Məhkəmə qərarları › İş №2(103)-5250/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5250/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5250/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 fevral 2021-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Bankın nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 19.07.2019-cu il tarixli, SF/280-19 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 35.891,10 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.806,68 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydiyyata aldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh MMC-nin mülkiyyətində olan və Sumqayıt şəhəri, 2-ci mikrorayon, bina 15/21 “A”-da yerləşən 3 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaitini hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə icra hərəkətlərinin davam etdirilməsi, mənzil satıldığı halda mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsi, onların mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış 19.07.2019-cu il tarixli “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə Bankdan 40.000 manat məbləğində kredit almışdır. Cavabdeh1 həmin müqavilə ilə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan kredit borcunu aybaay, hissə-hissə Banka ödəyəcək. İş üzrə digər cavabdeh olan MMC, Cavabdeh1 öhdəliklərinin icrasına təminat verərək, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla əlaqədar olaraq Bank ilə MMC və Cavabdeh1 arasında 19.07.2019-cu il tarixdə GSF/280-İ9 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Lakin bunlara baxmayaraq Cavabdeh1 öhdəliyə əməl etməmiş, borcun az bir hissəsini Banka ödəmiş, qalan borcu ödəməkdən yayınmışdır. Nəticədə Cavabdeh1 Banka 35.891,10 manat məbləğində əsas, 3.806,68 manat məbləğində faiz borcu yaranmışdır. Bank, borcun ödənilməsi ilə bağlı Cavabdeh1 xəbərdarlıq göndərsə də, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman, iddianın məhkəməyə verilməsi üçün 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydiyyata aldırılması üçün 30 manat məbləğində dövlət rüsumları ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qərardad ilə iddia tələbinin “əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə icra hərəkətlərinin davam etdirilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilməsini qərara almışdır. Rayon Məhkəməsi eyni tarixdə iş üzrə qəbul etdiyi qətnamə ilə icraatda qalmış hissədə iddia tələbinin qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 35.565,50 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.975,86 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan ilkin satış qiyməti 65.000 manat olmaqla satılmasını, bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdeh MMC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdehlə Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməli, iş üzrə yeni araşdırma aparılaraq yeni qətnamə qəbul olunmalı, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işə baxmış Rayon Məhkəməsinin hakimi Cavabdeh1 izahat verməyə imkan verməmiş, buna görə də işin hallarının düzgün araşdırılması mümkün olmamışdır. Cavabdeh1 iddiaçı Banka kredit borcu var, lakin həmin borcun məbləği daha azdır. Həmçinin ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti də əsassız olaraq azaldılmışdır. İş üzrə apellyasiya şikayəti vermiş cavabdeh və digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, bildirdi ki, baxmayaraq ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiymətini bazar qiyməti deyil, likvid qiyməti təşkil edir, işə baxmış Rayon Məhkəməsi daha yüksək olan bazar qiymətini əsas götürmüşdür. Buna baxmayaraq təmsil Bank işə baxmış Rayon Məhkəməsinin həmin nəticəsini mübahisələndirmir. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdeh (borcalan) Cavabdeh1 ilə yanaşı digər cavabdehlərə (ipoteka qoyan MMC-yə və ipoteka predmeti olan mənzildə qeydiyyatda olan Cavabdeh3) münasibətdə də təmin edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin digər cavabdehlərə aid hissəsinin də ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 digər cavabdehlərin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, digər cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin və apellyasiya şikayətinin digər cavabdehlərə aid olan hissəsinin əsaslılığını yoxlamamışdır. Bundan başqa Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir hissəsi üzrə işin icraatına xitam versə, icraatda qalmış qalan tələbləri qismən təmin etsə, habelə ipoteka predmetinin ilkin satış qiymətini likvid deyil, bazar qiyməti ilə müəyyən etsə də, iddiaçı Bank qeyd edilən nəticələr ilə razılaşmış və qətnamədən apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən Məhkəmə işə baxmış Rayon Məhkəməsinin həmin nəticələrinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2019-cu il tarixli “Kredit müqaviləsindən” görünür ki, Cavabdeh1 Bankdan 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 40.000 manat məbləğində kredit almışdır. Müqavilənin şərtlərindən görünür ki, Cavabdeh1 həmin müqavilə ilə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan kredit borcunu aybaay, hissə-hissə, yəni ayda 1.486,54 manat məbləğindən az olmayaraq Banka ödəyəcək. İddiaçı Bank ilə cavabdehlər Cavabdeh1 və MMC arasında bağlanmış 19.07.2019cu il tarixli "xxxx" görünür ki, MMC borclu Cavabdeh1 kreditor Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin şərtindən görünür ki, müqavilə tərəfləri razılığa ilə mənzilin ilkin satış qiyməti 57.500 manatdır. “İpoteka müqaviləsinə” dair mənzilin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin hallarından və işdə olan sənədlərdən görünür ki, Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəli icra etməmiş, borcunun bir hissəsini Banka ödəmiş, qalan borcu isə Bank tərəfindən ona edilmiş xəbərdarlığa baxmayaraq ödəməmişdir. Tələbin ipoteka predmetinə yönəldilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, Cavabdeh1 Banka 35.891,10 manat məbləğində əsas, 3.806,68 manat məbləğində faiz borcu yaranmışdır. Bank tərəfindən borclu Cavabdeh1 göndərilmiş xəbərdarlıq məktubundən görünür ki, Bank, borcun ödənilməsini Cavabdeh1 tələb etmişdir. “Ödəniş qəbzlərindən” görünür ki, Bank, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydiyyata aldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan Cavabdeh1 icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, onun iddiaçı Banka kredit borcu var, lakin həmin borcun məbləği daha azdır. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə gəldikdə Məhkəmə qeyd edir ki, iddiaçı Bank onunla Cavabdeh1 arasında bağlanmış 19.07.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 35.891,10 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.806,68 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi Bankın tələb etdiyi əsas və faiz borcunun həqiqəti əks etdirib-etdirməməsini araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.12.2020-ci il tarixli 9/4937 nömrəli rəyini almışdır. Həmin rəydə qeyd edilir ki, Cavabdeh1 Banka olan əsas kredit borcu 35.565,50 manat, əsas kredit borcuna hesablanmış faiz borcu isə 1.975.86 manat məbləğindədir. Bunu nəzərə almış Rayon Məhkəməsi Cavabdeh1 Bankın xeyrinə tutulmalı olan məbləğləri məhz ekspert rəyinə əsasən müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 onun Banka olan borcunun daha az olmasını bildirsə də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya başqa mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi nəzərə alaraq borc məbləğini məhz rəyə uyğun müəyyən etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə mənzilin ilkin satış qiyməti kimi müəyyən etdiyi 65.000 manat mənzilin real qiymətdən aşağıdır. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.01.2021-ci il tarixli qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, mənzilin bazar qiyməti 65.000 manat, likvid qiyməti isə 60.000 manatdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 38.2.2-ci maddəsinin mənasına görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinin mənasına görə isə, ilkin satış qiyməti likvid qiymətidir. Göründüyü kimi, Rayon Məhkəməsi tərəfindən işin baxılması zamanı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinin tələbi pozulmuş, ilkin satış qiyməti kimi likvid qiyməti deyil, daha yüksək olan bazar qiyməti götürülmüşdür. Cavabdeh1 mənzilin qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edə və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) Məhkəməyə təqdim etməmişdir. Nəzərə alınsa ki, iddiaçı Bank bu məsələnin onun ziyanına həll edilməsinə baxmayaraq Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsini mübahisələndirmir və Cavabdeh1 müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutları təqdim etmir Məhkəmə hesab edir ki, Cavabdeh1 bu dəlili əsassız hesab edilməməli, Rayon Məhkəməsinin mənzilin ilkin satış qiyməti ilə bağlı nəticəsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsinin hakimi Cavabdeh1 izahat verməyə imkan verməmiş, buna görə də işin hallarının düzgün araşdırılması mümkün olmamışdır. Məhkəmə qeyd edilən bu dəlili də əsassız hesab edir. Belə ki, məhkəmə baxışı iclaslarına aid protokollardan görünür ki, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə baxışı iclaslarında iştirak etmiş və Rayon Məhkəməsinə müvafiq izahatlarını və vəsatətlərini vermişdir. İş materiallarından görünür ki, nə Cavabdeh1 nə də ki, onun vəkili (nümayəndəsi) məhkəmə iclas protokollarına dair qeydlər verməmişlər. Bu baxımdan hesab edilməlidir ki, Cavabdeh1 işə baxmış Rayon Məhkəməsi tərəfindən onun prosessual hüquqlarının pozulduğunu bildirsə də apellyasiya araşdırması zamanı belə halların baş verməsi aşkar olunmamışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 fevral 2021ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar