Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5385/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC, Lənkəran rayon İcra şöbəsinə qarşı “hərrac nəticələrinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(005)-1446/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC, Lənkəran rayon İcra şöbəsinə qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Digah kəndində olan 0.68 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına və emal sexinə yönəldilmiş və Cavabdeh3 ASC tərəfindən öz balansına keçirilmiş qeyri-yaşayış sahəsi barədə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “MuğanBank" ASC cavabdeh "xxxx" MMC və İddiaçı qarşı borcun ödənilməsi, tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və Lənkəran Rayon Məhkəməsinin 29 mart 20419-cu il tarixli 2(049)-422/2019 saylı qətnaməsi ilə iddianı qismən təmin etmiş, cavabdeh "xxxx" MMC-dən “MuğanBank" ASC-nin xeyrinə 01 may 2013-cii il tarixli 7080/SKMF nömrəli kredit müqaviləsinin müddəti bitdiyi tarixə banka əsas borc üzrə 1395116.12 manat, faiz borcu 237292.39, cərimə 115704,50 manat, cəmi 1748113,01 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulması, tələbin "xxxx" ASC ilə onun arasında bağlanan 01 may 2013-cü il tarixli 7080/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 166 nömrəli vərəqində qeydiyyata alınmış Lənkəran rayonu, Digah kəndində olan 0,68 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına və emal sexinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş həmin mənzilin hərracda ilkin satış qiyməti ******* manat müəyyən edilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh "xxxx" MMC-nin banka olan borcunun ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(149)-422/2019 saylı qətnaməsi ona 04 oktyabr 2019-cu ildə rəsmi qaydada verilmiş və 04 noyabr 2019-cu ildə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi üçün apellyasiya şikayəti Lənkəran Rayon Məhkəməsinin dəftərxanasına rəsmi təqdim olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(149)-422/2019 saylı qətnaməsinin icrasını və hərracın dayandırılması barədə qərar qəbul edib, bu barədə rəsmi məlumat verilməsini xahiş etmiş və bu barədə o, 06 noyabr 2019-cu il tarixdə 1042 saylı məktub göndərmişdir. Həmin məktubdan sonra 02 dekabr 2019-cu il tarixdə hərracın dayandırılması barədə rəsmi məlumat vermişdir. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(149)- 422/2019 saylı qətnaməsindən verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsi 14 yanvar 2020-ci il tarixdə baxacaqdır, lakin, məlum olmuşdur kiŞ 29 noyabr 2019-cu il tarixdə heç bir rəsmi məlumat vermədən 2-ci hərrac keçirilmişdir. Bununla əlaqədar olaraq təkrarən rəsmi müraciət olunmuş və sənədlərdən görünür ki, 29 noyabr 2019-cu il tarixdə 1501 saylı məktubla "xxxx" ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif olunmuş və təkrarən cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X1 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə sorğu verilərək aradan 2 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh "MuğanBank” ASC-nin təklifə münasibəti soruşulmuş, 07 fevral 2020-ci il tarixdə 364 saylı məktubla bildirilib ki, Lənkəran rayonu, Digah kəndində yerləşən qeyri-yaşayış binası üzrə hərrac keçirilmiş və Cavabdeh3 ASC əmlakı öz balansına keçirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(005)- 1446/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuzdur. Hərrac cavabdehlərin kobud qanun pozuntusu nəticəsində keçirilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır və hələ qanuni qüvvəyə minməmişdir. Cavabdehlər Şirvan Apelyasiya Məhkəməsini və Ali Məhkəmənin qərarını gözləmədən hərrac keçirmişlər. O cəzacəkmə müəssisəsində olmasına baxmayaraq, ona heç bir rəsmi məlumat verilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli 2(103)- 1155/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(005)-1446/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli 2(102)-2447/2022 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1155/2021 nömrəli 11 fevral 2022ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(049)-422/2019 nömrəli qətnaməsindən xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti verərkən həm məhkəməyə, həm icra məmuruna, həm də hərrac təşkilatına göstərilən qətnamənin icrasının dayandırılmasını xahiş etsə də, bu baş verməmiş və nəticədə hərrac təşkilatı qanunsuz olaraq iki dəfə hərrac keçirdikdən sonra, hərracların baş tutmaması səbəbilə iddiaçıya məxsus əmlakı xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almayan qətnamə əsasında banka satmışdır. İddiaçı cəzaçəkmə müəssisəsində olduğu üçün ona heç bildiriş çatmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Hazırda baxılan işdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən icraya yönəldilmişdir. Bundan başqa, hərrac təşkilatına sifarişin “İcra haqqında” qanunun tələblərinə uyğun tərtib olunması barədə tələb (“İcra haqqında” Qanunun 41.3-cü maddəsi) də, sifariş verilənədək zəruri qaydalara riayət olunmasını, yəni qətnamənin qanuni qüvvəyə mindikdən sonra sifarişin verilməsini ehtiva edir. İşə baxmış məhkəmə bu halları nəzərə almamış, qətnamənin hansı tarixdə icraya yönəldilməsi, hansı tarixdə apellyasiya şikayəti verilməsi, əgər qətnamə icraya yönəldildikdən sonra apellyasiya şikayəti verilmişdirsə, o halda nəyə görə icra sənədi üzrə icraatın dayandırılması barədə tədbirlər görülmədiyi araşdırılmamışdır. Bu halları iş materialları ilə də müəyyən etmək mümkün deyildir. İddiaçı aşağı instansiyası məhkəmələrində qətnamənin qanuni qüvvəyə minmədiyi halda qətnamənin icra olunduğuna istinad etməklə hərracın nəticələrinin qanunsuz olduğunu bildirsə də, məhkəmələr bu dəlilə qiymət verməmişdir. Bundan başqa, hərracın keçirildiyi tarixlər barədə tərəflərə bildirişlərin göndərilməsi haqqında məhkəmələrin mövqeyi, hazırki işin hallarında, iddianın rədd olunması üçün birmənalı əsas sayılmır. Çünki mülki işin 38- 39-cu səhifələrində olan xx.xx.2018-ci il tarixli etibarnamələrin surətlərindən görünür ki, iddiaçı həmin etibarnaməni Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində vermişdir və etibarnamə müddəti xx.xx.2023-cü ilədək müəyyən olunmuşdur. Hərrac keçirilən zaman iddiaçının həbsdə olması və ya qeydiyyatda olduğu ünvanda yaşaması iş materiallarından müəyyən olunmur. Halbuki, bu hal, hərracın keçirilməsi barədə məlumatlandırmanın müəyyən edilməsi və bu baxımdan iddianın düzgün həlli üçün əhəmiyyətlidir.” Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. İş üzrə müəyyən olunmuş hallar aşağıdakılardır. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(049)-422/2019 nömrəli qətnaməsi ilə iddiaçı “MuğanBank" ASC-nin cavabdeh “AMB Holding’" MMC və İddiaçı qarşı iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən Cavabdeh3 ASC-nin xeyrinə 01 may 2013-cü il tarixli 7080/SKMF nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.395.116,12 manat, faiz borcu 237.292,39 manat, cərimə 115.704,50 manat olmaqla, cəmi 1.748.113,01 manat kredit borcunun və 02 aprel 2015-ci il tarixli, 7080 B nömrəli kredit müqaviləsi üzrə əsas borc 675.000 manat, faiz borcu 59.175 manat, cərimə borcu 29.654 manat olmaqla, cəmi 763.829 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus, Lənkəran rayonun Digah kəndində olan 0,68 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına, emal-sexinə yönəldilməsi, həmin mənzilin hərracda ilkin satış qiymətinin 1.591.000 manat müəyyənləşdirilməklə, açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh "xxxx" MMC-nin banka olan borcunun ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə icraya yönəldilmiş, icra məmuru xx.xx.2019-cu il tarixdə “icraata başlama haqqında” qərar qəbul etmiş və icra məmuru xx.xx.2019-cu il tarixli məktubla hərracın keçirilməsini "xxxx" MMC-nə sifariş vermişdir. Lənkəran Rayon Məhkəməsinin qeyd edilən qətnaməsinin surəti xx.xx.2019-cu il tarixdə İddiaçı rəsmi qaydada təqdim edilmiş, xx.xx.2019-cu il tarixdə isə həmin qətnamədən sonuncu tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı vəkili Vəkil xx.xx.2019-cu il tarixli məktubla Lənkəran rayon İcra şöbəsinə müraciət edərək qətnamədən apelyasiya şikayəti verildiyi bildirərək, qətnamənin icrasının və hərracın dayandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda "xxxx" MMCyə də müvafiq məzmunlu məktub göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclar baş tutmamışdır. “Birja Yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli məktubla “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 1.014.262,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuş və həmin 29 noyabr 2019-cu il tarixdə də (saat 11:30) hərracın yekunları barədə 76/01 saylı protokol tərtib olunmaqla "xxxx" ASC əmlakı qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(106)-406/20 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(3691)-3691/2020 tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən icraya yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2-ci maddəsində dərhal icra edilməli olan qətnamələr kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr, habelə məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələrdən bəhs olunur. “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə görə icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Qanunun 9.1-ci maddəsinə görə icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Qeyd edilən maddələrdən məzmunundan aydın olur ki, məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Qətnamənin icra edilməsi üçün onun qanuni qüvvəyə minməsi əsas şərtdir. Qanuni qüvvəyə minməmiş qətnamənin icra olunması yolverilməzdir. Baxılan iş üzrə qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əməl edilməmişdir. Qətnamə qanuni qüvvəyə minməmiş icraya yönəldilsə də məhkəmə apelyasiya şikayətinin verilməsi və baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərildiyi halda icra sənədi üzrə icraatın dayandırılması barədə icra şöbəsinə məlumat verməli idi, lakin məhkəmənin məlumat verməsi hazırki işdən müəyyən olunmur. Bundan başqa, “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə tərəfindən məlumat verilməmiş olsa belə icraat icra məmuru tərəfindən dayandırılmalı idi. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, hərrac İddiaçı hüquqları pozulmaqla keçirilmişdir. Qanuni qüvvəyə minməmiş qətnamə üzrə icra hərəkətlərinin keçirilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, təkrar hərracın baş tutmaması barədə məlumat «Birja yenilikləri» qəzetinin xx.xx.2019-cu il tarixli buraxılışında dərc olunduğu və ipoteka predmeti tələbkar banka xx.xx.2019-cu il tarixli məktubla təklif olunduğu halda, həmin əmlak elə həmin gün saat 11:30-da hərracın yekunları barədə 76/01 saylı protokol tərtib olunmaqla "xxxx" ASC-yə satılmışdır ki, bu da satışın (hərrac prosedurunun) qanuni keçirilməsini ciddi şübhə altına alır. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hmin Məcəllənin 416.2-ci maddəsinə görə isə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Birinci instansiya məhkəməsi tərəfindən isə sadalanan hallar nəzərə alınmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2020 saylı iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Lənkəran rayonu, Digah kəndində olan 0.68 ha torpaq sahəsi ilə birlikdə qeyriyaşayış binası və emal sexinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5385/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5385/2022
27.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver