Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-545/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-34/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh oğluna qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 156000 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 09.04.2016-cı il tarixinə 22353 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 16684 ABŞ dolları faiz borcunun, cəmi 195037 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 8 saylı evin 12 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılması, həmin əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.10.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən ona 6 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 156000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 8 saylı evin 12 saylı mənzili 09.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASCnin xeyrinə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan Cavabdeh qrafikə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda Cavabdeh banka 156 000 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 09.04.2016-cı il tarixinə 22253 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 16 684 ABŞ dolları faiz borcu, cəmi 195037 ABŞ dolları borcu yaranmışdır. Cavabdehə LPO İddiaçı ASC tərəfindən 09.10.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməsi ilə bağlı 27.03.2017-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq öhdəliyin icrası tələb edilmişdir. Lakin cavabdehə bank tərəfindən ünvanlanmış xəbərdarlıq məktubu çatmasına baxmayaraq cavabdeh bu günədək yaranmış öhdəliyi icra etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-34/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh oğlundan əsas borc üzrə 156000,0 ABŞ dolları, faiz borcu üzrə - 18720,0 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən 31.05.2018-ci il tarixədək 5%-lik borcu 16 684 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 8 saylı binanın 12 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 52 000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh oğlunun banka olan borcunun ödənilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 89%, yəni 26 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 11%, yəni 4 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, bank illik 5% dərəcəsi olmaqla faiz borcunu müqavilə müddəti bitdiyi tarixə deyil məhkəməyə müraciət etdiyi tərixədək hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi də əsassız olaraq həmin tələbi təmin etmişdir. Həmçinin əsas, faiz və cərimə borcları da bank tərəfindən şişirdilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehdən tutulan borc məbləğləri ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv eilməsini xahiş etsə də, şikayətin məzmunundan onun yalnız borc məbləğləri ilə razılaşmadığı aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 09.10.2015-ci il tarixli 01 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən illik 24% olmaqla 6 ay müddətinə Cavabdeh oğluna 156.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materialında olan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 09.10.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, ev 8, 12 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 8, mənzil 12 tam mülkiyyət payı ilə Cavabdeh məxsusdur. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində 2391 nömrəli reyestr kitabının 222610 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, (hüququ yüklü edilən şəxs) Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, M. Mehdizadə küçəsi, ev 8, mənzil 12 (xeyrinə hüquq yüklü edilən şəxs) İddiaçı ASC qarşısında ipotekaya qoyulmuş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 2391 nömrəli reyestr kitabının 222610 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 31 may 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 09.10.2015-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə olan əsas borc üzrə 156.000 ABŞ dolları, kredit müqaviləsinin bitdiyi 09.04.2016-cı il tarixə faiz borcu 22353 ABŞ dolları və müqavilə müddəti bitdiyi tarixdən 31.05.2018-ci il tarixədək 5%-lik borcu 16684 ABŞ dolları, ümumilikdə 195037 ABŞ dolları məbləğində ödənilməmiş borc yaranmışdır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin hesabatından məlum olur ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 8 saylı binanın 12 saylı mənzilinin bazar dəyəri 52000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 mart 2020-ci il tarixli, 13811 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Cavabdeh oğlunun 09.04.2016-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 174720,0 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə- 156000,0 ABŞ dolları, faiz borcu üzrə - 18720,0 ABŞ dolları. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 478-ci maddəsinə görə, qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir; 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir; 489-cu maddəsinə görə isə, qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində irəli sürülən, tələb edilən borcun məbləğinin dəqiqləşdirilmədiyi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdehdən tutulan borc məbləğləri birinci instansiya məhkəməsinin baxışı zamanı ekspert rəyi ilə müəyyən edilmiş və həmin rəylə razılaşmamaq üçün əsaslar yoxdur. Cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli qərarına görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor “gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, qanunvericilikdə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu barədə məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün hesablaya bilər; göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun müqavilə müddəti bitdiyi taricədək hesablanmalı olması ilə bağlı arqumentini əsassız hesab edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə qiymətləndimə ekspertizası təyin olunmuş lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh mənzilə baxış keçirilməsinə şərait yaratmadığına görə qərardad icra oluna bilməmiş və məhkəmə iclasında iştirak etməyərək buna aydınlıq gətirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-34/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş döblət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-545/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-545/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver