Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5291/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (atası) Dəyanət Həmzəyevin, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, habelə mənəvi zərərin əvəzi kimi 5.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakılar qeyd edir. İdddiaçı cavabdeh təşkilatın Qərb regionu üzrə mühafizə dəstəsində atıcı vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin 29.07.2020-ci il tarixli, 62/k nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin bəndə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmr onunla əsaslandırılmışdır ki, 24.07.2020-ci il tarixdə, gecə saat 04 radələrində müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən Cavabdeh MMC-nin mühafizə etdiyi “xxxx”MMC və “xxxx” MMC-də təhlükəsizliyin yoxlanılması məqsədilə təsdiq olunmuş plan üzrə eyni vaxtda və qəfl şərti düşmən qüvvələrinin hərəkətini imitasiya edən operativ tədbir keçirilmişdir. Tədbir zamanı əməliyyatçılar mühafizə altında olan əraziyə maneəsiz daxil olmuş, orada xeyli vaxt rahatlıqla hərəkət etmiş, stansiyanın fəaliyyəti üçün əvəzolunmaz və mühüm əhəmiyyət kəsb edən, eyni zamanda yüksək təhlükə mənbəyi olan, “xxxx MMC-nin 2 ədəd 5 tonluq yağ çənlərinin və “xxxx” MMC-nin stansiyasının maşın zalının altında olan sanitar qovşaqda şərti partlayıcı maddələr yerləşdirmişlər. Həmin vaxt növbədə olan 3 əməkdaş, o cümlədən “xxxx” MMC-ni mühafizə edən atıcı İddiaçı (iddiaçı) əraziyə qanunsuz müdaxilənin qarşısını almamış, hadisədən yalnız tədbir yekunlaşdıqdan və əməliyyatçılar bu barədə məlumat verdikdən sonra xəbər tutmuşlar. Əmrdə daha sonra qeyd olunmuşdur ki, həmin əməkdaşların yarıtmaz xidməti ölkənin enerji sistemində mühüm əhəmiyyət daşıyan obyektin təhlükəsizliyinin real təhdid altında olmasını ortaya çıxarmışdır. Bununla da həmin şəxslər, o cümlədən atıcı İddiaçı (iddiaçı) Cavabdeh MMC-də “Xidmətin təşkili və aparılması qaydaları haqqında” Təlimatın tələblərini kobud surətdə pozmuş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişlər. Əmrdə qeyd olunan hal Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı və “xxxx”MMC-nın rəisi tərəfindən 24.07.2020-ci il tarixdə Şəmkir rayonunda tərtib edilmiş “Şərti düşmən tədbirinin nəticələrinə dair” aktla təsdiq olunur. İddiaçını özü də həmin aktı imzalayıb Əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı təşkilatı razılıq verib. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən obyektlərin əhəmiyyəti nəzərə alındıqda həmin obyektlərə kənar şəxslərin maneəsiz daxil olaraq rahatlıqla hərəkət etməsi və şərti partlayıcılar yerləşdirməsi, obyektin mühafizəsini həyata keçirən iddiaçının isə bundan xəbərdar olmaması təsdiq edir ki, o, əmək funksiyasını yerinə yetirməyib. Bu, düzgün əsaslandırmadır. İddiaçının əmək funksiyasını yerinə yetirməməsi ölkənin enerji sistemində mühüm əhəmiyyət daşıyan obyektin təhlükəsizliyini real təhdid altında qoyması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün əsasdır. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5291/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5291/2021
04.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver