Məhkəmə qərarları › İş №2(103)-536/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-536/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-536/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(008)- 344/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27 noyabr 2017-ci il tarixli 108850-450412/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc – 9070,57 manat, əsas borca hesablanmış faiz borcu – 703,04 manat olmaqla, cəmi – 9773,61 manat məbləğində borcun, 27 noyabr 2017-ci il tarixli 108875-450267/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc – 20520,31 manat, əsas borca hesablanmış faiz borcu – 2719,39 manat olmaqla, cəmi – 23239,70 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,043 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə (ümumi sahə 193,2 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0,043 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evindən (ümumi sahə 193,2 kv.m) çıxarılmaları və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(008)-344/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, torpaq sahəsinə və mənzilə qoyulan qiymətlər onların real dəyərindən qat-qat aşağıdır. Mənzilin real qiyməti 280000-300000 manat aralığındadır. Mənzilin təmirinə təxminən 300000 manat məbləğində xərc çəkmişdir. Mütəxəssis tərəfindən qiymətləndirmə isə mənzilə baxış keçirilmədən aparılmışdır. Məhkəmə prosesi isə onun iştirakı olmadan keçirilmiş və öz hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(008)-344/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2017-ci il tarixli 108850-450412/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2017-ci il tarixli 108875-450267/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24% olmaqla, 30000 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 27 noyabr 2017-ci il tarixli 108875-450267/1 nömrəli ipoteka müqaviləsi imzalanmış və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,043 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində onun banka olan borcu 27 noyabr 2017-ci il tarixli 108850-450412/1 nömrəli kredit müqaviləsi üzrə 9070,57 manat əsas borc, 703,04 manat faiz borcu, 27 noyabr 2017-ci il tarixli 108875-450267/1 nömrəli kredit müqaviləsi üzrə 20520,31 manat əsas borc, 2719,39 manat faiz borcu təşkil edir. “xxxx” MMC tərəfindən tərtib edilən H/02-PLS nömrəli 22 oktyabr 2019-cu il tarixli hesabatda Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Bakıxanov küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin bazar qiymətinin 95000 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh1 apellyasiya şikayətində qeyd olunan xüsusatın yoxlanılması məqsədilə apellyasiya icraatı zamanı ipoteka predmeti olan mənzilin likvid qiymətinin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Bakıxanov küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin likvid qiyməti 110000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka predmetinin ilkin satış qiyməti 27 noyabr 2017-ci il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 90000 manat müəyyən edilmiş, həmin müqaviləni Cavabdeh1 da imzalamışdır. Birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən fərdi yaşayış evinin bazar qiyməti 95000 manat müəyyən edilmiş, məhkəmə qətnaməsində də daşınmaz əmlakın qiyməti həmin məbləğdə müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı verilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin likvid qiyməti 110000 manat təyin edilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin likvid qiymətinin 110000 manat müəyyən edilməsi daha ağlabatandır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə qətnamə həmin hissədə dəyişdirilməlidir. Cavabdeh1 ipoteka predmeti olan mənzilin real qiymətinin 280000-300000 manat olmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, 27 noyabr 2017ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən mənzilin likvid dəyərinin 90000 manat olması ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apellyatorun arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına, yəni rəsmi qeydiyyatda olduğu ünvana bildirişlər göndərilməsi, həmin ünvanda olmaması səbəbindən bildirişlərin ona çatmaması müəyyən olunur. Bu halda məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(008)-344/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 110000 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar