Məhkəmə qərarları › İş №2(103)-5222/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5222/2021

03.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5222/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(004)- 2809/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli 2(004)-2809/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin 07.04.2020-ci il tarixli 1401 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin Əməliyyat Mərkəzi Departamentinin direktoru vəzifəsinə bərpa edilməsi, 07.04.2020-ci il tarixdən işə bərpa olunma tarixinədək aylıq 4.202 manat hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, mənəvi ziyanın əvəzi olaraq 8.000 manat, vəkilə ödənilmiş 160 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli 2(103)- 6512/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-2809/2020 saylı iş üzrə qəbul etdiyi 04 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh ASC arasında 27.04.2015-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh ASC-nin 07.04.2020-ci il tarixli 1401 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin Əməliyyat Mərkəzi Departamentinin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat və hüququi yardım üçün ödənilmiş 160 (yüz altmış) manat Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6512/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(102)-2127/2021 saylı qərarı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6512/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(102)-2127/2021 saylı qərarında vurğulanmışdır ki: Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edib İddiaçı əvvəlki işinə bərpa edərkən cavabdehin onun işə çıxmasını gözləmədən əmək müqaviləsinə xitam verməklə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbini pozmasını əsas göstərmişdir. İş materiallarından göründüyü kimi tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müəyyən olunduğu kimi iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitsə də, onun analıq məzuniyyətinə getməsi ilə əlaqədar aralarında əmək münasibətləri davam etmişdir. İşdən görünür ki, iddiaçının analıq məzuniyyətində olma müddəti 06 aprel 2020-ci il tarixdə bitdiyi üçün o, 07 aprel 2020-ci il tarixdə işə çıxmalı idi. Lakin həmin gün iddiaçı işə çıxmamış və bunun səbəbləri barədə cavabdehə məlumat verməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi həmin maddədə müəyyən olunmuş “işçi işə çıxdıqdan sonra” ifadəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı 07 aprel 2020-ci il tarixdə işə çıxmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Kollegiya hesab edir ki, “işçi işə çıxdıqdan sonra” ifadəsi heç də belə bir nəticəyə gəlməyə əsas vermir ki, əgər məzuniyyətdən sonra işçi müəyyən olunmuş gündə işə çıxmamışdırsa, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilə bilməz. İddiaçının analıq məzuniyyətində olduğu müddət 06 aprel 2020-ci il tarixdə bitdiyi üçün o, növbəti gün, yəni 07 aprel 2020-ci il tarixdə işə çıxmalı idi. Lakin müəyyən olunduğu kimi iddiaçı həmin gün işə çıxmamış və bunun səbəbləri barədə cavabdehə məlumat verməmişdir. Belə olduqda, kollegiya hesab edir ki, işəgötürən mütləq iddiaçının işə çıxacağı günü gözləməli və yalnız işə çıxdıqdan sonra onunla əmək müqaviləsini pozmalı deyildi. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin məzmunundan göründüyü kimi, işçi ilə əmək müqaviləsinə işə çıxdıqdan sonra bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bu, o deməkdir ki, iddiaçı ilə əmək müqaviləsinə işə çıxmalı olduğu gündən bir təqvim həftəsi ərzində xitam verilə bilər. Qanunun müəyyən etdiyi bir təqvim həftəsi kollegiyaya görə işçinin işə çıxmalı olduğu gündən hesablanır. İddiaçının 07 aprel 2020-ci il tarixdə hər hansı üzrlü səbəbdən işə çıxmaması isə iş materiallarından görünmür. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən işin həmin hallarını nəzərə almamaqla onlara müvafiq hüquqi qiymət vermədiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməklə kassasiya şikayəti qismən təmin olunmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları təhrif edilmiş və həqiqətə uyğun olmayan məlumatlar qətnamədə öz əksini tapmamışdır. Belə ki, qətnamənin 1-ci vərəqi 2-ci abzasda (iddiaçının nümayəndəsinin izahatı) göstərilir ki, "06.04.2020-ci il tarixdə cavbdehin əməkdaşları tərəfindən iddiaçıya zəng edilmiş və bildirilmişdir ki, iddiaçı 07.04.2020-ci il tarixindən işə çıxmasın, çünki onunla olan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilir. Tərəflərindən verilmiş iddia ərizəsində belə qeyd olunmuşdur. Həmin iddia ərizəsi iş materiallarında vardır. Lakin işə baxan məhkəmə bu aşkar faktı təhrif etməyə çalışmışdır. Onlayn sözü ingilis dilindən götürülmə sözdür, "On line” mənası da yəni xəttə olma, birbaşa bağlantı deməkdir. Hazırkı halda, "Cavabdeh” ASC ilə iddiaçı arasında birbaşa elektron bağlantı, yəni onlayn bağlantı olmayıb, bank tərəfindən onlayn məktub göndərilməyib, göndərilən məktub adi elektron məktubdur ki, həmin məktub iddiaçıya 07.04.2020-ci il tarixində saat 10:29-da çatıb. Həmin elektron məktub elektron məktuba əlavə edilən nömrəsi ZB-4230, tarixi isə 07 iyun 2020-ci il kimi göstərilən məktub iş materiallarında vardır. Bununla belə, həmin məktubda yazılanları qeyd etməyi zəruri hesab edirlər. Həmin məktub iki cümlədən ibarətdir. Birinci cümlədə qeyd olunur ki, "...əmək qabilyiyyətin olmaması vərəqəsinə istinadən 07.04.2020 rəsmi iş gününüz hesab edilir.”. İkinci cünlədə qeyd olunur ki, "Buna əsaslanaraq əlavədəki məktub bu gün icra ediləcəkdir.”. Qeyd olunan elektron məktuba əlavə edilmiş nömrəsi ZB-4230. tarixi isə " 07 iyun 2020-ci il kimi göstərilən məktubda isə qeyd olunur: “Məlumat üçün bildiririk ki, Sizinlə bağlanmış 27.04.2015-ci il tarixli 24 saylı əmək müqaviləsinə 07.04.2020-ci il tarixində Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən xitam verilir.” Göründüyü kimi, 07.04.2020-ci il tarixində saat 10:29 artıq Cavabdeh ASC tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Bu isə onu göstərir ki, iddiaçının 07.04.2020-ci il tarixində işə çıxmasına, onunla .əmək müqaviləsinə xilam verilməsi səbəbindən imkan verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 244-cü maddəsinin tələbinə görə yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağın yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orda əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır. Birinci instansiya məhkəməsinin qətnaməsi nə faktar baxımından, nə də ki, hüquqi baxımdan əsaslandırılmamışdır. Qətnamənin 4-cü səhfəsi 3-cü cümləsində (qətnamənin əsaslandırıcı hissəsi) qeyd ki: Cavabdeh ASC işəgötürən kimi işçinin sosial hüquqlarından tam istifadə etməsinə şərait yaratmışdır.”. Görünür ki, himayəsində azyaşlı uşaqları olan qadının tamamilə qanunsuz olaraq işdən azad edilməsi Yasamal rayon məhkəməsinin hakiminin düşüncəsində sosial şəraitin təmin edilməsidir. Görünür ki, karantin rejimində işçilərin hüquqları müdafiə olunması və işdən azad edilmələrinə yol verilməməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıqlarının heçə sayılması, qeyd olunan hakimin zənnincə sosial şəraitin təmin edilməsidir. İşə baxan məhkəmə nəzərə almamışdir ki, analıq funksiyasının yerinə yetirilməsi əməkdə bir sıra güzəştləri, məsələn, məzuniyyət verilməsini, gecə işlərinin, iş vaxtından artıq işin qadağan olunmasını işəgötürənin təşəbbüsü ilə hamilə qadınların və 3 yaşınadək uşaqları olan qadınların işdən çıxarılmasının qadağan olunmasını və s. şərtləndirir. İşin həqiqi halları isə ondan ibarətdir ki, iddiaçı 03.12.2019-cıu il tarixindən 07.04.2020-ci il tarixinədək analıq məzuniyyətdə olmuş və onun işə çıxma günü 07.04.2020-ci il tarixidir. Lakin cavabdeh təşkilat iddiaçının işə çıxmasına imkan verməmiş və əmək müqaviləsini qanunsuz olaraq 07.04.2020-ci il tarixində ləğv etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh ASC-nin nümayəndəsi X2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(102)-2127/2021 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin 27.04.2015-ci il tarixli əmri ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 27.04.2015-ci il tarixli 24 nömrəli müddətli əmək müqaviləsinə əsasən birinci 3 ayı sınaq müddəti hesab edilməklə bir il müddətinə, yəni 27.04.2015-ci ildən 27.04.2016-cı il tarixədək İddiaçı Cavabdeh ASC-nin Baş Ofisi, Əməliyyat Mərkəzi Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. 27.04.2016-cı il tarixdə müqavilə eyni müddətə 27.04.2017-ci il tarixədək uzadılmış hesab edilmişdir. İddiaçı 05.01.2017-ci il tarixdə 126 gün müddətinə analıq məzuniyyətinə getmişdir, 11.05.2017-ci il tarixdə iddiaçı işə çıxmalı idi. Lakin doğuş çətin keçdiyinə görə, iddiaçıya əlavə 14 gün məzuniyyət verilmiş və işə çıxma vaxtı 25.05.2017-ci il tarixi müəyyən edilmişdir. Lakin iddiaçı həmin vaxt işə çıxmamış, uşağa qulluq etmək üçün 219 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmışdır, 05.01.2018-ci il tarixdə iddiaçı işə çıxmalı idi. Lakin iddiaçı 05.01.2018-ci il tarixdə işə çıxmamış və uşağa qulluğa görə əlavə olaraq 362 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmışdır və 03.01.2019-cu il tarixdə işə çıxmalı idi. Lakin iddiaçı 03.01.2019-cu il tarixdə işə çıxmamış, əlavə 362 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmışdır və 03.01.2020-cu il tarixdə rəsmi qaydada işə çıxmalı idi. Lakin iddiaçı həmin ərafədə ikinci uşağa hamilə olduğundan, 03.12.2019-cu il tarixdə növbəti dəfə 126 gün müddətinə analıq məzuniyyətinə getmişdir, analıq məzuniyyətinin müddəti 06.04.2020-ci il tarixdə bitmişdir və iddiaçı 07.04.2020-ci il tarixə rəsmi işə çıxmalı idi. Cavabdeh ASC işəgötürən kimi içsinin sosial hüquqlarından tam istifadə etməsinə şərait yaratmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 27.04.2019-cu il tarixdə bitmişdir. Lakin iddiaçı sosial məzuniyyətdə olduğundan, 27.04.2019-cu il tarixdə əmək müqaviləsinə xitam vermək mümkün olmamış, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün onun işə çıxmalı olduğu günü gözləmişdir. 06.04.2020-ci il tarixdə bankın əməkdaşları iddiaçı ilə əlaqə saxlamış və ona 07.04.2020-ci il tarixdə rəsmi işə çıxma vaxtı olduğunu bildirmişlər. Həmçinin, Cavabdeh ASC-nin İnsan Resursları və Dəstək Xidmətləri Departamentinin mütəxəssisi Nigar Abbasova 07.04.2020-ci il tarixdə saat 10:29-da iddiaçının elektro poçt ünvanına (HElektron ünvan ) yenidən işə çıxma vaxtı ilə əlaqədar məlumat göndərmiş və qeyd etmişdir ki, Cavabdeh ASC-yə təqdim etdiyi seriya SN 00006 № 555097 nömrəli 03.12.2019-cu il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə istinadən İddiaçı 07.04.2020-ci il tarixi rəsmi iş günü hesab edilir. Qeyd: məktubun əsli bu gün kuryer vasitəsilə İddiaçı göndərilmişdir. İddiaçı 07.04.2020-ci il tarixdə bütün gün ərzində işə çıxmamış və gəlməməsinin səbəbləri barədə işəgötürənə məlumat verməmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Cavabdeh ASC-nin 07.04.2020-ci il tarixli 1401 nömrəli əmri ilə Cavabdeh ASC-nin Baş Ofisi, Əməliyyat Mərkəzi Departamentinin direktoru İddiaçı ilə Cavabdeh ASC arasında 27.04.2015-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 07.04.2020-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. İddiaçı 07.04.2020-ci il tarixdə işə çıxmadığı üçün əmək kitabçasında işdən çıxma əmri qeyd edilməklə, həmin gün iddiaçıya yaşadığı ünvanda kuryer vasitəsilə şəxsən təqdim edilmişdir. Göründüyü kimi, İşəgötürənin 07.04.2020-ci il tarixli 1401 nömrəli əmri ilə (onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş) Əmək Məcəlləsinin 73.2-cü maddəsinə əsasən müddətli müqavilə əsasında çalışan iddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla 27.04.2015-ci il tarixdə bağlanmış əmək müqaqviləsinə 07.04.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68, 73-cü maddələrinin tələblərinə əməl edilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh ASCyə qarşı Cavabdeh ASC-nin 07.04.2020-ci il tarixli 1401 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin Əməliyyat Mərkəzi Departamentinin direktoru vəzifəsinə bərpa edilməsi, 07.04.2020-ci il tarixdən işə bərpa olunma tarixinədək aylıq 4.202 manat hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, mənəvi ziyanın əvəzi olaraq 8.000 manat, vəkilə ödənilmiş 160 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli 2(004)-2809/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar