Məhkəmə qərarları › İş №2(103)-5555/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5555/2023

10.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5555/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “podrat müqaviləsinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1543/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə arasında bağlanılmış 13 avqust 2022-ci il tarixli podrat müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehə ödənilmiş 8000 manat və 2000 manat, cəmi 10000 manatın cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 avqust 2022-ci il tarixdə podrat müqaviləsi bağlanması və şərtləri barədə razılaşma əldə edilmişdir, həmin qarşılıqlı razlaşmaya əsasən cavabdeh hüquq müəyyənedici sənədlər əsasında Abşeron rayonu, quşçuluq sovxozunda 2 sot torpaq sahəsində cəmi 38.000 manat məbləğində 69 kv.m-dən ibarət təmirli evi tikib, 24 ay müddətində iddiaçıya təhvil verməli idi. Razılaşmaya əsasən, ilkin məbləğ olaraq cavabdehə 10000 manat ödənilməli idi. Cavabdehlə əldə edilmiş razılaşma şərtlərinə uyğun olaraq, 13 avqust 2022- ci il tarixdə aralarında rəsmən podrat müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq, hüquq müəyyənedici sənədlər əsasında yuxarıda qeyd edilən torpaq sahəsində sahəsi 69 kv.m.olan yaşayış evini inşa edib, tam təmirli qaydada iddiaçıya təhvil verməli, iddiaçı isə ilkin olaraq cavabdehə 10000 manat, qalan məbləği isə razılaşdırılmış qaydada hər ay ödəməli idi. Evin tikilməsi üçün torpaq sahəsnin ayrılmasına dair sənədin olub-olmaması ilə bağlı məsələ ilə əlaqədar cavabdeh bildirmişdir ki, bu yaxın günlərdə torpaq sahəsinin ayrılmasına dair sənədi əldə edib, təqdim edəcəkdir. Yuxarıda qeyd edilən qarşılıqlı anlaşmalardan sonra iddiaçı tərəfindən podrat müqaviləsi bağlanan gün, yəni 13 avqust 2022-ci il tarixdə 8000 manat, 28 avqust 2022-ci il tarixdə isə 2000 manat, cəmi 10000 manat ödənilmişdir. Mütəmadi olaraq evin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin əldə edib-etməməsi ilə bağlı sorğulara hər dəfə yaxın günlərdə əldə edəcəyini bildirmişdir. Bununla bağlı iddiaçı araşdırma aparmış və ona məlum olmuşdur ki, cavabdeh tərəfindən inşa edilən heç bir evin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənəd (sərəncam) yoxdur. Bununla bağlı cavabdehə xəbərdarlıq etmiş, evin tikintisi üçün torpaq sahəsnin ayrılmasına dair müvafiq sənəd yoxdursa evin tikintisini dayandırmasını istəmişdir, bu tələbi onunla əsaslandırmış ki, inşa edilən ev özütikilidir, buna görə də həmin tikiləcək ev qanunsuz olduğundan iddiaçı tərəfindən qəbul edilməyəcəkdir və müqavilənin etibarsızlığı mübahisələndiriləcəkdir. Cavabdeh tikinti üçün torpağa dair qeyd edilən sənədi əldə etmək əvəzinə, xx.xx.2022-ci il tarixdə ünvanlamış bildirişdə podrat müqaviləsinin 7.3. bəndinə istinad edərək, müqavilə pozulduğu halda, ev satıldıqdan sonra, ödənilmiş məbləğdən 20.30% çıxıldıqdan sonra geri qaytarılacağını bildirmişdir.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1543/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Firuzə Mirzəyeva) ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında başlanmış 13 avqust 2022-ci il tarixli podrat müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh ona ödənilmiş 8000 manat və 2000 manat olmaqla, cəmi 10000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri:

4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, üzərində tikili tikilməsi sifariş verilən torpaq sahəsinin sahibinin podrat müqaviləsini imzalamaması, həmin müqavilənin etibarsızlığı üçün əsas deyil. Sifarişçi müqavilənin əhəmiyyətini mübahisələndirməmiş, sadəcə müqavilə bağlanan zaaman aldadılmasına istinad etsə də bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Şəhərsalma və tikinti Məcəlləsinin 47.4-cü maddəsinə əsasən, tikintiyə dair sənədlərin hazırlanması, icazələrin alınması sifarişçinin öhdəliyidir və podratçı bu öhdəliyin pozulması üçün məsuliyyət daşımır. Belə olduqda isə müqavilə bağlanan zaman sifarişçinin qanunla ona məxsus vəzifələrini yerinə yetirməməsi müqavilənin əhəmiyyətsiz hesab edilməsi üçün əsas ola bilməz. Sifarişçi üçüncü şəxsə (Bələdiyyəyə) məxsus torpaq sahəsində tikinti işləri aparmasını sifariş verirsə, inşa edilmiş tikilinin gələcəkdə kimə məxsus olacağı sifarişçinin məsuliyyəti dairəsindədir. Hazırkı işin halından da görünür ki, bələdiyyəyə məxsus torpaq sahəsi sifarişçi və podratçı arasında bağlanmış podrat müqaviləsinin predmeti deyil, bu müqavilənin predmeti fərdi yaşayış evidir və həmin evin tikintisinə və evin hüquqi rejiminə dair məsuliyyəti sifarişçi daşıyır. Evin tikintisi ilə əlaqədar sifarişçi ilə torpaq sahəsinin sahibi arasında olan və yaxud gələcəkdə yaranacaq münasibətlərin podratçıya aidiyəti yoxdur. İşin hallarından da görünür ki, sifarişçi podratçıya ərizə ünvanalayaraq, müqavilənin dayandırılmasını xahiş etmiş, bununla da müqavilədən imtina etməyini ifadə etmişdir. Belə olduqda isə podratçının sifarişçidən yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Sifarişçi yerinə yetirilmiş işi qəbul etmədiyinə görə, podratçı yerinə yetirilməmiş işin haqqını, yəni podrat müqaviləsi üzrə ödənilməmiş pul vəsaitinin ödənilməsini tələb etmiş, lakin onun iddiası baxılmamış saxlanılmışdır. Əgər məhkəmə podrat müqaviləsi bağlanan zaman torpaq sahəsinin mülkiyyətçisinin razılığının olmamasına əsaslanırdısa bu zaman torpaq sahəsinin mülkiyyətçisini müəyyən edərək onu üçüncü şəxs qismində işə cəlb etməli və ya onun podrat müqaviləsinə münasibətini müəyyən etməli idi. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına münasibətdə bildirmək istəyirəm ki, məhkəmə podrat müqaviəsi bağlanan zaman sifarişçinin aldadılmasına əsaslansa da, iş üçün xüsusi əhəmiyyəti olan bu halı, sifarişçiyə torpaq sahəsinə və tikiliyə dair sənədin veriləcəyinə dair podratçının öhdəlik götürüb-götürməməsini aydınlaşdırmamış, sadəcə sifarişçinin izahatına əsaslanaraq, podrat müqaviləsini etibarsız hesab etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə əsasən tikinti müqavilə bağlandıqdan 2-4 ay sonra başlanır. Lakin iddiaçı öz iddiasında evin ona 24 ay müddətində təhvil verməli olmasını göstərmiş, cavabdehə göndərdiyi 30 sentyabr 2022-ci il tarixli bildirişdə evin vəd verildiyi tarixdə təhvil verlmədiyini əsas kimi qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hal kimi göstərilmiş iddiaçının cavabdeh tərəfindən aldadılması faktının sübuta yetirilməsi, iş üçün əhəmiyyəti olsa da bu fakt heç bir sübutla təsdiq edilməmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşayaraq bildirdi ki, cavabdeh ev tikib satmaqla məşğuldur, tərəflər arasında razılaşma belə olmuşdur ki, cavabdeh torpaq sahəsini də üzərində tikilmiş tikilini də müvafiq qaydada sənədləşdirməklə (müvafiq qaydada səndələşdirməklə) iddiaçıya təhvil verməli idi, bundan sonra müqavilə bağlanmış, ilkin olaraq iddiaçı 10000 manat pul verilməli, qalan məbləğ hər ay razılaşdırılmış qaydada veriləcəkdi. Cavabdeh podrat müqaviləsi ilə tikilməsi ona sifariş edilən evi özünün heç bir sənədi olmadığı torpaq sahəsində inşa etmişdir, iddiaçı hər dəfə torpağın sənədlərini tələb etdikdə, bu gün sabah demiş, nəticədə iddiaçı şübhələnmiş, məlum olmuşdur ki, torpağın sənədi yoxdur, bu səbəbdən də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

8. 13 avqust 2022-ci il tarixli, 706408 nömrəli və 28 avqust 2022-ci il tarixli 706417 nömrəli mədaxil qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh (VÖEN:**********) 8000 manat və 2000 manat ödənilmişdir.

9. Sifarişçi İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış 13 avqust 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, şifarişçi Abşeron rayonu, Quşçuluq sovxozu ünvanda 0.02 ha torpaq sahəsində 69 kv təmirli evin tikintisini sifariş edir. “Podratçı” “şifarişçinin” sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür.

10. xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, İddiaçı 800 manat məbləğində pul vəsaitini ilkin ödəniş kimi ödəmiş, qalan 30.000 manat məbləğində pul vəsaitini 700 manatdan az olmamaq şərti ilə ödəməyi öhdəsinə götürür. Kreditin müddəti 24 aydır. Evin ümumi qiyməti 38000 manatdır.

11. “Aylıq ödəniş cədvəli” adlı sənəd boş olaraq, İddiaçı tərəfindən imzalanmış, Cavabdeh tərəfindən isə həm imzalanmış həm möhür vurulmuşdur.

12. 30 sentyabr 2022-ci il tarixli müraciətin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin vəd verildiyi tarixdə təhvil verilmədiyini əsas gətirərək dayandırılmasını və ödənilmiş məbləğin tam olaraq ona geri qytarılmasını xahiş etmişdir.

13. 30 sentyabr 2022-ci il tarixli müraciətə cavab olaraq cCavabdeh “Podrat” müqaviləsində təhvil verilmə müddətinin göstərilməməsini, ödənilmiş məbləğin geri qaytarılmasının müqavilənin 7.3. bəndinə əsasən həll oluna biləcəyini, evin təhvil verilməsi müqaviləyə əlavə olaraq razılaşma müqaviləsi əsasında həll oluna biləcəyini və ödəniş cədvəlində dəyişiklik edərək qalan məbləğin 24 ay ərzində tam bölünərək, yeni cədvəlin açılmasını təklif etmişdir.

14. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin Bakı şəhəri 13 saylı Vəkil Bürosunun müdiri Vəkil1 xx.xx.2023-cü il tarixli 210 saylı məktubuna xx.xx.2023-cü il tarixli, 5-20/2-941/2023 nömrəli cavab məktubundan görünür ki, Hövsan qəsəbəsi Suraxanı Rayonun İnzibati ərazisinin hüdudları daxilində yerləşir.

15. Suraxanı Rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01/49 nömrəli cavab məktubundan görünür ki, vətəndaş Cavabdeh ilə Hövsan bələdiyyəsi arasında heç bir icarə müqaviləsi bağlanmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi”nə dair və iddiaçı Cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) birinci iddianın təmin edilərək X3 ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2019-cu il tarixli müqavilə etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, Cavabdeh 14.200 manat pul və 132.6 manat dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi; iddiaçı Cavabdeh X2 qarşı pul tələbinə dair ikinci iddianın isə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-172/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Maddə 355. Əqdlərdə razılıq anlayışı 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:

20. Məhkəmə kollegiyası, gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düz qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə isə Kollegiya qeyd edir ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, cavabdeh həmin ərazidə ev tikib satmaqla məşğuldur. Bununla bağlı məhkəmənin icraatında cavabdehə qarşı oxşar başqa iddia tələbləri ilə bağlı mülki işlər vardır.

22. Məsələn, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi”nə dair və iddiaçı Cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 172/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) birinci iddianın təmin edilərək X3 ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2019-cu il tarixli müqavilə etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, Cavabdeh 14.200 manat pul və 132.6 manat dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi; iddiaçı Cavabdeh X2 qarşı pul tələbinə dair ikinci iddianın isə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-172/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, ...məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir.

25. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

26. Cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən Kollegiya qeyd edir ki, ki, Mülki Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

27. Həmin ərazidə ev tikib onu satmaqla məşğul olan cavabdeh isə torpaq sahəsi və üzərindəki tikilini müvafiq qaydada sənədləşdirməklə iddiaçıya təhvil verməli olduğu halda, heç bir hüquq müəyyən edici sənədi olmayan torpaq sahəsində tikinti aparmış, hər dəfə iddiaçı sənədləri tələb etdikdə müxtəlif bəhanə ilə uzatmış, nəticədə sifarişçinin, yəni iddiaçının həmin işlərə marağı itmişdir.

28. Belə olan halda məlum olur ki, iddia tələbini təmin edən rayon məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün qənaətə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır və təmin edilə bilməz.

29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1543/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar