Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5325/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1, cavabdeh «xxxxxxxxx» ASC-nin nümayəndəsi X2 ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və «xxxxxxxxx» ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair 2(006)-1554/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və «xxxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri 2008-ci il buraxılışlı, «X6 Prado» markalı minik avtomobilinin Cavabdeh2 İKB ASC-yə ipoteka müqavilələrinə əsasən yüklü edilməsinə onun nə yazılı, nə də şifahi razılığı olmadığından tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və 2008-ci il buraxılışlı, «X6 Prado» markalı minik avtomobilinin ipotekadan (yüklülükdən) azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və «xxxxxxxxx» ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh1 izahatına formal mülahizələrlə yanaşmış və onun iddianı etiraf etməsini əvvəlcədən qurulmuş plan olması qənaətinə gəlmişdir. Həmçinin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad edərək iddia müddətinin ötürüldüyü nəticəsinə gəlmişdir. O, birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsünün aparılması qənaətinə gəlmiş və Cavabdeh1 adında olan avtomobillərin öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 sorğu göndərilmişdir. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli məktubla birgə nikah dövründə əldə edilmiş “X6 Prado” markalı minik avtomobilin Cavabdeh2 İKB ASCnin xeyrinə yüklü edilməsi bildirilmişdir. Məhz bundan sonra məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini və avtomobilin ipotekadan azad edilməsini xahiş etmişdir. Göründüyü kimi, əhəmiyyətsiz əqdlərin nəticəsinin tətbiqi haqqında iddia müddəti bu hala əsas verən halı bildiyi, yəni xx.xx.2019cu il tarixdən sonra başlayır. Nəticə etibarilə tərəfindən ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün qanunveriliciliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Əksinə, iddia müddətinin ötürülməsinə istinad edilərək iddia tələbinin rədd edilməsi qanunvericiliklə nəzərdə tutulmuş məhkəmə müdafiəsindən istifadə etmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla da məhkəmə, yalnız öz daxili inamı əsasında qərar qəbul etmiş, hazırki mülki mübahisəyə tətbiq edilməli olan qanunvericilik normalarını tətbiq etməmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual-hüquq normalarının tələbləri kobud surətdə pozulmuşdur. Apelyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 apelyasiya şikayətinə etiraz etməyərək təmin olunmasını xahiş etdi. Cavabdeh «xxxxxxxxx» ASC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan «X6 Prado» markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 İKB ASC (rebrendinqdən sonra «xxxxxxxxx» ASC) qarşısında yüklü edilmişdir. İddiaçı qeyd olunan ipoteka müqaviləsinin bağlanmasından xəbəri olmadığını, Cavabdeh1lə münasibətlərinin pozulduğunu, bir yerdə yaşamadıqlarını, 2019-cu ilin sonlarında vəkil sorğusuna cavab məktubu ilə tanış olandan sonra avtomobilin ipoteka müqaviləsinə əsasən bank qarşısında yüklü olduğunu qeyd etməklə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Respublikası Mülki Məcəlləsinin 354.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki,iddiaçı iddia ərizəsində cavabdehlə münasibətlərinin pozulmasına inandırmaq üçün vurğunu bu münasibətlərə etməsi, Cavabdeh1 suallara cavab verməkdə çətinlik çəkməklə, qeyri-səmimi olması, iddiaçının avtomobilin xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsinə əsasən bank qarşısında yüklü edilməsindən xəbəri olması, iddiaçı ilə Cavabdeh1 hazırda da ər-arvad olmaqla münasibətlərinin korlanmaması, onların avtomobili ipoteka ilə yüklü etməmişdən öncə bu barədə aralarında müzakirə aparmaqla, avtomobilin ipoteka ilə yüklü edilməsinə razı olması, hazırda da, iddiaçı və onun ərinin ipoteka predmetinə tutma yönəldilməsinin qarşısını almaq üçün ümumi birgə mənafedən çıxış etməklə məhkəmədə hazırkı iddianı qaldırması, habelə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi nəzərə alınaraq, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş və hazırkı mübahisəyə dair əqdin etibarsız sayılmasının mübahisələndirilməsi üçün müəyyən edilmiş kəsici müddətin ötürülməsi barədə maddi hüquq normasına düzgün istinad etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər (məsələn: Mülki Məcəllənin 1248-ci maddəsində mirasın qəbul edilməsi vaxtının uzadılması nəzərdə tutulmuşdur). Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd edilən norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi ipoteka müqaviləsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 xx xxxxxx 2019-cu il tarixli məktubunu aldıqdan sonra xəbər tutması və əqdin etibarsızlığının mübahisələndirilməsi üçün kəsici müddəti ötürməməsi barədə dəlilini inandırıcı və əsaslı saymır. Belə ki, xx xxxxxx 1990-cı ildən Cavabdeh1lə rəsmi nikahda olduğunu bildirən İddiaçı etibarlı ailə münasibətində olduğu dövrdə ərinin xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi üzrə İKB Cavabdeh2 ASC-dən götürdüyü kreditin müqabilində “X6 Prado” markalı minik avtomobilini ipoteka ilə yüklü etməsindən xəbəri olmasını təkzib edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1554/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı qıznın apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1554/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5325/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5325/2020
11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver