Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5255/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-5400/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət əşyalarının qaytarılması» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən 3000 manat dəyərində qızıl dəsti (dəstə daxildir, 1 ədəd qızıl qolbağ, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük, 1 ədəd qızıl sep), 600 manat dəyərində 1 ədəd qızıl nişan üzüyü, 900 manat dəyərində 1 ədəd qızıl üzük (cavabdehin qardaşı Hüseynağa tərəfindən hədiyyə edilmiş), 500 manat dəyərində 1 ədəd qızıl üzük (iddiaçının qaynı İmran tərəfindən hədiyyə edilmiş), 800 manat dəyərində 1 ədəd klonlu sepin (cavabdehin ailəsinin hədiyyə etdiyi) alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinə görə - o, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuş, ailə münasibətlərində problemlər yarandığından və gəlin olaraq köçdüyü evdə pis münasibət gördüyündən evdən çıxarılmışdır. Bu səbəbdən də ona məxsus olan qızıl-zinət əşyalarını əlindən zorla alınmışdır. Sonradan ona məxsus olan qızıl-zinət əşyalarını götürmək istəyəndə qızıl-zinət əşyaları ona verilməmiş və bu günədək də verilməməkdədir. Cavabdehlərin qanunsuz hərəkətləri ilə onun hüquqları kobud şəkildə pozulur. Bu səbəbdən də ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)- 5400/2019 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia təmin olunmuş, ümumi dəyəri 3000 manat qızıl dəst: 1 ədəd qızıl qolbağ, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük, 1 ədəd qızıl sep, 600 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünün, 900 manat dəyərində 1 ədəd qızıl üzüyün, 500 manat dəyərində 1 ədəd qızıl üzüyün və 800 manat dəyərində 1 ədəd klonlu sepin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdehlər birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, işin obyektiv araşdırılmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, tələb olunan qızıl-zinət əşyalarının cavabdehlərdə olmaması, evdən çıxarkən iddiaçı tərəfindən aparması, məhkəmənin əsassız olaraq votsapp yazışmalarına istinad etməsi, həmçinin tələb olunan qızıl-zinət əşyalarının dəyərinin şişirdilməsi, reallığı əks etdirməməsi, Cavabdeh2 nəyə görə cavabdeh olmasının əsaslandırılmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 xx xxx 2019-cu ildə rəsmi nikaha daxil olmaları, birgə nikahdan uşaqlarının olmaması, ailə münasibətlərinin pozulması, iddiaçının yaşadıqları evi tərk etməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçı ailə qurarkən ona hədiyyə olunmuş mübahisə obyekti olan qızıl-zinət əşyalarının cavabdehlərdə qaldığını, sonuncuların həmin əşyaları qaytarmaqdan imtina etdiyini bildirərək, hazırki tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə iddia olunan qızıl-zinət əşyalarının mövcudluğunu, yəni onların həqiqətən iddiaçıya hədiyyə olunmasını mübahisələndirməmiş, lakin iddiaçı tərəfindən aparılmasını, dəyərlərinin isə şişirdilməsini etirazının əsası kimi göstərmişdir. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki və ailə qanunvericiliyinin, beynəlxalq müqavilələrin müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə təcrübəsinin nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyəşəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. Hədiyyə və ya vərəsəlik qaydasında əldə olunmuş əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilməlidir ki, cavabdeh tərəf iddia olunan qızıl-zinət əşyalarının mövcudluğunu və iddiaçıya hədiyyə olunmasını təsdiq etmiş, bununla bağlı fikir ayrılığı olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsinə təqdim olunmuş bir sıra sübutlardan (fotoşəkillər, video görüntü və s.) da qızılların iddiaçının üzərində olması aydın görünür. Bununla yanaşı, cavabdeh tərəf iddia olunan qızıl-zinət əşyalırının iddiaçı tərəfindən evdən çıxarkən aparılmasını göstərmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçı hadisələrin baş verdiyi zaman 6 həftəlik hamilə idi. xx xxxx 2019-cu il tarixdə İddiaçı səhhəti ilə problem yarandığından, daha doğrusu həmin an mövcud olan altı həftəlik hamiləliklə bağlı baş vermiş qanaxması ilə əlaqədar yaşadığı evindən çıxaraq nənəsi ilə birlikdə həkimə getmiş, 7 saylı doğum evində əməliyyat olunmuş və onun hamiləliyinə son qoyulmuşdur. Bundan sonra İddiaçı atası evinə qayıtmışdır. İşdə olan 7 saylı doğum evi tərəfindən verilmiş ultrasəs müayinəsinin çıxarışına əsasən xx xxxx 2019-cu il tarixdə pasiyent İddiaçı 6 həftə 6 günlük müddətinə uyğun olan inkişafdan qalmış hamiləlik qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus Samsung Qalaxy S4 Aİ 9500 markalı telefon vasitəsilə aparılmış («whatsapp») xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə qədər əhatə olunan dövrə aid olan yazışmalarından müəyyən olunur ki, atasının evinə qayıtdıqdan sonra bütün bu müddət ərzində iddiaçı ilə cavabdeh bir-biri ilə əlaqə saxlamış, mehriban ünsiyyətdə olmuş, birlikdə cavabdehin valideynlərinin evindən kirayə çıxmasını müzakirə etmiş, evləri birlikdə axtarmış, iddiaçının kirayə pulunun ödəmək üçün işləmək zərurətinin olub-olmamasının müzakirə etmişlər. Bundan əlavə həmin yazışmalardan aydın olur ki, iddiaçı xx xxxx 2019cu il tarixdə cavabdehlə birlikdə yaşadığı evindən çıxarkən, özü ilə gündəlik istifadəsi üçün zəruri ola bilən əşyaları, o cümlədən gigiyenik vasitələri, paltarlarını, kosmetikanı götürməmiş və yazışmada cavabdehdən həmin əşyalarının qaytarılmasını xahiş etmişdir. Həmin hallar məhkəməyə iddiaçının evdən çıxmasının qəfələtən, qabaqcadan düşünülməmiş, planlaşdırılmamış, sırf yaranmış vəziyyətlə əlaqədar olan, fövqaladə xarakter daşmasına dair nəticəyə gəlməyə imkan verir. İddiaçı ilə cavabdeh arasında olan yazışma iddiaçının atasının evinə daimi deyil, yalnız müvəqqəti əsaslarla, cavabdehdən ayrılmaq məqsədinin olmamağını, həmçinin qızıl-zinət əşyalarının onda olmamasını sübut edir. Bundan başqa iddiaçı həmin an hamiləliyin 1 aylığında baş vermiş qanaxması nəticəsində yaranmış qeyri-sabit sağlamlıq və psixoloji duruma görə, o cümlədən qanaxmasına görə yaranmış vəziyyətin qarşısının alınmasını düşünərək, həmin evdən həmişəlik getməsini planlaşdırmaması ilə əlaqədar qızıl-zinət əşyalarını götürməsi məsələsi ilə məşğul olmamışdır. Yalnız cavabdehlə birgə kirayə evi tutması mümkün olmaması müəyyən olunandan sonra cehiz əşyalarının aparılması zamanı qızıl-zinət əşyalarının olmaması məsələsi ortaya çıxmışdır. Nəhayət, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh1 ilə ona məxsus +99***-***-**-** nömrədən «Whatsapp» elektron proqramı vasitəsilə aparılmış yazışmalarında iddiaçı xx xxxx 2019-cü il tarixli saat 12.25-də göndərilən mesajda atasının evində qalarkən Cavabdeh1 müəyyən əşyaların ona gətirilməsi üçün yazışmada siyahını yazarkən, həmçinin «qızıllarının hamısını» istəmiş, cavabdeh ona «aq oldu uje», «nə qızıl» ifadələri ilə cavablandırmışdır. İddiaçının gətirdiyi səbəblərə «dedim axı taxmağa», «harasa gedəndə», «heç nəyim yoxdu», cavabdeh - «hara gedirsən bu 10 gündə», «makiyaj, qızıl hayındasan sen.10 gün qalırsan orda. Sonra çıxırıq ordan. 10 gün orda qalmağına da mən icazə verdim məcbur. Sağlamlığın üçün» cavablandırmışdır. Bundan əlavə sonrakı yazışmalarda cavabdeh «nə qızıl, nə sənəd», «ev alana qədər burda qalacaq, sözü bir dəfə dedim», «yenə dedim qızıl sənəd verilməyəcək», «ancaq pasportun, o da məndə qalar, istəsən səndə» ifadələrdən istifadə edərək, yenə qızıl-zinət əşyaların verilməsindən imtina edilməsini təkrarlayır. xx xxxx 2019-cu il tarixli, saat 11:48də cavabdeh tərəfindən yazılmış mesajda «yox qızıl zad sənəd zad burda qalacaq. Öz evimiz olanda hamısın götürəcik. Bir dənə pasportlar bizdə qalacaq» qeyd edilmişdir. Göründüyü kimi, işdə olan sübutlar iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının iddiaçıda olmaması, evdən çıxarkən özü ilə aparılmaması qənaətinə gəlməyə kifayət gədər əsas verir. Apellyasiya şikayətində «Whatsapp» elektron proqramı vasitəsilə aparılmış yazışmaların sübut əhəmiyyətinin olmaması göstərilsə də, həmin yazışmaların iddiaçı ilə Cavabdeh1 arasında (onlara məxsus mobil telefonlar vasitəsilə) aparılması mübahisələndirilməmişdir. Eyni zamanda, qızıl-zinət əşyalarının mövcudluğu, iddiaçının evdən çıxma vəziyyəti və həmin anda qızılları götürmək imkanında olmaması işdə olan digər sübutlarla da öz təsdiqini tapmışdır. Belə olan hada isə, cavabdeh iddiaçının mülkiyyətində olan qızıl-zinət əşyalarını qaytarmaq öhdəliyini daşıyır. Bununla yanaşı, cavabdeh tərəf apellyasiya şikayətində qızılların dəyərinin şişirdilməsini göstərmiş, lakin bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işdə olan xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolunda olan iş üzrə Cavabdeh2 izahatında iddiaçının tələb etdiyi qızıl dəstə 3000 manat, nişan üzüyünə isə 500-600 manat pul verildiyini bildirmişdir (cavabdeh tərəf protokola qeyd verməmişdir). Həmçinin, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, zərgər N.M.Mənsimov tərəfindən tərtib olunmuş arayışdan da görünür ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının dəyəri birinci instansiya məhkəməsinin müəyyən etdiyi qiymətlərlə uyğunluq təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən hissələrdə əsaslı və qanunidir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 münasibətdə təmin etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı iddiasını Cavabdeh2 münasibətdə ümumiyyətlə əsaslandırmamış, həmin şəxsin nəyə görə cavabdeh olmasını, qızıl-zinət əşyalarına aidiyyətini və s. bu kimi halları göstərməmişdir. Apellyasiya icraatı zamanı da iddiaçı tərəf Cavabdeh2 nəyə görə cavabdeh kimi mülki məsuliyyət daşımasını əsaslandıra bilməmiş, sadəcə evin sahibi kimi onu cavabdeh qoyduqlarını bildirmişdir. Halbuki, işdə Cavabdeh2 iddiaçının yaşadığı evin mülkiyyətçisi olması, iddiaya cavab verməli şəxs olması və s. bu kimi hallara dair heç bir sübut mövcud deyildir. İddia ərizəsində ümumiyyətlə Cavabdeh2 ilə bağlı hər hansı dəlil göstərilməmişdir. Belə olan halda isə iddia həmin hissədə əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi həmin hissədə sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə Cavabdeh2 münasibətdə razılaşır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni iddianın Cavabdeh2 münasibətdə təmin olunmuş hissəsində ləğv olunmalı, iddia həmin cavabdehə aid hissədə təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-5400/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-5400/2019 saylı qətnaməsi qismən, yəni iddianın Cavabdeh2 münasibətdə təmin olunmuş hissəsində ləğv olunsun, iddia həmin cavabdehə aid hissədə təmin olunmasın. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5255/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5255/2020
01.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver