Məhkəmə qərarları › İş №2(103)-5239/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5239/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5239/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 13.05.2015-ci il tarixli 13UM/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.05.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən 199.485,00 ABŞ dolları əsas, 8844,12 ABŞ dolları faiz, 3210,63 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 211539,75 ABŞ dolları borcun; 14.05.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən 99.721,86 ABŞ dolları əsas, 4.302,83 ABŞ dolları faiz, 21.916,68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 125.941,37 ABŞ dolları borcun; 22.11.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsinə əsasən 17.774,00 manat əsas, 1.446,07 manat faiz, 3.747,35 manat cərimə borcu olmaqla, cəmi 22.967,42 manat borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m. olan 4 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş məbləğlərin tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 900.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqdan ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki iş sonradan aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş №2(005)-294/19) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 14.05.2015-ci il tarixli 30UB/15 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 199.485 ABŞ dolları, faiz borcu 3070,4 ABŞ dolları, cərimə borcu 1000 ABŞ dolları, 14.05.2015-ci il tarixli 31UB/15 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 99721,86 ABŞ dolları, faiz borcu 4032,83 ABŞ dolları, cərimə borcu 1000 ABŞ dolları, 22.11.2016-cı il tarixli 48UBP/16 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 17774 manat, faiz borcu 1089,75 manat, cərimə borcu 1000 manatın tutulması, Cavabdeh məxsus ünvan 1 qeyriyaşayış binasının ilkin satış qiyməti 3 185 666 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 2-də yerləşən qeyri-yaşayış binasının satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişlər. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə apelyasiya şikayətində qətnamənin ləğv və iddia tələbinin qismən (ekspert rəyinə uyğun) təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, F.Babayev və E.Həsənov, iş №2(103)-3864/20) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ünvan 1 qeyri-yaşayış binasının bazar dəyəri 2.356.714,28 manat məbləğində müəyyən edilmiş, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat və ekspertiza xərclərinə görə ödənilməli olan 570 (370+200) manat məbləğində pulun Cavabdeh tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov-sədrlik edən və məruzəçi, E.Vəliyeva və E.Şamayev, iş № 2(102)-802/21) iddiaçının kassasiya şikayəti rədd edilmiş, cavabdehin kassasiya şikayəti isə qismən təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 385.1, 442, 445.1.1, 445.2.1-ci və “İpoteka haqqında” Qanunun 34.1.1, 39.1, 59.3-cü maddələrinə istinad etmişdir. İşin hallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 14.05.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 14 faizlə 250000 ABŞ dolları; 14.05.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 16 faizlə 100000 ABŞ dolları; 22.11.2016-ci il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsinə əsasən 6 ay müddətinə illik 30 faizlə 17774 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 847.8 kv.m. olan 4 mərtəbəli qeyri-yaşayış binası "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iş üzrə mühasibatlıq və ipoteka predmetinin qiymətləndirilməsi ekspertizalarının keçrilməsi barədə vəsatət vermişdir. Ağdam Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qərardadları ilə qiymətləndirmə və mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertlər qarşısında ipoteka predmetinin hazırkı bazar qiymətinin və 09 iyun 2017-ci il tarixinə borcun məbləği barədə suallar qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2018-ci il tarixli, 32729 saylı mühasibatlıq ekspertizasının rəyində qeyd edilib ki, 14.05.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 08 iyun 2017-ci il tarixinə əsas borc 199.485,00 ABŞ dolları, faiz borcu 6917,45 ABŞ dolları; 14.05.2015-ci il tarixli 31UB/15 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 99.721,86 ABŞ dolları, faiz borcu 4.302,83 ABŞ dolları; 22.11.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 17774 manat, fazi borcu 1445,24 manatdır. "xxxx" MMC-nin 31 may 2018-ci il tarixli, 0391/18/UB saylı rəyi ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsi 2.500.000 manat qiymətləndirilib. İddiaçı 14.05.2015-ci il tarixli 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə tələbini artırıb həmin müqavilə üzrə 02 iyul 2018-ci il tarixinə 199485,00 ABŞ dolları əsas, 38635,16 ABŞ dolları faiz və 201119,99 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 439240,15 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. İddiaçı ipoteka predmetinin qiymətinin 1.040.000 manat və 1.100.000 manat olması barədə iki rəy təqdim edərək, həmin əmlakın yenidən qiymətləndirilməsi barədə vəsatət vermişdir. Nərimanov Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında ipoteka predmetinin qiyməti barədə suallar qoyulmuşdur. “X3” MMC-nin Qiymətləndirmə hesabatında ipoteka predmeti 2.300.000 manat qiymətləndirilib. Cavabdeh mühasibatlıq ekspertizası və əmlakın təkrar qiymətləndirilməsi barədə vəsatət vermiş, Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2019-ci il tarixli qərardadı ilə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müqavilələrin müddətinin sonuna cavabdehin borcunun məbləğinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd edilib ki, 14.05.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən iddianın qaldırıldığı tarixə və eyni zamanda iddia tələbinin artırıldığı tarixə qalıq əsas borc 199.485,0 ABŞ dolları, qalıq faiz borcu 3070,4 ABŞ dolları təşkil edir. 14.05.2015-ci il tarixli, 30UB/15 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin sonuna olan tarixə qalıq əsas borc 99.721,86 ABŞ dolları, qalıq faiz borcu 4.302,83 ABŞ dolları təşkil edir. 22.11.2016-cı il tarixli 48UBP/16 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin sonuna olan tarixəqalıq əsas borc 17.774,0 manat, qalıq faiz borcu 1089,75 manat təşkil edir. Cavabdeh ipoteka predmetinin qiymətinin 3.015.000 manat, 3.289.000 manat və 3.253.000 manat olması barədə “Dinar Firması”, “X1” və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəylərini təqdim etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" KB ASC apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddianın tam edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarından biri də odur ki, məhkəmənin qərardadı ilə ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi üzrə verilmiş rəylər nəzərə alınmadan, cavabdeh tərəfin məhkəmədən kənar öz təşəbbüsü və sifarişi ilə əmlakının qiymətləndirilməsi ilə bağlı əldə etdiyi müxtəlif təşkilatların reallığı əks etdirməyən bazar qiyməti əmlakın ilkin satış qiyməti kimi göstərilmişdir. Cavabdeh isə apelyasiya şikayətində qətnamənin ləğv və iddia tələbinin qismən (ekspert rəyinə uyğun) təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarından biri də birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin mövcud bazar qiyməti əsasında müəyyən edilməməsidir. Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış obyekti ayrıca bina olaraq işlək yolun (küçənin) kənarında, ünvan 2 ünvanda yerləşir, bina tam təmirli vəziyyətdədir, 4 mərtəbənin hər biri ayrı-ayrı şəxslərə icarəyə verilməklə yanaşı, əlavə olaraq binanın zirzəmisində tikiş sexi fəaliyyət göstərir. Buna görə də ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 3.289.000 manat dəyərində müəyyən edilməli idi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi Ali Məhkəmənin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin qiyməti hissəsində ləğv olunub yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlayıb qiymət verir. Başqa sözlə, apellyasiya baxışının predmeti yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsidir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmeti olan hissə üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 20 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 3 185 666 manat müəyyən dilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 3 185 666 manat müəyyən edilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin bazar dəyərinin müəyyən olunması hissəsində dəyişdirilmiş və ipoteka predmeti olan qeyri-yaşayış binasının bazar dəyəri 2 356 714,28 manat müəyyən edilmişdir. Lakin kassasiya instansiyası məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunmuş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə işə apellyasiya qaydasında yenidən baxan məhkəmə işdə olan 7 ədəd ekspert rəyinə formal yanaşmamalı, həmin rəylər arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq 14.07.2021-ci il tarixli qərardadla ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsini Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, 292-01 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının 17.08.2021-ci il tarixə bazar dəyəri 3 345 000 manat, likvid dəyəri isə 2 845 000 manat təşkil edir. Qiymətləndirmə rəyi məlumat üçün tərəflərə göndərilmişdir. Cavabdehin vəkili ərizə göndərərək mübahisəli qeyri-yaşayış sahəsinin likvid dəyərinin yuxarı məbləğdə müəyyən edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Onun fikrincə, mübahisəli qeyri-yaşayış sahəsinin likvid dəyərinin 2 845 000 manat deyil, 3 145 000 manat müəyyən edilməsi daha ağlabatan olardı. Məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, 292-01 nömrəli qiymətləndirmə rəyinin mötəbərliyini qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 2 845 000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən onun likvid dəyərini deyil, bazar dəyərini əsas götürmüşdür. Digər tərəfdən, məhkəmə ilkin satış qiymətini konkret bir rəy üzrə deyil, üç qiymətləndirmə rəyində göstərilən məbləğlərdən orta qiymət çıxarmaqla müəyyən etmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. İddiaçı apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin azaldılmasını, cavabdeh isə artırılmasını xahiş etdiyindən iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, cavabdehin apellyasiya şikayəti isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 3 185 666 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 2 845 000 (iki milyon səkkiz yüz qırx beş min) manat müəyyən edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar