Məhkəmə qərarları › İş №2(103)-5512/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5512/2023

20.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5512/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Ərizəçi vəkili Elxan Quliyevin və Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ərizəçi Qasımova (Babayeva) Ramina Vladimirovnanın “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizədə tələb olunub ki, mediasiya prosesi nəticəsində ərizəçi ilə maraqlı şəxsin arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, ərizə qismən təmin olunsun, həmin barışıq sazişi uşağın saxlanması üçün aliment tutulmasına aid hissədə təsdiq olunsun, ərizənin qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ərizəçinin tələbinin təmin edilmiş hissəsində ərizə rədd olunsun. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu, Ərizəçi vəkili Elxan Quliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Mediasiya prosesi nəticəsində ərizəçi ilə maraqlı şəxsin arasında xx.xx.2021-ci il tarixli barışıq sazişi bağlanıb. Sazişin 2.1.3-cü bəndinə görə, Maraqlı şəxs (ata) Selin Babayevanın (uşaq) saxlanması üçün, uşağın 18 yaşı tamam olana qədər ərizəçi Ramina Babayevaya (ana) hər ay 4.500 manat aliment ödənilməsini öhdəsinə götürür. Həmin bənddə daha sonra qeyd olunub ki, Maraqlı şəxs əmək qabiliyyətini itirərsə, o zaman uşağın saxlanması xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq. Ərizəçi bildirir ki, maraqlı şəxs alimenti sazişdə müəyyən edilmiş qaydada və məbləğdə ödəmir, yəni ödənişlər gecikmələrlə, habelə əksik məbləğlərdə ödənilir. Maraqlı şəxs isə buna etiraz edir, bildirir ki, alimenti vaxtında və tam məbləğdə ödəyir. Maraqlı şəxs etirazını əsaslandırmaq üçün ödəniş sənədlərini məhkəməyə təqdim edib. Lakin həmin sənədlərdən alimentin hər ay vaxtında, tam məbləğdə və ərizəçiyə aid hesaba ödənildiyini müəyyən etmək mümkün deyil. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, sazişin alimentə aid hissəsi lazımi qaydada icra olunmur. Ona görə də sazişin alimentə aid hissəsi təsdiq olunmalıdır. Barışıq sazişin alimentə aid hissəsinin məhkəmə tərəfindən təsdiq edilməsi imkan verəcək ki, alimentin vaxtında və tam məbləğdə ödənilməsi icra məmuru tərəfindən təmin edilsin. O cümlədən, bu, aliment üzrə borclararın icra məmuru tərəfindən müəyyən edilməsinə imkan verəcək. Belə ki, Ailə Məcəlləsinin 106.3-cü maddəsindən görünür ki, aliment üzrə borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Bundan başqa, belə halda uşağın mənafeləri daha yaxşı təmin ediləcək. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”. Beləliklə, məhkəmə “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinin, Mülki- Prosessual Məcəllənin 355-23 və 355-25-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, barışıq sazişinin alimentin tutulmasına aid hissəsi təsdiq edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəicəyə gəlib, lakin işə baxılarkən maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmayıb. Ona görə də Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinin göstərişinə uyğun olaraq qətnamə ləğv edilməli və barışıq sazişinin alimentin tutulmasına aid hissəsinin təsdiq edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Bu hal apellyasiya şikayətinin əsaslarından birini təşkil etdiyinə görə, bu əsasla qətnamənin ləğv edilməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş sayılır. Bundan başqa, ərizədə barışıq sazişinin təsdiq edilməsi xahiş olunsa da, həmin sazişdə alimentə aid olmayan şərtlər də müəyyən olunub. Sazişin yalnız alimentə aid hissəsi təsdiq edildiyinə görə, ərizə qismın təmin olunmuş sayılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 355-25, 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. Ərizə qismən təmin olunsun. Mediasiya prosesi nəticəsində Qasımova (Babayeva) Ramina Vladimirovna ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2.1.3-cü bəndi aşağıda göstərilən məzmunda təsdiq olunsun: Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 üçün, uşağın 18 yaşı tamam olana qədər Qasımova (Babayeva) Ramina Vladimirovnaya hər ay 4.500 (dörd min beş yüz) manat aliment ödənilməsini öhdəsinə götürür. Maraqlı şəxs əmək qabiliyyətini itirərsə, o zaman uşağın saxlanması xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq. Ərizənin qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar