Məhkəmə qərarları › İş №2(103)-5281/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5281/2023

18.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5281/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə” ilk iddiasına və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadından Cavabdeh1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunsun və ekspert rəyi məhkəməyə daxil olana kimi iş üzrə icraat dayandırılsın. Şikayətdə tələb olunub ki, qərardad iş üzrə icraatın dayandırılmasına aid hissədə ləğv olunsun. Şikayət təmin edilə bilməz, qərardad iş üzrə icraatın dayandırılmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şikayətçinin narazılığı ekspertiza təyin edilməsi ilə bağlıdır, o, hesab edir ki, ekspertiza təyin edilməsinə zərurət yoxdur. Lakin məhkəmənin iş üzrə ekspertiza təyin etmək səlahiyyəti var (MPM, maddə 97.1), bu barədə olan qərardaddan şikayət verilə bilməz, işdə iştirak edən şəxslər belə qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətinə daxil edə bilərlər (MPM, maddə 395.2). Ona görə də qərardadın ekspertiza təyin edilməsinə aid hissəsinin qanuniliyi hazırda apellyasiya qaydasında yoxlanıla bilməz. Ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandırmaq məhkəmənin hüququdur (MPM, maddə 255.0.5), birinci instansiya məhkəməsi bu hüququnu həyata keçirərkən qanunvericiliyin tələblərini pozmayıb. Belə ki, birinci, icraat dayandırılarkən məhkəmə iclasında şikayətçinin nümayəndəsinin iştirakı təmin edilib; ikinci, ekspertiza təyin edilməsi barədə qərardadda məhkəmə qeyd edib ki, rəy verə bilməsi üçün ekspertə mülki işin metarialları təqdim edilsin. Mülki işin materialları ekspertdə olduğu halda məhkəmə iş üzrə icraatı davam etdirə bilməz, ona görə də düzgün olaraq icraatın dayandırılması qərara alınıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı iş üzrə icraatın dayandırılmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar