Məhkəmə qərarları › İş №2(103)-5255/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5255/2022

01.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5255/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə (maraqlı şəxslər Maraqlı şəxs1, X12 və Maraqlı şəxs3) qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız sayılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı1, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsindən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 bacıqardaşdırlar.

2. Onların ataları X7 xx.xx.1995-ci il tarixdə, anaları X8 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.

3. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 28 saylı bağ sahəsi ərazisində yerləşən ümumi sahəsi 0,12 ha. torpaq bağ sahəsi kimi mərhum X5 Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 6/290 saylı sərəncamı əsasında əvəzssiz olaraq verilmişdir.

4. İddiaçı1 miras əmlakın qəbul edilməsi ilə bağlı xx.xx.2013-cü ildə Bakı şəhəri 38 saylı notariat ofisinə müraciət etmiş, digər vərəsələr olan miras qoyanın uşaqları İddiaçı2, Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2 və X9 Bakı şəhəri 38 saylı notariat ofisinə imtina barədə ərizələr təqdim edərək, xx.xx.2013-cü ildə vəfat etmiş X3 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ibarət mirasın onlara düşən payından imtina etdiklərini, vərəsəlik payını qəbul etmədiklərini və imtina etmələrini, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində adlarının göstərilməsini istəmədiklərini və gələcəkdə bununla bağlı məhkəmə və digər orqanlar qarşısında heç bir iddia və tələblərinin olmayacağını, bununla əlaqədar hər hansı mübahisə olarsa məsuliyyəti öz üzərlərinə götürmələrini bildirmişlər.

5. Bakı şəhəri 38 saylı Notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə müraciət əsasında Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 28 saylı bağ sahəsi ərazisində yerləşən ümumi sahəsi 0,12 ha. torpaq sahəsi ilə bağlı mərhum X4 adına xx.xx.2018-ci il tarixdə mülkiyyətin qeydə alınması ilə bağlı çıxarış verilmişdir.

6. Bakı şəhəri 38 saylı Notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X4 vərəsəsi İddiaçı1 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 28 saylı bağ sahəsi ərazisində yerləşən ümumi sahəsi 0,12 ha. torpaq sahəsindən ibarətdir.

7. Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 28 saylı bağ sahəsi ərazisində yerləşən ümumi sahəsi 0,12 ha. torpaq sahəsi ilə bağlı İddiaçı1 adına xx.xx.2018-ci il tarixdə mülkiyyətin qeydə alınması ilə bağlı çıxarış verilmişdir.

8. 06 fevral 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında olan 0,12 ha torpaq sahəsini 50000 manata Cavabdeh1 satmışdır.

9. İddiaçı2 hazırkı iddia tələbini qaldırmazdan əvvəl mübahisəli torpaq sahəsinə dair İddiaçı1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(003)-78/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, (103)-2745/2022 saylı qətnaməsi ilə həmin qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı Notariat Ofisinin 06 fevral 2019-cu il tarixli AN-İ 592521 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, müraciətin səbəbi 06 fevral 2019-cu il tarixində Bakı şəhəri Yasamal rayon 53 saylı Notariat Ofisində cavabdehin nümayəndəsi X6 qabaqcadan qurama planı əsasında ikili aldatma və məcburetmə ilə yanlışlıqla bağladığı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dairdir. İki övladını uşaq ikən itirdiyindən, daima evdə öz dərdilə tənha olmuş, ona aid olmayan işlərdən nə xəbəri olub nə başı çıxır, nə də sadə sənədləşmədə savadı vardır. xx.xx.2019-cu ildən həbsdə olan qardaşı Mərhəmət Bəşirov onun hədsiz etibarından sui-istifadə edərək iş birliyində olduğu əvvəllər üzünü belə görmədiyi tanımadığı 3-cü şəxslər dairəsi cavabdeh və nümayəndəsi Yavər Şahbazov qardaşı Mərhəmət Bəşirovu 2018-ci il boyu polisdə şərləyərək günlərlə bezdirir, polisin koridorlarında saxlayır, ona qarşı uydurma iş açır, təhdid edir, müstəntiq Şöhrət Hüseynovun qardaşı qəbul otağının koridorundan ona zəng edir, izahat vermir və o, 53 saylı Notariat Ofisinə gəlir, cavabdehin nümayəndəsi Yavər Şahbazov onu aldadaraq Buzovna qəsəbəsi bağ massivində yerləşən anadan miras qalan 0.12 ha boş torpağa dair, sonradan bildiyi alqı-satqı müqaviləsinə tələm-tələsik imza atdırır, Notarius nəyə imza atdığına dair izahat etmir və o, bir manat ödənişsiz çıxıb gedir evə, ona elə gəlir ki, qardaşına vacib olan bir sənədə imza atır, fərqində də olmur ki, belə ki, ailədə etibarlı sayılır heç vaxt sorğu-suala tutmur, yalnız sonradan 2020-ci ilin may ayında qardaşı Mərhəmət X1 zəng edəndə anlamışdır ki, bu alqı-satqı müqaviləsidir, imzasından 4 ay sonra 31 may 2019-cu il tarixində qardaşı Bəşirov Mərhəmət cavabdehlərlə əlaqəli işlər üzrə tutulur, bir il altı aydan sonra isə 15 may 2020-ci il tarixində işin üstü açılır, belə ki, girov qismində bağlanan alqı-satqı müqaviləsindən bir il altı aydan sonra cavabdehlər qardaşı Bəşirov Mərhəmətin cavabdehə və atasına, məcbur etmə ilə verəcəyi rüşvətdən 20000 manat qalıq borcu haqda razılaşdıqları şifahi müqaviləni pozaraq, Buzovna qəsəbəsinə gəlir, nəinki nominal hüquqları olan 0,12 ha boş torpağı zəbt edir, bu azmış kimi alqı-satqı müqaviləsi ilə əhatə olunmayan eyni həyətdə 0,22 ha torpaq və dörd tərəfdən 2 metr 60 sm daş hasar bir giriş çıxışı olan vahid miras külliyatının əhəmiyyətli hissəsi sayılan 0,12 ha boş torpaqla bir həyətdə yerləşən hüquqi nəticələri onlara aid hüquqlarla üst-üstə düşməyən ata-anasının birgə miras dövründə əldə etdiyi 6 qanuni vərəsənin sahibçiliyində olan, fərqli ünvanı olan ünvan 2ənzil sayılan ümumi sahəsi 700 kv metr təmirli ******* manat dəyəri olan 3 mərtəbəli “miras külliyatını da, yalançı 06 fevral 2019-cu il tarixli, AN-İ № 592521 saylı 0,12 ha boş torpağa dair uydurma əqdlə öz hüquqlarına qataraq iki ailəni 2020-ci il tarixində fərdi evdən küçəyə atır və hal-hazıra qədər əllərində saxlayırlar. İddiaçı2 iddiaya subyektiv hüquqları 5 nömrəli qoşma ilə təsdiqini tapır. Belə ki, "xxxx" ASC-nin abonent bildirişi və işıq sərfiyyatı cədvəlində fərdi evin ünvan adresi və cədvəl ilə fərdi evdə 28 il daimi yaşayışı və ata-anasının vəfat etdiyi gündə “vərəsəliyi qəbul etmiş“ sayılır və həmin tarixlərdən mirası idarə etməklə Konstitusiyanın 29-cu maddəsi ilə mülkiyyət hüuqularına Dövlət təminat verir. Cavabdeh nəinki ona bir manat da olsun pul ödəməyib, bu azmiş kimi, uydurma alqı-satqıdan bir il altı ay vaxt buraxmaqla, 20 min manat əvəzi, kağız üzərində 20 min manat əvəzi girov qismində saxlamalı olacağı 0,12 ha boş torpağı da, nə ondan, nə həbsdə olan qardaşından istəməyib, alqı-satqı müqaviləsindən 1 il 6 ay vaxt buraxmaqla, eyni həyətdə yerləşən iki vərəsə qardaşı İddiaçı2 ilə Maraqlı şəxs3 və bacı-qardaşlarına məxsus miras külliyatını, əlavə 0,09 ha torpaq və bitişkənliyində yerləşən lakin fərqli ünvanlı ünvan 3 ******* manat olan 3 mərtəbəli ümümi sahəsi 700 kv metr təmirli, fərdi ev və içində 230 min manatlıq incəsənət əşyaları ilə bir yerdə 08 may 2020-ci il tarixində zəbt edirlər. Bu barədə Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin 2-(003)-3250 saylı qərardadı icraya yönəlib. Eyni vaxtda torpağın yerquruluşu plan-ölçü koordinatlarını saxtalaşdıran cavabdehlərə qarşı Bakı İnzibati Məhkəməsində 2-(112)-4621, MMXT(112)31/2020 saylı, fərdi evin koordinatları ilə 0,12 ha boş torpağın koordinatlarının üst-üstə düşüb-düşməməsi haqqında 2-(112)-3117/2021 saylı saylı işin icraatı, Prokurorluqda ümümiyyətlə “torpağın yerquruluşu ilə, 1990-ci ilin “plan ölçü“ arxiv sənədlərinin saxtalaşdirilması barədə şikayət ərizələri vardır. Bu azmış kimi Yasamal Rayon Prokurorluğunda xx.xx.2019-cu il tarixində bağlanan alqı-satqı müqaviləsinin gerçəkliyinin araşdırılması, Muğan Bankda saxta hesab açılmasının təsdiq edən müşahidə kameralarından çıxarışın alınması haqda araşdırma aparılır, belə ki, müşahidə kameraları ilə təsdiq olunacaq ki, cavabdehlər depozitə pul qoymamış, o isə pulu almamış, pulsuz əməliyyat aparmışlar. Cavabdehlərin azğınlığına səbəb gündəlik KİV-lərdən səslənən məmur özbaşınalığı cinayət tərkibli quldurluğu mülkü işlə əvəzlənməsidir, ayrı-ayrı 3 İnzibati Ərazi üzrə Prokurorluq TŞ İstintaq Məhkəmə Nəzarəti qaydasında şikayətlər ilə həbs olunası insanlar azadlıqda gəzir, məhkəmə iclaslarına belə gəlmirlər. Səbəb anadan qalan “miras küllüyatı” dörd divar hasar içində 0,12 ha boş torpaq və əlavə 09 ha istifadədə olan torpaq ilə bir girişli həyətdə 3 mərtəbəli ümümi sahəsi 700 kv metr olmaqla fərdi ev və tərkibində 9 mənzil paylı mülkü onları bir gün məhkəmədən çıxarkən həbs etdirib mənimsəməkdir, yazmaqda haqlıdırlar. Ailələrinə qarşı ilkin cavabdeh ata, sonra Cavabdeh1 (oğul) və hüquqşünasları Yavər Şahbazovun törətdiyi əməlləri, dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə cinayət təqibi barədə 5 İnzibati Ərazi Prokurorluq ilə TŞ-də iş açılıb və hal-hazırda bununla bağlı həm təhqiqat, həm də Məhkəmə Nəzarəti qaydasında iş araşdırmaları aparılır. Ümümiyyətlə fərdi ev yalançı pərdələnən alqı-satqı müqaviləsinin predmeti deyil. Zəbti təşkil edənlər keçmiş Xəzər rayon RPİ-nin rəisi Hüseynbala Möhbaliyevi və 2-ci Polis Bölməsinin rəis müavini aldadaraq yanlışlıqla yönəltmişlər, nəticədə cavabdehin quldur dəstəsi 12 nəfər idmançı barədə şikayətləri Xəzər rayon RPİ-də gizlədilmişdir. Bu barədə o, 15 may 2020-ci il tarixində, İstintaq təcridxanasından zəng vuran qardaşı Mərhəmət Bəşirov xəbər verir, zəbtdən zərərçəkən qardaşı İddiaçı2 ilə araları dəyir, o, onu günahlandırır. O savadsız qadındır. İstintaq təcridxanasından zəng vuran qardaşı onu başa salır ki, bu əqd deyil, məcbur etmədir, onun özünə də, eyni cavabdehlər öz aralarındakı yalançı əqdlərə görə ümümiyyətlə bir manat belə ödəməyib bu əqdə məcbur edib, eyni qayda ilə digər iki qardaşı evdən zorakılıqla ev əşyalarını ələ keçirmə ilə atırlar küçəyə, işin əvvəllində isə Cavabdeh1 Polisdə təhdid ilə, qardaşı Bəşirov Mərhəmətdən 435 min manat nağd pulunu atası Ağayev Yusifi əvəz etməklə onun adından 435 min manat şəxsi vəsaitini gizlin alır, mənimsəyir, qardaşı cavabdehin imzası olan sənədləri təsadüfdən tapır, ona təqdim edəndə boynuna alır. Bu barədə qardaşı cavabdehlərə qarşı ünvan 4i Rayon Məhkəməsində 2-(006)-1760/20121 saylı iş üzrə iddia qaldırıb. O, nəinki alqı-satqı müqaviləsinə imza atmağa səlahiyyətli deyildi. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində bu barədə xx.xx.2020-ci il tarixindən cavabdeh qismində ona və qardaşına qarşı vərəsəliyi qəbul etmiş İddiaçı2 ilə Maraqlı şəxs3 tərəfindən iş icraatı hakim Zaur Tağıyevin icraatındadır. Eyni vaxtda da qardaşı Bəşirov Mərhəmət və onun adından cavabdehin yaşadığı ünvan üzrə ünvan 4i Rayon Məhkəməsində 2-(006)-3714/2020 saylı iş ilə 2(006)- 1760/2021 saylı iş mövcuddur. 53 saylı Notariat ofisində notarius ona bildirməmişlər ki, bu alqı-satqı müqaviləsidir. Notarius tərəfindən aparılmış alqı-satqı müqaviləsi tamamilə yalanlar üzərində qurulmuşdur. Belə ki, həmin sözügedən əqd üzrə o, guya həmin 0,12 ha torpaq sahəsini 50000 manata satmışdır. Cavabdeh zorla bir neçə adamla onun torpaq sahəsindən əlavə fərdi yaşayış evini də əlindən almışdır, bu barədə yazılı surətdə prokurorluğa müraciət etmişdir. İş hazırda araşdırılır. Halbuki, həmin vaxtı heç bir alqısatqı müqaviləsindən söz getmirdi. Hal-hazırda da və 2019-cu ildə də həmin ərazidə olan torpaq sahəsi, hər bir sotunun dəyəri qara bazarda 25000 manat civarındadır. Necə olur ki, o, 0,12 ha torpaq sahəsini ümumilikdə 0,02 ha qiymətinə 50000 manata satır? Bu azmış kimi, bir giriş-çıxışlı dörd divar içində yerləşən 0,12 ha boş torpağa aid olmayan dəyəri ******* manat və içində daimi yaşayan iki qardaşdan xəbərsiz fərqli ünvan ünvan 5v və tərkibində 9 mənzili də 3 mərtəbəli 700 kv metr təmirli villani da üstündə cavabdehə hədiyyə edir? Bu əqddən sonra həmin şəxs yəni Cavabdeh1 oglu torpaq sahəsini, bir il altı aydan sonra ondan tələb etmək əvəzinə gecədən keçmiş xüsusi karantin rejimi vaxti 12 nəfər dəstənin köməyi ilə qapıları kəsib içəri soxulur və zorla içəri daxil olaraq, buranın onlara məxsus olduğunu bildirdilər.Notarius tərəfindən bağlanmış alqı-satqı müqaviləsi tamamilə etibarsızdır. Guya satdığı 0,12 ha torpaq sahəsi, notarius tərəfindən 50000 (əlli min) manat dəyərləndirilmiş idisə, DƏDRX-nin qiymətləndiricisi 0,12 ha bos torpağı 180000 manat qiymətləndirib və heç bir bank əməliyyatı aparılmadan bu şəxsin mülkiyyətinə vermişdir. Faktiki olaraq nə pul verilmiş, nə də torpağın satılması barədə məlumat. Yalnız xx.xx.2020-ci il tarixində evinə basqın olunan vaxt xəbər tutmuşdur. Onu tamamilə iki notarius vasitəsi ilə ilkin olaraq Nərimanov rayon 38 saylı Notarius Ofisində cavabdehlərin korrupsiya əlaqələri ilə təkbaşına adına anası rəhmətə gedən 2013-cü il tarixindən 5 il sonra 14 noyabr 2018-ci il təkbaşına adına “vərəsəlik haqqinda şəhadətnamə” və onun əsasında DƏDRX-dən adına çıxarış və 15 gündən sonra isə ikinci Notariatda 53 saylı Ofisdə alqı-satqı müqaviləsi ilə aldatmışlar. Qeyd olunanlara əsasən, Bakı şəhəri 53 saylı Notariat ofisinin 06 fevral 2019-cu il tarixli AN-İ 592521 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etməyinin səbəbi 06 fevral 2019cu il tarixində bacısının Bakı şəhəri Yasamal rayon 53 saylı Notariat Ofisində cavabdehin nümayəndəsi X6 qabaqcadan qurama planı əsasında ikili aldatma və məcbur etmə ilə yanlışlıqla bağladığı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dairdir. Cavabdeh və nümayəndəsi Yavər Şahbazov qardaşı Bəşirov Mərhəməti şərləyərək tutdurmuş, qardaşının zənginə əsasən bacısı Pərvanə 53 saylı Notariat Ofisinə gəlib, cavabdehin nümayəndəsi Yavər Şahbazov sonuncunu aldadaraq Buzovna qəsəbəsi bağ massivində yerləşən anadan miras qalmış 0,12 ha boş torpağa dair, sonradan bildiyi alqı-satqı müqaviləsinə tələm-tələsik imza atdırıb, Notarius nəyə imza atdığına dair izah verməmiş və iddiaçıya heç bir ödəniş edilməmişdir. İddiaçı istintaqda olan qardaşına kömək üçün lazımlı sənədlərə imza çəkdiyini düşünmüşdür. Sonradan 2020-ci ilin may ayında qardaşı X11 İstintaq Təcridxanasından zəng edəndə anlamışdır ki, alqı-satqı müqaviləsi imzalamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 337.2, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 354.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, ata-anasından miras qalmış fərqli ünvanı olan ünvan 6ərdi yaşayış evinə dair mirası 6 qanuni vərəsə qəbul etmişdir. X18 Bəşirovu həbs olunması təhdidi ilə susqunluqla, bacı qardaşlarının mirasını öz adına keçirilməsini tələb edərkən, o, bacı qardaşlarına xəbər vermədən, 28 il analarının adında itmiş sayılan hüquq sahiblərinə aid Bakı XDS-in, “mülkü qəsd iştirakçilarından sayılan” hüquqşünasları Yavər Şahbazov özbaşınalıqla “Milli Arxivdən” əldə edir, sonuncu təkrar məcbur susqunluqa məcbur olur. Yavər Şahbazov Milli Arxivdən 0,12 ha torpaq sahəsinə dair Qərarın əslini və ona tikilmiş Protokolları məhv edir. xx.xx.2019-cu il tarixində Bəşirov Mərhəmət cavabdeh MTK-larla əlaqəli işdə həbs olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs2, həmçinin İddiaçı1 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

18. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

19. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavdehlər Cavabdeh1, Bakı şəhəri 53 saylı Notariat Ofisinin nümayəndəsi, digər üçüncü şəxs Maraqlı şəxs1 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

22. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

26. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

27. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

28. Həmin Məcəllənin 339.5 və 339.6-cı maddəsinə əsasən, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

29. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

30. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini əsaslığını və qanuniliyini tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmamalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. İş materiallarına əsasən mübahisə predmeti olan əmlak İddiaçı1 xüsusi mülkiyyətində olmuş, 06 fevral 2019-cu il tarixli, AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçılar tərəfindən həmin müqavilənin aldadılma və məcburetmə yolu ilə bağlanması əsas gətirilərək, müqavilənin etibarsız sayılmaqla ləğv olunması məhkəmədən xahiş edilmişdir.

40. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçılar mübahisələndirilən əqdin etibarsızlığını tələb edirlər.

41. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2 hazırkı tələblə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, həmin torpaq sahəsi başqa şəxsin mülkiyyətində olmaqla başqa şəxs tərəfindən satılmış və İddiaçı2 həmin müqavilədə ümumiyyətlə tərəf olmamışdır. Digər İddiaçı1 tərəfindən isə müqavilənin etibarsız sayılmasına dair göstərdiyi hallar sübuta yetirilməmiş, o, öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilən əsaslara görə iddia tələbini təmin etməmişdir.

42. Kollegiya birinci instansiya məhkəməsinin İddiaçı2 hazırkı tələblə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə ilə razılaşmır.

43. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçılar bacı-qardaşdırlar, onların anasından miras qalmış mübahisəli torpaq sahəsi vərəsəlik qaydasında İddiaçı1 adına qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. İddiaçılar əqdin etibarsızlığını tələb etdikləri üçün İddiaçı2 buna subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. Göründüyü kimi İddiaçı2 da hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ olmuşdur.

44. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mübahisələndirilən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verəcək hallar aşkar edilmədiyindən və iddiaçılar iddia tələbini təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz.

45. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və ya məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır.

46. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

47. İşin müəyyən edilmiş halları isə onu göstərir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İş üzrə mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün hər hansı qanuni əsaslar mövcud deyildir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən edilməsidir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

50. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, onu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

53. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir.

54. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

55. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

56. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).

57. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

58. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmamalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar