Məhkəmə qərarları › İş №2(103)-5539/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5539/2021

24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5539/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili yyyyyyyyyyyyun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair 2(007)-691/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05.03.2021-ci tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək onların arasında bərabər paylara bölünməsinə dair məhkəmə qətnaməsinin qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ermənistanın Krasnoselo rayonunda anadan olmuş və məlum hadisələrlə əlaqədar olaraq valideynləri ilə birlikdə Azərbaycan Respublikasına gələrək Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Cavabdeh onun doğma dayışı qızıdır. O, uzun müddətdir ki, Bakı şəhərində yaşayır və Bakıda doğulmuşdur. O, Şəmkir rayonu, Çənlibel kəndində valideynlərinin yanında qeydiyyatda olsa da, həddi buluğa çatdıqdan sonra, yəni 1998-ci ildə Bakı şəhərinə gəlmiş və o vaxtdan daimi olaraq Bakı şəhərində yaşamış və burada işləmişdir. O, Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində işə düzəlmiş və hal-hazıradək orada işləyir. O, işləyib pul topladıqdan sonra 2001-ci ilin 27 aprel tarixində Bakı şəhəri, A.Manafov küçəsi, 5 saylı evin 29.1 kv.m sahəyə malik 1 otaqlı, 42-ci mənzilini alqı-satqı yolu ilə əldə etmişdir. Sonradan maddi imkanları genişləndiyindən və eləcə də ailə qurmaq niyyətində olduğundan daha geniş mənzil əldə etmək istəmiş və bu məqsədlə 2005-ci il yanvar ayında həmin 1 otaqlı mənzili 21.500 (iyirmi bir min beş yüz) ABŞ dollarına satmış və bu məbləğin üstünü düzəldib hazırda cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 3 otaqlı, 58 saylı mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Sözügedən mənzili əldə edərkən onun artıq 25 yaşı tamam olmuşdu və şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi vaxtından iki ay keçmişdi. Mənzilin satıcısı isə Kanadaya getməli olduğundan tələsik bir vaxtda düşmüşdü. Həmin dövrdə isə şəxsiyyət vəsiqəsi təxminən bir ay müddətinə dəyişdirilirdi. Məhz bu səbəbdən o mənzili öz adına sənədləşdirə bilməmiş və hesab etmişdir ki, artıq cavabdehlə bir ailədirlər və ona görə də həmin mənzili cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdehlə o təxminən 2004-cü ildə dekabr ayında el adəti üzrə nişanlanmış və onların rəsmi nikahları 2005-ci ilin may ayında rəsmiləşdirilmişdir. Sözügeən mənzildə o, 2015-ci ildə əsaslı təmir işləri həyata keçirmiş və mənzili “Evrotəmir” etdirmiş və mənzilin təmirinə təxminən həmin dövrdə 30-35 min ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Cavabdehlə ailə qurduqdan sonra onlar bir müddət bir ailə kimi həmin mənzildə yaşamış və həmin mənzildə onlar cavabdehlə birgə nikahlarından iki oğlan övladları 03.06.2006-cı il təvəllüdlü Murad və 14.12.2008-ci il təvəllüdlü Fuad adlı uşaqları doğulmuşdur. Həmin mənzildə onlar təxminən 2016-cı ilin ortalarınadək birgə yaşamış və sonradan cavabdeh onu qeyd edilən mənzildən qovmuşdur. 2014-cü ildə o, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsindəki 4 saylı evin 3 otaqlı 27 saylı mənzilini əldə etmiş və həmin mənzil hal-hazırda onun mülkiyyətində və qanuni istifadəsindədir. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili əldə etdiyi vaxt Cavabdeh məktəbi yeni qurtarmışdı və ATS-də operator işləyirdi və onun aylıq əmək haqqı təxminən 200-250 manat təşkil edirdi ki, bu pula da hər hansı bir mənzil əldə etmək mümkün deyildi. Onun valideynlərinin isə belə bir məznili alıb qızlarına hədiyyə etməyə maddi imkanları yox idi. Hazırda cavabdehin adına olan mənzil yəni Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən, 58 saylı mənzil onun cavabdehlə birgə nikahda olduqları dövrdə əldə edilmiş mənzil kimi dəyərləndirilməli və həmin mənzil də onların arasında tən yarı bölünməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05.03.2021-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 16 saylı evin 58 saylı, 3 otaqlı mənzili tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunmaqla həmin mənzildən tərəflərin payları aşağıdakı qaydada müəyyən edilmiş: İddiaçı 5/2 hissədə, Cavabdeh 5/3 hissədə. Qalan hissədə iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 16 saylı evin 58 saylı, 3 otaqlı mənzilinin bölünüb cavabdeh İddiaçı payının 2/5 hissədə, X2 payının isə 3/5 hissədə müəyyən olunması hissəsində dəyişdirilib, mübahisəli mənzildə tərəflərin paylarının bərabər şəkildə müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, S.M.Abdullayevanın hansı diqqətəlayiq mənafeyini və yaxud yetkinlik yaşına çatmayan uşaqlarının hansı mənafeyini əsas götürsün və ya onun ailənin mənafeyinə zidd olan hansı hərəkətlərini nəzərə alıb bu cür absurd bölgüyə qərar versin. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, iş üzrə cavabdehlə onun birgə nikahdan doğulmuş uşaqlarının ikisi də oğlan uşaqlarıdır, hər ikisi sağlamdır, hər hansı bir fiziki və ya psixoloji çatışmamazlıqları yoxdur, birinin 15, digərinin 13 yaşı var. Onların saxlanılması üçün tərəfindən məhkəmənin müəyyən etdiyi məbləğdə aliment ödəyir və ona müraciət olunanda digər ehtiyaclarının ödənilməsinə də çalışır. Cavabdeh S.M.Abdullayevə özü hal hazırda sağlamdır, işləyir və kifayət qədər əmək haqqı alır, onun kənar köməyə və ya yardıma ehtiyacı yoxdur. Onda sual olunur ki, Cavabdeh hansı diqqətəlayiq mənafeyini məhkəmə əsas götürüb belə bir bölgü aparıbdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan iddia zamanı iddiaçı öz iddiasını əsaslandırmaq üçün yalançı şahidlər gətirmiş, hadisələri yalandan və öz mənafeyinə uyğun təhrif etmişdir. Həmçinin məhkəmə bilavasitə öz qətnaməsini əsaslandırmaq üçün şahidlərin ifadələrini məhkəmə iclas protokollarında düzgün əks etdirməmişdir. Belə ki məhkəmə qətnaməsindən göründüyü kimi İddiaçı evlənməmişdən qabaq özünə məxsus bir otaqlı mənzili satdığını bildirmiş, daha sonra həmin pulun üstünü düzəldərək yeni mənzili nişanlısı Cavabdeh adına aldığını bildirmişdir. İş materiallarında olan 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 105.995.000 AZM manata (yüz beş milyon doqquz yüz doxsan beş min AZM manata yeni AZN-lə 21 199 manata) X1 ki adına nikah dövründə əldə edilmiş əmlak kimi mənzil qalmasın. İş materiallarında olan 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* nömrəli əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X5 Bakı şəhəri, Nizami rayonu, A. Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili 186 354 000 AZM manata (yüz səksən altı milyon üç yüz əlli dörd min AZM manata yeni AZN-lə 37 220 manata) alıcı və iş üzrə Cavabdeh satmışdır. Məhkəmə kollegiyasına bildirilir ki, sözügedən əmlak Cavabdeh mərhum atası X3 tərəfindən bibisi oğlu və kürəkəni İddiaçılə baş tutacaq nikahla əlaqədar hədiyyə və cehiz qismində alınmışdır. Faktiki olaraq məhkəmə tərəfindən ədalətsiz olaraq pay-bölgüsü ilə bölüşdürülmüş əmlak hədiyyə olmaqla yanaşı nikahdan əvvəl alınmışdır. İş materiallarında olan 03 may 2005-ci ildə Bakı şəhəri, Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 393 nömrəli reyestr qeydi aparılmışdır. Bəlli olduğu kimi mənzilin alınma tarixi nikah tarixindən 4 ay əvvələ təsadüf etdiyindən göstərilən xüsusat heç cür mübahisələndirilə bilməz. Xatırlatmaq yerinə düşərdi ki, yanvar ayında alınmış əmlakın heç bir halda ümumi birgə təsərrüfat aparılmaqla ailə və nikah dövrünə aidiyyatı yoxdur. Nikahın may ayında bağlanması danılmaz faktdır. Məhkəmənin mülahizəsinə əsasən istənilən dövlət və ya digər şəxsə məxsus xüsusi mülkiyyət, həmçinin kirayəyə (icarəyə) götürülmüş əmlak yaxşılaşdırdıqdan və ya cari, yaxud da əsaslı təmir etdiridikdən sonra şəxsin mülkiyyətinə keçməlidir. Bu mülahizə özü-özlüyündə gülüncdür və konstitusiyanın imperativ normalarını pozur. Digər tərəfdən məhkəmə öz qətnaməsində vacib bir məsələni nəzərə almamış və ya yə almaq istəməmişdir ki, İddiaçı özünə məxsus və nikah dövrünə düşməməsi baxımından adında saxlamaq istəmədiyi Bakı şəhəri, Nizami rayonu. A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 07 yanvar 2005-ci ildə satmışdır. Həmin tarixdə edilən alqı-satqı notariat vasitəsi ilə rəsmi qaydada aparılmışdır. Yəni iddiaçının öz haqsız iddiasını əsaslandırmaq üçün gətirdiyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinin üstündən iki ay keçməsi yalanı tam olaraq üzə çıxır. Çünki elə həmin gün o öz adına olan mənzili özünün iddiasında və məhkəmə qətnaməsinin birinci səhifəsində qeyd edildiyi kimi rəsmi qaydada notarius vasitəsi ilə özgəninkiləşdirdiyindən, sözügedən Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili də şəxsən alacağı halda isə öz adına rəsmiləşdirməsinə hər hansı problem yaranmayacağı aydın olur. Özünün gətirdiyi yalançı şahidlərin isə onun sözlərini təkrarlaması heç də təəcüb doğurmur. Məhkəmə kollegiyasının diqqətinə bir xüsus da çatdırılmalıdır ki iddiaçının öz iddiasını tutarlı və əsaslı etmək üçün yaxşılaşdırma xərcləri kimi göstərdiyi 30-35 min ABŞ Dolları məbləğinin guya ki xərcləndiyi tarix kimi 2015-ci il göstərilib. Halbuki onlar rəsmi nikahda qalmalarına rəğmən nikah pozulan tarixə artıq 6 ildən çoxdur ki birgə təsərrüfat aparmamışlar və birgə yaşamırlar. Bu illər ərzində heç bir halda İddiaçı nə uşaqlarına, nə də ailəsinə hər hansı yardım və ya maddi dəstək göstərməmişdir. Heç uşaqlarının təhsili və ehtiyacları barədə bu 6 il ərzində maraqlanmamışdır. Arada olan bibioğlu-dayıqızı qohumluğuna görə cavabdeh iddiaçıya hər hansı təzyiq göstərməmiş və ya hər hansı bir iddia və tələblə çıxış etməmişdir. Lakin bir daha vurğulanması lazımdır ki yaxşılaşdırma xərcləri kimi göstərilən 35000 dollar iki dəfə devalvasiya olan 2015-ci ilin ortalarına doğru 36750 AZN, axırlarına doğru isə 54250 AZN edir ki bu qədər məbləğin ümumi sahəsi 56.4 kv.m olan mənzilin təmirinə xərclənməsi real deyildir. Çünki ən azından belə çıxar ki mənzilin hər kvadrat metrinə 1000 AZN pul xərclənmişdir. Buradan da aydın olduğu kimi iddiaçı öz əsassız iddiasını tutarlı etmək üçün yalançı şahidlər gətirmiş və olmayan, həmçinin öz ağlına gələn fantastik bir rəqəmi iddiasında qeyd etmişdir. Hətta getmiş inflasiyanı və daşınmaz əmlak qiymətlərini nəzərə almasaq belə sözügedən məbləğə indiki qiymətlərlə əmlak bazarından yaxın ərazilərdən mənzil almaq mümkündür. Maraqlı olanı odur ki hal-hazırda sözügedən mənzilin doğurdanda əsaslı təmirə ehtiyacı vardır. Yalançı şahidlər mövzusuna toxunarkən bir maraqlı faktı qeyd etməyi lazım bilirik ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 Osəd qızının ifadəsi məhkəmə protokollarında və yekun qətnamədə düzgün əks etdirilməmişdir. Reallıqda həmin şahid məhkəmə iclasında tamam başqa ifadələr, hakim isə tamam başqa suallar vermişdir. Hətta şahidin düzgün olmayan, bir-birinə təzadlı ifadələr verdiyini görən hakim onu məhkəmə iclas zalından çıxarmışdır. Bu məqam təbii ki olduğu kimi qətnamədə əks etdirilsəydi iddia tam olaraq rədd edilməli idi. Kollegiyanın diqqətini maraqlı bir fakta da yönəltmək istərdilər ki, məhkəmənin 01.03.2021-ci il tarixli, e-2(007)-504/2021 saylı qətnaməsi ilə artıq Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 4, 27 saylı ümumi sahəsi 46 kv.m olan digər mənzil ümumi birgə təsərrüfat aparılan dövrdə alınmasına görə tərəflərin payları məhkəmənin ədalətli saydığı qaydada bölünmüşdür. Halbuki bu mənzilə xüsusi mülkiyyəti dövlət və ali qanunumuz olan konstitusiya tərəfindən qorunur. Qeyd edilən baryerin məhkəmə tərəfindən aşılması və sadəcə mülahizə əsasında nikahdan öncə və ümumi birgə təsərrüfat aparılmayan dövrdə hədiyyə kimi alınan başqasına məxsus əmlakın bölünməsi qanunun imperativ normalarının birbaşa və kobud pozuntusudur. Apellyasiya baxışı zamanı iddiaçı və təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdeh və təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Şəmkir RPŞ tərəfindən 24.04.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1979-cu ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş İddiaçı Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 15 oktyabr 2020-ci il tarixli, 018-10537-1220 nömrəli məktubuna əsasən xx.xx.1979-cu ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş İddiaçı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən Şəmkir rayonu, Çənlibel kəndi üzrə 11.03.2005-ci il tarixdə ilk dəfə olaraq AZE-02258163 nömrəli və 29.04.2014-cü il tarixdə 35 yaşına çatması ilə əlaqədar AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 105.995.000 AZM (yüz beş milyon doqquz yüz doxsan beş min) manata alıcı X1. 07 yanvar 2005-ci il tarixli, AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X5 Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzili 186.354.000 AZM (yüz səksən altı milyon üç yüz əlli dörd min) manata alıcı Cavabdeh satmışdır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsin seriya ÖM 225141№li qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, A.Manafov küçəsi, 16 saylı evin 58 saylı mənzili Cavabdeh adına 12 fevral 2005-ci ildə qeydə alınmışdır. 03 may 2005-ci ildə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən nikah haqqında şəhadətnamənin surətinə əsasən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 393 № ilə qeyd aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ərarvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə görə ər nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında rəsmi nikah 03 may 2005-ci il tarixdə bağlanmış, onlar arasında ər-arvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh isə mübahisəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl 07.01.2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almış, 12.02.2005-ci il tarixdə həmin mənzilə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi qeyd edilən mənzil nikaha daxil olanadək cavabdehə məxsus olduğundan və iddiaçı həmin əmlakın onların birgə mülkiyyəti sayılması üçün ailə və mülki qanunvericiliklə müəyyən edilmiş halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyindən tərəflərin ümumi əmlakı sayıla və onlar arasında bölünə bilməz. Qeyd edilənlərə əsasən, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05.03.2021-ci tarixli, 2(007)- 691/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək onların arasında bərabər paylara bölünməsinə dair iddiası təmin olunmasın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar