Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5551/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi və vəkili X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeydə alınması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Polşa Respublikasının Sedlçax şəhərində xx.xx.2008-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X3 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı X8 ilə xx.xx.2003-cü ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuş, hazırda yetkinlik yaşına çatmamışlar. Mərhum həyat yoldaşı iş fəaliyyəti ilə bağlı getdiyi Polşa Respublikasının Sedlçax şəhərində xx.xx.2008-ci il tarixdə vəfat etmişdir və həmin ölkədən ölüm haqqında şəhadətnamə alsa da, həmin şəhadətnamə əsasında mərhum həyat yoldaşının ölümü “Vətəndaşlıq vəziyyətinin aktları” avtomatlaşdırılmış sisteminə daxil edilməmiş, yəni ölüm qeydi aparılmamışdır. Bununla bağlı o, mərhum ərinin ölümünü təsdiq edən müqaviq xəstəxana arayışını, Polşa Respublikasında tərtib edilmiş şəhadətnaməni Maraqlı şəxsnə təqdim etsə də, Şöbə ölüm akt qeydinin bərpa edilməsinin mümkünsüzlüyü barədə ərizəçiyə məktub ünvanlamışdır. Hazırda mərhum ərinin ölüm qeydinin qeydə alınmaması ərizəçinin uşaqları ilə olan hüquqlarını təkbaşına həyata keçirə bilmir, eləcə də hazırda nikah qeydləri ölümün qeydə alınmaması səbəbindən davam edir, habelə mərhum əri ilə əldə etdikləri yaşayış evində onun qeydiyyatının qalmasına gətirib çıxarır. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Polşa Respublikasının Sedlçax şəhərində xx.xx.2008-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X4 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 1231/2020 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir. Ərizəçi apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəliilərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi ölüm şəhadətnaməsinin xarici işlər nazirliyinə ərizəçinin müraciəti əsasında verildiyini və Azərbaycanın Polşadakı səfirliyi vasitəsi ilə əldə edildiyini, hazırda həmin sənədi apostil edə bilmədiyi üçün, yəni həmin sənədləri apostil edilə bilməsi üçün müstəqil imkana malik olmamasını, habelə mərhum həyat yoldaşının ölümünü təsdiq edən müvafiq sənədlərin, yəni xəstəxanada verilmiş sənədin əslinin olmasına əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarından görünür ki, X8 xx.xx.1965-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuşdur. Onun atası X9, anası X7r (AZ-İ seriyalı, 619434 nömrəli Doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti). X8 ilə X5 nikahlarının bağlanması haqqında xx.xx.2003-cü il tarixli 30 nömrəli akt qeydi edilmişdir, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir (AZ-İ seriyalı, 670710 nömrəli Nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti). İş materiallarında olan xx.xx.2008-ci il tarixli arayışın qeyri-rəsmi təcrüməsindən müəyyən edilir ki, xx.xx.2008-ci il Siedlce şəhərində Voyevodskaya xəstəxanasının Prozektorskiy şöbəsində xx.xx.1965-ci il tarixdə Azərbaycan Seyfəli kəndində anadan olmuş, Mixaluv şəhəri 10A, Moşenitsa qminası, Lodzkoye voyevodalığı ünvanında yaşayan, yol-nəqliyyat hadisəsində aldığı bədən xəsarətləri nəticəsində xx.xx.2008-ci il tarixdə Siedlce şəhərində Voyevodskaya xəstəxanasında keçinmiş Namaz Məmmədovun bədəninin yarılması icra edilmişdir. Cənazənin xarici ölkəyə aparılmasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-469 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, mərhum X8 barəsində Polşa Respublikasının Sedlçax şəhərində ölüm akt qeydi tərtib olunduğuna görə mərhum X4 ölüm akt qeydinin bərpa edilməsi Maraqlı şəxs imkanı xaricindədir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə hazırkı işlə bağlı düzgün nəticəyə gəlməmişdir. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi əri X8 xx.xx.2008-ci il tarixdə Polşa Respublikasının Sedlçax şəhərində avtomobil qəzası nəticəsində müalicə aldığı xəstəxanada ölmüş, bu barədə həmin xəstəxana tərəfindən tibbi akt tərtib edilmiş və qeyd edilən sənədlər Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin konsulluq şöbəsinə təqdim edilmiş, konsulluq şöbəsi tərəfindən həmin sənədlər konsul Zaur Şükürov tərəfindən təsdiq edilməklə mərhum Namaz Məmmədovun cənazəsi Azərbaycana gətirilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaqla bağlı yaşadığı ərazi üzrə Maraqlı şəxsnə etdiyi müraciətə sonuncu tərəfindən verilmiş cavab məktubundan görünür ki, qeydiyyat orqanı mərhum X4 barəsində Polşa Respublikasında ölüm akt qeydi tərtib olunduğuna görə onun ölüm akt qeydinin bərpa edilməsinin Maraqlı şəxs imkanı xaricində olduğunu bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 1.10-cu bəndinə əsasən Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin qaydaların 8.1. bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.3. bəndinə görə, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Həmin qaydaların 8.4. bəndinə görə, ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Qeyd edilən bu qaydalardan məlum olur ki, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən konsulluq idarələri həmin ölkədə ölmüş Azərbaycan Respublikası vətəndaşları barədə ölümün baş verdiyi təşkilatın müdiriyyəti və ya başqa şəxsin məlumatı əsasında ölümün qeydə alınmasını aparırlar və bu cür qeydiyyatın aparılması məcburidir. Göründüyü kimi, mərhum X4 xx.xx.2008-ci il tarixdə Polşa Respublikasının Sedlçax şəhərində ölməsi ilə bağlı Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin konsulluq şöbəsinə müraciət olunduğundan və onun ölümünə dair müalicə aldığı xəstəxana tərəfindən tərtib edilmiş tibbi sənədlər konsulluq şöbəsinə təqdim edildiyindən (cənazənin ölkəyə gətirilməsi üçün konsulluq şöbəsində həmin sənədlər Azərbaycan dilinə tərcümə olunmuşdur), konsulluq şöbəsi tərəfindən mərhumun ölümünün qeydə alınması yuxarıda qeyd edilən Qaydaların tələblərindən irəli gəlir. Başqa sözlə, bu qaydalara əməl olunmaqla edilmiş müraciət əsasında ölüm qeydin aparılması dövlətin vətəndaş qarşısında pozitiv öhdəliyidir. Lakin hazırda ərizəçi Azərbaycan Respublikasında yaşadığından Polşa Respublikasında fəaliyyət göstərən konsulluq şöbəsində belə bir qeydin aparılıbaparılmaması, əgər aparılmamışdırsa, bunun səbəblərini araşdırmaq imkanından məhrumdur. Ərizəçinin bu cür qeydin aparılması ilə bağlı Maraqlı şəxsnə etdiyi müraciətindən isə artıq belə bir qeydin Polşa Respublikasında aparılması əsası ilə imtina edilmişdir. İşin göstərilən hallarına və qanunvericiliyin sadalanan tələblərinə istinad etməklə kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları üzrə düzgün nəticəyə gəlməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş, bu səbəbdən də ərizədə qaldırılmış məsələ ilə bağlı səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində izah edilir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğu üçün ləğv edilməli, Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməli, Polşa Respublikasının Sedlçax şəhərində xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 ölümünün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2, 385 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 1231/2020 saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. Polşa Respublikasının Sedlçax şəhərində xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 ölümünün qeyd edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5551/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5551/2020
01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver