin evi tam olaraq ərizəçinin adına keçirər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, sazişə görə yalnız 2.2.3-cü bənddə göstərilən yaşayış evinin ½ hissəsi ona qalmışdır. Çünki, digər yaşayış sahəsi maraqlı şəxsin mülkiyyətində saxlanılmış, ona başqa yaşayış sahəsi qalmamışdır. Mediasiya zamanı məhz maraqlı şəxs özü təklif etmişdir ki, sonradan 100000 ABŞ dolları pul ödənilməklə qalan ½ hissə üzrə paydan da onun xeyrinə imtina edəcəkdir. Hər bir məsələ mediasiya zamanı detallı araşdırılmış və sonra razılığa gəlinərək barışıq sazişi bağlanılmışdır. Hesab edir ki, maraqlı şəxs heç bir qanuni əsas olmadan sazişin 2.2.3-cü bəndini icra etmir, bununla da onun hüquqları pozulur. Bununla yanaşı, məhkəməyə müraciət etməkdə məqsədi sazişin 2.2.3-cü bəndinin birinci cümləsinin, yəni hazırda maraqlı şəxsin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən bağ evinin ½ hissəsinin onun adına keçirilməsi ilə bağlıdır. Sazişin 2.2.3-cü bəndinin ikinci cümləsində olan razılaşmanın müddətinə isə hələ 3 il vardır. Bunlar ayrı-ayrı razılaşmalardır. Hazırki vaxtda onun maddi durumu maraqlı şəxrə 100000 ABŞ dolları ödəməyə imkan vermir. Gələcəkdə, yəni 3 il müddət ərzində həmin pulu ödəyərsə, o zaman maraqlı şəxs qalan ½ hissəsini onun mülkiyyətinə keçirə bilər. Əks halda isə vəziyyət dəyişməyəcəkdir. Lakin bütün bunlar gələcəyin məsələsidir və hazırda müzakirə predmeti deyildir. Hazırki vaxtda bağ evinin ½ hissəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı sazişin 2.2.3-cü bəndinin birinci cümləsinin icra müddəti bitmişdir və maraqlı şəxs həmin hissədə öhdəliyinə əməl etmir. Bütün bunların nəzərə alınaraq ədalətli qərar verilməsini məhkəmə kollegiyasından xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ərizə qismən təmin olunmuş, ərizəçi qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayətləri həddində (ərizənin təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni yoxlanılan hissədə ləğv olunmalı, ərizə həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 2 Maraqlı şəxs adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Mediasiya prosesi zamanı mediator X1 iştirakı ilə ər-arvad olan Ərizəçi ilə Maraqlı şəxs arasında 01 mart 2022-ci il tarixli Barışıq sazişi imzalanmışdır. Həmin Sazişdən göründüyü kimi, tərəflər (ər-arvar) aralarındakı fikir ayrılığı və mübahisəli məsələləri, yəni uşaqların kimin yanında qalması, aliment, ünsiyyət, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və s. məsələləri qarşılıqlı razılıqla həll etmişlər. Hazırda ərizəçi məhkəməyə müraciət edərək, Sazişin bir hissəsinin, yəni 2.2.3-cü bəndinin məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmiş, ərizəni - maraqlı şəxsin həmin hissədə Sazişin şərtini icra etməməsi, icra müddətinin başa çatması və s. kimi əsaslandırmışdır. Tərəflər arasında bağlanmış Sazişin 2.2.3-cü bəndində göstərilmişdir ki, ünvan 1 - 1/2 hissədə Ərizəçi, 1/2 hissədə Maraqlı şəxs mülkiyyətinə keçir. Barışıq sazişi bağlandığı gündən 03 (üç) il müddətində Poladov Ərizəçi Nigar Azər qızına 100 000 (yüz min) manaat verdiyi (ödədiyi) təqdirdə Maraqlı şəxs ünvan 2 ünvanında yerləşən bağ evindəki ½ hissə payını Ərizəçi verməyi öhdəsinə götürür. Ərizəçi 03 (üç) il müddətində 100000 (yüz min) manaatı Maraqlı şəxs vermədiyi təqdirdə göstərilən bağ evi barışıq sazişində göstərildiyi kimi tərəflər arasında bölgüdə qalır. Barışıq sazişi bağlandığı gündən 03 (üç) il müddətində Azərbaycan Respublikasında devalvasiya olarsa yəni, ABŞ dollarının bahalaşması müşahidə edilərsə Ərizəçi göstərilən bağ evinin Maraqlı şəxs payına düşən 1/2 hissəsini almaq üçün 59 000 (əlli doqqoz min) ABŞ dolları verməyə razılaşır. Sazişin 2.3-cü bəndinə əsasən - bu barışıq sazişinin 2.2-ci bəndinə nəzərdə tutulmuş əmlakların tərəflərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi 31 mart 2022-ci il tarixinədək yekunlaşdırılmalıdır. Sazişin şərtlərindən və tərəflərin izahatlarından aydın olur ki, Sazişin 2.2.3-cü bəndində göstərilən – “ünvan 1 - 1/2 hissədə Ərizəçi, 1/2 hissədə Maraqlı şəxs mülkiyyətinə keçir.” razılaşmasının icra vaxtı 31 mart 2022-ci il tarixdə bitmişdir. Lakin, qeyd edilən müddət ərzində maraqlı şəxs həmin hissədə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, bunun səbəbi kimi həmin hissədə razılaşmanın onun və uşaqlarının mənafeyinə uyğun olmaması kimi göstərmişdir. MPM-in 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinin tələbinə görə barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, işin hallarından və qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və tərəflər arasında müəyyən edilmiş müddətdə könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Eyni zamanda Saziş mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Sazişin məhkəmə tərəfindən təsdiqindən imtina olunur. Maraqlı şəxs Sazişin 2.2.3-cü bəndinin onun və yanında qalan azyaşlı uşaqlarının hüquqlarına toxunmasını bildirsə də, bunun əsaslandıra və sübut edə bilməmişdir. Uşaqların maraqlı şəxsin yanında qalması halı isə özü-özlüyündə əmlak üzərində ər-arvadın bərabər payları barədə razılığını istisna etməməklə, qanunvericiliyin tələblərinə də zidd hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM-nin) 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM-nin) 225.1ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. MM-nin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AM-nin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. AM-nin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. AM-nin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göründüyü kimi, ər-arvad arasında ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunvericilik məhkəməyə müəyyən hallarda mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməmək hüququ versə də, bu hal imperativ deyildir və məhz məhkəmə araşdırması zamanı sübuta yetirilən halların mövcudluğu ilə bağlı ola bilər. Tərəflərin (ər-arvadın) məhkəmədən kənar qaydada qarşılıqlı razılığı əsasında əmlak üzərində payların bərabər müəyyən olunması halı isə onların sərbəst iradəsi əsasında həyata keçirilir. Bununla yanaşı, maraqlı şəxs istər izahatında, istərsə də apellyasiya şikayətində Sazişin yoxlanılan hissəsində (bağ evi ilə bağlı) tələskənliyə yol verməsini, ərizəçiyə etibar etməsini və s. göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, yuxarıda da qeyd edildiyi kimi Saziş yalnız mübahisəli bağ evinin bölünməsi ilə bağlı olmamış, bir çox məsələləri (uşaqlar, ünsiyyət, aliment və s. ), eləcə də digər çoxsaylı əmlakların bölünməsi əhatə etmişdir. Bütün bunlar isə tərəflərin ətraflı müzakirəsi və qarşılıqlı razılaşmasının nəticəsində baş vermişdir. Xüsusilə, tərəflər mübahisəli bağ evi ilə bağlı hissədə sonradan (1/2 pay müəyyən olunduqdan sonra) konkret məbləğ müəyyən etməklə ödənilməsi qaydasını və üsulunu da müəyyən etmişlər. Belə olan halda, yəni yalnız bir əmlakla bağlı hissədə yanılma, analoji digər əmlakların və razılaşmaların fonunda inandırıcı və ağlabatan deyildir. Göründüyü kimi, maraqlı şəxs qeyd edilən hissədə apellyasiya şikayətinin dəlillərini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin Sazişin 2.2.3-cü bəndində göstərilən razılaşmanı, yəni “ünvan 1 - 1/2 hissədə Ərizəçi, 1/2 hissədə Maraqlı şəxs mülkiyyətinə keçir.” hissəsini müəyyən olunmuş müddət ərzində (31 mart 2022-ci il) könüllü icra etməməsi istər Sazişin şərtlərinə, istərsə də qanunvericiliyin tələblərinə uyğun olmamaqla, ərizəçinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən də ərizə qismən təmin olunmalı, Sazişin 2.2.3-cü bəndi qeyd edilən hissədə təsdiq olunmalıdır. MPM-in 355-26.2-ci maddəsindən də göründüyü kimi, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin bir hissəsinin də təsdiq olunmasına yol verilir və hazırki vəziyyətdə təsdiq edilən hissənin digər hissələrdən ayrılması mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ərizə qalan hissədə təmin oluna bilməz. Çünki, yuxarıda da qeyd edildiyi kimi, Sazişin 2.2.3-cü bəndi iki hissədən ibarət olmaqla, qalan hissə (ikinci cümlə) üzrə icra vaxtı başa çatmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, işə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, Sazişin 2.2.3-cü bəndini tam şəkildə təsdiq etməkdə haqlı olmamış, maddi hüquq normalarının tələbələrini pozmuşdur. Bununla yanaşı, qətnamə həmin hissədə işin hallarına uyğun əsaslandırılmamış, əsasən maddi və prosessual hüquq normaları sadalanmaqla kifayətlənmişdir. Belə olan halda isə qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən qismən ləğv olunmalı, məhkəmə kollegiyasının yuxarıda sadalanan hüquqi mövqeyinə əsasən ərizənin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ərizənin təmin olunan hissəsində ləğv edilməli, ərizə həmin hissədə qismən təmin olunmalı, mediasiya prosesi zamanı Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 01 mart 2022-ci il tarixli Barışıq sazişinin 2.2.3-cü bəndi “ünvan 1 - 1/2 hissədə Ərizəçi, 1/2 hissədə Maraqlı şəxs mülkiyyətinə keçir.” hissədə təsdiq edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)-2202/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)- 2202/2022 saylı qətnaməsi qismən, yəni ərizənin təmin olunan hissəsində (yoxlanılan hissədə) ləğv edilsin, ərizə həmin hissədə qismən təmin olunsun. Mediasiya prosesi zamanı Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 01 mart 2022-ci il tarixli Barışıq sazişinin 2.2.3-cü bəndi “ünvan 1 - 1/2 hissədə Ərizəçi, 1/2 hissədə Maraqlı şəxs mülkiyyətinə keçir.” hissədə təsdiq edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar