Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5274/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpası, çıxarışın verilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(001)-3899/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpası, çıxarışın verilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin ona aid hissədə etibarsız sayılması, əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilərək, əmlakın 50 faizi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, həmçinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə 100000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(001)- 3899/2022 saylı qərardadı ilə (hakim Günel Abbasova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmışdır (ərazi aidiyyətinin pozulması əsası ilə). Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, e-2(001)-5274/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qərardad əsassızdır, işə MPM-nin 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Əvvəl iddianı müstəsna aidiyyətə görə Suraxanı Rayon Məhkəməsinə versə də, həmin məhkəmə tərəfindən qaytarılmışdır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Kollegiya, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi iddianın qaytarılması nəticəsinə gələrkən qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa edilməsini tələb etdiyi qeyri-yaşayış sahəsi Bakı şəhəri Binəqədi rayonu ərazisində deyil, Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşir. Məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, müstəsna aidiyyətə görə mübahisəli daşınmaz əmlak Bakı şəhəri Suraxanı rayonu ərazində yerləşməsi əsasına görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olan iddia tələbidir. Buna görə də işə onun ərazi aidiyyətinə görə aid olduğu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının tələblərinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olması, iddianın ərazi aidiyyətinin pozulması ilə Binəqədi Rayon Məhkəməsinə verilməsi qənaətinə gəlmişdir. Halbuki, iddia tələblərindən müstəsna aidiyyətin mövcudluğu görünmür. Çünki, iddiaçının tələbləri aşağıdakılardan ibarət olmuşdur: - cavabdehlər arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin ona aid hissədə etibarsız sayılması, - əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilərək, əmlakın 50 faizi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, - cavabdehlərdən müştərək qaydada onun xeyrinə 100000 manat pulun tutulması. İlkin olaraq qeyd edilməlidir ki, əqdin etibarsız sayılması və cavabdehlərdən pulun tutulması barədə tələblər ümumiyyətlə müstəsna aidiyyətə aid deyildir. Digər tələb isə əmlak üzərində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində çıxarılşın verilməsi ilə bağlıdır. Yəni, iddiaçı əmlak üzərində mülkiyyət hüquqlarının bərpa olunmasını məhz adına çıxarışın verilməsi ilə əlaqələndirmişdir. MPM-in müstəsna aidiyyəti tənzimləyən 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Bu səbəbdən də MPM-in 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi, müstəsna aidiyyət qaydası yalnız daşınmaz əşyalarla bağlı konkret tələblər üzrə iddiaları ehtiva edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Hazırkı mübahisə üzrə əsas tələb məhz əqdin etibarsızlığı ilə bağlıdır. İddiaçı əqdin etibarsızlığı tələbindən çıxış edərək əmlak üzərində mülkiyyət hüququnun bərpa olunmasını, yəni mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçının mövcud tələblərindən (iddianın mahiyyətindən) müstəsna aidiyyətin mövcudluğu görünmür. Belə olan halda, MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipi əks olunmaqla iddianın bir qayda olaraq fiziki şəxs olan cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. “İddiaçının seçimə görə aidiyyət” başlıqlı 36-cı maddənin 2-ci bəndinə görə isə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi, qanunverici, ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən etməklə, ünvanları müxtəlif olan bir neçə cavabdehə qarşı iddianın onlardan hansının yaşayış yeri üzrə qaldırılmasını iddiaçının seçiminə buraxmışdır. İddia ərizəsindən isə görünür ki, iddia tələbinin yönəldiyi cavabdehlərdən birinin yaşayış yeri Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisinə aiddir. Belə olan halda, iddiaçı cavabdehlərə qarşı iddiasını öz seçiminə görə cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırmaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə daşınmaz əmlakın Suraxanı Rayonunun inzibati ərazisində yerləşməsini qeyd etməklə kifayətlənmiş, lakin nəyə görə tələblərin müstəsna aidiyyətə düşməsini kifayət qədər əsaslandırmamış, yalnız qanun normalarını sadalamışdır. Belə olan halda isə qərardad qanuni və əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpası, çıxarışın verilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(001)-3899/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e- 2(001)-3899/2022 saylı qərardadı ləğv edilsin və iş iddia ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5274/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5274/2022
19.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver