Məhkəmə qərarları › İş №2(103)-5293/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5293/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5293/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh “xxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər “xxxxxxx” MMCyə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(001)-75/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxx” MMC-dən və Cavabdeh2 xx xxxxxxx 2010-cu il tarixli, 50K/10 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 15.561,74 manat, faiz borcu üzrə 20.374,74 manat, cərimə borcu üzrə 21.202,06 manat, cəmi 57.138,37 manat borcun tutulması, tutmanın “xxxxxxx” MMC-nin mülkiyyətində olan ** TG *** və ** TG *** dövlət nömrə nişanlı DAEWOO BS 090 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsi, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xərcinin ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı pretenziya xarakterli məktubları göndərməsi nəzərə alınmamışdır. Borclu tərəf krediti götürən zamandan etibarən tam və düzgün qaydada ödəniş etməyib ki, bu da borclunun əvvəldən ödəniş etmək fikrində olmadığını bir daha sübut edir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, hazırkı iddia ərizəsinin bir qədər gec olaraq, 2018-ci ilin may ayında verilməsinin səbəbi “xxxxxxxxxxxxxxxxxx” ASC-nin 2016-cı il tarixdə ləğv edilməsi olmuşdur. Lakin kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxxx 2013-cü il tarixdən bankın ləğv edildiyi 2016-cı il tarixə olan müddətdə iddianın qaldırılmamasının səbəbi ona məlum deyildir. Cavabdeh “xxxxxxx” MMC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, iddiaçının iddia müddətini üzürsüz səbəbdən xeyli ötürdüyü üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini iddianın təmin olunmamasıbarədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "İddiaçı” ASC ilə “xxxxxxx” MMC arasında bağlanmış xx xxxxxxx 2010-cu il tarixli, 50 K/10 nömrəli kredit müqaviləsinə əsasən, sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə "İddiaçı” ASC “xxxxxxx” MMC-yə 36 ay müddətinə, illik 22% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 130.728 manat kredit vermişdir. “xxxxxxxx” MMC müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş, müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı və kredit üzrə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24988 nömrəli, xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, xx.xx.2018-ci il tarixə “xxxxxxx” MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 15.561,57manat, faiz borcu 20.374,74 manat, xx.xx.2018-ci il tarixə 15.561,57 manat əsas, 21.582,49 manat faiz borcu, xx.xx.2018-ci il tarixə 15.561,57 manat əsas, 22.172,10 manat faiz borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16546 nömrəli, xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən “xxxxxxx” MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixə 32.781,28 manat əsas, 3.786,24 manat faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369.1, 372.1, 373.2, 375.2, 376, 377.2, 380.1, 477.0.4, 554.1 və 554.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, mülki iş materialları ilə təsdiq olunur ki, qeyd edilən kredit öhdəliyi tam icra olunmadığı üçün iddiaçının kredit tələbi ilə cavabdehlərə qarşı hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmuş, lakin iddia müddəti üzrsüz səbəbdən xeyli ötürülmüşdür. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx.xx.2013-cü il tarixdə bitmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəfin qəbul etdiyi son ödəniş isə xx.xx.2013-cü il tarixdə olmuşdur. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2016-cı tarixdən başlansa da, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və yalnız xx.xx.2018-ci il tarixdə iddia qaldırmaqla hüquqi nəticə etibarı ilə iddia müddətini xeyli ötürmüşdür. Həmçinin, iddiaçı qəbul etməsə belə, cavabdehin bildirdiyi həmin müqavilə üzrə sonuncu ödənişin xx.xx.2015-ci il tarixdə aparıldığı təqdirdə belə iddia müddəti ötürülmüş olur. Bu səbəbdən birinci instansiya məhkəməsi cavabdeh tərəfin ərizəsinə əsasən hazırki iddiaya iddia müddətini tətbiq etməklə iddianı rədd edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-75/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar