Məhkəmə qərarları › İş №2(103)-5474/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5474/2025

27.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5474/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı iş üzrə (Açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X11 Xidməti cəlb edilməklə) “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-4367/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İşçi İddiaçı ilə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən işçi 3 ay müddətinə Bərdə Rayon Bitki Mühafizəsi Mərkəzində baş aqronom vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra tərəflər arasında xx.xx.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanmışdır.

2. Cavabdehin xx.xx.2024-cü il tarixli İddiaçı, S.İ.Əhmədov və E.C.Hümbətovun işdən kənar edilməsi haqqında əmrinə əsasən, həmin şəxslər xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri üçün istintaq davam edənədək işdən kənalaşdırılmışlar.

3. Xankəndi Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xankəndi ŞPŞ-nin İstintaq bölməsində istintaqı aparılmış X10, İddiaçı və X1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 2622/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına İddiaçı xeyrinə 3.645 manat məbləğində maddi ziyan və 1.000 manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 4.645 manat pul vəsaitinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Cavabdehin xx.xx.2024-cü il tarixli İddiaçı, S.İ.Əhmədov və E.C.Hümbətovun əmək fəaliyyətinin bərpa edilməsi haqqında əmrinə əsasən həmin şəxslər əmək fəaliyyətlərinə xx.xx.2025-ci il tarixindən bərpa edilmişlər.

6. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmişdir.

7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-105/2025 nömrəli əmri ilə X2 və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzinin baş aqronomu İddiaçı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh (işəgötürən) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməsi, onun əvvəlki vəsifəsinə bərpa edilməsi və həmin vəzifədən qanunsuz kənarlaşdırıldığına görə xx.xx.2025-ci ildən hazırkı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya xidmətinə görə ödədiyi 60 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ixtisas etibarı ilə ali təhsilli aqronomdur. 1994-cü ildə X14 Akademiyasını bitirmişdir. İxtisası üzrə 25 il əmək stajı vardır. xx.xx.2020-ci ildən xx.xx.2025-ci il tarixədək olan müddətdə fasiləsiz olaraq 5 il ərzində müddətli əmək müqavilələri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X3 X7 və Fumiqasiya Mərkəzində baş aqronom vəzifəsində işləmişdir. Onunla bağlanmış ilk müddətli əmək müqaviləsi xx.xx.2020-ci il tarixli, xxxxxxx000115 №-li olmaqla, hər 3 ayda bir dəfə bu müqavilə 15 dəfə yenilənmiş, yəni “İşə götürən”lə onun arasına yenidən müddətli əmək müqavilələri bağlanmış, sonuncu dəfə “İşə götürən”lə onun arasında bağlanmış müddətli əmək müqaviləsi xxxxxxx000115 №-li olmaqla həmin müqavilənin bitmə tarixi xx.xx.2025-ci il olmuşdur. Cavabdeh tərəfindən Elektron qaydada xx.xx.2025-ci il tarixdə ona aşağıdakı məzmunda məlumat göndərilmişdir: “Sizinlə bağlanmış əmək müqavilənizin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2025-ci il tarixindən əmək müqavilənizə xitam veriləcəkdir. Qeyd edilənləri nəzərə alaraq, sizə məxsus əmək kitabçasını Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Kadr və Kargüzarlığın təşkili şöbəsindən götürməyiniz xahiş olunur”. xx.xx.2025-ci il tarixdən sonra cavabdehin Bakı şəhərində yerləşən Mərkəzi ofisinə gedərək əmək müqaviləsinə xitam verilməsinin əsl səbəbini öyrənməyə cəhd etmiş, lakin görüşdüyü bütün rəhbər şəxslər əmək müqaviləsinə bilavasitə X2 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin direktorunun şəxsi istəyi ilə xitam verildiyini bildirirək onunla görüşüb səbəbi öyrənməyi məsləhət bilmişlər. Bir neçə gün Bakı şəhərində qalıb direktorun qəbuluna düşməyə çalışsa da, onu şəxsən qəbul etməkdən yayınmışdır. Odur ki, mübahisənin məhkəmədən kənar - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun surətdə onun tərəfindən əvvəlcə cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklif (xx.xx.2025-ci il tarixdə sifarişli poçt göndərişi ilə) göndərilmiş. Təklifinə həmin Qanunla müəyyən edilmiş 10 iş günü müddətində cavabdeh tərəfindən heç bir münasibət bildirilmədiyinə görə mübahisənin mediatorun vasitəçiliyi ilə həlli üçün xx.xx.2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət təqdim etmişdir. X8 tərəfindən dəfələrlə rəsmi qaydada dəvət edilməsinə baxmayaraq cavabdeh xx.xx.2025-ci il tarixə təyin edilmiş X4 (İMS) heç bir üzürlü səbəb olmadan nümayəndəsini göndərməmiş, bununla da mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həllindən imtina etdiyini nümayiş etdirmişdir. Mediasiya xidmətinə görə cəmi 61 manat rüsum da onun tərəfindən ödənilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən yararlanaraq pozulmuş əmək hüququnun bərpasına nail olmaq istəyir. İddia tələbini ona görə əsaslı hesab edir ki, Bərdə X7 və Fumiqasiya Mərkəzində işlədiyi 5 il ərzində heç bir intizam tənbeh almamış, əksinə yaxşı işinə görə həmişə həvəsləndirmə qaydasında mükafatlandırılmışdır. Son 3 ildə isə rəsmi əmrlə əvvəlcə 3 ay müddətinə X13 direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmiş, buna görə direktorun vəzifə maaşının 50%-i də əsas işi üzrə əmək haqqına əlavə edilməklə ona ödənilmiş, həmin 3 aylıq müddət də başa çatdıqdan sonra isə rəsmi əmr verilmədən cavabdehin rəhbərliyi X13 direktoru vəzifəsini vakant saxlamaqla davam edərək rəsmi əmr vermədən, şifahi tapşırıq əsasında direktor vəzifəsinin icrasını ona həvalə etmiş, odur ki, heç bir əlavə əmək haqqı verilmədən daha 2 il 9 ay X13 direktoru vəzifəsini icra etməkdə davam etmişdir xx.xx.2025-ci il tarixinədək. Həmin 2 il 9 ay ərzində həm baş aqronom vəzifəsini, həm də direktorun vəzifə funksiyaları layiqincə icra etmiş, Mərkəzin möhürü və əsas hesabat və nəzarət sənədləri onda olub, hesabatları o hazırlayaraq imzalayıb göndərmişdir. İşçilərin əmək intizamına nəzarəti, bir sözlə direktorun vəzifə səlahiyyətlərinə aid olan bütün məsələləri o icra etmişdir. Bu fakt onu təsdiq edir ki, pis işçi olmuş olsa idi cavabdeh 3 il ərzində ona bu etimadı göstərməzdi, yaxud 5 il ərzində onunla hər 3 aydan bir müddətli əmək müqaviləsini yenilməzdi. Bərdə X7 və Fumiqasiya Mərkəzində baş aqronom vəzifəsi xx.xx.2025-ci ildən bu günədək də vakansiyadır, çünki Mərkəzdə baş aqronom ştatı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2025-ci il üçün ştat vahidləri və işçi sayı təsdiqlənərkən nəzərdə tutulub. Bu ştat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu günədək də ixtisar və ya ləğv edilməyibsə, deməli ona ehtiyac vardır. Belə olan halda hesab edir ki, cavabdehin rəhbərliyi onunla olan müddətli əmək müqaviləsinə onun müddətinin bitməsi əsası ilə qanunsuz olaraq xitam vermişdir. Bu qanunsuzluğun isə nədən irəli gəldiyi ona məlum deyildir. X9 müvafiq ixtisası olmadığı halda, digər ixtisaslarda, o cümlədən də aqronom ixtisası tələb edilən ştatlarda işlədilən əməkdaşlar vardır. Belə olan halda cavabdeh onun 25 illik aqronom stajı olan ali təhsilli alim-aqronomun deyil, məhz həmin şəxslərin müddətli əmək müqavilələrinə xitam verməli idi. Onunla bağlanmış müddətli əmək müqaviləsinə cavabdeh - işə götürən tərəfindən xitam verilməsi üçün təkcə onun müddətinin başa çatması əsas ola bilməz. Paralel olaraq digər əsaslar, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan əsaslar da mövcud olmalı idi. Belə əsaslar isə olmamışdır. Şərh etdiyi səbəblərdən hazırki iddia əriəsi ilə məhkəməyə müraciət etməyini əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir.

10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 4367/2025 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin “H.S.Hüseynovun əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 3- 22-1-1/3-1-105/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzində “baş aqronom” vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən ödənilməsi, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manatın cavabdehdan alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X3 Regional Mərkəzində baş aqronom vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində müddətli əmək müqavilələri ilə orada çalışmış, daha sonra isə xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-105/2025 saylı əmr ilə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməklə, tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı 5 ilə yaxın müddət həmin mərkəzdə çalışmış, onunla bağlanan əmək müqavilələri müddətli olmasına baxmayaraq, onunla olan əmək müqavilələri müxtəlif tarixlərdə təzələnmiş. Həmçinin, iddiaçı işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış, əksinə mükafatlandırılmış, hətta müvəqqəti olaraq direktor vəzifəsini də icra etmişdir. Əlavə olaraq iş materiallarından görünür ki, iddiaçı və mərkəzin digər işçiləri xx.xx.2024-cü il tarixindən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikləri əsası ilə istintaq davam edənədək işdən kənarlaşdırılmış, daha sonra xx.xx.2024-cü il tarixli əmr ilə açılmış cinayət işinə xitam verilməsi ilə əlaqədar əmək fəaliyyətlərinə xx.xx.2025-ci il tarixdən bərpa edilmişdirlər. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının həmin mərkəzdə işləməsinin 5 il tamam olmasına yaxın müddət qaldığı bir zamanda onunla bağlanılan əmək müqaviləsinə heç bir əsaslı səbəb olmadan xitam verməsi iddiaçının hüquqları pozmuşdur. Belə olan halda da, iddiaçı hazırkı iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur.

12. Məhkəmə iddianın xx.xx.2025-ci il tarixdən hazırkı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi yekun məhkəmə aktı qüvvəyə mindikdən sonra icra mərhələsində həll edilən məsələdir və bu tələbin hazırkı iddiada təmin edilməsi cavabdehin hüquqlarının lüzumsuz dərəcədə pozulmasına gətirib çıxaracaqdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci, 4-cü hissələrinə, 45-ci maddəsinin 1-ci, 4-cü hissələrinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsi xitam ilə bağlı tərəflərdən hər hansı birinin fikir ifadəsi olmadığı üçün hər dəfə müqavilədə müəyyən edilən müddətə uzadılmışdır. Lakin 2024-cü il 30 avqust tarixində AR Daxili İşlər Nazirliyi Xankəndi Şəhər Polis Şöbəsi tərəfindən Agentliyə məktub ünvanlanaraq, İddiaçıvə digər şəxslərin Xankəndi şəhərində ezamiyyətdə olduqları müddətdə vəzifə səlahiyyətlərindən kənar hərəkətlərə yol verdiyi - qanunsuz yolla əmlak əldə etdiyi bildirilmiş və barələrində müvafiq polis şöbəsinin İstintaq bölməsində AR Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə cinayət işinin başlanıldığı və onlara ittiham elan olunduğu qeyd edilmişdir. Bu səbəbdən AR Əmək Məcəlləsinin 62-ci maddəsinin c) bəndinə əsasən işəgötürənin mənafelərini qorumaq və əmək intizamını təmin etmək məqsədilə iddiaçı və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər istintaqın davam etdiyi müddət ərzində (xx.xx.2024 - xx.xx.2025) işəgötürən tərəfindən işdən kənar edilmişdir. İstintaq orqanı tərəfindən şəxslərin törətdikləri əməldə cinayət tərkibinin əlamətlərinin olmaması səbəbindən cinayət işinə xitam verilməsinə baxmayaraq, iddiaçının ezamiyyət zamanı əmək funksiyalarının icrasından və ezamiyyətin məqsədlərindən kənara çıxaraq, müəyyən hərəkətlərə yol verməsini və bunun nəticəsində işəgötürənin mənafelərinə ciddi ziyan dəyməsini, onun işçilərinin işğaldan azad edilmiş ərazilərə ezamı zamanı bir sıra çətinliklərlə (əlavə yoxlamalar, qeyri-adekvat münasibət və s.) qarşılaşmasını nəzərə alaraq, iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməməsi qənaətinə gəlinmişdir. Bu məqsədlə 2025-ci il 28 fevral tarixində iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə xitam veriləcəyinə dair bildiriş elektron informasiya sistemi vasitəsilə təqdim edilmiş və 2025-ci il 13 mart tarixində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə əmək münasibətləri 5 ildən artıq davam etməmişdir və müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq, 13 gün öncədən ona bu barədə elektron qaydada xəbərdarlıq edilmişdir. Bu isə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə tam riayət edildiyini deməyə əsas verir. Lakin məhkəmə nədənsə qanunvericiliyin tələbləri ilə qane olmayaraq, həm 68-ci maddənin 2-ci hissəsinin b) bəndini, həm də 73-cü maddənin 1-ci hissəsini heçə sayaraq, müqaviləyə xitam verilməsi üçün heç bir əsaslı səbəb olmadığı qənaətinə gəlmişdir. Hərçənd ki, yuxarıda qeyd olunan maddələrə və Məcəllənin digər normalarına əsasən müddətin bitməsi halında müqaviləyə xitam verilməsi üçün hər hansı bir digər “əsaslı səbəbin” olması tələb edilmir. Belə olan halda məhkəmənin müqaviləyə xitam verilməsi üçün digər səbəblər axtarması ən azından işəgötürənin Məcəllənin 11-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının əsassız məhdudlaşdırılmaqla pozulmasıdır, hansı ki qanunverici bu kimi hərəkətləri qadağan edir. İşə baxan hakim maddi hüquq normasını düzgün tətbiq etməməklə bərabər, məhkəmə prosesinin gedişi dövründə araşdırılmadan işəgötürəni ayrı-seçkiliyə yol verməkdə ittiham etməklə eyni zamanda çəkişmə prinsipilə əlaqədar prosessual hüquq normalarının da pozuntusuna yol vermişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi yalnız fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Və yalnız bu halda həmin müqaviləyə müddətin bitməsi əsası ilə xitam verilməsi qanunsuz hesab edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 5 ildən az olmuşdur. Bu isə o deməkdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ona təbiq edilə bilməzdi. Əmək müqavləsinin 5 ilə yaxın davam etməsi halında ona xitam verilməsinin məhdudlaşdırılması və ya hər hansı digər xüsusi qaydaların nəzərdə tutulması isə ən azından əmək qanunvericiliyində yoxdur. Məhkəmə qətnamədə ayrıseçkiliyə yol verilməsi ilə bağlı Əmək Məcəlləsinin müvafiq normasına istinad edərək dolayısı ilə iddiaçıya qarşı ayrı-seçkiliyə yol verildiyini bildirmişdir. Lakin məhkəmə prosesində belə bir fakt nə mövcud olmuş, nə də araşdırılmışdır. O cümlədən, məhkəmə qətnamədə mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdə işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış, əksinə mükafatlandırılmışdır. Lakin qeyd edilməlidir ki, bu fakt da məhkəmə prosesinin gedişində araşdırma predmeti olmamış və həqiqətən də iddiaçının tənbeh alıb-almaması və ya mükafat verilib-verilməməsi sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət qətnamənin qüvvəyə minməsini müəyyən müddətə yubatmaq üçün qəsdən verilmiş formal apellyasiya şikayətidir. Cavabdeh öz apellyasiya şikayətini əsaslandırmağa cəhd edərək pozulmuş hesab etdiyi maddi və prosessual hüquq normalarını (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi, 16-cı maddəsinin 1 və 4-cü hissələri və 73-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1,9.3-cü maddələri, həmin Məcəllənin 13-cü maddəsi, həmin Məcəllənin 217.1, 217.2, 217.3, 217.4 və 217.5-ci maddələri) özü başa düşdüyü kimi və özünə sərf edən mənada şərh edərək, guya həmin maddi və prosessual hüquq normalarının pozulduqlarını və ya düzgün tətbiq edilmədiklərini bildirir, həmin hüquq normalarını apellyasiya şikayətində qeyri-peşəkarcasına, söz yığınları ilə şərh və izah edir. Halbuki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-4367/2025 nömrəli qətnaməsi bilavasitə hazırkı mübahisəyə tətbiq edilməli olan qanunlarla və mötəbər sübutlarla tam əsaslandırılmışdır, məhkəmə tətbiq etdiyi maddi və prosessual hüquq normalarını cavabdehdən fərqli olaraq onların düzgün hüquqi mənasında şərh etməklə tətbiq etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, struktur dəyikliyi ilə əlaqədar 2021-ci ilin sentyabr ayında cavabdeh ilə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Xankəndi şəhərindən götürülmüş əşyaların iqtisadi dəyəri olmadığına görə cinayət təqibinə xitam verilmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Xankəndi şəhərinə monitorinq üçün ezam olunduğuna baxmayaraq orada onlara zibil təmizlətmişlər. Cavabdeh tərəfindən ayrı-seçkiliyə yol verilmişdir. Cavabdeh tərəfindən işə gəlməyən əməkdaşlar üçün əmək haqqı yazılır. Buna irad bildirdiyinə görə ona qarşı rəhbərliyin münasibəti dəyişmişdir.

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

21. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı: - Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. - Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. - Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia qismən təmin olundugundan və apellyasiya şikayətinin məzmununa görə qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

26. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

27. Kollegiya qeyd edir ki, əmək qanunverciliyin tələblərinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

28. İşdə olan müddətli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh təşkilatda 3 ay müddətinə işə qəbul edilmiş, sonradan müqavilənin müddəti bir neçə dəfə eyni şərtlərlə uzadılmışdır. Əmək müqaviləsinin iddiaçının iradəsinə zidd olaraq müddətli bağlanması, iddiaçı tərəfindən bununla bağlı cavabdehə etiraz etməsi iş materialları ilə təsdiq edilmir.

29. O da qeyd edilməlidir ki, tərəflər arasında əmək münasibətləri beş ildən artıq müddətə davam etməmişdir.

30. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və işçi tərəfindən üzərinə düşən əmək funksiyalarının lazımi qaydada yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 4367/2025 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X11 Xidməti cəlb edilməklə) “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar