Məhkəmə qərarları › İş №2(103)-5434/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5434/2024

29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5434/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı zəbt edilmiş evin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(010)-27/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli, 706 №-li sərəncamına əsasən Abşeron rayonunun X21 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 1,5 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.

2. Abşeron rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 18 iyun 2008-ci il tarixli, 706 nömrəli icarə müqaviləsinə əsasən 1,5 ha torpaq sahəsi 99 il müddətinə sonuncuya icarəyə verilmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, Abşeron rayon İHB-nın 18 iyun 2008-ci il tarixli 706 nömrəli Sərəncamı və 18 iyun 2008-ci il tarixli 706 nömrəli icarə müqaviləsi əsasında Abşeron rayonu Hövsan qəsəbəsində 15000.36 kv.m torpaq sahəsi İddiaçı adına X18 kitabında 02 sentyabr 2009-cu il tarixdə 13003 nömrə ilə uçota alınmışdır.

4. 30 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

5. 19 oktyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları baş məsləhətçi-müfəttiş X8, aparıcı məsləhətçi X17 və məsləhətçi X9 iştirakı ilə aktı tərtib etmişlər, ona görə ki, Suraxanı rayonu, Südçülük Sovxozunda yerləşən (39T X422881: Y4473852 nömrəli koordinatlar) yaşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan təxminən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin Rüstəm adlı şəxs tərəfindən müvafiq qurumların icazəsi eləcə də, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ailəsi tərəfindən iddiaçıya məxsus torpaq sahəsində iddiaçının inşa etdiyi fərdi yaşayış evindən və torpaq sahəsindən boşaldılaraq çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İddia işin yuxarıda göstərilən halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, ona məxsus torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və bu yaxınlarda onun tərəfindən öz vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evi cavabdeh tərəfindən özbaşına zəbt edilmişdir. Eyni zamanda torpaq sahəsinin 9 sota yaxın ərazisindən və onun tərəfindən inşa edilmiş fərdi yaşayış evindən cavabdeh heç bir qanuni əsas olmadan ailəsi ilə birlikdə istifadə edirlər. Dəfələrlə cavabdehin evdən çıxması üçün tələb qoyulsa da, məhəl qoymadan qapını açmır və hətta təhdit və söyüş ifadələr işlədərək ona hədəqorxu gəlirlər. Hətta həyətində olan öz vəsaiti hesabına aldığı təmir tikinti avadanlıqlarını, o cümlədən Su çənlərini sataraq talamışlar. Cavabdeh şəxs eyni zamanda saxta sənəd hazırlayaraq o cümlədən əldə edərək ona məxsus başqa sahələri qanunsuz yolla əldə etmək istədiyi üçün Suraxanı RPİ-nin 30-cu Polis Bölməsində araşdırılma aparılmış və şəxsin qanunsuz əməlləri barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq hələ də, onun əmlakından qanunsuz hərəkətlər edərək özbaşınalıq edir və qeyri-qanuni yolla əmlakından istifadə edərək evdən çıxmırlar.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsinə verilmiş Abşeron rayon Hövsan Südçülük KTMİ müəssisəsi ərazisində yerləşən 1,5 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi üstüstə düşür. Məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1,5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsindən istifadə etmir. Məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşür.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-/2-10/8125 mömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sahib Şərifovun tərtib etdiyi 27 sentyabr 2023-cü il tarixli, 3- 21-3- 32/2-11538/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsinə verilmiş X16 KTMİ müəssisəsi ərazisində yerləşən 1.5 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı nümayəndəsi tərəfindən tanıdılan torpaq sahəsindən əlavə (zəbt olunmuş) torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan ləğv olunmuş DTXK-si tərəfindən İddiaçı adına verilmiş 1.5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşdüyü müəyyən edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(010)- 27/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

11. Qətnamənin əsaslarına görə, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə müəyyən sənədləri təqdim etmiş, həmçinin aparılmış ekspertiza rəyinə əsasən İddiaçı adına verilmiş 1,5 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üstüstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh tərəf isə həmin torpaq sahəsinin ona ayrılması barədə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və məktubla ona cavab verilmişdir ki, xidmətin əməkdaşları tərəfindən araşdırma aparılan zaman sözü gedən ərazidə vətəndaş S. Əsədovanın icarəsində olan 1,5 hektar torpaq sahəsində əvvəlki illərdə naməlum şəxslər tərəfindən fərdi yaşayış evlərinin inşa edilməsi faktı müəyyən edilmişdir. Hazırkı halda İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair sərəncam mövcuddur və həmin sərəncam əsasında icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X18 kitabında xx.xx.2009-cu il tarixdə 13003 nömrə ilə İddiaçı adına 15000,36 kv.m torpaq sahəsi sahibkarlıq tikinti məqsədilə qeydiyyata alınmışdır. İddiaçı icarəçi kimi həmin torpaq sahəsi üzərində bir sıra hüquq və vəzifələrə malikdir, həmçinin dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək barədə qanuni gözləntiyə malikdir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsini sovxoz tərəfindən verilmiş sənədlər əsasında aldığını və ona məxsus olduğunu iddia etsə də, həmin torpaq sahəsinin onun istifadəsinə ayrılması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia tələbi təmin olunmalı və hazırkı mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 135, 139-1, 157, 158, 180, 706, Torpaq Məcəlləsinin 12, 13, 84, 111- ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerlşən torpaq sahəsini 2010-cu ildə almış və orada ev tikmişdir. Həmin vaxt torpaq sahəsini Cavabdeh üçün onun əmisi X15 almışdır. 2012-ci il tarixdən mübahisəli evin elektrik sayğacı qoyulmuşdur. X1 adında olmuş, 2021-ci ldə Cavabdeh öz adına keçirmişdir. Qaz sayğıacı 2017-ci ildən X10 adında olmuş, 2021-ci ildən Cavabdeh adına keçirilmişdir. Bu barədə müqavilələr və qəbzlər vardır. Lakin torpaq formal olaraq İddiaçı adına olmuş, 1,5 hektar torpaq sahəsini ayr-ayrı şəxslərə satmışlar. X2 adlı şəxs torpağın onun olduğunu bildirmiş və əvvəlki alqı-satqıları ləğv etmişdir. Suraxanı RPİ 30-cu PŞ-nin təhqiqatçısı Şəhriyar Babayevin 30 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd olunur ki, izahatı alınmış vətəndaş X13 bidirmişdir ki, ərazini 2008-ci ildə qohumu İddiaçı adına almışdır. Torpaq sahəsi icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 İyun 2008-ci il tarixli 706 saylı sərəncamı sənədlər hal-hazırda qüvvədə olub-olmaması məlum deyildir. Hal-hazırda həmin ərazinin Suraxanı rayonuna məxsus olması barədə heç bir sənəd yoxdur. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi mübahisəli olsa da, fərdi yaşayış evi Cavabdeh tərəfindən tikilmişdir. İddiaçı da həmin evin onun tərəfindən neçənci ildə tikilməsi və evin ona məxsus olması barədə heç bir sənəd təqdim etməmişdir. Əgər mübahisəli ev İddiaçı tərəfindən tikilmişdirsə, onda necə olub ki, evin qaz və elektrik sayğacları onun adına deyil, əvvəlcə Cavabdeh qohumlarının, sonra da öz adına olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

16. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: Maddə 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

19. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 12. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Maddə 22. İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək; dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək; qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxişinin hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Apellyasiya şikayətinin ilkin dəlilini o təşkil edir ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerlşən torpaq sahəsini 2010-cu ildə almış və orada ev tikmişdir. Lakin iş materiallarına bu xüsusatı təsdiq edən hər hansı bir mötəbər sübut əlavə olunmamışdır. Cavabdeh həmin torpaq sahəsinin əmisinin adına ayrıldığını bildirsə də, qeyd etmək lazımdır ki, İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair sərəncam mövcuddur, həmin sərəncam əsasında icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur və ən əsası da Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X18 kitabında xx.xx.2009-cu il tarixdə 13003 nömrə ilə İddiaçı adına 15000,36 kv.m torpaq sahəsi qeydiyyata alınmışdır. İddiaçının torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlər, xüsusilə də X18 kitabında torpaq sahəsinin qeydə alınmasını təsdiq edən sənəd hal - hazırda da qüvvədədir.

25. Digər dəlil isə koomunal xidmətlərə görə sayğacların cavabdehin adına qeydə alınması ilə bağlıdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, bu barədə hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Sonradan təqdim olunmuş abonent kodlarının isə hazırkı ünvana aidiyyatını müəyyən etmək mümkün deyildir. Onu da qeyd etmək lazımdır ki, həmin abonent kodları Hövsan qəsəbəsinə deyil, Binə qəsəbəsinə aiddir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bu sənədlərin torpaq sahəsi üzərində hər hansı bir hüququnu müəyyən edən sənəd kimi qiymətləndirilməsi mümkün deyildir.

26. Şikayətin dəlillərindən biri kimi istinad olunan Suraxanı RPİ 30-cu PŞ-nin təhqiqatçısı Şəhriyar Babayevin 30 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından ki, cavabdehin bacısı X4 izahatında torpaq sahəsini qardaşı Əliniyazla birlikdə əmisi X7 almış, sonuncu onlara Bakı şəhərində torpaq almaq adı ilə 80000 avro pul alaraq əvəzində 3 ədəd sovxoz sənədini vermiş, lakin sonradan sənədlərin saxta olmasını və torpaq sahəsinin başqa sahibi olduğunu bilmişlər. Qeyd olunan izahatın məzmunu ilə də təsdiq olunur ki, cavabdehin mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqlarını müəyyən edən hər hansı bir sənəd mövcud deyildir və onlara təqdim edilən sənədlərin saxta olması özlərinə də məlumdur.

27. Ərazi aidiyyatı ilə bağlı şikayətin dəlilini qiymətləndirərək məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi əvvəllər Abşeron rayonuna təhkim edilmiş torpaqlara aid olsa da, həmin ərazi (Hövsan qəsəbəsi) inzibati cəhətdən Bakı şəhərinin Suraxanı rayonuna aiddia və işə baxılarkən ərazi aidiyyatının pozulmasına yol verilməmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(010)-27/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(010)-27/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. . HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar