Məhkəmə qərarları › İş №2(103)-5287/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5287/2022

07.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5287/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6048/2021 saylı 22 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10000 manat, Cavabdeh2 Həmid oğlundan 1000 manat pulun tutulması və pul vəsaitinin qanunsuz istifadə etdikləri və qaytarmadıqları üçün bank uçot dərəcəsi müəyyən edilməklə pulun faizlərinin hesablanaraq onlara verilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin may ayında Bakı şəhəri Maştağa qəsəbəsində makler işləyən Cavabdeh2 vasitəsi ilə Cavabdeh1 4 sot torpaq sahəsini etibarnamə əsasında almışdırlar. Bunun müqabilində Cavabdeh1 10000 manat pul vermişlər. Eyni zamanda alqı-satqı adı ilə Cavabdeh2 onlardan 1000 manat almışdır. Lakin sonradan iddiaçılara məlum olmuşdur ki, onlara satılan torpaq sahəsi əslində həmin şəxslərə məxsus deyil. İddiaçılara verilən torpaq sahəsi Səhiyyə Nazirliyinin balansıdadır. Bu barədə onlar Sabunçu Rayon Polis İdarəsinə şikayət vermişlər. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiqatçısı Zamin Həsənov xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək işi mülki xarakterli hesab etmişdir. Cavabdehlər izahatlarında aldıqları pulu etiraf etmişdirlər.

3. Sonradan iddiaçılar iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən iddianın borc tələbi hissəsində təmin edilməsini xahiş etmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6048/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 10000 (on min) manat məbləğində pulun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, Cavabdeh2 300 (üç yüz) manat məbləğində pulun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qetnamə qebul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2020-ci ilin may ayında Bakı şəhəri Maştağa qəsəbəsində makler işləyən Cavabdeh2 vasitəçiliyi ilə 4 sot torpaq sahəsini etibarnamə əsasında sözügedən iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 satmışdır. Həmin vaxt alqı-satqı ilə bağlı tərəflər arasında hər hansı narazılıq olmamışdır. Həmin torpaq sahəsi adları çəkilən şəxslərə satılmazdan öncə alqı-satqı əsasında etibarnamə üzrə cavabdehin anasının adına olmuşdur. Sonradan İddiaçı2 və İddiaçı1 aldadıldıqlarını iddia edərək Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişlər. Bu müraciətdən sonra cavabdeh Polisə çağırılmış və ondan Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiqatçısı Zamin Həsənov tərəfindən izahat alınmışdır. Bu izahatdan sonra aydın olmuşdur ki, cavabdehin hərəkətlərində hansısa cinayət tərkibi yoxdur və təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar tərtib edilmişdir. Bundan sonra iddiaçılar məhkəməyə müraciət etmişlər. Bu müraciətdən isə cavabdehin heç bir xəbəri olmamışdır, demək istədiyi odur ki, onlar konsensusa gəlmək məqsədilə məsələ haqqında cavabdehi xəbərdar etməmişlər və birbaşa olaraq məhkəməyə müraciət etmişlər. Həmçinin keçirilmiş heç bir məhkəmə prosesində Cavabdeh1 və digər cavabdeh iştirak etməmişlər. Bunun obyektiv səbəbi vardır, belə ki, məhkəmə iclasları, onun tarixi, yeri, işə baxan hakim barədə cavabdehlərin nə ünvanına bildiriş, nə də telefon nömrələrinə hər hansı mesaj, yaxud zəng daxil olmuşdur. Cavabdeh1 yalnız qətnamə çıxdıqdan sonra məhkəmə prosesi barədə xəbər tutmuşdur. Qeyd edilənlər ciddi prosessual-hüquqi prinsip pozuntusudur. Cavabdeh bildirir ki, məhkəmənin işə onun iştirakı olmadan, sübutları, işin faktiki hallarını yetərincə nəzərdən keçirmədən, qeyriobyektiv şəkildə bu cür qərar qəbul etməsi tamamilə ədalətsizdir. Cavadeh torpaq sahəsini tam qanuni əsaslarla satmışdır və bu səbəb görə iddiaçıların tələb qeyri-qanunidir. Həmin torpaq sahəsinin Səhiyyə Nazirliyinin balansında olduğu deyilir. Lakin qətnamədə bunun sübutunu ifadə edən hər hansı qeyd görünmür, həmçinin Nazirlik tərəfindən bununla bağlı uzun müddət ərzində hansısa tələb, xəbərdarlıq bildirilməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnaməni ona rəsmi qaydada təqdim etməmişdir və məhz Sabunçu Rayon İcra və Probasiya şöbəsi tərəfindən dəvət olunandan sonra məlum olmuşdur ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən bele bir qətnamə qəbul edilmişdir. İclaslar barədə şəxsə heç bir məlumat daxil olmamışdır. Halbuki, onun ünvanı bəlli idi, adına olan bütün telefon nömrələri də aktiv istifadədədir. Odur ki, bu hal Birinci İnstansiya məhkəməsinin qərəzsizliyinə, işi hərtərəfli araşdırdığına əsaslı şübhələr yaradır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Bu ümumi müddəanın tələbinə zidd olaraq öhdəlik müqabilində ödənilmiş pul məbləği şəxsdən tələb edilir. Belə ki, cavabdeh vicdanlı əldə edəndir. O alqı-satqı üzrə öhdəliklərini yerinə yetirərək qarşı tərəfə torpaq sahəsini təhvil vermişdir və bunun müqabilində məbləğ əldə etmişdir. Hazırda isə həmin məbləğ ondan tələb edilir, lakin heç həmin torpaq sahəsi ona qaytarılmır. Məhkəmə isə onun bu əməllərini əsassız varlanma olaraq qiymətləndirir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu Sabunçu Rayon Məhkəməsi tərəfindən pozulmuş daha bir prinsipial müddəadır. Beləki, bu iş üzrə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilməmiş, iş üzrə digər tərəf heç dinlənilməmişdir. Məhkəmə yalnız iddia tərəfini dinləyərək, demək olarki, onların əsaslandığı bir sübut üzrə işi həll etmişdir. Bu sübutun isə iş üzrə əhəmiyyəti şübhəlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirek edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (mərhum olanın) hesabına əmlak əldə etsin.

12. Maddə 1091.2 əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas ya müqavilə əsası olmur Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

13. Maddə 1092.1 varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6048/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, keçirilmiş heç bir məhkəmə prosesində Cavabdeh1 və digər cavabdeh iştirak etməmişlər

24. Kollegiya qeyd edir ki, apellyasiya şikayətin bu dəlili əsassızdır. Belə ki, iş materiallarında olan məktubların göndəriş reyestrlərindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin məhkəməyə məlum olan ünvanlarına məhkəmə bildirişləri göndərilmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlil əsassızdır.

25. Cavabdehin apellyasiya şikayətin digər dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabeh Cavabdeh1 10000 manat məbləğində pul vəsaitinin iddiaçılardan almasının heç bir hüquqi əsası olmamışdır. Belə ki, o ona məxsus olduğunu zənn etdiyi torpaq sahəsini iddiaçılara heç bir hüquqmüəyyəndici sənəd olmadan satmış, aralarında hər hansısa müqavilə bağlanmışdır. Həmçinin digər cavabdeh də polisdə ifadəsi alınarkən iddiaçılardan 300 manat aldığını bildirsə də, həmin pulu hər hansısa qanuni əsasla aldığını əsaslandıra bilməmişdir.

26. Bu baxımdan məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 iddiaçının hesabına 10000 manat məbləğində, Cavabdeh2 isə 300 manat məbləğində pulu əldə etməklə, əsassız varlanmışlar. Ona görə də, həmin pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçılara geri qaytarılmalıdır.

27. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmənin hazırki iş üzrə gəlmiş olduğu qənaəti qanuni və əsaslı olmuşdur.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6048/2021 saylı 22 oktyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar