Məhkəmə qərarları › İş №2(103)-531/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-531/2021

09.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-531/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili-nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və digərinə qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1019/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 1 ədəd sep, 1 ədəd üzük, 1 ədəd bilərzik və 1 dəst sırğanın alınaraq ona qaytarılması və ya həmin qızıl əşyaları mövcud olmadıqda onların ümumi dəyəri 3000 (üç min) manat məbləğində pul vəsaitinin tutulması, yararsız vəziyyətə salınmış qonaq dəstinin (1 ədəd kamod, 1 ədəd qorka, 1 ədəd stol, 6 ədəd stul və TV altlığı) ümumi dəyəri 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin, sındırılmış qabqacaq dəstlərinin ümumi dəyəri 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin, cəmi 5800 (beş min səkkiz yüz) manat pul vəsaitinin və 30 (otuz) manat ödədiyi dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1019/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, sındırılmış qab-qacaq dəstlərinin ümumi dəyəri olan 700 (yeddi yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,62 (üç manat altmış iki qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulmuş, ödənilmiş dövlət rüsumunun qalan 26,38 (iyirmi altı manat otuz səkkiz qəpik) manat hissəsi iddiaçı X3 özünə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında tədqiq olunan sübutlaradan qızıl-zinət əşyalarının Cavabdeh2 tərəfindən Laçın ticarət Mərkəzində satılması sübüt olunsa da, həmçinin iddiaçı qızılların onun razılığı olmadan satılmasını və bu satışdan xəbəri olmamasını bildirsə də, hakim bu hissədə iddanı rədd etmişdir. Eyni zamanda iddiaçı xx xxxxxx 2019-cu il tarixdə ailədə yaşanan mübahisədən sonra atasının evinə qovulmuş, yalnız mart ayının əvvəlində cavabdehlə barışaraq evinə təkrar geri dönmüşdür. Qızıllar xx xxxxxx 2019-cu il tarixdə Laçın ticarət Mərkəzində satılarkən iddiaçı atasının evində olmuşdur. Bundan aydın olur ki, iddiaçı həmin anda cavabdehlərlə küsülü olmuş və heç bir qızılın satılmasından razılıq belə gedə bilmzədi. İddiaçı bu halı şahid ifadələri ilə də, sübut edə bilərdi, lakin, məhkəmə heç bir şahidi dindirməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçya münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2018-ci il tarixdə el adəti ilə toy edilərək ailə qurmuşlar. Cavabdeh ailə qurduqdan sonra nikahı rəsmiləşdirməkdən imtina etmiş və faktiki nikahdan xx.xx.2019- cu il tarixdə X5 anadan olmuşdur. Sarixanoğlu mebel evi Elektroneks tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 000325 nömrəli qaimədən görünür ki, Nümayəndə yataq və qonaq mebel dəsti almışdır. “Laçın” Ticarət Mərkəzi tərəfindən qeyd edilmiş məlumatlardan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə tarixdə qarnitur dəstini (15,1 qr) 585 əyar (sep klon, sırğa, üzük və qolbaq - hamısı birlikdə 15,1 qr) 550 manat satıb (sirkon qaşlı). Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin xx.xx.2020-ci il tarixli, 099-2375-1220 №-li məktubundan görünür ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, İddiaçı atası Nümayəndə ərizəsi əsasında toplanmış materialların kserosurəti məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Nümayəndə qızına məxsus əşyaların keçmiş həyat yoldaşının evindən götürmək istəməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. xx.xx.2019-cu il tarixli Nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, hazırda qızına məxsus cehizlər Sənanın evində olduğu üçün yataq dəstini götürmüşlər. Lakin qonaq dəsti və qab-qacaq sındırılmışdır. Sənan onlara sındırdığı əşyaların pulunu, yəni 2800 manatı verəcəyinə söz versə də qaytarmır. Cavabdeh1 tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə həyat yoldaşı ilə aralarında ailə münaqişəsi olduğuna görə əsəbləşərək evdə qonaq otağı dəstinin rəfinin şüşəsini sındırmışdır. Sonradan qaynatası Rasim verdiyi bütün cehizləri gəlib aparmış, ancaq qonaq otağında olan mebelləri qəbul etməmişdir. O isə onlara ya təmir etdirib verəcəyini, ya da mülki qaydada məhkəmənin qəbul edəcəyi qərarı yerinə yetirəcəyini bildirmişdir. Hal-hazırda o, həmin qonaq otağının sınmış hissələrini təmir etdirmişdir, istənilən vaxt gəlib apara bilərlər. Ancaq qaynatası Rasim həmin mebelləri aparmaq istəmir və onun müqabilində ondan 2800 manat pul tələb edir. Onun da hal-hazırda həmin məbləği ödəməyə maddi imkanı yoxdur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı gəlin köçərkən cehiz əmlakı olaraq yataq və qonaq dəsti; ümumi dəyəri 700 manat civarında olan qab-qacaq dəstləri gətirmişdir. Qab-qacaq dəstləri sındırılmış və dəyəri 700 manat müəyyən edilmiş, həmin məbləğ isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda İddiaçı toy hədiyyəsi olaraq qızıl-zinyət əşyaları verilmişdir. Həmçinin yataq dəsti İddiaçı tərəfindən aparılmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisə doğuran hissəsi qızıl-zinyət əşyaları və qonaq dəstindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Аzərbаycаn Rеspublikаsının Аilə Məcəlləsinin 34.1-ci mаddəsinə əsаsən nikаhа dахil оlаnаdək оnlаrа məхsus оlаn əmlаk, hаbеlə nikаh dövründə hədiyyə şəklində və yа vər əsəlik qаydаsındа, digər əvəzsiz əqdlər üzrə əldə еtdikləri əmlаk ər-аrvаdın hər birinin аyrıcа mülkiyyətindədir. (ər-аrvаdın hər birinin əmlаklаrıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. İşin mübahisəsiz hallarından görünür ki, 1 ədəd sep, 1 ədəd üzük, 1 ədəd bilərzik və 1 dəst sırğanın iddiaçıya hədiyyə kimi verilməsi iş materialları ilə, həm də tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Kollegiya qeyd olunan zinyət əşyalarının iddiaçının razılığı ilə satılmasına münasibətdə qeyd edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatında həmin qızılları tərəflərin razılığı ilə satdığını bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qızıl-zinyət əşyaları satılan zaman, yəni, xx.xx.2019-cu il tarixdə tərəflərin faktiki olaraq ayrılmaması, həmin qızılların İddiaçı ilə Cavabdeh1 öz razılığı ilə satılması ehtimalını artırır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi ehtimala əsaslanır. Lakin, dəlillərin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Belə olan halda iddia tələbinin qeyd olun hissəsinin şübhələr əsasında təmin edilməməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh2 mübahisəli qızıl-zinyət əşyalarını iddiaçının razılığı ilə satılmasına istinad etsə də, həmin halları təstiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş. Bundan başqa Cavabdeh1 məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirmişdir ki, mübahisəli qızıl-zinyət əşyalarını iddiaçının onu məcbur etməsi nəticəsində satmışdır. Lakin, iddiaçının məcburetmə hərəkətlərinin nədən ibarət olması və səbəbi cavabdeh tərəfindən izah edilməmişdir. Məhkəmə baxışı zamanı kollegiya tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “X9” MMC-nin ƏEM/O 65-596/20 saylı xx.xx.2020-ci il tarixli rəyinə əsasən, qızıl komplekt dəstinin bazar dəyəri – 1 ədəd sep, 1 ədəd bilərzik, 1 ədəd qızıl üzük və 1 dəst sırğadan ibarətdir, çəkisi 25-28 qr. əyar 585: sirkon daşla dəyəri 2.000-2.200 manat; qiymətli daş olduqda 2.700-2.900 manat təşkil edir. 1 ədəd qızıl üzük çəkisi 4-5 qr. əyar 585: 380-400 manat təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, qızıl-zinyət əşyalarının qiymətli daşlara olması sübut edilmədiyindən qızıl komplekt dəstinin – 1 ədəd sep, 1 ədəd bilərzik, 1 ədəd qızıl üzük və 1 dəst sırğanın dəyəri 2.000 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməldir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində bazar dəyəri: 380-400 manat, çəkisi 4-5 qram, 585 əyarlı 1 ədəd qızıl üzük də tədqiq edilmişdir. Lakin, tədqiq edilmiş bu üzük iddia tələbinin predmetinə aid edilmədiyindən Kollegiya tərəfindən həmin üzük əşyası ilə bağlı hüquqi qiymət verilməmişdir. Kollegiya iddia tələbinin qonaq dəstinə aid hissəsi ilə bağlı qeyd edir ki, qonaq dəstinin hazırkı dəyəri təmir edildikdən sonra 450 manat müəyyən edilir. Lakin, iddiaçı tərəfindən həmin dəst 2100 manata alınmışdır. Dəstin hal-hazırkı vəziyyətinin ekspert rəyinə və foto-şəkillər ilə müəyyən edilir ki, qonaq dəsti ümumilikdə təmir-bərpa edilmişdir, qorkanın qapıları tərsinə bərkidilib, kamotun güzgüsü üzərində naxış-bəzəyi olsa da, sonradan sadə güzgü ilə əvəz edilmişdir. Digər mebellərdə eyni qaydada təmir-bərpa işlərinin izləri müəyyən edilmişdir. Cavabdeh1 tərəfindən sındırılmış mebellər ekspert rəyinə əsasən, istifadəyə yararlı vəziyyətə gətirilsə də, kollegiya hesab edir ki, həmin mebel dəstinin bazar dəyəri ekspert rəyinə uyğun məbləğdə, yəni 2070 manat məbləğində pul Cavabdeh1 tutulmalıdır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməyən edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa keçirilmiş məhkəmə ekspertizasının dəyəri 100 manat təşkil etdiyindən, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq “X9” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1019/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməli, 1 ədəd sep, 1 ədəd bilərzik, 1 ədəd üzük və 1 dəst sırğanın dəyəri 2.000 manat Cavabdeh2 tutularaq, İddiaçı ödənilməli, mebel dəstinin bazar dəyəri 2070 manat Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, məhkəmə ekspertizasının dəyəri 100 manat təşkil etdiyindən, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq “X9” MMC-nin hesabına ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1019/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi təmin edilməyən hissədə qismən təmin edilsin. 1 ədəd sep, 1 ədəd bilərzik, 1 ədəd üzük və 1 dəst sırğanın dəyəri 2.000 manat Cavabdeh2 tutularaq, İddiaçı ödənilsin. Mebel dəstinin bazar dəyəri 2070 manat Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Məhkəmə ekspertizasının dəyəri 100 manat təşkil etdiyindən, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq “X9” MMC-nin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar