Məhkəmə qərarları › İş №2(103)-5350/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5350/2023

22.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5350/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və İddiaçı qarşı mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(010)-147/2023 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilii yaşayış binasının 2 ci blok, 7 ci mərtəbəsində yerləşən sahəsi 108,5 kv.m-dən ibarət 3 otaqlı 274 nömrəli mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 63 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ona məxsus 274 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanda yerləşən binanın İV girişində 7-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 108.5 kv. metr olan mənzil üzərində iddiaçının mülkiyyətinə qəsdə son qoyulması, həmin mənzildən Cavabdeh1 istifadəsinə cavabdeh və üçüncü şəxslər tərəfindən maneənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)- 147/2023 nömrəli qətnaməsi ilə birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu birinci tələb üzrə İddiaçı özünə aid edilməsi, ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətə qəsdə son qoyulması və mənzilə müdaxilənin qadağan edilməsi tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-3473/2023 nömrəli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, şikayət müəyyən edilmiş formaya, yəni, Məcəllənin əlavə 2də göstərilmiş formasına riayət edilmədən verilmiş və səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalanmışdır (şikayətə onu imzalamış vəkilin orderi əlavə olunmamışdır).

6. İddiaçı yenidən apellyasiya şikayəti vermiş və eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyasında yaşadığına görə iyul ayının əvvəlində Bakı şəhərinə gəldikdən sonra Bakı şəhəri 24 saylı notariat ofisinə getmiş və 16 avqust 2022-ci il tarixli etibarnamənin dublikatını almışdır. Bundan sonra yenidən apellyasiya şikayəti təqdim edirlər. Ona görə də hesab edirlər ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edimiş 1 aylıq prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür. 8 .Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 18 iyul 2022-ci il tarixli, 2(010)-147/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpasından imtina edilmişdir.

9. Qərardadın əsaslarına görə, apellyatorun ilk dəfə verdiyi apellyasiya şikayəti prosessual pozuntu səbəbindən Bakı Apellyasiya Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(010)-147/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad 09 iyun 2023-cü il tarixdə elektron məhkəmə portalına yerləşdirilmiş və həmin tarixdən şikayətçi qərardadla tanış olmuşdur. Apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə isə 10 iyul 2023-cü il tarixdə elektron məhkəmə portalına yerləşdirilmişdir. Göründüyü kimi, müddətin bərpası və apellyasiya şikayəti əvvəlki şikayətin geri qaytarılması barədə məhkəmə qərardadından 1 ay sonra verilmişdir. Məhkəmə hesab etmişdir ki, şikayətçinin İddiaçı Rusiya Federasiyasında yaşaması, onun iyul ayının əvvəlində Bakı şəhərinə gəldikdən sonra Bakı şəhəri 24 saylı notariat ofisinə getməsi və 16 avqust 2022-ci il tarixli etibarnamənin dublikatını alması barədə göstərdikləri müddətin bərpası üçün tutarlı dəlil deyil. Çünki, etibarnamənin əldə edilməsi proseduru özü-özlüyündə uzun müddət aparan proses deyil və qısa zaman ərzində bu sənəd alına bilərdi. Xüsusilə qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfinən 10 may 2023-cü il tarixində apellyasiya şikayəti geri qaytarılarkən şikayətçi bundan artıq xəbərdar olmuşdur. Ona görə də, məhkəmə müddətin bərpası üçün göstərilən səbəbi üzrlü hesab etmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)- 147/2023 nömrəli qətnaməsinin qəbulundan artıq uzun müddət keçmişdir və bu müddət ərzində düzgün formada apellyasiya şikayəti verilməsi üçün kifayət qədər zaman olmuşdur.

10. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırmışdır ki, mülki iş apellyasiya məhkəməsindən rayon məhkəməsinə qayıtdıqdan sonra o, etibarnamənin surətini götürmək istədikdə ona bildirmişlər ki, işdə İddiaçı etibarnaməsi yoxdur. Ona görə də məcbur olub İddiaçı Rusiyadan gəlməsini gözləmişdir ki, etibarnamənin dublikatını alsın.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 26 iyul 2022-ci il tarixli, 2(010)- 147/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsini ilk dəfə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət daxilində mübahisələndirmiş, lakin şikayəti mülki-prosessual qanunvericiliyin formal tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilmişdir. Bundan sonra iddiaçı yenidən ümumi qaydada ərizə və şikayətlə çıxış etsə də, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.

16. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, elektron məhkəmə informasiya sistemində iddiaçı barəsində olan sərhədkeçmə məlumatlarından görünür ki, o həqiqətən 29 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisinə giriş etmişdir.

17. Belə olan halda, hazırkı prosessual hərəkət yalnız iddiaçının iradəsi ilə edilə bildiyindən, məhkəmə kollegiyası hesab edir ki, müddətin buraxılmasının səbəbi üzrlü hesab edilə, buraxılmış müddət isə bərpa edilə bilər.

18. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının ərizəsi təmin edilməli, buraxılmış prosessual müddət bərpa edilməli, şikayət təmin olunmalıdır (MPM-in 398.0.3cü maddəsi).

19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(010)- 147/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(010)- 147/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(010)- 147/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdeh İddiaçı münasibətdə bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar