Məhkəmə qərarları › İş №2(103)-5339/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5339/2021

23.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5339/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(003)-344/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 5-ci bəndinə düzəliş etmiş, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış 25.04.2017-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə ünvan 1 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günkü dəyərinin pulla əvəzi kimi 88.610 (səksən səkkiz min altı yüz on) manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manatın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1ndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, öz qazancı ilə aldığı mənzili cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, xəbəri olmadan və bunun müqabilində heç bir əvəz almadan itirmişdir. Bu iddia ilə mənzilə dair itirdiyi hüquqlarını bərpa etmək istəyir. O, 28 noyabr 2011 tarixdə cavabdeh "Cavabdeh1" MTK ilə Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilə bağlamışdır. Müqavilənin predmeti kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabanı küçəsi-18 ünvanında inşa ediləcək yaşayış binasında ümumi sahəsi 92,90 m2 olan, 2-ci mərtəbədə yerləşən 204 saylı mənzil çıxış edirdi. Müqaviləyə görə o, növbəti 1 il ərzində, yəni 20 sentyabr 2012 tarixinədək mənzilin dəyərini tam ödəməli idi. Mənzilin dəyəri kimi 53.000 manat payçı olaraq onun tərəfindən tam və vaxtında ödənilmiş, bu barədə "Cavabdeh1” MTK tərəfindən müvafiq Maliyyə arayışı verilmişdir. Aldığı mənzildə o, 5.000 manat təmir işləri gördürmüşdür. Bundan sonra 24 sentyabr 2014 tarixində o, Cavabdeh2 ilə nikah bağlamışdır. Nikahdan dərhal sonra ata evindən Elçinin ata evinə köçmüşdür. Onda Elçin ona biznes qurmaq istədiyini, amma ciddi məbləğdə borcu olduğunu demiş, ona görə Elçinin təkidi ilə 1,5 ay sonra, yəni 11 noyabr 2014 tarixində o, tikilməkdə olan mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində təmsil etməyi, DT və Kadastr planı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətləri etməyi həvalə edilməsi haqqında Cavabdeh3 etibarnamə vermişdir. Cavabdeh3 onun keçmiş əri Cavabdeh2 tanışı idi. Elçin deyirdi ki, Etiram mənzili lazımi qaydada rəsmiləşdirilməsində ona köməklik edəcəkdir. Elçin onun əri olduğundan etibar edərək, mənzilin rəsmişləşdirilməsi üçün öz adından Cavabdeh3 etibarnamə vermişdir. O vaxtdan mənzil tikilməkdə davam edilmişdir. Mənzilə dair bütün sənədləri də Elçinə vermişdir. Lakin 2019 ilin sonlarından başlayaraq Elçinlə nikah münasibətlərində gərginlik başladı. O, mənzilə dəfələrlə getsə də, onu bağlı görmüşdür. MTK-dan mənzilinin taleyinin necə olduğunu soruşanda, ona konkret cavab verməkdən yayınırdılar. O, vəkilə müraciət etməli olmuş və 06 mart 2020 tarixində vəkil sorğusu göndərilmişdir. Bundan sonra cavabdeh "Cavabdeh1” MTK vəkil sorğusuna da cavab verməkdən karantin bəhanəsi ilə yayınmağa başladı, halbuki həftənin 6 günü MTK-nın ofisi fəaliyyət göstərirdi. Bu arada Xəzər Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə bağlamış olduğu nikahın xitamı haqqında qətnamə qəbul edildi. Nəhayət, uzun səylərdən sonra 07 iyul 2020 tarixdə MTK-dan cavab verildi. Cavabda bildirilirdi ki, 25.04.2017 tarixdə İddiaçı və Cavabdeh2 ərizəsinə əsasən həmin mənzil Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Axırıncı isə ümumi yığıncağın qərarına əsasən həmin mənzili özgəninkiləşdirmişdir. Verilmiş cavabın arxasında Cavabdeh3 imzası ilə onun adından yazılmış ərizənin surəti qoyulmuşdur. Ərizədə guya xxxx etməyi barədə qeyd edilmiş, müqavilənin xitam verilməsi xahiş edilmişdir. Ərizədə "xxxx” barədə başa düşülməyən sərəncamla yanaşı MTK-ya onun tərəfindən ödənilmiş 53.000 manatın taleyinin necə olması barədə heç nə yazılmamışdır. Qoşmada olan digər sənədlər içində Elçinin 3 il əvvəl, etibarnamə ilə eyni, yəni 11 noyabr 2014 tarixli ərizəsinin surəti də qoyulmuşdur. Həmin ərizədən, baxmayaraq ki, eyni tarixdə notarius tərəfindən təsdiqlənib, onun xəbəri olmamışdır. Etibarnamə ilə ərizənin notariat reyestrində qeydiyyat nömrələrini müqayisə etdikdə onların arasında böyük fasilə olduğu görünür. Demək, ərizə etibarnamə ilə eyni tarixdə verilsə də, ondan xeyli əvvəl yazılıb təsdiq edilmişdir. Cavabdeh3 onun verdiyi etibarnamə üzrə səlahiyyətlərdən kənara çıxmışdır, mənzilə dair sənədləşmə almaq tapşırığına riayət etmədən, onun mənzilindən imtina etmişdir. Verdiyi etibarnamədəki səlahiyyətlərdə birtərəfli və subyekt baxımından naməlum şəxsin xeyrinə imtina səlahiyyəti yox idi. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər (AR MM, mad. 350). Bundan başqa yazılı formada bağlanmış müqavilə onunla eyni qaydada ləğv edilməli idi (AR MM, mad.423.1). Sadəcə ərizə verməklə yazılı müqaviləyə xitam verilə bilməzdi. Cavabdeh "Cavabdeh1” MTK Cavabdeh3 "xxxx” kimi sərəncam hərəkətinə səlahiyyəti olmadığını, həm daşınmaz əmlakın inşası, satışı, qeydiyyata alınması və təkrar satışı üzrə ixtisaslaşan sahibkarlıq subyekti olduğuna, həm ona təqdim edilən etibarnamədəki səlahiyyətlərdə birtərəfli və subyekt baxımından imtina səlahiyyətinin olmaması, həm də mənzilə dair sərəncam vermək üçün onu 6 il əvvəl almış onun özünün yox, 3 il əvvəl verilmiş etibarnaməyə əsasən nümayəndənin (etibarnamənin qüvvədə olmasını da yoxlamadan) və mənzili subay olarkən aldığı halda, ərinin müraciət etdiyinə görə bilirdi və bilməli idi. Bu səbəbdən də "xxxx” kimi sərəncam hərəkəti əqd kimi etibarsızdır. Bunun nəticəsi olaraq 25.04.2017 tarixdə həmin mənzilə dair cavabdeh "Cavabdeh1” MTK digər Cavabdeh4 ilə bağlanmış müqavilə, eləcə də digər sonrakı müqavilələr (əgər belələri olubsa) də etibarsızdır. Çünki, eyni mənzilə dair qüvvədə olan müqavilə olduğu halda eyni şərtlərlə digər müqavilə bağlanması qanunsuzdur. Bütün bunların nəticəsində ona iş üzrə Cavabdeh2 tərəfindən mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 niyyəti həmin mənzili satmaq olmuş və onu aldadaraq mənzili sənədləşdirilməsi üçün dostu olan digər Cavabdeh3 etibarnamə verməyini inandırmışdır. Lakin həmin mənzil onun xəbəri olmadan özgəninkiləşdirilmişdir. Bu halı bilən zaman o, əmlakının itirilməsi ilə bağlı həyacan, qorxu, istirab və mənəvi sarsıntı keçirmişdir. Ona görə də hesab edir ki, Cavabdeh2 tərəfindən ona 10000 (on min) manat mənəvi ziyan dəymişdir. Beləliklə, cavabdehlərin arasında aparılmış "düz-qoş” əməliyyatlarının nəticəsi kimi yekunda həm aldığı mənzildən, həm də mənzilə görə ödədiyi puldan məhrum edilmişdir. Hazırda həmin ərazidə mənzillərin 1 m2 orta satış qiyməti 850-950 manatdır. Mənzilin sahəsini (92,9 m2) ortalama 900 manatdan götürəndə onun dəyəri 83.610 manat edir. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. O, cavabdehə evi ipotekaya qoyub pul götürmək üçün etibarnamə verib. O, evin satılmasından məlumatlı olmayıb. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(003)-344/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 65000 (altmış beş min) manat n alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edib, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamədən göründüyü kimi iddiaçı iddia ərizəsinə “düzəliş” verməklə, 88610 manat məbləğin digər cavabdehlərlə yanaşı eyni zamanda ondan da tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. Belə olan halda həmin ərizə məhkəməyə təqdim olunarkən ən azı onun bir surəti ona da çatdırılmalı idi. O, iştirak etdiyi məhkəmə iclasında belə bir ərizənin məhkəməyə təqdim edilməsini görməmişdir. Əgər belə bir ərizə verilsə idi, bu halda həmin ərizənin bir surəti məhkəmə tərəfindən ona təqim edilməli idi. Lakin məhkəmə iclasında belə bir ərizə ona təqdim olunmamışdır. Çünki, onun həmin ərizəni almağı barədə ərizənin işdə olan nüsxəsində heç bir imzası yoxdur. Ərizədə də onun imzalanma tarixi belə qeyd olunmamaışdır. Belə çıxır ki, iddiaçı ona qarşı məhkəmədə 88.610 manatla bağlı iddia qaldırır, lakin həmin ərizəni öz hüquqlarını müdafiə etmək üçün ona təqdim etmir. Eynilə bunu işə baxmış hakim də etmir. Yəni, iddiaçı tərəfindən bir ərizənin məhkəməyə verilməsindən məlumatsız olmuşdur. Hesab edir ki, bu məhkəmə tərəfindən yol verilmiş ciddi mülki- prosessual qanun pozuntusudur. Birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi və 65.000 manatın ondan iddiaçının xeyrinə tutulmasına dair gəldiyi qənaət tam əsassızdır. Belə ki, İddiaçı ilə 24 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 23 noyabr 2018- ci il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı onunla nikaha daxil olduqdan sonra, öz valideynlərinin və onun da razılığı ilə Cavabdeh1 MTK -dan müqavilə əsasında aldığı ünvan 3 ünvanda yerləşən 204 nömrəli mənzilini satmaq qərarına gəlmiş və həmin mənzilin satılmasına köməklik göstərilməsi məqsədilə bir-iki nəfərə və binanın komendatına məlumat vermişdir. Kərmiov Etiram adlı şəxs mənzilə maraqlanmış və mənzilə baxıb onu bəyənmiş, almaq qərarına gəlmişdir. Etiramla əvvəllər heç bir tanışlığı olmamışdır. Mənzilin 68.000 manata satılmasına Jalə razılaşmış və bu məqsədlə Bakı şəhəri 19 saylı notariusda Jalə, habelə dostu Şövqü də olmaqla Etiramla görüşmüşlər.Yəni, Jalə notariusa gələrkən həmin mənzilin Etiram adlı şəxsə satılmasına razı idi. Sözügedən mənzilin satılması ilə bağlı bütün səlahiyyətlərin və digər hüquqların Cavabdeh3 verilməsinə dair Jalə tərəfindən Cavabdeh3 Bakı şəhəri 19 saylı notariat kontorunda 11 noyabr 2014-cü il tarixində AR-İ 370839 saylı etibarnamə verilmişdir. Mənzilin dəyərindən 3.000 manat MTK-ya verilməli idi. Notariat ofisində etibarnamənin verilməsi ilə bağlı notarius tərəfindən iddiaçıya izah olundu ki, onun etibarnamə verdiyi şəxs mənzil üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, dəyişmək və digər əqdlər bağlamaq hüququna malikdir. Mənzilin pulu 65.000 manat maşında Cavabdeh3m, onun və Jalənin birgə iştirakı ilə sayılaraq son nəticədə Jaləyə verilmişdir. Pullar sayıldıqca Jaləyə təhvil verilmiş və o, həmin pulu maşında öz sumkasına qoymuşdur. Ona görə də Jalənin həmin mənzilin Cavabdeh3 satılmasından xəbəri olmaması, həmin mənzilin pulunun ona verilməməsi barədə iddia ərizəsində göstərdiyi dəlillər tam əsassızdır. Yəni, mənzil birbaşa onun iradəsi əsasında yə özünün razılığı ilə 2014-cü ilin noyabrında Cavabdeh3 50 il müddətinə verilmiş Bakı şəhəri 19 saylı notariat kontorunda 11 noyabr 2014- cü il tarixində AR-İ 370839 saylı etibarnamə əsasında satılmışdır. Həm mənzilin satılması zamanı, həm də sonrakı illərdə nə ona, nədəki digər cavabdehlərə mənzilin və ya onun dəyərinin geri qaytarılması ilə bağlı iddiaçı tərəfindən heç bir irad bildirilməmişdir. X6 mənzilin pulunu almamışdısa dərhal həmin etibarnamənin ləğvi barədə məsələ qaldıra bilərdi. Yaxud elə həmin vaxtı məhkəməyə müraciət edərdi. Yəni, sözügedən mənzil iddiaçıya heç bir təzyiq olmadan onun iradə ifadəsi ilə 2014-cü ilin noyabrında Cavabdeh3 satılmış və sonuncu da həmin mənzili onun və Jalənin razılığı ilə Cavabdeh4 satmış və hazırda bu mənzil S.Məlikovanın mülkiyyətindədir. Mənzil və ya onun dəyəri ilə bağlı məsələ iddiaçı ilə aralarında olan ailə münasibətləri pisləşdikdən sonra qaldırılmışdır. 2020-ci ilin 02 iyununda Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə aralarında olan rəsmi nikaha xitam verilmişdir, İddiaçı tərəfindən mənzillə bağlı məsələnin qaldırılması qərəzli şəkildə olmuş və ona qarşı təzyiq etmək və hayıf çıxmaq məqsədini güdmüşdür. Qətnamədən göründüyü kimi məhkəmə iddiaçının tələbini təmin etmək üçün hazırkı işlə bağlı tapşırıq müqaviləsi ilə bağlı müddəaları tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobüd ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Hazırkı iş üzrə Mülki Məcəllənin Tapşırıq müqaviləsinin müddəalarının tətbiq edilməsi ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı ilə Cavabdeh3 arasında notarial qaydada verilmiş etibarnamə əsasında daşınmaz əmlakla bağlı səlahiyyətlərin Cavabdeh3 verilməsindən başqa, bu işdə hər hansı bir tapşırıq müqaviləsi mövcud olmamış və etibarnamə Cavabdeh3 verildikdən sonra, onun tərəfindən 65.000 manat pul sayılaraq onun iştirakı ilə İddiaçı verilmişdir. Yəni, həmin pulun Jaləyə verilməsi zamanı Kərimov Etıram özü də orada olmuşdur. Əgər tərəflər arasında tapşırıq müqaviləsi mövcud idisə, bu halda həmin tapşırığın nəticəsi olaraq pulun vəkalət verənə çatdırılmamasına görə vəkalət alan şəxsin özü məsuliyyət daşımalı idi. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, iddiaçı öz sərbəst iradə ifadəsi ilə Cavabdeh3 etibarnamə vermiş, sonuncu da öz növbəsində üzərinə düşən öhdəliyə əsasən tapşırığın icrası kimi iddiaçıya pul ödəməli idi, iş üzrə müəyyən olundu ki, Cavabdeh3 etibarnamə əsasında pulu Cavabdeh2 vermiş, Cavabdeh2 bu halı məhkəmədə etiraf etməmiş, Cavabdeh2 tərəfindən həmin pulun iddiaçıya verilməsi iş üzrə sübuta yetirilməmişdir. Hesab edir ki, məhkəmə onun və Cavabdeh3 verdiyi izahatları düzgün göstərməmiş, sübutları iddiaçının mənafeyinə uyğun şəkildə qiymət vermişdir. Belə ki, ilk növbədə Cavabdeh3 həmin pulu etibarnaməyə əsasən iddiaçının özünə verməli idi. Cavabdeh3 iddiaçının və onun iştirakı ilə 65.000 manat pulu sayaraq iddiaçıya vermişdir. Pulun sayılmasında və iddiaçıya verilməsində Cavabdeh3 birbaşa özü iştirak etmişdir. Əgər Cavabdeh3 pulları şəxsən onun özünə vermiş olsa idi, ən azı ondan pulun təhvil alınmasına dair yazılı bir qəbz, sənəd almış olardı. Belə bir sənəd, sübut isdə yoxdur. İddiaçı ilə Cavabdeh3 arasında notarial qaydada verilmiş etibarnamə əsasında daşınmaz əmlakla bağlı səlahiyyətlərin Cavabdeh3 verilməsindən başqa hər hansı bir tapşırıq müqaviləsi mövcud olmamış və etibarnamə Cavabdeh3 verildikdən sonra, onun tərəfindən 65.000 manat pul sayılaraq onun iştirakı ilə İddiaçı verilmişdir. Yəni, həmin pulun Jaləyə verilməsi zamanı Cavabdeh3 özü də orada olmuşdur. Əgər tərəflər arasında tapşırıq müqaviləsi mövcud idisə, bu halda həmin pulun vəkalət verənə çatdırılmamasma görə vəkalət alan məsuliyyət daşımalı idi. Məhkəmə hazırkı işlə bağlı Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəalarını da tətbiq etmişdir ki, hesab edir ki, bü müddəaları tətbiq etməklə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1091.1.-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Sözügedən Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İlk növbədə iddiaçıya aid mənzilin satılması prosesi onunla iddiaçı arasında olan birgə nikah dövründə baş vermişdir. Bu halda onun həmin əmlakın satılması ilə bağlı hansısa varlanmadan söhbət gedə bilməz. Bundan başqa, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün müddət müəyyən edilmişdir. Həmin maddəyə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçıya onun mənzilinin satılması 2014-cü ilin noyabrından məlum idi. Həmin müddətdən başlayaraq iddiaçı 2020-ci ilin sonlarına qədər əsassız varlanma tələbi ilə bağlı heç bir iddia qaldırılmamışdır. Belə olduğu halda əsassız varlanma obyektini qaytarılması tələbinə dair müddət də keçmiş sayılmalıdır. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 16 fevral 2021-ci ildə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilib, lakin Elçin məhkəmə iclasında iştirak etsə də, ona həmin ərizənin nüsxəsi təqdim edilməyib. Bundan başqa, İddiaçı mənzilə istifadə hüququnun tanınması barədə iştirak etdiyi işdə mənzilin satılmasından xəbəri olduğunu və satılmasına razı olduğunu bildirib. Bu barədə həmin mülki işə aid qətnamədə göstərilir. Pul ümumiyyətlə Elçində qalmayıb. Ev satılandan sonra iddiaçı bütün pulu götürüb. Əgər pul Elçində olsaydı, onun ipotekası var, həmin pulla gedib ipotekasını ödəyərdi. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2014-cü ildə mənzili satmaq istəyirdilər. Cavabdeh3 da mənzili almaq istəyirdi. Hətta həmin vaxt ona etibarnamə verilməklə belə evin satılmasına Etiram razı olmadı. Ona görə də Jalənin özünün notariusda şəxsən iştirak etməsini tələb etdi. Notariusun binasının qabağında maşında Cavabdeh3, o və Jalə olmuşdular. Etiram pulları onlara verirdi, o və Jalə də pulları sayırdı, sonra pulları Jalə sumkasına yığırdı. Sonra üçü birlikdə notariusa getdi və Jalə evi Etirama satdı, hətta onun adına ərizə də yazmışdı. Həmin ərizə bilmir indi haradadır. Notariusdan çıxandan sonra Jaləni anasıgilə apardı, pul da Jalədə qalmışdı. Sonra ailə münasibətləri alınmadı və ayrıldılar. İddiaçı isə 6 il sonra bu tələbi irəli sürüb. Mənzili Jalə özü satmaq istəyirdi, o vaxt atası, o evi Jaləyə almışdı. Jalənin evini satıb-satmamasına qarışmamışdır. Binə qəsəbəsində özünün evi olub, həmin vaxt ev satmağa filan ehtiyacı olmayıb. Əgər olsaydı, öz evini satardı. Mənzili almaq üçün müraciət etməmişdən əvvəl Etiramı tanımamışdır, hətta bayaq baxır ki, adını da telefonuna səhv yazmışdır. Jalənin evi satmasına qarışmamışdır, öz evi idi, satmaq istəyib satıb. Məhkəmə iclasında Cavabdeh3 bildirdi ki, notariusun qabağında maşında Elçin, o və Jalə xanım idi. Pulu maşında saydı və Elçinə verdi. Özü avtomobildə qabaq oturacaqda oturmuşdur və Elçinin həmin məbləği Jaləyə verib-verməməsinə fikir və əhəmiyyət verməmişdir. Çünki, hesab edirdi ki, onlar bir ailədir, pulu da ailə başçısı kimi sayıb Elçinə verirdi. Ailə olduqları üçün pulla nə etdiklərini artıq o, bilmir. Əsas odur ki, həmin pulu vermişdir. Sonra onlar notariusa getdilər. Əgər evi almaq niyyəti olmasaydı, o, Jalə xanımın notariusa şəxsən gəlməsini, hətta nikah haqqında sənədini və Elçinin də razılıq ərizəsini tələb etməzdi. Həmin vaxt onlar yoldaşı ilə bir maşında gəlmişdilər və onların maşınında oturub pulu verdi. Mənzili satanda 11.11.2014-cü il Elçinin razılıq ərizəsi də alınmışdı. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Sətdar oğlu da Cavabdeh3 izahatını təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, Elçin ilk gündən bilirdi ki, mənzil Jalənin mülkiyyətindədir və Jalənin mənzili satmasını istədiyi üçün Jalə də satır. Amma pulu Elçin götürüb. Cavabdeh2 bundan əvvəl də dəfələrlə Jaləni və atasını aldatmaqla əmlaklarını mənimsəyib. 2013-cü ildə Jalə və atasından 16.000 ABŞ dolları götürüb və bugünə kimi də həmin pul ödənilməyib. Cavabdeh3 özü də maklerdi, Elçin özü Etiramı tapmışdı. Məhkəmədə müəyyən edilib ki, pul Elçinə verilib, bununla razılaşmışdılar. Mənzil təmirsiz vəziyyətdə dururdu. İddiaçı elə bilirdi ki, mənzili oradadır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, onlar nişanlı olduğu vaxtlardan Elçin bu mənzilin satılmasını və pulun onun biznesi üçün xərclənməsini istəyirdi. Lakin o, razılaşmırdı. Nikaha daxil olduqdan sonra Elçin yenə bu məsələni qaldırdı. Hətta indi o, əmin oldu ki, onlar nişanlı olduğu vaxtdan Elçin Cavabdeh3ı tapmışdı. Elçinlə əvvəl razılaşması belə olmuşdu ki, evi inandığı bir şəxsə satsınlar, bankdan pulu götürsünlər, lakin evin aylıq ödənişlərini yenə də onlar ödəsinlər. Ödənişlər tamamlanandan sonra yenə də evi onlara qaytaracaqdılar. Amma bütün bu proseslərin olması üçün evin lazımi sənədləri olmalı idi. Həmin mənzilin lazımi sənədlərinin düzəldilməsi üçün Elçin Cavabdeh3ı tapdı. Onlar heç vaxt maşında Cavabdeh3la bir yerdə olmamışdılar, pul söhbəti də olmayıb. Notariusa gedəndə Elçinin bibisi oğlunun maşınında getmişdilər və notariusda işləri bitəndən sonra onu iş yerinə qoyublar. Maşında pul verilmə filan olmayıb. O, avtomobildə olmamışdır. Etiramla onların münasibətləri mənzilin ona satılması üçün yox, onun onlara mənzilin sənədlərini düzəltməsi üçün olmuşdu. O, Etiramı ilk dəfə notariusda olanda görmüşdü. Heç bir pul söhbəti olmamışdı. Çünki, onların məqsədi evi Etirama satmaq olmayıb. Elçin ona hüquqi məsələləri bilmədiyini səbəb gətirdi və mənzilin sənədlərinin düzəldilməsi üçün Etiramla razılaşmışdı. Onun mənzili təmirsiz vəziyyətdə idi. O, həm işləyirdi, həm Elçinin xəstə anasına baxırdı, həm də həftəsonları Elçinin bacısıuşaqları onlara gəlirdi, onlara qulluq edirdi. Onun mənzilə gedib baxmağa vaxtı olmurdu. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, mənzil 204-ün ona məxsus olmağını, həmin evin onun adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh3 evi ipotekaya qoymaq üçün verdiyi etibarnamə əsasında satmasını iddia edərək, “xxxx” sərəncam hərəkətinin etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 25.04.2017-ci il tarixli 204 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ona qaytarılmasını tələb etmişdir. İddiaçı etibarnamə verərkən həmin etibarnamənin sadəcə mənzilin ipotekaya qoyulması üçün verildiyini iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmiş, dəlillərinin əsaslı olmasını təsdiq edən hər hansı tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materialları və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçı öz sərbəst iradəsini ifadə edərək, Bakı şəhəri 19 saylı notariat kontorunda 11 noyabr 2014-cü il tarixli AR-İ 370839 saylı etibarnamə verərək, Cavabdeh1 MTK-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən giriş 3, mərtəbə 2, ümumi sahəsi 92.90 kv.m. yaşayış sahəsi 42.04 kv.m olan 2 otaqlı 204 saylı mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazsində təmsil etməyi, DT və kadastr planı almağı, Forma-1, Forma-2 arayışları almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətlər etməyi Cavabdeh3 etibar etmişdir. Sonuncu da öz növbəsində iddiaçının adından çıxış edərək, həmin mənzili özgəninkiləşdirmişdir. Göründüyü kimi, iddiaçının etibarnamə verərkən aldadılmasına dəlalət edən hər hansı hal müəyyən edilməmişdir. Qeyd olunan hissədə iddia tələbinin təmin olunması üçün əsas müəyyən olunmamışdır. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o, tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki işlə bağlı tapşırıq müqaviləsi ilə bağlı müddəalar tətbiq edilməlidir. İşdən göründüyü kimi, iddiaçı öz sərbəst iradə ilə Cavabdeh3 Sərdar oğluna etibarnamə vermiş, sonuncu da öz növbəsində üzərinə düşən öhdəliyə əsasən, tapşırığın icrası kimi iddiaçıya pul ödəməli idi. İş üzrə müəyyən olundu ki, Cavabdeh3 etibarnamə əsasında pulu Cavabdeh2 vermiş, Cavabdeh2 bu halı məhkəmədə etiraf etmiş, Cavabdeh2 tərəfindən həmin pulun iddiaçıya verilməsi isə iş üzrə sübuta yetirilməmişdir. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh1” MTK ilə Cavabdeh4 arasında bağlanmış 25.04.2017-ci il tarixli 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə, ünvan 5 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günkü dəyərinin pulla əvəzi kimi 88.610 manat (83.610 manat və təmir xərci kimi 5000 manat) pulun cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mənzilin dəyəri olan 65000 manat pul Cavabdeh2 tədqim edilmiş, bu, işin araşdırılan halları, həmçinin iddiaçı və cavabdehlərin məhkəmə iclasında verdiyi izahatları ilə təsdiqini tapmışdır. Cavabdeh2 həmin pul vəsaitini təhvil aldığını etiraf edərək, keçmiş həyat yoldaşı olan iddiaçıya pulları verdiyini bildirmişdir. Lakin cavabdeh pulları iddiaçıya təqdim etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, mənzilin dəyəri kimi Cavabdeh2 tərəfindən alınaraq iddiaçıya təqdim olunmamış 65000 manat pul vəsaiti ondan alınaraq iddiaçıya ödənilməlidir. Əmlakın təmirinə çəkilmiş xərclərə dair məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə əsassız hesab edilərək, təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 65000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh2 apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən mübahisələndirilən hissədə yoxlanılır, iddianın təmin edilməyən və mübahisələndirilməyən hissəsinə isə toxunulmur. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətininin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, iddiaçı tərəfindən iddia ərizəsinin nəticə hissəsinin 5-ci abzasına düzəliş edilməsi barədə ərizə iş materialında mövcuddur(bax.i.v.52).Həmin ərizə 16.02.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən proses iştirakçılarına təqdim edilmişdir. Cavabdeh2 həmin iclasda iştirak etməmiş, lakin 01 mart 2021-ci il tarixli məhkəmə iclasında özü və vəkili iştirak etmişdir. Həmin iclasda iddiaçı tələb etdiyi məbləği həm də Cavabdeh2 alınaraq ona verilməsi barədə izahat vermişdir. Cavabdeh2 da onun bu izahatını və tələbini eşitmiş, məhkəmə iclasında da buna uyğun həm özü, həm də vəkili və nümayəndəsi izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Cavabdeh2 iddia tələbinin dəqiqləşməsinə dair ərizədən məlumatsız olması barədə dəlillər iş materialları ilə, o cümlədən elə özünün və vəkilinin izahatı ilə təkzib edilir. Əksinə dəqiqləşmə barədə ərizə ilə tələb olunan məbləğin ondan da alınaraq iddiaçıya verilməsi barədə iddiadan məlumatlı olduğu təsdiq olunur. Ona görə də Cavabdeh2 bu cür dəlillərdən istifadə etməsi onun mülki hüquqi məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirilməlidir. İkincisi, Cavabdeh2 mübahisəli mənzilin satılmasından əldə edilən 65000 manatın Cavabdeh3, onun və Jalənin birgə iştirakı ilə sayılaraq son nəticədə Jaləyə verildiyini, yəni pullar sayıldıqca Jaləyə təhvil verildiyini, Jalənin həmin pulu maşında öz sumkasına qoyduğunu, sonra Jaləni aparıb anasıgilə qoyduğunu göstərsə də bu dəlillər də əsaslı hesab edilə bilməz. Çünki, bu hallar barədə o, məhkəməyə hansısa mötəbər sübut təqdim etməmiş, yalınız izahatı mövcuddur. İddiaçı bu halı inkar edir, Cavabdeh3 da birinci instansiya məhkəməsində pulları sayıb bilavasitə iddiaçıya deyil, Cavabdeh2 verdiyini bildirmiş, apellyasiya baxışı zamanı da eyni məzmunlu izahat vermişdir. Demək, Cavabdeh2 göstərdikləri Cavabdeh3 izahatları ilə də təsdiq olunmur. Bunula yanaşı, iddia tələbinə etdiyi bu cür etirazının əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh3 ona verdiyi 65000 manatı Jaləyə verdiyini və sonuncunun da həmin pulu anasının evinə aparmasını Cavabdeh2 sübut etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür, lakin Cavabdeh2 göstərdiyi bu halları sübut edə bilmir. Üçüncüsü, həm mənzilin satılması zamanı, həm də sonrakı illərdə nə ona, nədəki digər cavabdehlərə mənzilin və ya onun dəyərinin geri qaytarılması ilə bağlı iddiaçı tərəfindən heç bir iradın bildirilməməsi barədə şikayətin dəlilləri də hazırki iddianın əsaslılığına təsir etmir. Belə ki, iddiaçının Cavabdeh2 qarşı ailə münasibətləri pozulduqdan sonra bu cür iddia qaldırması anlaşılan olsa da, əsassız olmamışdır. Cavabdeh2 mənzillə bağlı məsələnin qaldırılmasının qərəzli şəkildə olduğunu, ona qarşı təzyiq etmək və heyif çıxmaq məqsədi güddüyünü göstərsə də qərəzin, təzyiqin və heyif çıxmağın nə məqsədlə edildiyini açıqlamır. Düzdür, başadüşülən ola bilər ki, iddiaçı bu iddianı ailə münasibətləri pozulmasaydı, bəlkə də irəli sürməzdi. Ancaq nə iddiaçı, nədə Cavabdeh2 mübahisəli mənzilin satılmasından əldə edilən həmin vəsaitin ailə münasibətlərinin normal olduğu dövrlərdə ailənin ehtiyacları üçün sərf etdiklərini bildirmirlər. Əksinə, cavabdeh həmin məbləğin sırf iddiaçının və valideynlərinin sərəncamında olduğunu israr edir. Bu cür vəziyyətdə tərəflər qeyd olunan məbləğin mövcudluğunu və birgə nikah dövründə ailənin ehtiyacları üçün sərf edilmədiyini qəbul edir, lakin hər biri həmin vəsaitin digər tərəfin sərəncamında olduğunu yaxud da digər tərəfin şəxsən özünün sərf etdiyini israr edirlər. Əlbətdə ki, bu cür vəziyyətdə sübut etmə yükünün tərəflərin hansının üzərinə düşməsini müəyyən etməklə iş üzrə həqiqətin müəyyən edilməsinə nail olunmalıdır ki, birinci instansiya məhkəməsi də bunu təmin etmişdir. Dördüncüsü, iddiaçı ilə Cavabdeh3 mübahisəli mənzilin satılması ilə bağlı münasibətləri etibarnamə vermək yolu ilə reallaşdırmışdır. Bu qanunla qadağan edilmir. Lakin iddiaçı ilə Cavabdeh3 arasında mübahisəli mənzilin satılması ilə bağlı yaranmış münasibətlər nəticəsində, sonuncunun qeyd olunan 65000 manat vəsaiti ödəməsi mübahisə doğurmur. Başqa sözlə Cavabdeh2 Cavabdeh3 həmin məbləği ödədiyini qəbul edir, ancaq həmin məbləği iddiaçıya verdiyini göstərir, iddiaçı isə Cavabdeh3 həmin məbləği ona vermədiyni bildirsə də, qətnamə ilə pulun Cavabdeh2 verildiyinin müəyyən edilməsi ilə razılaşmışdır. Demək, Cavabdeh3 vəkalət alan olsa da pulun iddiaçıya qaytarılmamasına görə məsuliyyət daşıya bilməz. Ən azından ona görə ki, Cavabdeh2 Cavabdeh3 mübahisəli mənzilə görə 65000 manat ödəməsini birmənalı və açıq-aşkar şəkildə təsdiq edir. O başqa məsələ ki, qeyd olunan məbləğin iddiaçıya verdiyini Cavabdeh2 özü sübut etməlidir. Bununla yanaşı, tapşırıq müqaviləsi şifahi də bağlana bilər(MM.m.777.2). İddiaçı həmin vaxt nikahda olan əri Cavabdeh2la şifahi olaraq da tapşırıq müqaviləsi bağlaya bilərdi və sonuncunun da şifahi tapşırıq müqaviləsi nəticəsində tapşırığı vicdanla icra etməli və vəkalət verənin haqlı mənafelərini müdafiə etməli idi. Eyni zamanda vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə də borcludur(MM.m.782.1) Qeyd olunanlara əsasən 65000 manatın iddiaçıya verilməməsinə görə Cavabdeh3 məsuliyyət daşıya bilməzdi. Beşincisi, birgə nikahda olan şəxslərin birinin digərinin hesabına əsassız varlanmasının mümkün olmamasına dair dəlillər də əsaslı hesab edilə bilməz. Çünki, bununla bağlı qanunvericilikdə hansısa formada düzünə göstəriş yoxdur. İddiaçıya onun mənzilinin satılması 2014-cü ilin noyabrında məlum olsa da həmin müddətdən başlayaraq 2020-ci ilin sonlarına qədər əsassız varlanma tələbi ilə bağlı iddia qaldırılmaması iddianın rədd olunması üçün əsas ola bilməzdi. Çünki, bu cür hallarda əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan hesablanır. Mübahisəli mənzilin 2014-cü ildə satılması iddiaçıya məlum olmuş olsa belə, həmin mənzilin satılmasından əldə edilən vəsaitin Cavabdeh2 iddiaçıya qaytarmaq niyyətinin olmadığı, sonuncuya sonradan məlum olmuşdur. Yəni, iddiaçıya hüququnun pozulduğu elə iddia irəli sürdüyü dövrdə məlum olmuşdur. Ən azından ona görə ki, həmin vaxta qədər onlar rəsmi nikahda olmuşlar və iddiaçı da bu müddətdə Cavabdeh2 tərəfindən hüquqlarının pozulmadığını bilməyə bilərdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, bu hissədə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(003)- 344/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar