Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5509/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X5 ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə Ərizəçi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3275/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardaddan verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il tarixdə doğulan mərhum əri X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3275/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmış, aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə çıxarılmış qərardadın nəticə hissəsi “AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışından görünür ki, “iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbulundan imtina edildi, ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə” kimi sistemə yerləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3275/2022 saylı 07 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(006)- 3275/2022 saylı qərardadında buraxılmış yanlışlıq düzəldilmiş, qərardadın nəticə hissəsi “Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi qəbulundan imtina edilməklə, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın” kimi oxunması qeyd edilmişdir. Hazırda Ərizəçi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3275/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və ərizənin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3275/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadı əsassız və mülki-prosessual tələblər baxımından qanunsuzdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(006)-3275/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır İş üzrə Maraqlı şəxs 28 iyul 2022-ci il tarixli, 05/Q-1152/75 saylı məktubla məhkəməyə müraciət edərək, ərizəçinin apellyasiya şikayətinə etirazı olmadığını bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. Göründüyü kimi, birinci instansiya rayon (şəhər) məhkəmələri xüsusi icraat qaydasında fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının yaranmasının, dəyişməsinin və xitamının asılı olduğu hüquqi əhəmiyyət kəsb edən faktları, habelə qanunla hüquqi əhəmiyyət daşıyan konkret hərəkətləri və hadisələri təsdiq etmək səlahiyyətinə malik olan orqanların hərəkətinin hüquqauyğun olub-olmamasını müəyyən edirlər. MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşdən görünür ki, ərizə ərinin vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamə ala bilmir, çünki ona ərazi üzrə poliklinikadan tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir (ərinin Türkiyədə yaşaması və buna görə poliklimikada qeydiyyatda olmaması və s. səbəblərdən). Ərizəyə əlavə olunmuş Təcili və X3 Stanisyasının “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”ndən isə görünür ki, 14 oktyabr 2021-ci il tarixdə çağırış olmuş, lakin həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi isə, ərizəni iddianın yolverilməzliyi əsası ilə qaytarmış, ərizəçiyə inzibati orqanın hərəkət və və ya hərəkətsizliyinlən inzibati məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən rayon məhkəməsinin bu mövqeyi ilə razılşamır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işdə olan həkim arayışının (xəbərdarlıq vərəqi) ölümün qeydə alınması üçün yetərli hesab olunması barədə mövqeyi əsassız olmaqla, qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmənin istinad etdiyi - Təcili və X3 Stanisyasının “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, 14 oktyabr 2021-ci il tarixdə çağırış olmuş, lakin həkimə qədər kişi cinsli meyid aşkar olunmuşdur. Belə olan halda isə müvafiq tibbi şəhadətnamənin olması vacibdir ki, ərizəçi də həmin şəhadətnaməni ala bilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi ərinin vəfatının müvafiq icra hakimiyyəti orqanında qeydə alınması üçün zəruri olan sənədləri (tibbi şəhadətnamə və s.) ala bilməmişdir. O, bununla bağlı müvafiq sənədləri ərizəsinə əlavə etmişdir. Bununla yanaşı, ərizəçi tibbi şəhadətnamənin verilməsindən imtina ilə bağlı orqanın hərəkətini mübahisələndirməmiş, xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasını xahiş etmişdir (“Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.) Qeyd edilməlidir ki, hər bir şəxs hüquqi müdafiə vasitələrini seçməkdə seçim hüququna malikdir və bu hal qanunla başqa xüsusi tənzimləmə qaydası müəyyən olunmursa yolverilən sayılmalıdır. Belə olan halda, birinci instansiya məhkəməsinin ərizəçinin inzibati orqanın hərəkətindən inzibati qaydada məhkəmə şikayət etməli olması barədə mövqeyi də əsaslandırılmamış, ümumi mülahizələrdən çıxış etmişdir. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi işə prosessual normaların tələblərinin pozulması ilə baxmış və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş xüsusi icraat qaydasında verilmiş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3275/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3275/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş xüsusi icraat qaydasında verilmiş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5509/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5509/2022
03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver