Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5373/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və məişət əşyalarının qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddaçıya məxsus qızıl-zinət və cehiz əşyaları cavabdehdən alınaraq iddaçıya qaytarılsın, əşyaların naturada qayarılması mümkün olmadıqda dəyəri ödənilsin. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, ümumi dəyəri 5.711 manat olan, aşağıda sadalanan 4 adda qızıl-zinət əşyası cavabdehdən alınaraq iddiaçıya qaytarılsın, həmin əşyalardan hər hansı biri mövcud olmadıqda dəyəri ödənilsin: 1) sırğa, çəkisi 5,36 qram, 750 əyarlı, dəyəri 536 manat; 2) komplekt şəklində boyunbağı və qolbağ, çəkisi 30,0 qram, 750 əyarlı, İtalya istehsalı, dəyəri 3.000 manat; 3) nişan üzüyü, çəkisi 6,75 qram, 750 əyarlı, dəyəri 675 manat; 4) komplekt üzük-sırğa dəsti, çəkisi 15 qram, 750 əyarlı, dəyəri 1.500 manat. İddianın qalan hissəsi rədd edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, şikayətin ümumi məzmunundan görünür ki, cavabdeh qətnamənin bir hissəsindən – iddianın təmin edilməsinə aid hissəsindən narazıdır. Ona görə də hesab olunur ki, iddiaçı qətnamənin həmin hissəsini mübahisələndirib. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər keçmiş ər-arvaddır, onların nikahı xx.xx.2012-ci ildə bağlanıb, xx.xx.2021-ci il tarixli qətnamə ilə pozulub, bir uşaqları var. Tərəflər birlikdə eyni mənzildə yaşayıblar, 2019-cu ildə münasibətləri pozulduğuna görə iddiaçı həmin mənzili tərk edərək valideynlərinin evinə gedib. Qızıl-zinət əşyalarının mövcudluğu, iddiaçıya məxsusluğu və əks tərəfin sahibliyində olan mənzildə qalması sübut olunur. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. İddiaçının daha əvvəl qızıl-zinət əşyalarının qayınanasında olduğunu bildirməsi, cavabdehə (keçmiş ərinə) qarşı verdiyi, həmin əşyaların qaytarılması barədə tələbin rədd edilməsinə əsas ola bilməz. Çünki qızıl-zinət əşyaları iddiaçının əvvəl yaşadığı mənzildə qalıb, mənzil həm də cavabdehin sahibliyindədir, iddiaçının keçmiş qayınanası vəfat edib. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, mənzilə sahiblik edən cavabdeh mənzildə qalmış qızıl-zinət əşyalarına da sahiblik edir. Əşyaların dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəmə həmin qızıl-zinət əşyalarının naturada qaytarılmasını, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5373/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5373/2023
15.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver