Məhkəmə qərarları › İş №2(103)-5397/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5397/2021

18.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5397/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2021-ci il tarixli qətnamədən cavabdeh MMCnin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və iddiaçının vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh MMC tərəfindən ona intizam tənbehi verilməsi barədə 11.11.2020-ci il tarixli, T-03 nömrəli və əmək müqaviləsinə xitam verilməsi barədə 19.11.2020-ci il tarixli, X-21 nömrəli əmrlərinin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması, cavabdeh MMC-dən məcburi olaraq işsiz qaldığı dövr üçün əmək haqqının və mənəvi zərərə görə 20.000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, əmək müqaviləsi əsasında 03.09.2018-ci il tarixdə MMC-yə ibtidai siniflərdə ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuş və bu müddət ərzində ibtidai sinif müəllimliyi ilə yanaşı siniflər üzrə qrup rəhbərliyi vəzifəsini də icra etmişdir. Məktəbin direktoru F.Banchini iddiaçıya 3-cü siniflərdə qrup rəhbərliyindən çıxarıldığını və qiymətləndirmə hesabatını gecikdirdiyi üçün töhmət veriləcəyini bildirmişdir. F.Banchini demək olar ki, işə başladığı vaxtdan etibarən iddiaçının bilmədiyi səbəbdən qərəzli münasibət bəsləmişdir. Daha sonra X2 əməkdaşı Suğra İbrahimova iddiaçıya zəng edərək onu öz otağına çağırmış və qiymətləndirmə hesabatını gecikdirdiyi üçün töhmət verildiyini bildirmişdir. S.İbrahimova iddiaçıya ikinci dəfə şiddətli töhmət veriləcəyini və bununla da kompensasiya ödəmədən işdən çıxarıla biləcəyini bildirmişdir. Daha sonra iddiaçıya qiymətləndirmə hesabatını gecikdirdiyinə görə töhmət verilmişdir. Bundan bir neçə gün sonra X2 əməkdaşı iddiaçını çağıraraq direktorla sonuncu dəfə olan məsələlərə görə izahat verməsini tələb etmiş, iddiaçı izahatı yazaraq elektron poçt vasitəsilə X4 göndərmişdir. İddiaçı 11.11.2020-ci il tarixdə X4 dəvət edilərək direktorla danışığına görə töhmət verildiyi bildirilmiş və “üç tərəfli iclasın gedişatına mane olduğu və bununla iclasın baş tutmamasına görə davranış qaydalarının 3 və 4-cü maddəsini” pozduğu səbəb göstərilərək töhmət verilmişdir. Həmin əmrin də surətini almışdır. X2 əməkdaşlarına bu töhmətlə razı olmadığını dedikdə, məhkəməyə müraciət edə biləcəyini bildirmişlər. Bundan sonra 19.11.2020-ci il tarixdə X2 əməkdaşı S.İbrahimova tərəfindən elektron poçt vasitəsilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi və məktəbə aid avadanlığı təhvil verməsi bildirilmişdir. İddiaçı avadanlığı təhvil vermiş və əmək kitabçasını almışdır. Cavabdeh MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verməsinə baxmayaraq iddiaçı ilə edilən son haqq-hesab əmək haqqı kartına 20.11.2020-ci il tarixdə köçürmüşdür. Həmçinin, əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabın hansı formada və necə hesablanması barədə iddiaçının məlumatı yoxdur. Bununla birlikdə, MMC tərəfindən iddiaçının peşakarlıq səviyyəsinin ölçülməsi üçün hər hansı attestasiya keçirilməmişdir. Bütün bu yuxarıda yazılanlardan da göründüyü kimi əmək müqaviləsinə qərəzli olaraq əsassız xitam verilmiş, iddiaçının işdən çıxarılması məktəbin direktoru F.Banchini ilə aralarında yaranmış intriqa ilə bağlı olaraq sonuncunun göstərişi əsasında həyata keçirilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MMC-nin 11.11.2020-ci il tarixli, T-03 saylı və 19.11.2020-ci il tarixli, X-21 saylı əmrlərinin ləğv edilməsini, iddiaçının “ibtidai siniflərdə ingilis dili müəllimi” vəzifəsində işə bərpa edilməsini, 19.11.2020-ci il tarixdən qətnamə icra edilən müddətə iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi dövrdə nizam intizam qaydalarını pozmuş, ona intizam tənbehi tətbiq olunmuş, lakin iddiaçı bundan nəticə çıxarmamış və bu səbəbdən də, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə deyil, "xxxx" bəndi ilə xitam verilmişdir. İddiaçının içdən azad olunması qanuni əsasla həyata keçirilmiş, lakin işə baxmış Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermişdir. Cavabdeh MMC Məhkəməyə müraciət edərək bildirmişdir ki, onun nümayəndəsi olan vəkili başqa məhkəmənin icraatında olan işin baxılmasında iştirak etdiyi üçün hazırki iş üzrə təyin edilmiş apellyasiya baxışı iclasında iştirak edə bilməyəcək. Buna görə də, apellyasiya baxışı iclasının başqa tarixə təxirə salnmasını xahiş edir. Məhkəmə, cavabdeh MMC-nin müraciətinin təmin edilərək, apellyasiya baxışı iclasının təxirə salınması üçün əsas tapmamışdır. Belə ki, MMC-nin hər hansı bir vəkil ilə bağladığı “Hüquqi yardımın göstərilməsi barədə müqavilə” və ya həmin müqavilə əsasında verilmiş "xxxx" Məhkəməyə təqdim edilməmişdir. MMC, vəkil ilə “Hüquqi yardımın göstərilməsi barədə müqavilə” bağlayıbsa da, həmin vəkilin başqa iş üzrə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edəcəyini təsdiq edə biləcək sübutlar da (məsələn: məhkəmə bildirişinin əsli və ya surəti və sair) Məhkəməyə təqdim edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, hüquqi şəxs olan cavabdeh MMC apellyasiya baxışı iclasında təmsil olmaq arzusunda idisə onda MMC apellyasiya baxışı iclasında başqa nümayəndəsinin və ya qanuni təmsilçisinin iştirakını təmin edə bilərdi. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, işə MMC-nin iştirakı olmadan baxılması mümkündür. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın bir qismi təmin edilməsə də, iddiaçı iddianın bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinin məzmunundan isə görünür ki, MMC qətnaməni iddianın təmin olunan hissəsini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya baxışının predmeti olan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 07.09.2013-cü il tarixdə iddiaçının adına açılmış ******* nömrəli "xxxx" görünür ki, o, MMC ilə aralarında bağlanmış "xxxx" əsasında 03.09.2018-ci il tarixdə MMC-yə ibtidai siniflərdə ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. MMC üzrə verilmiş 11.11.2020-ci il tarixli, T-03 nömrəli əmrdən görünür ki, rəhbərlik tərəfindən keçirilən üç tərəfli iclasın gedişatına iddiaçı mane olmuş və bu səbəbdən iclasın baş tutmamışdır. İddiaçı davranış qaydalarının 3 və 4-cü maddəsini pozduğuna görə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən töhmət verilmişdir. İddiaçının "xxxx" MMC tərəfindən edilmiş qeyddən görünür ki, iddiaçı ilə bağlanmış "xxxx" MMC-nin 19.11.2020-ci il tarixli, X-21 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Apellyasiya şikayətində MMC, onunla iddiaçı arasında bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə deyil, "xxxx" bəndi ilə xitam verildiyini bildirsə də, iş materiallarından görünür ki, MMC bu barədə işə baxmış Rayon Məhkəməsində mövqe nümayiş etməmiş, bu barədə hər hansı sübutu Rayon məhkəməsinə təqdim etməmişdir. Hətta MMC-nin nümayəndəsi (vəkili) X1 Rayon Məhkəməsinə verdiyi izahatında aşağıdakıları bildirmişdir: (məhkəmə iclas protokolunda olduğu kimi) “İddiaçı sosial şəbəkələrdə bir qədər aktiv olması, Vətən Müharibəsi zamanı rəhbərliyə qarşı xoşagəlməz iradların tutulması və digər xoşagəlməz hadisələrdən sonra mübahisə başlamış rəhbərliknən. Daha sonra rəhbərlik göstəriş verib ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi ilə işdən çıxarılsın. Sentyabrın 1 İddiaçı əmək müqaviləsinin müddəti bitir. Hazırda təklifimiz ondan ibarətdir ki, işdən çıxarılma əsasları ilə, öz ərizəsi ilə çıxmasını bərpa etməyə hazırıq və sentyabr ayının 1-nə qədər nə kompensasiya düşürsə ödəməyə rəhbərlik hazırdır, lakin bir şərtlə ki İddiaçı üzərinə öhdəlik götürsün ki, həm məktəbin adın, həm də eyni zamanda rəhbərliyin adını KİV hər hansı bir xoşagəlməz məqalələrin yazılmasına yol verməyəcək. Hazırda İddiaçıla barışıq sazişi bağlamağa razıyıq”. Göründüyü kimi, MMC ilə iddiaçı arasında bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə deyil, "xxxx" bəndi ilə xitam verilməsi barədə mövqe, artıq Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra yaranmışdır. Müzakirə edilən məsələ ilə bağlı Məhkəmə bildirir ki, MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). MPM-nin 371-ci maddəsinin tələbinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-nin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayətində ifadə edilmiş dəlil yeni sübut və faktla bağlı olduğundan, bu dəlilin məhz apellyasiya baxışı zamanı verilməsi mümkün olması cavabdeh MMC tərəfindən əsaslandırılmadığından, dəlil apellyasiya araşdırılmasının predmeti ola bilməz. Qəbul edilməlidir ki, MMC, onunla iddiaçı arasında bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir. Yuxarıda göstərilənləri, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını nəzərə alaraq mövcud mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: “a”) tərəflərdən birinin təşəbbüsü; “b”) əmək müqaviləsinin müddətinin qurtarması; "xxxx") əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; "xxxx") müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); “d”) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: “a”) müəssisə ləğv edildikdə; “b”) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; "xxxx") peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; "xxxx") işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; “d”) sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; “e”) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə görə, əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, ləğv edilə bilər. Maddənin “Qeyd” hissəsinə görə, bu maddənin "xxxx" bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi qanunsuz olmuşdur. Çünki müvafiq icra hakimiyyəti orqanının iddiaçının ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olmaması ilə bağlı qərarı (rəyi) mövcud deyil. Başqa sözlə qəbul edilməlidir ki, işəgötürən olan cavabdeh MMC işçi olan iddiaçıya münasibətdə qərəzli olmuşdur. Bu hal müəyyən edildiyindən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh MMC tərəfindən iddiaçıya intizam tənbehinin verilməsi barədə 11.11.2020-ci il tarixli və iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə 19.11.2020-ci il tarixli əmrləri ləğv etməkdə, iddiaçını işinə bərpa etməkdə və məcburi iş buraxma müddəti üçün əmək haqqının MMC tərəfindən iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar