Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5294/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.06.2013-cü il tarixli 2(009)-1084/2013 saylı qətnaməsindən Cavabdeh2 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ASC-nin xeyrinə 06 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas kredit, 608.260,85 məbləğində faiz, 1.224.000 manat dəbbə pulu; 09 aprel 2010-cu il tarixli Kredit Müqaviləsi üzrə 395.000 manat əsas kredit, 79.087,77 faiz, 161.160 manat dəbbə pulu, cəmi 5.467 508,62 məbləğində borcun tutulması, tutmanın Cavabdeh2 məxsus olan Xaçmaz rayonu, Dalğalı qəsəbəsində istifadədə olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, ipoteka predmeti olan Xaçmaz rayonu, Dalğalı qəsəbəsində istifadədə olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3- (1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra həmin əmlak İpoteka verən tərəfindən 1 ay ərzində könüllü olaraq boşaldılmadıqda məcburi qaydada boşaldılması, 30 manat və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 28 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 06.07.2009-cu il tarixli 129/009 saylı təminatlı kredit müqaviləsinə əsasən, heyvandarlıq kompleksinin tikintisi məqsədilə Bank tərəfindən "xxxx" ASC-yə 12 ay müddətinə illik 8 faiz dərəcəsi ilə ******* manat məbləğində kredit vəsaiti verilmişdir. Bundan əlavə, "xxxx" ASC ("xxxx" ASC) ilə "xxxx" ASC arasında bağlanmış 09 aprel 2010-cu il tarixli, 43/10 saylı təminatlı kredit müqaviləsinə əsasən mal-material alınması məqsədi ilə Bank tərəfindən "xxxx" ASC-yə 3 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 400000 manat məbləğində kredit vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə cavabdeh tərəfindən 395000 manat məbləğində vəsait istifadə olunmuşdur. Kredit öhdəliklərin təmin edilməsi məqsədi ilə 08 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus olan Xaçmaz rayonu, Dalğalı qəsəbəsində istifadədə olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evi 06 iyul 2009-cu il tarixli kredit müqaviləsi və bütün kredit müqalələri üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdehə borcun qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.06.2013-cü il tarixli 2(009)-1084/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 06.07.2009-cu il tarixli Kredit Müqaviləsinə əsasən yaranmış 3.000.000 manat əsas, 608.260,85 faiz borcu, 100.000 manat dəbbə pulu olmaqla, cəmi 3.708.260, 85 məbləğində pul vəsaitinin, həmçinin "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 09.04.2010-cı il tarixli Kredit Müqaviləsinə əsasən yaranmış 395.000 manat əsas, 9.087,77 faiz borcu, 10.000 manat dəbbə pulu olmaqla, cəmi 484.087,77 məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 28 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" ASC-dən tutulub iddiaçı ASC-nin hesabına köçürülməsi, 06.07.2009-cu il tarixli Kredit Müqaviləsi üzrə cavabdeh "xxxx" ASC-dən tutulmalı olan, cəmi 3.708 260,85 məbləğində pul vəsaiti 08.07.2009-cu il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Xaçmaz rayonu, Dalğalı əsəbəsində, mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən 11 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin (tələbdən artıq məbləğ) Cavabdeh2 verilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqda həmin evin ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin 06.07.2009-cu il tarixli Kredit Müqaviləsi üzrə cavabdeh "xxxx" ASC-dən tutulmalı olan, cəmi 3.708260,85 məbləğində pul vəsaitinin 08.07.2009-cu il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ona məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsində, mülkiyyətində olan 0.23 ha torpaq sahəsində yerləşən 11 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin (tələbdən artıq məbləğ) ona verilməsi, ipoteka predmeti olan ona məxsus fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqda həmin evin ən geci 1 ay ərzində boşaldılması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ipoteka müqaviləsi formal olaraq bağlanılmışdır. İddia tələbində ipoteka predmetinin açıq hərracda satılması və yaşayış sahəsinin satıldıqdan bir ay sonra boşaldılması tələbi iddiaçıya məxsus tələb deyildir. Nəzərə alınmalı idi ki, cavabdeh olaraq onların da hərracda iştirak etmək və əmlakı əldə etmək hüquqları vardır. Hətta həmin əmlakı hərracda digər şəxs əldə etdiyi təqdirdə belə həmin sahənin boşaldılması tələbi əmlakı əldə edən şəxsə məxsus olan tələbdir. İpotekaya təqdim edilmiş əmlak ona edilən xahişə əsasən müvəqqəti xarakter daşımaqla girov qoyulmuşdur. Hələ 2012-ci ildə ona bildirilmişdir ki, sözügedən əmlakla bağlı hər hansı bir problem yoxdur, hətta bankdan Xaçmaz Reyestr idarəsinə əmlakın girovdan çıxarılmasına dair müvafiq məktub da verilmişdir. Daha sonra apelyasiya şikayətinə əlavə təqdim edərək, məhkəmə tərəfindən aidiyyətlə bağlı tələblərin pozulduğu qeyd edilərək, bu səbəbdən də qətnamənin ləğv edilməli olması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ipoteka predmetinin müəyyən edilmiş ilkin satış qiyməti ilə razılaşmır, əlavə qiymətləndirmə keçirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir, çünki Cavabdeh2 qətnaməni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 320000 manat müəyyən edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 06.07.2009-cu il tarixli, 129/09 saylı Kredit Müqaviləsinə əsasən, bank kredit alana heyvandarlıq kompleksinin tikintisi məqsədilə 12 ay müddətinə illik 8% dərəcəsi ilə ******* manat məbləğində kredit vermişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 09.04.2010-cu il tarixli, 43/10 saylı təminatlı kredit müqaviləsinə əsasən bank kredit alana mal-material alınması məqsədi ilə 3 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 400000 manat məbləğində kredit vermişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 08.07.2009-cu il tarixli 16/09 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borcalan arasında bağlanmış kredit müqaviləsinə əsasən 3.000.000 manat məbləğində 12 ay müddətinə açılan kredit xətti və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka Müqaviləsinin 2.2-ci bəndinə görə, ipoteka predmeti Cavabdeh2 məxsus olan Xaçmaz rayonu, Dalğalı qəsəbəsində mülkiyyətdə olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı, 187.4 kv.m yaşayış, 294.50 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evidir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı 126998 saylı Çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən fərdi yaşayış evi 08.07.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən 12 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehə Banka olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Həmin məcəllənin 319.1.6-cı maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olarsa - ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, "xxxx" ASC-nin 06.07.2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazimı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə borc məbləğinin ödənilməsi üzrə tutma həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməlidir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Dalğalı qəsəbəsində mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı müəyyən edilsə də, ilkin satış qiyməti müəyyən edilməmişdir. İpoteka predmetinin hazırda ilkin (likvid) satış qiymətinin müəyyən edilməsi məqsədilə Məhkəmə kollegiyası tərəfindən yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. "xxxx" MMC-nin 13.07.2021-ci il tarixli hesabatı ilə Xaçmaz rayonu, Dalğalı qəsəbəsində mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin həmin tarixə olan likvid dəyərinin 320.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, qətnamə dəyişdirilməli, ipoteka predmetinin satış qiyməti 320.000 manat müəyyən edilməlidir. Cavabdeh2 digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ipoteka müqaviləsinin formal olaraq bağlanması iş materiallarından müəyyən olunmur. İpoteka predmetinin açıq hərracda satılması və yaşayış sahəsinin satıldıqdan bir ay sonra boşaldılması tələbi iddiaçıya qanunla verilmiş hüquqdur və həmin hissədə iddianı təmin etməkdə məhkəmə haqlı olmuşdur. Hərracda iştirak etmək və əmlakı əldə etmək hüququ isə ipoteka qoyana da mənsubdur və bu hüquqların məhdudlaşdırılması yolverilməzdir, odur ki, Cavabdeh2 hərracda iştirak edə və ipoteka predmetini ala bilər. Nəhayət, əmlakın iptekadan azad edilməsinə gəldikdə isə işdə bu barədə heç bir sənəd mövcud deyildir. Kollegiya məhkəmə tərəfindən aidiyyətlə bağlı tələblərin pozulması dəlillərinə də qiymət verərək qeyd edir ki, işdə cavabdehlərdən biri olan "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 73-dür. Belə olan halda iddia düzgün olaraq Səbail rayon Məhkəməsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1084/2013 saylı iş üzrə 19 iyun 2013-cü il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Xaçmaz rayonu, Dalğalı qəsəbəsində mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən 2-(1), 3-(1) mərtəbəli, 11 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 320000 manat müəyyən edilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5294/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5294/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver