Məhkəmə qərarları › İş №2(103)-5224/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5224/2025

29.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5224/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: işə bərpa və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (əri) Nümayəndə2, Cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Nümayəndə4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi cəlb edilməklə) “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(001)-4350/2025 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Şəki X21 Məktəbi tərəfindən verilmiş MT-İ seriyalı, 293758 nömrəli Bakalavr diplomunun surətindən görünür ki, Dövlət İxtisas Komissiyasının 26 iyun 1990-cı il tarixli qərarı ilə İddiaçı müəllim, konsertmeyster ixtisası verilmişdir. İddiaçı ilə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi arasında bağlanmış 24 yanvar 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 05 mart 2025-ci il tarixli 1 nömrəli protokolun surətindən görünür ki, attestasiyada 16 nəfər əməkdaş, bunlardan 13 nəfər əməkdaş - Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Roza Parmas, fortepiano şöbəsinin müəllimləri Qızılgül Ağakişiyeva, Ofeliya Muradova, İddiaçı, Kifayət Abdullayeva, Camalə Cabbarova, Tubu Cabbarova, Samirə Dehqani, Mətanət Əhmədova, Yeganə Güçlü, Şəlalə Əliyeva, Əzizova Günel, Xəyalə Hidayətli iştirak etmişdir. Həmin protokoldan müəyyən edilir ki, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Roza Parmas, fortepiano şöbəsinin müəllimləri Qızılgül Ağakişiyeva, Camalə Cabbarova, Tubu Cabbarova, Mətanət Əhmədova, Yeganə Güçlü, Əzizova Günel, Xəyalə Hidayətli tutduqları vəzifələrə uyğun hesab edilmiş, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Ofeliya Muradova, İddiaçı, Kifayət Abdullayeva, Samirə Dehqani, Şəlalə Əliyeva tutduqları vəzifələrə uyğun hesab edilməmişlər. Bakı şəhər Mədəniyyət Baş İdarəsi Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən Attestasiya Komissiyasının 05 mart 2025-ci il tarixli qərarı və İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 03 aprel 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumatı verməkdən imtina etmişdir. İddiaçı ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 15 sentyabr 2010-cu il tarixdə 109 nömrəli əmrlə Bakı şəhəri 11 saylı uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü il tarixdə 149 nömrəli əmrlə Bakı şəhəri 11 saylı uşaq Musiqi Məktəbinin adı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi adlandırılmış, xx.xx.2025-ci il tarixdə isə 45 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 03 aprel 2025-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. “CD” diskdən məlum olur ki, İddiaçı atesstasiyadan keçirilən zaman həyəcanlı olmaqla şəkər xəstəsi olmasını bildirməklə yanaşı, komissiya tərəfindən verilmiş sualların əksəriyyətinə cavab vermiş, komissiya tərəfindən ona təkrar atesstasiyadan keçirilməsinə şərait yaradılmamış, komissiyanın sədri tərəfindən onun şəxsiyyətinə və digər sırf şəxsi dəyərlərinə görə qərəzli münasibət bəslənilmiş, şəxslə bağlı komissiyanın digər üzvlərinə “Burda özlərini sakit aparmaqlarına baxmayın, siz bilmirsiz necə həyasız adam(lar)dı” ifadələrini işlətmişdir. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan, arayışdan, epikrizdən və s. tibbi sənədlərdən görünür ki, İddiaçı şəkərli diabet və s. xəstəliklərdən əziyyət çəkir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10258/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “attestasiya komissiyasının qərarının ləğv edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı 2013-cü ildən şəkərli diabet xəstəsidir. Hazırda insulindən asılıdır. 32 il fortepiano ixtisası üzrə müəllim vəzifəsində fəaliyyət göstərmişdir. Bu müddətin son 14.5 ilini Bakı şəhəri Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. 25 dekabr 2025-ci il tarixdə məktəbin direktoru tərəfindən attestasiya keçiriləcəyi barədə 17 №-li xəbərdarlıq bildirişini almış və həmin xəbərdarlıqda müəllimlərin attestasiyasının keçiriləcəyi qeyd edilmişdir. Lakin attestasiyanın konkret müddətləri, keçirilmə qaydaları və yeri barədə məlumat verilməmişdir. 03 mart 2025-ci il tarixdə mobil telefonuna 05 mart 2025-cil tarixdə saat 10:45-də Bakı Xoreoqrafiya Akademiyasında attestasiya olunacağı barədə SMS daxil olmuşdur. 05 mart 2025-ci il tarixdə attestasiya otağına daxil olarkən həyəcandan ani olaraq şəkəri artdığına görə özünü çox pis hiss etmiş, gözləri qaralmış, soyuq tər gəlmiş, fortepianonu bulanıq görmüşdür. Nə qədər çalışsa da, gözündə olan qaranlıq itməmişdir O, komissiyaya şəkərli diabet xəstəsi olmasını bildirmiş və özünü toparlamaq üçün ona 15 dəqiqə vaxt verilməsini xahiş etmişdir. Lakin komissiya əlləri ilə kameraları göstərərək, icazə olmadığını bildirmişdir. O, düşünür ki, bu cür vəziyyətlərdə komissiyanın diqqətli və həssas yanaşması vacib idi, belə bir vəziyyətin komissiya tərəfindən nəzərə alınmaması qanunla nəzərdə tutulan müvafiq nəzakət və qayğıkeşlik qaydalarına uyğun deyildir. Gözləri bulanıq gördüyü üçün klaviaturanı aydın seçə bilməmişdir. Ani olaraq sağ əl barmaqları getməmişdir. Buna baxmayaraq, çətinliklə də olsa, əsəri ifa etmişdir. Sonra ona 4 sual vermişlər. O, sualları cavablandırmışdır. Lakin sualın düz və ya səhv cavablandırması barədə ona heç bir irad bildirilməmişdir. Bir neçə dəqiqədən sonra ona şifahi şəkildə attestasiyadan keçmədiyini bildirmişlər. Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbinin direktoru attestasiyanın nəticələrini əsas götürərək, 01 aprel 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Keçirdiyi həyəcan və stresslərdən bir müddət evdə xəstə yatmışdır. xx.xx.2025-ci il tarixdə məktəbə getmiş və saat 11:15-də sənədlərin verilməsinin qeydiyyatı kitabının imza qrafasında sənədin qəbul etmə tarixini və saatı göstərməklə imza edərək əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini və attestasiya vərəqəsinin əslini qəbul etmişdir. Əmrdə qeyd olunmuşdur ki, güya o, Əmək Məcəlləsinin 79-cu maddəsinə aid olub-olmamağı barədə suala cavab verməkdən imtina etmişdir. Buna görə də xitam əmri verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsini ona tətbiq etmək mümkün olmamışdır. Bundan başqa, 12 bənddən ibarət olan attestasiya vərəqəsinin 5 bəndinin kobud səhvlərlə doldurulduğunu və 4 bəndinin tamamilə doldurulmadığını, məktəb direktorunun əmək müqaviləsinə xitam verilməsi haqqında 01 aprel 2025-ci il tarixli əmrindəki məlumatların Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə zidd olduğunu və bu əmrdə onun barəsində yazılan əsassız, yanlış və qurma fikrləri oxuduqda özünü çox pis hiss etmiş, sağlamlıq vəziyyəti daha da ağırlaşmışdır. Attestasiyaya hazırlıq və attestasiyanın keçirilməsi zamanı, attestasiyadan sonra aşağıdakı nöqsan və qanun pozuntuları aşkar edilmişdir: O, hesab edir ki, aşağıdakı səbəblərdən xx.xx.2025-ci tarixdə keçirilən attestasiyanın nəticələri və attestasiya komissiyasının onunla bağlı “tutduğu vəzifəyə uyğun deyil” qərarı qanunsuz sayılmalı və ləğv edilməli, attestasiyanın nəticələri qanunsuz sayılmalı və ləğv edilməli, attestasiya komissiyasının tərtib etdiyi attestasiya vərəqəsi etibarsız hesab olunmalı və ləğv edilməlidir: 1.İşəgötürən tərəfindən attestasiya əvəzinə imtahan keçirilmişdir (ƏM-nin 65.5ci maddəsi); 2. Attestasiya zamanı səhhəti ilə bağlı yaranmış ani vəziyyət (şəkərinin qalxması ilə səhhətinin pisləşməsi) komissiya tərəfindən nəzərə alınmamışdır; 3. Attestasiyanın keçirilməsi və attestasiya vərəqəsinin doldurulması zamanı Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarının tələblərinin kobud pozulması halları müşahidə edilmişdir: - həmin Qərarla təsdiq edilmiş Qaydaların 1.2-ci bəndinə əsasən attestasiyanın keçirilməsinin konkret müddətləri attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalı olduğu halda, ona attestasiyanın keçirilməsinin dəqiq tarixi attestasiyadan 2 gün əvvəl SMS-lə bildirilmişdir; - attestasiya komisssiyasının məktəb direktorunun xx.xx.2024-cü il tarixli 202 nömrəli əmri ilə yaradılmasına baxmayaraq, komissiyanın tərkibində həmkarlar ittifaqı təşkilatının sədri istisna olmaqla, məktəbin müəllimlərindən heç kim olmamışdır. Komissiyanın sədri və üzvləri digər qurumlardan təyin edilmişdir. Bu necə ola bilər? Əmr məktəbin, üzvləri isə qeyri-məktəb və qurumlardan. O, hesab edir ki, belə əmr özü qanunsuzdur; - attestasiya komissiyası onun əmək fəaliyyətini yoxlamamış və onun barəsində qərar qəbul edərkən 32 illik əmək stajını və əmək fəaliyyətini nəzərə almamışdır; - attestasiyanın keçirilməsi haqqında məktəb direkorunun xx.xx.2024-cü il tarixli 202 nömrəli əmri olduğu halda, attestasiya işçinin öz iş yerində deyil, məktəbdən kənarda - Bakı Xoreoqrafiya Akademiyasında keçirilmişdir. Bu isə öz növbəsində növbəti çətinliklər yaratmışdır. Belə ki, əsərini ifa etdiyi fortepiano köklənməmiş vəziyyətdə idi. Fortepianonun köklənməməsi - əsərin ifası üçün lazımi şəraitin yaradılmaması, testin düzgün və obyektiv qiymətləndirilməməsinə gətirib çıxarır. Bu, həmçinin ədalətli attestasiya və qiymətləndirmə hüququnun pozulmasıdır; - Əmək Məcəlləsinin 65-ci maddəsinin və Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2, 1.8, 2.2, 2.4, 2.6, 2.7, 3.2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur; - həmin Qaydaların 1.8-ci bəndinə əsasən, komissiyanın tərkibi işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməmiş, əmək fəaliyyətinə obyektiv qiymət verilməmiş, onun konkret hansı vəzifədə istifadə olunma imkanları haqqında tövsiyələr verilməmişdir; həmin Qaydaların 2.2-ci bəndinə əsasən, attestasiya komissiyası onun gördüyü işlər haqqında məlumatı dinləməmiş, son 5 (beş) illik əmək fəaliyyəti komissiya tərəfindən yoxlanılmamış və qərar qəbul edilərkən nəzərə alınmamışdır; - həmin Qaydaların 2.4-cü bəndinə əsasən, attestasiya komissiyası tərəfindən ona yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqlarının, vəzifələrinin dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməli olduğu halda, komissiya ona ancaq ixtisas üzrə suallar vermiş, qeyd olunan digər bəndlər üzrə suallar verilməmişdir. Ancaq Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndi və “İşçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndi işçinin tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün bunu tələb edir. Yəni onun attestasiyası keçirilməmiş, o sadəcə ixtisas üzrə imtahan edilmişdir. O, hesab edir ki, məhz Qanunun bu bəndi kobud şəkildə pozulmuşdur. Ancaq ixtisas üzrə suallar verərək attestasiyanı tamamlamaq qanunsuzdur. - həmin Qaydaların 2.6-cı bəndinə əsasən, attestasiya komissiyası attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir, həmçinin attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. 32 il əmək stajı olan bir müəllimin attestasiya vərəqəsində heç bir tövsiyə yazılmamışdır; - həmin Qaydaların 2.7-ci bəndində göstərilir ki, attestasiya vərəqəsi işçinin şəxsi işində saxlanılır, lakin məktəbdə onun şəxsi işi yoxdur; - həmin Qaydaların 3.2-ci bəndində göstərilir ki, müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Tövsiyələr verilməmiş, ancaq qərar qəbul olunmuşdur. O, hesab edir ki, bu birtərəfli və qanuna söykənməyən bir qərardır; attestasiya şəffaf keçirilməmiş, komissiyanın üzvləri Mədəniyyət Nazirliyi tərəfindən tez-tez dəyişdirilmişdir. Bu gün attestasiyadan keçən müəllimi sabah komissiyanın üzvi təyin etmişlər. Bu üzvlər müxtəlif məktəblərdən olmuşdur. Bu isə öz növbəsində Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə tam ziddir. Halbuki komissiyanın tərkibi işəgötürən tərəfindən attestasiyadan öncə əmrlə təyin edilir. Komissiya hər gün dəyişdiriləcəkdirsə niyə attestasiyadan 1 ay öncə əmrlə təyin edilirdi. Qanunvericiliyə tam ziddir. O, düşünür ki, Mədəniyyət Nazirliyinin komissiyanın işinə bu cür müdaxilələri attestasiyanın şəffaflığını tam olaraq kölgə altına salmışdır; 4. Attestasiyanın nəticələri obyektiv şəkildə əsaslandırılmamışdır. Musiqi əsərinin ifası və verilən suallara cavabların qiymətləndirilməsi üzrə öncədən təsdiq edilmiş meyarlar olmamışdır. Qiymətləndirmə meyarları olmadıqda qiymətləndirmə subyektiv fikirlərlə tamamlanır. İşçinin qiymətləndirilməsi obyektiv aparılmır. Bu meyarlar olsaydı attestasiya vərəqəsində sualların-cavablarının qarşısında “tam doğru cavab verə bilmədi və s.” buna bənzər fikirlər yazılmazdı. 97 nömrəli Qərar isə tələb edir ki, attestasiya vərəqəsində cavabların qısa məzmunu qeyd edilsin. 5. 32 il əmək stajı olan bir müəllimin həyat və əmək taleyini həll edən əsas sənəd - attestasiya vərəqəsi düzgün doldurulmamışdır. Belə ki, attestasiya vərəqəsində doğum tarixi, təhsil aldığı məktəbin adı, təhsil müəssisəsini bitirdiyi il, əmək stajı, vəzifəyə təyin olunduğu vaxt, son iş yerində işlədiyi əmək stajı kobud səhvlərlə göstərilmiş, vərəqənin 8, 9, 11, 12-ci bəndləri tamamilə doldurulmamış, vərəqənin 7-ci bəndində cavabların qısa məzmunu göstərilməmiş, vərəqənin 8-ci bəndində attestasiya komissiyası üzvlərinin rəy və təklifləri (əgər işçinin fəaliyyəti və karyerası ilə bağlı rəy və təklif verilməyibsə, bu, gələcəkdə onun peşəkar inkişafını, əmək şəraitini və hüquqlarını əhəmiyyətli şəkildə məhdudlaşdıra bilər), 9-cu bəndində onun rəy və təklifləri, 11-ci bəndində attestasiya komissiyasının tövsiyələri, 12-ci bəndində müvafiq qeydlər tamamilə göstərilməmiş, boş buraxılmışdır. Bu bəndlərin boş qalması, attestasiya prosesinin qeyrikafi aparılmasını və işçinin qiymətləndirilməsinin düzgün aparılmamasını göstərir. Vərəqənin 12-ci bəndindən sonra komissiyanın sədri və üzvləri bu Qaydalarda göstərilən nümunəyə uyğun göstərilməmiş, komissiyaya katib təyin olunmuş (katib iclasda təyin edilir), 13-cü bənddə müəssisə rəhbərinin qərarı və onun qəbul olunduğu tarix göstərilməmişdir. Qərarın əvəzinə məktəb direktorunun əmri qeyd edilmişdir. Attestasiya vərəqəsinin 7-ci bəndində qeyd edilən məlumatlar həqiqəti tam əks etdirmir: - həmin bəndin 1-ci sətrində qeyd etmişlər ki, forma təhlil olunmadı. O, formanı təhlil etmişdir; - 2-ci sətrdə qammanın ifası: “fis moll” ondan ifa soruşmadılar. Ondan dominant-seftakordu soruşmuşlar, o, da cavab vermişdir. - 3-cü sətrdə tez templər haqqında məlumat. Ondan “tez” yox “yavaş” templər soruşulmuş, o, cavab vermişdir.- 4-cü sətrdə qeyd ediblər çox zəif idi. Qiymətləndirmə meyarlarında çox zəif neçə baldır? - 5-ci sətrdəki suala cavab vermişdir; - 6-cı sətrdə şagirdlə ilk dərsə necə başlayırsız? Ona belə məzmunda sual verilməmişdir. Sual verilmişdir ki, şagird ifaya hansı barmaqdan başlamalıdır. O, da cavab vermiş 3-cü barmaqdan. - 7-ci sətrdə cavab vermiş; 8-ci sətrdə İ.S.Bax neçə partitanın müəllifidir. Ondan partita soruşmamışlar, invensiya soruşmuşlar, o, cavab vermişdir; - 9-cu sətrdə qeyd edilən sual ona verilməmiş; - 10-cu sətrdəki sualda ondan “YTK” açılışını soruşmuşlar. O, cavab vermiş və demişdir ki, Baxın 24/24 prelüd fuqası var; - 11-ci sətrdəki sualda ondan A.Zeynallının həyat və yaradıcılığını soruşmamışlar. Ondan uşaq süitasını soruşmuşlar, o, cavab vermişdir ki, 3-cü pyes “Rəqs”. Attestasiya vərəqəsindən görünür ki, komissiya üzvləri “tam dolğun cavab verə bilmədi”, “cavab verə bilmədi” və “çox zəif idi” fikirlərindən tez-tez istifadə etmişlər. Görəsən onlar sualların cavablarının doğru və ya səhv olmasını qiymətləndirmək üçün hansı təsdiq olunmuş qiymətləndirmə meyarlarından istifadə etmişlər. Ümumiyyətlə attestasiyadan əvvəl təsdiq olunmuş suallar toplusu və bu sualların Boloniya təhsil sisteminin tələblərinə əsasən təsdiq edilmiş qiymətləndirmə meyarları olubmu? O, düşünür ki, musiqi əsərinin ifası və verilən suallara cavabların qiymətləndirilməsi üzrə öncədən təsdiq edilmiş meyarlar olmamışdır. Çünki bu meyarlar olsaydı, onda sualların qarşısında belə sözlər yox konkret ballar olmalı idi və bu balların ümumi cəmini taparaq attestasiya olunanın neçə bal topladığını görmək olardı. Qiymətləndirmə meyarları olmadıqda, onların qiymətləndirilməsi subyektiv fikirlərə dayanır. Bu isə Boloniya təhsil sistemində qiymətləndirmə qaydalarına ziddir. Attestasiya vərəqəsinin 10-cu bəndində “Attestasiya olunan tutduğu vəzifəyə uyğun deyil” qərarında səslərin miqdarı: lehinə (yəni razı) - 1 nəfər, əleyhinə (yəni narazı) - 4 nəfər qeyd edilmişdir. Bu isə o deməkdir ki, komissiyanın üzvlərindən 4 nəfər bu qəbul olunmuş qərarla razı olmamışlar. Cəmi 1 nəfər bu qərarla razı olmuşdur. Onların səsverməsinin nəticələrinə görə o, tutduğu vəzifəyə uyğundur. 6. Attestasiya vərəqəsində onun barəsində məlumatların səhvlərlə və natamam doldurulması, komissiyanın sədri və üzvlərinin düzgün qeyd edilməməsi, komissiyaya katib təyin olunması və attestasiya vərəqəsində məktəb direktorunun attestasiyanın nəticələrinə görə qərarının olmaması və qərarın qəbul olunduğu tarixinin göstərilməməsi kimi ciddi qeyri-qanuni addımlar attestasiya komissiyasının şəffaflığı və peşəkarlığı barədə ciddi şübhələr yaradır. Attestasiya vərəqəsində onunla bağlı göstərilən məlumatlardan təkcə adı və soyadı düzdür. O, hətta bu attestasiya vərəqəsinin onun olmasına şübhə ilə yanaşır. Attestasiya vərəqəsinin düzgün doldurulmaması, yalnız sadə prosedur pozuntusu deyil, həm də onun hüquqlarının pozulması deməkdir. Qanunvericiliyə əsasən şəxsi məlumatların yanlış təqdim olunması hüquq pozuntusu hesab edilir. 7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli 38 №-li Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən Bakı Xoreoqrafiya Akademiyasındakı iş yerlərinin attestasiyadan keçməsi şübhə altındadır. Sual olunur: Beş nəfərdən ibarət attestasiya komissiyası işçinin taleyini həll edən bir attestasiya vərəqəsini Qaydalarda göstərilən tələblərə uyğun doldura bilmirsə, müəllimləri görəsən hansı meyarlara əsaslanaraq attestasiya etmiş və onların 32 illik əmək fəaliyyətinə “yararsız” damğası vurmuşlar? Azərbaycan Respublikasının bağladığı və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X5 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq sosial və hüquqi baxımdan xüsusi qorumaya ehtiyacı olan bir qrup işçilərin əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işəgötürənin və işçilərin hüquqlarını, vəzifələrini tənzimləmək məqsədi ilə dövlət tərəfindən Əmək Məcəlləsində 79-cu maddə yer almışdır. 1. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1ci hissəsində açıq-aşkar vurğulanır ki, işəgötürən tərəfindən işçinin şəkərli diabet və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 2. 79-cu maddənin 2-ci hissəsində isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyi (tətbiq edilmədiyi) qeyd edilmişdir. 3. Şəkərli diabet xəstəsi olmağı səbəbindən ona da bu xitamın qadağan olunmalı olduğu açıq-aşkar görünür. Çünki Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsi artıq bu cür həssas qrupa aid olan və dövlət tərəfindən daimi qorumaya ehtiyacı olan işçilərin əmək müqavilələrinə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edilməsinə son nöqtəni qoyur. Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Əmək Məcəlləsinin 79-cu maddəsinə gəldikdə isə, bu maddə Məcəllənin “Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları” adlanan on birinci fəslində yer almışdır. Məcəllənin bu fəslində işçilərin digər təminatları ilə yanaşı 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir. Bu normanın tələbinə görə işəgötürən tərəfindən 79-cu maddənin 1-ci hissəsində qeyd edilən işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Burada isə qanunun bu göstərişi imperativ xarakter daşıyır. Bu qaydadan istisnaya isə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi hallarda və əmək müqaviləsinə bu Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallarda yol verilir. On birinci fəslin adından da göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir. Göstərilənlərə əsasən, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı vardır. Qanunverici bu güzəştli normanı müəyyən edərkən şəkərli diabet xəstəsi olan işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. O, hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dövlətinin demokratik, dünyəvi, hüquqi, unitar Respublika olmasını nəzərə alaraq, vəzifəli şəxsin 32 il əmək təcrübəsi olan bir müəllimi hüquq müstəvisindən kənar bu cür yanaşması qanun pozuntusu hesab olunmalı və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə onun əmək müqaviləsinə verilən xitam əmri, bu Məcəllənin 79-cu maddəsinin qoruması altına düşdüyü üçün qanunsuz sayılmalı və ləğv edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2025-ci il tarixli attestasiya komissiyasının onunla bağlı “tutduğu vəzifəyə uyğun deyil” qərarının qanunauyğunluğu və əsaslılığının müəyyən edilməsi və ləğv edilməsi, xx.xx.2025-ci tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılması və ləğv edilməsi, attestasiya vərəqəsinin etibarsız hesab olunması və ləğv edilməsi, Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbinin əmək müqaviləsinə xitam verilməsi haqqında 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinin qanunsuz hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə - Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimi vəzifəsinə bərpa olunması, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən etibarən işə bərpa olunacağı günə qədər olan əmək haqqının ödənilməsi, işdən azad edilmə ilə bağlı ona vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi, vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktının və vəzifə səlahiyyətlərini aşma faktının araşdırılması, əmələ hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi Nümayəndə2 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bununla yanaşı, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli 45 nömrəli əmrin qanunsuz hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verildiyi gündən (xx.xx.2025-ci il) etibarən işə bərpa olunacağı günə qədər olan əmək haqqının ödənilməsi və onun əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul elməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 sözügedən musiqi məktəblərinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində könüllü olaraq formalaşdırıldığını, həmin musiqi məktəblərində sertifikasiya imtahanlarının keçirilməsinin yolverilməz olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-4350/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025ci il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 03 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqının ödənilməsi, iddia tələbinin “iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması” hissəsində təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Bakı şəhəri 11 saylı Uşaq Musiqi Məktəbinin 15 sentyabr 2010-cu il tarixli 109 nömrəli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli 24 nömrəli əmrlə Musiqi Məktəbinin adı dəyişdirilərək Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi adlandırılmışdır. 05 mart 2025-ci il tarixdə işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinə əsasən Bakı şəhər Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 03 aprel 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin şəkərli diabet xəstələrinin hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Və bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Attestasiya vərəqəsindən görünür ki, iddiaçı fortepiano ixtisasını 2000-ci ildə almış, ixtisasartırmada iştirak etməmişdir. Beləliklə, Komissiya iddiaçının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, ixtisasartırma kursuna cəlb olunmamasını nəzərə almadan onunla bağlı heç bir tövsiyyə yaxud təklif vermədən onun tutduğu vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir. Bununla yanaşı işəgötürən iddiaçının bu işə ehtiyacı olduğunu nəzərə almadan, iddiaçının aldığı ali təhsili üzrə yiyələndiyi ixtisasına uyğun olaraq işlə təmin edilməsi imkanlarını nəzərdən keçirmədən, onun şəxsiyyətinə və digər sırf şəxsi dəyərlərinə görə qərəzli münasibət bəsləməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman da əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. X15 adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmri ləğv edilməli, İddiaçı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə 03 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, bununla yanaşı iddia tələbi “onun əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması” hissəsində təmin edilməməlidir. Belə ki, hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmri ləğv ediləndən və o, müəllim vəzifəsinə bərpa ediləndən sonra onunla bağlanmış əmək müqaviləsi əsasında yaranmış əmək münasibətləri kəsilməmiş kimi davam etdiriləcəyindən, onunla yenidən əmək müqaviləsinin bağlanmasına ehtiyac olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddənin Vİ hissəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 46.1, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 66, 67.1, 67.2, 67.3, 67.4, 67.6, 70, 71.3, 74, 83.1, 83.2, 83.3, 84.1, 84.2, 84.3, 288-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360, 362-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.1, 2.4, 2.6-cı bəndlərinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli qərardadına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-4350/2025 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin, üçüncü şəxs qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin cəlb olunduqları “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ciil tarixli 2 (001)-4350/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia təmin edilməmişdir. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad edərək bildirmişdir ki, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi imperativ norma kimi göstərilmədiyi səbəbindən müqavilənin bu əsaslarla ləğv edilməsi qanunsuzdur. Həmçinin, məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirilmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti qətnamənin həmin hissədə - Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpası və onun məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində mübahisələndirilməsinə yönəlmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001) 4350/2025 nömrəli qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının kobud səviyyədə pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Həmin qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və bu da öz növbəsində işin hallarına uyğun gəlməyən nəticəyə səbəb olmuşdur. Bu səbəbdən də hesab olunur ki, qanuni əsası olmayan həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Qanunvericiliyə əsasən, işçilərin attestasiyadan keçirilməklə peşəkarlıq səviyyələrinin müəyyən edilməsi, həmçinin peşəkarlıq səviyyəsinin uyğun hesab edilmədiyi hallarda onların işdən azad edilmələri işəgötürənin qanuni səlahiyyətlərindən biridir. Lakin, təəssüflər olsun ki, Binəqədi Rayon Məhkəməsi işəgötürənin qanuni səlahiyyətini aydınlaşdırmaqda çətinlik çəkmişdir. Cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin (işəgötürən) AR Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə riayət etməklə tamamilə qanuni və əsaslı formada “işçilərin attestasiyası”nı keçirmiş, attestasiya nəticələrinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin ona verdiyi hüquqlardan istifadə edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin maddənin “c)” bəndi ilə xitam vermişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 202 nömrəli əmri ilə yaradılmış attestasiya komissiyası peşəkar mütəxəssislərdən ibarət olaraq təşkil edilmişdir. Komissiyanın tərkibinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, əməkdar artist X14, Bülbül adına X21 Məktəbinin müəllimi X13, Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi X2, AMK nəzdində musiqi kollecinin müəllimi X7, HİK-in sədri Azər Abbasov daxil edilmişdir. Komissiya üzvləri İddiaçı da peşəkarlıq səviyyəsini yoxlamış, ona tutduğu vəzifədən və əmək funksiyalarından irəli gələn suallar ünvanlamış, iddiaçı isə həmin sualları cavablandıra bilməmişdir. Nəticədə attestasiya komissiyası üzvlərinin yekdilliklə iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə qərar vermişlər. Bundan sonra isə işəgötürən Attestasiya Komissiyasının qərarını əsas götürərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c)” bəndi ilə xitam vermişdir. Məhkəmə konkret olaraq əmək müqaviləsinə xitam əmri və xitam əmrinin verilməsi üçün əsas olmuş sənədləri araşdırmamış, məhkəmə heç bir sübuta əsaslanmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Eləcə də məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş, işçinin attestasiyasının keçirilməsi qaydalarına riayət edilməsi məsələsini yoxlamamış, iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən hallar araşdırılmamış və sübuta yetirilməmişdir. Qətnamənin 12-ci səhifəsində Binəqədi Rayon Məhkəməsi qeyd etmişdir ki, “Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. X4 Məhkəməsinin Palatası həmçinin qeyd etmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir.” Lakin qeyd olunan maddələrin işin faktiki hallarının aydınlaşdırılmasına aidiyyatı yoxdur. Bildirilir ki, iddiaçının əmək müqaviləsinə attestasiya nəticəsində qəbul olunmuş qərar əsasında işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə uyğun olaraq xitam verilmişdir. Bu qərar da işəgötürənin qanuni səlahiyyətləri əsasında həyata keçirilmişdir. Həmçinin bildirirlər ki, Binəqədi Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli plenumuna istinad etmək istəsə də, onu düzgün qeyd etməmişdir. Qeyd olunan plenumda şəkərli diabet xəstəliyi səbəbinə görə işçilərin qısnamaya məruz qalaraq işdən azad olunmasının qarşısının alınması aydın olsa da, məhkəmə həmin şəxslərin işdən azad olunmalarının məhdudlaşdırıldığı qərarına gəlmişdir. Xüsusilə vurğulanır ki, İddiaçı şəkərli diabet olması səbəbilə deyil, attestasiya nəticəsində peşəkarlığının tutduğu vəzifəyə uyğun hesab edilməməsi nəticəsində işdən azad edilmişdir. Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısı aydın şəkildə qeyd olunmuşdur. Qeyd olunan maddədə sadalananlardan İddiaçı aid hallar olmadığı səbəbindən attestasiya prosesi həyata keçirilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar aydın şəkildə qeyd olunmuşdur. Maddədə qeyd olunan “işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə” əmək müqaviləsinə xitam verilməsinin məhdudlaşdırılmasının əsas məqsədi işçinin qeyd olunan xəstəliklər səbəbilə qısnamaya məruz qalaraq əmək müqaviləsinə xitam verilməsinin məhdudlaşdırılmasıdır. Əlavə olaraq qətnamənin 8-ci səhifəsində Binəqədi Rayon Məhkəməsi qeyd etmişdir ki, İddiaçı komissiya tərəfindən verilmiş sualların əksəriyyətinə cavab vermişdir. Bildirilir ki, attestasiya prosesində iddiaçıya ünvanlanmış suallar fortepiano ixtisası üzrə xüsusi peşə hazırlığı və ixtisas biliklərinin mövcudluğunu tələb etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsi tərəfindən işə baxılarkən attestasiya prosesinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət olunaraq keçirildiyi araşdırmalı olduğu halda fortepiano ixtisası üzrə xüsusi təhsili olmadan attestasiya zamanı iddiaçı tərəfindən verilən cavabların doğru olduğunu bildirməsi qərəzsizlik prinsipinin pozulmasıdır. Video-görüntülərdə də göründüyü kimi iddiaçı attestasiya zamanı sualların əksəriyyətinə tam və peşəkarcasına cavab verməmişdir. Dekabr ayında attestasiyanın keçiriləcəyi ilə bağlı məlumat verilmiş, ifa bacarıqlarının yoxlanılması üçün müstəqil şəkildə ifa seçərək hazırlaşmalarına şərait yaradılsa da, ifası çox aşağı səviyyədə olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq peşəkar mütəxəssislərdən ibarət attestasiya komisiyası təşkil edilərək attestasiya həyata keçirilmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq xitam verilməsinin zəruriliyi əsaslandırılmışdır. Əlavə olaraq bildirilir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4795/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim İlahə Abbasova) Binəqədi Rayon Məhkəməsinin hakimi Pərviz Məmmədov tərəfindən qəbul olunmuş qətnamə tamamilə eynilik təşkil edir. Həmin qətnamələrin “Məhkəmənin mövqeyi” hissəsi bütövlükdə eyni mətnlə köçürülmüşdür. Binəqədi Rayon Məhkəməsi (hakim Pərviz Məmmədov) və Xətai Rayon Məhkəməsi (hakim İlahə Abbasova) iş üzrə təqdim edilmiş sübutları hərtərəfli, tam və obyektiv surətdə araşdırmamışdır. Bu, konkret işin halları ilə bağlı sübutların effektiv dəyərləndirilməməsi, işin obyektiv həllinə yönəlmiş prosessual vəzifənin yerinə yetirilməməsi deməkdir. Hər iki məhkəmənin qətnamələrinin “Məhkəmənin mövqeyi” bölməsinin mətninin tam olaraq eyniləşməsi, məhkəmənin fərdi işin spesifik hallarını ayrıca araşdırmadığını və yalnız əvvəlki qərarın mətninə istinad edərək formal qərar qəbul etdiyini göstərir. Bu, fərdi, hüquqi və faktiki analizdən imtina hallarından biridir. Yuxarıda qeyd edilən hallar Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin “qanuni və əsaslı qətnamə” tələbinin kobud şəkildə pozulmasıdır. Məhkəmələr konkret iş üzrə sübut, hüquqi norma və faktları qiymətləndirmədən qətnamə qəbul etmiş, bu isə qətnamənin qanuniliyi və ədalətliliyinə ciddi şübhə yaradır və hüququn aliliyi prinsipini pozur, həm də işin substantiv həllinə ziddir. Qanunvericiliyin tələblərinə əsasən, hər bir iş üzrə məhkəmə qətnaməsi əsaslandırılmış olmalı, məhkəmənin hüquqi mövqeyi işin faktiki halları və toplanmış sübutlarla bağlı ayrıca şərh edilməlidir. Lakin hazırkı halda məhkəmə bu tələbi kobud şəkildə pozmuş, nəticədə qətnamə qanuniliyi və əsaslılığı təmin etməmişdir. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025 ci il tarixli 2(001)-4350/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddanın təmin edilməməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsində verilmiş nümunəyə uyğun doldurulmayıb. Belə ki, apellyasiya şikayətinin 1-ci bəndində apellyasiya şikayəti verən şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi göstərildiyi halda, şikayətin 14-cü bəndində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi cavabdeh kimi qeyd edilmişdir. Lakin iş üzrə cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbidir. Bundan başqa, apellyasiya şikayətinin 14-cü bəndində, şikayət onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmış, lakin möhürlə təsdiq olunmamışdır. Apellyasiya şikayətində göstərilən sıralamaya görə aşağıdakı etirazları bildirir. İşin halları üzrə etirazı: bildirir ki, bu hissədə apellyasiya şikayəti verən iş üzrə üçüncü şəxs - Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməmişdir. Belə ki, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini bildirməmiş, eləcə də mübahisənin düzgün həlli ücün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirə bilməmişdir. İşin halları ilə bağlı onun mövqeyi mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməmişdir. O, bu hissədə işin hallarını göstərmək əvəzinə maddi hüquq normasının pozulmasını göstərmişdir. İşin hallan üzrə üçüncü şəxsin şikayəti: o, işin halları bölməsinin 5.3-cü bəndində qeyd edir ki, məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad edərək bildirmişdir ki, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi imperativ norma kimi göstərilmədiyi səbəbindən müqavilənin bu əsaslarla ləğv edilməsi qanunsuzdur. Onun bu fikrinə öz etirazını açıqlayır. Birincisi onun burada qeyd etdiyi fikir işin hallarına aid deyil, qeyd olunan bu fikir maddi hüquq normasına aiddir və bu fikir qəbul edilmiş qətnamədə onun ifadə etdiyi kimi göstərilməyib. O, bu fikri özü başa düşdüyü şəkildə (özünə xeyir edəcək şəkildə) göstərib. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində (qətnamənin 13-cü səhifəsi) xüsusi olaraq vurğulayır ki, Əmək Məcəlləsinin 70ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır və bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Bundan başqa məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli qərardadında qeyd edilən şərhə istinad etmişdir. X4 Məhkəməsinin Palatası vurğulamışdır ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir, Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Konstitusiya Məhkəməsinin Palatası bu qərardadda vurğulamışdır ki, bu maddə ilə bağlı qevd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Hakim Əmək Məcəlləsinin 70-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli qərardadında qeyd edilən şərhə istinad edərək çıxardığı qətnamədə eyni fikirləri qeyd etmişdir. Ancaq üçüncü şəxs bu fikirləri özü başa düşdüyü kimi şərh edərək qeyd edir ki, guya hakim Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad edərək bildirmişdir ki, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi imperativ norma kimi göstərilmədiyi səbəbindən müqavilənin bu əsaslarla ləğv edilməsi qanunsuzdur. Bu tamamilə yanlış və heç bir dəlilə əsaslanmayan fikirdir. Məhkəmənin qanuna əsaslanan (istinad etdiyi) rəyini özü istədiyi kimi basa düşür və yanlış təfsir edir. İşin halları üzrə üçüncü şəxsin şikayəti: o bildirir ki, Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın pozulması ilə keçirilmişdir. Onun etirazı: bildirir ki, Məhkəmənin bu nəticəyə gəlməsinə səbəb attestasiyanın aşağıdakı qanun pozmaları ilə keçirilməsi olmuşdur. Belə ki, attestasiya zamanı Əmək Məcəlləsinin 65.3, 65.4, 65.5, 65,6, 65,7, 67.1, 67.2, 71.3, 76.2 və 79-cü maddələrinin və Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarın 1.3, 1.6, 2.1, 2.2, 2.4, 2.6 və 3.2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə qəbul etdiyi qətnamədə Əmək Məcəlləsinin 65-ci maddəsinə, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarına, iş materiallarında olan sübutlara və xüsusən də attestasiyanın gedişini əks etdirən “CD” diskdəki videoçəkilişə istinad edərək vurğulayır ki, Əmək Məcəlləsinin 65.3-cü maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Lakin CD diskdəki videoçəkilişə baxdıqda bunun tam əksi görünür. Komissiyanın sədri və üzvləri ona qarşı qeyri-obyektiv və qərəzli olublar. Həmin Məcəllənin 65.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.4-cü bəndinə əsasən attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir (qətnamənin 9-cu və 11-ci səhifələri). Məhkəmə qeyd edir ki, iş materiallarında olan “CD” diskdən məlum olur ki, iddiaçı X1 atesstasiyadan keçirilən zaman həyəcanlı olmaqla şəkər xəstəsi olmasını bildirməklə yanaşı, komissiya tərəfindən verilmiş sualların əksəriyyətinə cavab vermiş, komissiya tərəfindən ona təkrar atesstasiyadan keçirilməsinə şərait yaradılmamış, komissiyanın sədri Nigar Məlikova tərəfindən onun şəxsiyyətinə və digər sırf şəxsi dəyərlərinə görə qərəzli münasibət bəslənilmiş, şəxslə bağlı komissiyanın digər üzvlərinə “Burda özlərini sakit aparmaqlarına baxmayın, siz bilmirsiz necə həyasız adam(lar)dı” ifadələrini işlətmişdir. (qətnamənin 8-ci səhifəsi). Bununla da o, ona qarşı öz qərəzli mövqeyini komissiyanın digər üzvlərinə bildirmişdir. Buradan görünür ki, komissiyanın tərkibi obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən olmayıb və bu səbəbdən komissiyanın ona qərəzli yanaşması aşkar şəkildə görünür (Burada Əmək Məcəlləsinin 65.3-cü və 65.5-ci maddələrii və Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarının 2.4-cü bəndi pozulub). Bundan başqa “CD” diskə yazılmış video çəkilişdən açıq-aşkar görünür ki, komissiyanın sədri Nigar Məlikova komissiyanın üzvlərindən soruşur ki, necə cavab verdi? Komissiyanın 2 nəfər üzvü deyir ki, mənim suallarıma cavab verdi. Ancaq sonda Nigarın ona qarşı olan qərəzli münasibətindən və nüfuzundan çəkinərək səsvermə zamanı əllərini qaldırmırlar. X11 qarşı qərəzli mövqeyi olmasa idi onlar səsvermə zamanı əllərini onun lehinə qaldıracaqdılar. Çünki bir neçə dəqiqə əvvəl iki müəllim bildirmişdir ki, mənim suallarıma cavab verdi. Lakin səsvermə zamanı ancaq HİK sədri Azər Abbasov əlini qaldırdı. Bir qədər öncə komissiyanın sədrinə “mənim suallarıma” cavab verdi deyən digər 2 müəllim Nigardan çəkindiyi üçün səsvermə zamanı əllərini onun lehinə qaldırmadılar və komissiyanın qərəzli yanaşması nəticəsində onun attestasiyasının nəticəsi qeyri-məqbul qiymətləndirildi. Qeyd: Komissiyanın qərəzli, qeyri-obyektiv və qeyri-etik olmasını sübut edən CD diskdən başqa, Bakı Xoreqrafiya Məktəbinin 231-ci otağında attestasiyadan keçən müəllimlərə qarşı məhz komissiyanın sədri Nigar Məlikovanın qərəzli və qeyri-etik olması, Mədəniyyət Nazirliyinin rəsmi “culture.gov.az” instaqram səhifəsindən əldə etdiyi rəylərdən açıq-aşkar görünür. Komissiya sədrinin attestasiyadan keçən digər müəllimlərə qarşı qərəzli və qeyri-etik olmasını təsdiqləyən sübutları etiraz ərizəsinə əlavə edir. Bu sübutları birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim etməməyinin səbəbi odur ki, o, onların ona qarşı qərəzli, qeyri-obyektiv və qeyri-etik olmalarını məhkəmənin sonuncu iclasında CD diskə baxdıqdan sonra görüb, eşidib və başa düşüb. Məhkəmə qətnamədə vurğulayır ki, Əmək Məcəlləsinin 65.4-cü maddəsinə əsasən attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir (qətnamənin 9-cu səhifəsi). Lakin attestasiya komissiyasının üzvləri tez-tez, demək olar ki, hər gün dəyişdirilmişdir. Bir tərəfdən komissiya üzvlərinin məktəbin müəllimlərindən təyin edilməməsi, digər tərəfdən tez-tez (hər gün) dəyişdirilməsi attestasiyanın, qanunun tələblərinin pozulması ilə keçirildiyini sübut edir (burada Əmək Məcəlləsinin 65.4-cü maddəsi pozulub). Məhkəmə qəbul etdiyi qətnamədə vurğulayır ki, Əmək Məcəlləsinin 65.5-ci maddəsinə (qətnamənin 9-cu səhifəsi) və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarın 2.4-cü maddəsinə əsasən (qətnamənin 11-ci səhifəsi) attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (pesəyə) uyğunluqunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Lakin CD diskə baxış zamanı açıq-aşkar görünür ki, ona ancaq ixtisas üzrə suallar verilib. Ancaq bu maddi hüquq normasının (Əmək Məcəlləsinin 65.5-ci maddəsi və 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarın 2.4-cü maddəsi) tələbinə əsasən attestasiya zamanı ixtisas üzrə suallardan başqa işçiyə, tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, yerinə yetirdiyi islər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (pesəyə) uyğunluğunu müəyyən etmək ücün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməli idi. Bundan başqa attestasiya zamanı müəllimin əmək fəaliyyəti (pedaqoji fəaliyyəti) yoxlanılmalı idi, lakin yoxlanılmayıb. Çünki attestasiyanın əsas məqsədi müəllimin əmək bacarıqlarını yoxlayaraq qiymətləndirməkdən ibarətdir, görək isçi dərs keçirməyi, şagirdləri öyrətməyi, sinifi idarə etməyi və s. bacarırmı? Təəsüflər olsun ki, bu məsələlər heç yoxlanılmayıb. Görəsən hansı səbəbdən müəllimin pedaqoji fəaliyyəti yoxlanılmamışdır? Beləliklə, komissiya Əmək Məcəlləsinin 65.5-ci maddəsinin və Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarın 2.4-cü bəndinin tələblərinə zidd olaraq attestasiya olunan müəllimə ancaq ixtisas üzrə suallar verməklə onun peşəkarlığını qiymətləndirmək ən kobud qanun pozuntusudur. Məhkəmə qəbul etdiyi qətnamədə vurğulayır ki, Əmək Məcəlləsinin 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır (qətnamənin 9-cu səhifəsi). Lakin komissiyanın sədri, hansı motivlərdən, bilmir, ona qarşı qərəzli yanaşıb. Bu onun ona qarşı işlətdiyi təhqiredici (şərəf, ləyaqət və nüfuzunu alçaldan) ifadədən (qətnamənin 8-ci səhifəsi) və komissiya üzvlərindən 2 nəfərin əvvəl “mənim suallarıma cavab verdi deyərək”, sonra səsvermə zamanı əllərini qaldırmamalarınadan, onun şəkərli diabet xəstəsi olaraq özünü toparlamaq üçün ona vaxt verməmələrindən açıq-aşkar görünür (Əmək Məcəlləsinin 65.6-cı maddəsi pozulub). Sonra Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 65.7-ci maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər. Lakin onun barədə heç bir tövsiyə verilməyib. Çünki komissiyanın üzvləri məktəbin müəllimlərindən ibarət olmadığı üçün onlar onun dərsə hansı məsuliyyətlə yanaşmağını və işgüzar pedaqoji keyfiyyətlərini bilməyiblər (Əmək Məcəlləsinin 65.7-ci maddəsi pozulub). “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarın 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Lakin yenə də onun barədə heç bir tövsiyə verilməyib. Həmin Qərarın 3.2-ci bəndinin tələbinə görə müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Lakin komissiya tərəfindən tövsiyələr verilmədiyi üçün, məktəb direktoru birtərəfli qərar qəbul edib. Burada həmin Qərarın bu tələbi kobud şəkildə pozulub. Bundan başqa, 11 nömrəli musiqi məktəbində 100 nəfərdən çox müəllim heyətinin (onlardan 52 nəfəri fortepiano ixtisası üzrədir) olmasına baxmayraq, məktəb direktorunun 25 dekabr 2024-cü il tarixli 202 nömrəli əmri ilə yaradılmış attestasiya komissiyasının tərkibində məktəbin müəllimlərindən ancaq məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri X12 yer almışdır, komissiyanın digər 4 nəfər üzvü digər qurumlardan təyin edilmişdir (Komissiyanın tərkibinə digər qurumlardan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, əməkdar artist X14, Bülbül adına X21 Məktəbinin müəllimi X10, Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi X2, AMK nəzdində musiqi kollecinin müəllimi X8 daxil edilmişdir). Məktəbdə 100-dən çox ixtisaslı müəllim heyəti ola-ola komissiyanın tərkibinə digər qurumlardan müəllim cəlb etmək özü qanun pozuntusudur. Əmək Məcəlləsinin 65.3-cü maddəsinə əsasən əgər işəgötürənin əmri ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən attestasiya komissiyası yaradılırsa, demək komissiyanın tərkibi kənar qurumlardan deyil, 11 nömrəli məktəbin müəllimlərindən təyin olunmalı idi. Çünki komissiyanın üzvləri məktəbin müəllimlərindən olduqda, onlar attestasiya olunan müəllimin işə məsuliyyətini, işgüzar və ya qeyri-işgüzar keyfiyyətlərini, pedaqoji fəaliyyətlərini və s. xüsusiyyətlərini daha yaxşı bilir və onun barədə ədalətli qərar qəbul etmək onlar üçün asan olur, müvafiq tövsiyələrini rahat verə bilirlər. Ancaq komissiyanın üzvləri kənar qurumlardan olduqda attestasiya prosesinin şəffaf keçirilməsi büdrəyir. Məhz bu səbəbdən komissiya onun attestasiya vərəqəsində tövsiyə verə bilməyib. Buradan görünür ki, attestasiyanın qərəzli keçirilməsi əvvəlcədən düşünülərək planlaşdırılmışdır. Bundan başqa attestasiya işçinin öz iş yerində deyil, məktəbdən kənarda - Bakı Xoreqrafiya Akademiyasında keçirildiyindən, oradakı fortepiano alətləri köklənməmiş idi. Bu da ona növbəti çətinlik yaratmışdır. Ümumiyyətlə, 11 nömrəli musiq məktəbində attestasiyanın keçirilməsi üçün bütün lazımi şərait ola-ola, attestasiyanın Bakı Xoreqrafiya Akademiyasında keçirilməsinə zəruriyyət nədən yaranmışdır? Məhkəmə qətnamənin 13-cü səhifəsində vurğulayır ki, komissiya iddiaçının şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, ixtisasartırma kursuna cəlb olunmamasını nəzərə almadan, onunla bağlı heç bir tövsiyə yaxud təklif vermədən onun tutduğu vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir (burada Əmək Məcəlləsinin 65.7-ci (tövsiyə verməyib), 67.2 (təlimlərə cəlb etməyib) və 79-cu (şəkərli diabet xəstəsi olduğunu nəzərə almayıb) maddələrinin və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23 mav 2001-ci il tarixli 97 nömrəli Qərarın 2.6-cı bəndinin tələbləri kobud səkildə pozulmuşdur). Məhkəmə vurğulayır ki, bununla yanaşı işəgötürən onun bu işə ehtiyacı olduğunu nəzərə almadan, aldığı ixtisas təhsili üzrə yiyələndiyi ixtisasa uyğun olaraq işlə təmin edilməsi imkanlarını nəzərdən keçirmədən, onun şəxsiyyətinə və digər sırf şəxsi dəyərlərinə görə qərəzli münasibət bəsləməklə (burada ƏM-nin 65.5-ci maddəsi və Nazirlər kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarının 2.4-cü bəndi kobud səkildə pozulub) onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman da əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. X15 adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Nəticə olaraq bildirir ki, Məhkəmə iddia tələbləri ilə bağlı attestasiya zamanı yuxarıda qeyd olunan çox sayda qanun pozuntularını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın müvafiq maddələrini rəhbər tutaraq və Konstitusiya Məhkəməsi Palatası və Plenumunun müvafiq qərarlarına istinad edərək qanunvericiliyə söykənən ədalətli qətnamə qəbul etmişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər - bu hissədə apellyasiya şikayəti verən üçüncü şəxs, şikayət olunan qətnamənin düzgün tətbiq edilmədiyini iddia etdiyi 2 ədəd maddi hüquq normasını göstərmiş, lakin göstərdiyi hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verə bilməmişdir. Maddi hüquq normasının qarşısında bu normanın pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair heç bir dəlil gətirməmiş və bu barədə mövqe bildirməmişdir. Üçüncü şəxs bildirir ki, Binəqədi Rayon Məhkəməsi işəgötürənin qanuni səlahiyyətini aydınlaşdırmaqda çətinlik çəkmişdir. Əslində isə yuxarıda qeyd olunan maddi hüquq normasının məzmununda “işçilərin” attestasiyası anlayışı aşkar şəkildə görünür. Bütün bunlar isə işə baxan məhkəmənin məsələyə hüquqi yanaşmasının yanlış olduğunu, elementar “işçilərin attestasiyası” nəticəsində işçinin peşəkarlıq səviyyəsinin qənaətbəxş səviyyədə olmadığı barədə qəbul olunan qərar əsasında işəgötürənin müqaviləyə xitam verməsi səlahiyyətini anlaya bilməməsini və bunun son nəticədə cavabdehin haqlı mənafelərinin pozulmasına gətirib çıxarmasının əyani şəkildə sübut edir. Onun bu yanaşmasından görünür ki, o, qətnamənin məzmununu, xüsusən də əsaslandırıcı hissəsini tam oxumamış və ya oxuyub hüquqi qiymət verməkdə çətinlik çəkmişdir. Məhkəmə məhz qətnamənin 9-cu səhifəsində xüsusi olaraq vurğulayır ki, Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Məhkəmə burada Əmək Məcəlləsinin 65.1-ci maddəsini qeyd etməklə işçilərin attestasiyasının keçirilməsində əsas məqsədi - onların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədini vurğulayır. Üçüncü şəxs isə qeyd edir ki, məhkəmə hüquqa yanlış yanaşır. Bundan başqa Məhkəmə qətnamənin 13-cü səhifəsində vurğulayır ki, işəgötürən əmək müqviləsinə xitam əmrinin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin X15 adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Burada hakim aşkar şəkildə vurğulayır ki, işçinin peşəkarlıq səviyyəsinin qənaətbəxş səviyyədə olmadığı barədə qəbul olunan qərar əsasında işəgötürən müqaviləyə xitam vermə səlahiyyətinə malikdir, ancaq bu zaman o, Əmək Məcəlləsinin 67-ci (işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi) və 71-ci (əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər) maddələrində göstərilən tələblərə riayət etməli və sonra işçini işdən azad etməlidir. Üçüncü şəxs isə öz “hakimiyyətindən” istifadə etməklə Əmək Qanunvericiliyinin bu tələblərini kobud şəkildə pozaraq onları qəbul etmək istəmir, buna görə də əsassız olaraq Məhkəmənin ünvanına “anlaya bilmir” ifadəsini işlədir. Apellyasiya şikayəti verən şəxsin, Məhkəmənin “işəgötürənin müqaviləyə xitam verməsi səlahiyyətini anlaya bilməməsi” ifadəsinə etiraz olaraq bildirir ki, o, Məhkəmə tərəfindən qanunun hər hansı bir maddəsinin pozulduğunu və ya düzgün tətbiq edilmədiyini sübut edən heç bir qanuna əsaslanan dəlil gətirmədən, yalnız özünün formal mülahizələrinə görə Məhkəmənin ünvanına “anlaya bilməməsi” ifadəsini işlətmək, hesab edir ki, qeyri-etikdir. Məhkəmə baxış iclasında tərəflər arasında çəkişmə zamanı onun üçüncü şəxs tərəfindən çıxış edən və hazırki apellyasiya şikayətini təqdim edən Nümayəndə3 ünvanlanan “bizi işdən azad edib, bizdən savadlıları gətirəcəksiz?” sualına o, cavab vermişdir ki, məqsədimiz məktəblərin işçilərini cavanlaşdırmaqdır. İşəgötürənin “cavanlaşma”, “istifadə edərək” ifadəsindən və attestasiya komissiyasının sədri Məlikova Nigarın onun ünvanına söylədiyi “həyasız adam(lar)dır” ifadəsindən aşıq-aşkar görünür ki, hələ attestasiyadan öncə onların ana məqsədləri işçilərə qarşı qərəzli və əsasən işdən azad etmək olub. Bu belə olmasa idi, onda onlar attestasiyanı qanunların tələblərinə riayət etməklə keçirər və bütün şüurlu həyatlarını ancaq bir sənətə-musiqi sənətinə həsr etmiş müəllimləri 3-4 sual ətrafında “qiymətləndirərək” küçəyə atmazdılar. Onların bu hərəkəti “tarixə” düşən hərəkətdir. Hələ indiyə qədər heç bir praktikada attestasiyanın nəticələrinə görə kütləvi şəkildə bu qədər işçinin işdən çıxarılması barədə məlumat yoxdur. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-4350/2025 nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs qismində Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız sayılması və apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-4350/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Nümayəndə4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi (əri) Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, apellyasiya şikayətinə qarşı təqdim olunan etirazın məzmununa uyğun izahatlar verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 16. Sosial inkişaf və dövlət İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İİ. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 46. 1.Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 64.

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Maddə 65.

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Maddə 67.

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Maddə 71.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 74.

2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 79

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Maddə 84. 1.Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları Bənd 2.1. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Bənd 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Bənd 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli Qərarı ““Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.12-ci maddəsinə əsasən, normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) hesab edilir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.”

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Bu səbəbdən Konstitusiyanın 35ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən, əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il 15 aprel tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Hazırkı mülki işdən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 11 saylı Uşaq Musiqi Məktəbinin 15 sentyabr 2010-cu il tarixli 109 nömrəli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.2020-ci il tarixli 24 nömrəli əmrlə Musiqi Məktəbinin adı dəyişdirilərək Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi adlandırılmışdır.) Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində 05 mart 2025-ci il tarixdə işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş, Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinə əsasən, Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 03 aprel 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İstinad olunan əmrdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olubolmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumatları verməkdən imtina etmişdir. Kollegiya qeyd edir ki, xüsusən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi və onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuş, habelə müəyyən qrup şəxslərin fiziki xüsusiyyətlərinə, sağlamlıq və sosial vəziyyətlərinə görə əmək müqavilələrinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi istisna edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu qadağadan istisnaya yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi və müddətli əmək müqaviləsinə Məcəllənin 73cü maddəsi ilə xitam verilən hallarda yol verilir. Göründüyü kimi iddiaçı ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinin yolverilməz olmasını bilən cavabdeh tərtib etdiyi əmri işçinin belə məlumatı ona verməkdən imtina etməsi ilə əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir. Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları və bu qərarlardakı formalaşdırılmış hüquqi mövqelər işəgötürənlər üçün də məcburidir. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli Qərarına əsasən işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Hazırkı halda cavabdehin uzun müddət əmək münasibətlərində olduğu işçinin şəkərli diabet xəstəsi olmasını bilməməsi onun işçilərinə göstərdiyi qayğının, diqqətin keyfiyyətini müəyyən etmək üçün əsas ola bilər. Bu məlumatı bilməmək işəgötürənin əmək qanunvericiliyi ilə üzərinə qoyulmuş, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, vəzifəsinin icrasından yayınmaq, işçinin qanunla qorunmasına təminat verilən əmək hüquqlarının pzulması ilə nəticələnən əmrin qəbul edilməsi üçün əsas ola bilməz. İddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumatları verməkdən imtina etməsi ilə bağlı cavabdehin əmrində qeyd olunan və hər hansı bir sübuta söykənməyən fakt üzrə kollegiya qeyd edir ki, attestasiyaya cəlb edilən iddiaçının öz xeyrinə olan məlumatı cavabdehə verməkdən imtina etməsi inandırıcı deyildir. Bu faktın əmrdə qeyd edilməsi isə iddiaçının şəkərli diabet xəstəsi olmasını bilən cavabdehin öz qanunsuz əmrinə qanuni don geyindirmək məqsədi daşımasını bir daha təsdiq edən haldır. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb etmək və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirmək hüququ olduğundan, şəkərli diabet xəstəsi olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verərkən cavabdeh Əmək Məcəllənin 79cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətləri nəzərə almadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-4350/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar