Məhkəmə qərarları › İş №2(103)-5358/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5358/2025

22.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5358/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə (bundan sonra, cavabdeh) qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 aprel 2025ci il tarixli 111 saylı əmrinin ləğv edilməsi, işinə bərpa, məcburi boşdayanmaya və istifadə etmədiyi məzuniyyətə görə pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxx 1965- ci il tarixində anadan olmuş, istefada olan zabitdir. Ordu sıralarından tərxis olunduqdan sonra hərbi təşkilatlarda hərbi və mülki vəzifələrdə işləmişdir. İşində həmişə sədaqətlə və vicdanla çalışmışdır. O, 2023-cü ilin oktyabr ayında yeni yaranan və Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Bakı Hərbi Kollecində fiziki hazırlıq müəllimi kimi işə başlamış, lakin heç bir səbəb və əsas olmadan 28 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi ilə işdən azad edilməyi barədə 111 saylı əmr verilmişdir. İşdən azad olunmağı barədə əmr ona rəsmi olaraq 14 may 2025-ci il tarixdə təqdim edilmişdir. Uzun müddət bu sahədə işləməyi, işində sədaqətlə və qüsursuz xidmət etməyi nəzərə alınmamış, qərəzli və əsassız əmr verilmişdir. O, mediasiyaya müraciət etmiş, mediasiya prosesinin davam etdirilə bilməməsi arayışı almışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, tərəflər arasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq fiziki hazırlıq bölməsinə əsas iş yeri olmaqla müəllim vəzifəsinə işə qəbul edilərək 3 ay sınaq müddəti tətbiq olunmaqla 1 il müddətinə əmək müqaviləsi bağlanmış, müqavilənin müddətinin bitməsi ilə əlaqədar əvvəlcədən bildiriş verilməklə 28 aprel 2025-ci il tarixli 111 nömrəli əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsəsən xitam verilmiş, son haqq-hesab ödənilmişdir. İddiaçının işdən azad edilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri tam gözlənilmişdir. Bununla yanaşı, iddiaçı iddia müddətini ötürülməklə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işdən çıxarılma ilə bağlı əmrin qabaqcadan xəbərdarlıq edilmədən xx.xx.2025-ci il tarixdə verilməsi, lakin əmrin və digər sənədlərin uzun mübahisədən sonra xx.xx.2025-ci il tarixdə ala bilməsi və xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsi, məhkəmə tərəfindən mediasiyaya dair arayışın təqdim olunmadığından geri qaytarılması, daha sonra medisiyaya müraciət etdikdən sonra yenidən hazırkı tələblə məhkəməyə müraciət etməsi, nəticədə iddia müddətinin ötürülməməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 18 aprel 2025-ci il tarixdə kadrlarda qəbulda olmuş və ona əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar sənədi imzalatdırmışlar. O, bildiriş imzalasa da, əmək müqaviləsinə 28 aprel 2025-ci il tarixdə xitam veriləcəyini zənn etməmişdir. 28 aprel 2025-ci il tarixdə isə ona şifahi olaraq əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verildiyi bildirilmiş, lakin əmrin surəti verilməmişdir. Ona əmək kitabçası yalnız 14 may 2025-ci il tarixdə təqdim edilmiş, həmin gün əmri almışdır. Daha sonra, yəni 16 may 2024-cü il tarixdə kartına son haqq-hesab vurulmuş, 02 may 2025-ci il tarixdə aprel ayının əmək haqqısı, 19 may 2025-ci il tarixdə isə 211 manat əlavələr hesabına köçürülmüşdür. O, 16 may 2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin mediasiya prosesindən keçmədiyi üçün iddia ərizəsi qaytarılmışdır. O, 26 may 2025-ci il tarixdə 16 saylı Mediasiya Təşkilatına müraciət etmiş, bir neçə cəhddən sonra tərəflərin ilk görüşü 11 iyun 2025-ci il tarixdə baş tutmuş, görüşün nəticəsi müsbət olmamış, 18 iyun 2025-ci il tarixdə mediasiya rüsumunu ödəyərək arayış əldə etmişdir. Bundan sonra, 23 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, bir aylıq müddəti ötürmədən məhkəməyə müraciət etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmişdir. Eyni zamanda, əmək müqaviləsi müddətli olsa da, onun işlədiyi müddətdə hər hansı qüsuru olmamışdır. Bu səbəbdən də hesab edir ki, əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilməsi əsaslı olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddiaya qarşı yazılı etirazında göstərilənlərə, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə bağlanan müddətli əmək müqaviləsinin müddətinin uzadılmaması barədə iddiaçıya hələ 18 aprel 2025-ci il tarixdə rəsmi məlumat verilmiş, iddiaçı bu barədə bildirişi imzalamışdır. Bu səbəbdən də əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi qanuni olmuşdur. Əmr verildikdən sonra, yəni 02 may 2025-ci il tarixdə iddiaçının son haqq hesabı tam ödənilmiş, hər hansı borc qalmamışdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr 28 aprel 2025-ci il tarixdə qəbul edilmiş və elə həmin günü də iddiaçıya bu barədə şifahi məlumat verilmişdir. İddiaçı əmək kitabçasını 14 may 2025-ci il tarixdə rəsmi qaydada almışdır. İddiaçının son haqq-hesabı 02 may 2025-ci il tarixdə əmək haqqları köçən gün köçürülmüşdür. Hətta iddiaçının məzuniyyət pulu artıqlaması ilə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 26 aprel 2024-cü il tarixli müddətli əmək müqaviləsinin bağlanması, iddiaçının 1 il müddətinə fiziki hazırlıq bölməsinin müəllimi vəzifəsinə işə qəbul edilməsi, əmək müqaviləsinin müddətinin 26 aprel 2025-ci il tarixdə bitməsi və müddətin uzadılmaması barədə iddiaçıya 10 aprel 2025-ci il tarixli bildirişin təqdim olunması (iddiaçı həmin bildirişlə 18 aprel 2025-ci il tarixdə rəsmi qaydada tanış olmaqla, bu barədə müvafiq siyahını imzalamışdır), cavabdehin xx.xx.2025-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qutarması) xitam verilməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan sübutlara və tərəflərin izahatlarına əsasən – əmək kitabçası 14 may 2025-ci il tarixdə rəsmi qaydada iddiaçıya təqdim olunmuş, son haqq hesab isə 2025-ci ilin may ayında iddiaçının bank hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək müaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bundan əlavə iş materiallarında olan X4 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00708 saylı arayışdan da görünür ki, iddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2025-ci il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən 37 gün sonra müraciət etmişdir. Odur ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, iddiaçı isə mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı həmin əmrdən çıxarıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə məlumatlı olmuş, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra (7 gün) iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən və hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, işçi həqiqətən qanunla müəyyən olunmuş iddia müddəti ərzində məhkəməyə müraciət etməklə barəsində olan müvafiq əmrin qanuniliyini mübahisələndirməkdə haqlıdır. Əks halda, yəni əmrin qanuniliyindən asılı olmayaraq, müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır. İddiaçı hazırki iddia tələbində cavabdehin 28 aprel 2025-ci il tarixli əmrini mübahisələndirmiş, lakin cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərərək iddiaçı tərəfindən məhkəməyə müraciət üçün iddia müddətinin buraxıldığını qeyd etmiş, bu səbəbdən də mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ƏM-in 296-cı maddəsinə əsasən məhkəmə müraciət üçün hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı). Qeyd edilməlidir ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi məsələsinə hüquqi qiymət verilməli, yalnız bundan sonra (iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadıqda və ya müddətin ötürülməsinin səbəbləri üzrlü sayıldıqda) iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal, ƏM-nin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi də ilkin olaraq iddia müddəti ilə bağlı məsələnin yoxlanımasını ehtiva edir. Əks halda, yəni məhkəmə iddia müddətinin üzrsüz səbəblərdən ötürülməsi qənaətinə gəldikdə, mübahisəsinin mahiyyətini araşdırmadan iddianı qeyd edilən əsasla rədd etməlidir. Birinci instansiya məhkəməsi isə bir tərəfdən iddia müddətinin keçməsi, digər tərəfdən isə iddianın mahiyyəti üzrə əsassız olmasını qeyd etməklə ziddiyyətli nəticəyə gəlmişdir. İddia müddətinin keçməsini qeyd edərkən, birinci instansiya məhkəməsi müddətin əvvəlini əmrin qəbul edildiyi 28 aprel 2025-ci il tarixdən hesablamış, bunu iddiaçının həmin tarixdə əmrdən məlumatlı olması ilə əsaslandırmışdır. Lakin, işdə olan sübutlardan, eləcə də tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh əmrin surətini (eləcə də, ƏM-in 296-cı maddəsində göstərilən digər sənədləri) 28 aprel 2025-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsinin izahatından və təqdim olunmuş sübutlardan açıq-aşkar müəyyən olunur ki, əmək kitabçası iddiaçıya yalnız 14 may 2025-ci il tarixdə rəsmi qaydada təqdim olunmuş, iddiaçı bu barədə müvafiq sənədi (əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabı) imzalamışdır. İddiaçının özü də əmrin surətinin məhz 14 may 2025-ci il tarixdə ona təqdim olunduğunu bildirmiş, cavabdehin nümayəndəsi isə bunun əksini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası əmrin (əmək kitabçasının) 14 may 2025-ci il tarixdə iddiaçıya təqdim olunması nəticəsinə gəlir. İddiaçının işdən azad olunmasından şifahi olaraq 28 aprel 2025-ci il tarixdə məlumatlı olması isə vəziyyəti dəyişdirmir. Çünki, yuxarıda da qeyd edildiyi kimi – işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - ona müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür (ƏM-in 296-cı maddəsi.) Yəni, qanunverici işçinin sadəcə şifahi olaraq məlumatlandırılmasını onun hüququnun pozulmasının aşkar edildiyi gün kimi müəyyən etməmiş, işəgötürənin üzərinə müvafiq hərəkətlərin yerinə yetirilməsi vəzifəsini qoymuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddiaçının mediasiya təşkilatına 05 iyun 2025-ci il tarixdə müraciət etməsini qeyd etmişdir. Halbuki, işdə belə bir sübut mövcud olmamış (mediasiya arayışında 05 iyun 2025-ci il tarixi – tərəflərə göndərilən bildirişin tarixi kimi qeyd olunmuşdur), məhkəmə isə bu halın dəqiqləşdirilməsi üçün tərəflərə əlavə sübutların təqdim olunmasını təklif etməmiş, məsələni müvafiq mediasiya təşkilatı ilə dəqiqləşdirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Bakı 16 saylı Mediasiya Təşkilatının 21 oktyabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə onunla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kolleci ilə yaranmış əmək mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi üçün Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Tərəflər arasında mübahisə ilə bağlı ilkin mediasiya sessiyasının keçirilmə vaxtı xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin olunmuş, nəticədə “X4n sonra prosesi davam etdirə bilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00708 saylı arayış verilmişdir. Arayış xx.xx.2025-ci il tarixdə İddiaçı rəsmi qaydada (arayışın əslinin alındığı barədə qeyd yazılmaqla) təqdim edilmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçı 14 may 2025-ci il tarixdə ona əmək kitabçası və əmrin surəti rəsmi qaydada təqdim olunduqdan 13 gün sonra mediasiya təşkilatına müraciət etmiş, bununla da iddia müddətinin axımı dayanmış, “X4n sonra prosesi davam etdirə bilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00708 saylı arayışı aldıqdan sonra isə növbəti 5 gün ərzində, yəni 23 iyun 2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürməmişdir. Hətta, iddiaçıya son haqqı hesabın 2025-ci ilin may ayının 2-i və ondan sonrakı günlərdə ödənilməsi halını da nəzərə alsaq belə yenə də müvafiq iddia müddətinin ötürülməsi müəyyən edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi nəticəsi gəlinməsi əsaslı və qanuni olmamışdır. Belə olan halda iddiaya məhz mübahisələndirilən əmrin qanuniliyi baxımından mahiyyəti üzrə hüquqi qiymət verilməklə mübahisə həll oluna bilər. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. ƏM-nin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ƏM-nin 73-cü maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab olunur ki, əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməmiş olsun və ya müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmiş olsun (sonuncu halda, müqavilə müddətsiz əmək müqaviləsi hesab edilir). Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya qanunvericiliyin tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsi və onun uzadılmayacağı barədə azı həftə qalmış müvafiq bildiriş təqdim olunmuş və sonuncu 18 aprel 2025-ci il tarixdə onunla tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir (iddiaçı bu halı təsdiq edərək, mübahisələndirməmişdir). 28 aprel 2025-ci il tarixdə (26 aprel 2025-ci il tarixi həftənin şənbə gününə (qeyri-iş gününə) təsadüf etdiyindən, ondan sonra gələn ilk iş günü 28 aprel 2025-ci il tarixi olmuşdur) isə iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləyə xitam verilmişdir. Göründüyü kimi, müddətli əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, dəlillərini əsasən işlədiyi müddətdə əmək funksiyalarını düzgün yerinə yetirməsi, hər hansı pozuntuya yol verməməsi, əksinə yazılı təşəkkürlər alması istiqamətində olmuşdur ki, qeyd edilən hallar özü-özlüyündə işəgötürənin müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsi hüququnu aradan qaldırmır. İddiaçının digər dəlili – əmək müqaviləsinə xitam verildikdən sonra ödənilməli məbləğlərin (məzuniyyət pulu) ödənilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili də əmrin qanunsuz olmasını ehtiva etmir. Belə ki, ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi dəqiq olaraq qanunvericilikdə təsbit edilmişdir. Lakin, həmin qaydaya riayət olunmaması yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati xəta pozuntusu hesab olunacağı təqdirdə inzibati məsuliyyət üçün əsas ola bilər. Belə ki, işçiyə son haqq hesab ödənişlərinin gecikdirilməsi yalnız hesablaşma əməliyyatlarının vaxtında aparılmaması kimi dəyərləndirilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız olmasını şərtləndirən hal kimi qiymətləndirilməməlidir. Halbuki, işdə olan sübutlardan (əmrlər, maliyyə arayışı, 2024-cü ilin may ayından 2025-ci ilin may ayınadək pul ödənişləri haqqında məlumat vərəqəsi, məzuniyyət pulunun ödənilməsi barədə açıqlama və s.) görünür ki, iddiaçıya işlədiyi müddətdə məzuniyyət pulu, son haqq hesab hesablanaraq müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının özü də izahatlarında 2025-ci ilin may ayında müvafiq pul vəsaitlərinin onun hesabına (kartına) ödənilməsini inkar etməmişdir. Bununla yanaşı, iddiaçı məzuniyyətlə bağlı pul tələbini də əsaslandıra bilməmişdir (yuxarıda da qeyd edildiyi kimi, işdə olan sübutlara əsasən - iddiaçıya məzuniyyət hüququ ilə bağlı müvafiq pul vəsaiti hesablanaraq ödənilmişdir). Göründüyü kimi, cavabdeh müddətli əmək müqaviləsinin müddətinin qurtarması əsayuxarıfda da sı ilə əmək müqaviləsinə xitam verməkda haqlı olmuş, əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən olunmamış, iddiaçıya müvafiq ödənişlər tam ödənilmiş, sonuncu bunun əksini əsaslandıra və sübut edə bilməmişdir. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia tələbi qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 386, 393 və 405.0.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4085/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar