Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5440/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi ″mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi″ barədə ərizəsibə dair mülki işə üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4209/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 19 oktyabr 2021-ci il tarixli 2021-004046 nömrəli nömrəli Barışıq sazişindən görünür ki, tərəflər razılaşırlar ki, hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Şabanov X1 Svetlana Maksimovna ilə anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququ təmin ediləcək.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2653/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 atası Ərizəçi alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir.
3. Sabunçu rayon icra şöbəsinin icra məmuru Məmmədova Səbirə, tələbkar Cavabdeh, borclu Ərizəçi və hal şahidi Aygün Vəliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Akta əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək iddiaçı Cavabdeh uşağı X7 ilə hər həftənin bazar günü saat 11:00 dan 15:00-dək sərbəst şəkildə görüş təyin edilmişdir. Qərarın icrası məqsədilə borclu barəsində axtarış qəbul edilmişdir. Borclu və uşaq şöbəyə gətirilmiş, tələbkar isə şöbəyə dəvət olunmuşdur. Görüş baş tutmuş, video çəkiliş aparılmış və heç bir insident yaşanmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi məhkəməyə müraciət edərək, mediasiya prosesi (mediator X6) nəticəsində onunla Cavabdeh arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli 2021-004046 nömrəli barışıq sazişinin hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Şabanov X1 Svetlana Maksimovna ilə anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququnun təmin edilməsi hissəsində təsdiq edilməsi, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat vəsaitin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Cavabdeh ilə 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından 08 noyabr 2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Tərəflərin nikahı 2021-ci ilin avqust ayında pozulmuşdur. Ərizəçi aralarında olan ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya prosesindən keçərək mediator X3 iştirakı ilə, 19 oktyabr 2021-ci il tarixli, 2021-004046 nömrəli Barışıq Sazişi imzalamışlar. Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: -Tərəflər razılaşırlar ki, hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Şabanov X1 Svetlana Maksimovna ilə, anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququ təmin ediləcək.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4209/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi ilə, Cavabdeh arasında bağlanılmış 19 oktyabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinin təsdiq edilməsi, hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Ərizəçi, qızı X7 ilə anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququ təmin edilməsi, tərəflər barışıq sazişin şərtlərindən irəli gələn öhdəlikləri icra etməkdən imtina edərsə, həmin şərtlərin məcburi qaydada icra etdirilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 19 oktyabr 2021-ci il tarixdə barışıq sazişi bağlanmasına baxmayaraq, hal-hazırda sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci; Ailə Məcəlləsinin 50.1-50.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17, 355-23.1, 355-24, 355-26-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi mübahisəli – xx.xx.2021-ci il tarixli, 2021-004046 saylı Barışıq sazişini təsdiq edərkən, Barışıq sazişinin uşağın – xx.xx.2016-cı il təvəllüdlü X4 maraqlarına zidd olub-olmaması məsələsini araşdırmamışdır. Hətta qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-4209/2025 saylı qətnamədən də müəyyən olunur ki, bu məsələ məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamış, bununla bağlı məhkəmə tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi uşağın maraqlarına birbaşa toxunan -xx.xx.2021-ci il tarixli, 2021-004046 saylı Barışıq sazişini təsdiq edərkən 8 yaşlı uşağın öz fikrini bildirmək hüququnu məhdudlaşdırmış, nəticədə onun konstitusion hüququ olan ifadə azadlığına təminat verməmişdir. Nəzərə alınmalıdır ki, ərizəçi öz uşağının tərbiyəsinə görə qanunla məsuliyyət daşıyır və bu məsuliyyəti nəzərə almalı idi. Belə ki, Ailə Məcəlləsinin 58.1-ci və 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar və valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Halbuki, tərəflər arasında hazırkı mübahisə ilə bağlı uşağın ata ilə ünsiyyəti, onunla birgə zaman keçirməsi məsələsi olduqca həssas və incə məsələdir. Belə ki, uşağın hələ atanın yanında yaşayarkən əxlaqa uyğun olmayan şəraitdə yaşamasına dəlalət edən faktlar mövcuddur və bu faktlar məhz video görüntü nəticəsində apellyasiya şikayətinə baxılarkən apellyasiya instansiya məhkəməsinə təqdim olunacaqdır. Bundan başqa Ailə Məcəllənin 61.1-ci və 61.2-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir və uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Bildirir ki, uşağı - xx.xx.2016-cı il təvəllüdlü X7 uzun zaman ərizəçinin yanında yaşamış, uşağın onunla görüş hüququna dair məhkəmənin qərarı, eləcə də uşağın ona verilməsinə dair məhkəmə qərarı olmasına baxmayaraq ərizəçi uzun zaman bu qərarların icrasına maneəçilik törətmişdir. Məhz bu hallar uşağa - xx.xx.2016-cı il təvəllüdlü X5 birbaşa təsir etmiş, onun psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirmişdir. Bu hal isə işə baxana birinci instansiya məhkəməsinə məlum olsa da bununla bağlı müvafiq araşdırma aparmamış və uşağın mənafeyi naminə onun məhkəmə iclasında dinlənilməsi, eləcə də onun maraqlarının qorunması üçün iş üzrə müvafiq icra hakimiyyətinin rəyinin alınmasına çalışmamışdır. İş materillarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, 2021-004046 saylı Barışıq sazişi birbaşa uşağın maraqlarına toxunur və Barışıq sazişi bağlanarkən mediator tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi alınmamış və nəticədə “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinin tələbləri pozulmuşdur. İş materillarından müəyyən olunur ki, tərəflər arasında mövcud münasibət olduqca mübahisəlidir və bu mübahisə uşağa birbaşa təsir edirək, normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən gücə malikdir. Belə olan halda Barışıq sazişini təsdiq edən mediator bu halları nəzərə almalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməli və prosesinin həyata keçirilməsindən imtina etməli idi. Lakin müəyyən olunur ki, mediator bunların heç birini etməmiş, əksinə mübahisəli Barışıq sazişini təsdiq etmişdir. Bu da özlüyündə birbaşa olaraq “Mediasiya haqqında” Qanunun 26.4-cümaddəsinin tələbləri pozulmasıdır. Bundan başqa Barışıq sazişində görüş müddətinin konkret olaraq göstərilməməsi də tərəflərin bu mübahisə ilə bağlı fikirlərinin qeyri-ciddi olmasına dəlalət edir.
. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları:
14. “Mediasiya haqqında” Qanun: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından 08 noyabr 2016-cı il təvəllüdlü X7 adlı övladı vardır. Tərəflərin nikahı 2021-ci ilin avqust ayında pozulmuşdur.
21. Daha sonra tərəflər arasında 19 oktyabr 2021-ci il tarixli 2021-004046 nömrəli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə Tərəflər razılaşırlar ki, hər həftənin şənbə və bazar günləri tərəflərin müəyyən etdiyi vaxtda Şabanov X1 Svetlana Maksimovna ilə, anası Cavabdeh iştirakı ilə görüşməklə ünsiyyət hüququ təmin ediləcək.
22. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, X7 ilə aralarında imzalanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir.
24. Qətnamədən apellyasiya şikayəti verən maraqlı şəxsin şikayətinin dəlili ondan ibarətdir ki, uşağın fikri nəzərə alınmamış, uşağın ata ilə görüşməsi onun sağlam fiziki və mənəvi inkşafına xələl gətirə bilər Barışıq sazişi bağlanarkən mediator tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi alınmamışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında 19 oktyabr 2021-ci il tarixdə barışıq sazişi bağlanmasına baxmayaraq, hal-hazırda sazişin ikinci tərəfi Cavabdeh barışıq sazişinin şərtlərini könüllü icra etmədiyindən ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, məhkəmə Barışıq sazişini təsdiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
26. Belə ki, “Mediasiya haqqında” Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.
27. Mülki Prosessual qanunvericiliyə görə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə baxarkən: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olub-olmadığını mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıb-bağlanmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
28. İşin hallarından və qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və tərəflər arasında müəyyən edilmiş müddətdə könüllü şəkildə icra olunmalıdır. Saziş mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Sazişin məhkəmə tərəfindən təsdiqindən imtina olunur (MPM, maddə 355-26.1).
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 01\2024 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Qanunun 1.0.7-ci maddəsində və “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. - Həmin qərarda həmçinin qeyd olunur ki, məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir.
30. Şərh edilənlərə əsasən şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxaraq, müvafiq prosessual əsasları yoxlayır və bunun əsasında, barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
31. Şikayətdə qeyd edilən hallar hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamaqla iş materialları əsasında da müəyyən edilmir.
32. Beləliklə, aydın olur ki, tərəflər könüllü surətdə mediasiya vasitəsilə müvafiq barışıq sazişi bağlamış, lakin maraqlı şəxsin sonradan fikrini dəyişməsi səbəbindən onun tərəfindən sazişin icra olunmasından əsassız birtərəfli qaydada imtina olunmuşdur.
33. Hazırki icraat zamanı barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması halı da müəyyən olunmamışdır (maraqlı şəxs bu halı sübuta yetirə bilməmişdir).
34. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Mülki Məcəllənin 16.1 və 5.3-cü mad).
36. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
37. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4209/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.