Məhkəmə qərarları › İş №2(103)-5561/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5561/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5561/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-795/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş N 2(011)-795/20) iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2017-ci il tarixli, nzaz 11878 saylı baş kredit müqaviləsi üzrə 32240,11 manat məbləğində əsas, 1309,01 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 34549,12 (otuz dörd min beş yüz qırx doqquz manat on iki qəpik) manat məbləğində borcun və məhkəmə xərclərinin 48 (qırx səkkiz) manat hissəsinin İddiaçı X2 xeyrinə tutulması, tutmanın Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan mənzillərə yönəldilərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 47 saylı evin 21-ci mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 141, M2, m1) ilkin satış qiymətinin 74000 (yetmiş dörd min) manat və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki 6 saylı evin 42ci mənzilinin ilkin satış qiymətinin 48000 (qırx səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzillərə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin mənzillərdən çıxarılması və mənzillərin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 apelyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv olunmasını və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun və faizlərin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2017 il tarixli, nzaz 11878 saylı baş kredit müqaviləsi üzrə 32240,11 manat məbləğində əsas, 1309,01 manat faiz borcu, 10000 manat cərimə olmaqla, cəmi 43549,12 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ilkin satış qiyməti 74000 manat müəyyən edilməklə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 47 saylı evin 21-ci mənzilinə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 141, M2, m1) və ilkin satış qiyməti 48000 manat müəyyən edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki 6 saylı evin 42-ci mənzilinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin borcun təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin mənzillərdən çıxarılması və mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətinin əsas dəlilləri cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi, işə onun iştirakı olmadan baxılması, əsas, faiz və cərimə borcunun düzgün hesablanmaması barədədir. Cavabdeh apelyasiya şikayətində əsas borcun ödənilməsinə etiraz etmədiyini bildirməklə yanaşı əsas, faiz və cərimə borcunun düzgün hesablanmadığını və buna görə də məhkəmə mühasibatlıq ekspertizasının keçirilməli olduğunu göstərmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında ərizə ilə müraciət edərək göstərdi ki, o, əslində kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ilə, eləcə də ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə razıdır və qətnamənin həmin hissələrinə etirazı yoxdur. O, yalnız dəbbə pulunun 1000 manat müəyyən edilməsindən narazıdır və bu məbləğin azaldılmasını xahiş edir. Cavabdeh izahat verərkən həmçinin göstərdi ki, o, qeyd olunanları nəzərə alaraq kredit borcunun miqdarının və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmasına ehtiyac görmür. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini işdə iştirak edən şəxslərdən yalnız biri – Cavabdeh1 apelyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, Cavabdeh1izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlərdən cərimənin (dəbbə pulunun) tutulması hissəsində dəyişdirilməli, qətnamənin qalan hissələri Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC-nin “Ağcəbədi” filialı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 06 faiz ödəmək şərtilə 36 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin borcun təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan əlavə, sözügedən kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 47, 21 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 141, M2, m1) və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 6, 42 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini əsas gətirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehlərdən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, onların açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin borcun təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin mənzillərdən çıxarılması və mənzillərin boşaldılması barədədir. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 319, 425.1, 385.1, 386.1, 442, 445, 467, 739.1 -ci maddələrini tətbiq edərək bu qənaətə gəlmişdir ki, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyinə görə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017 il tarixli, nzaz 11878 saylı baş kredit müqaviləsi üzrə 32240,11 manat məbləğində əsas və 1309,01 manat faiz borcu qalmışdır və bu məbləğ cavabdehlərdən tutulmalı və tutma ipoteka predmetlərinə yönəldilməlidir. Məhkəmə həmçinin borcun vaxtında ödənilməməsinə görə cavabdehlərdən tələb olunan 10 000 manat cərimə məbləğini tənasübsüz surətdə yüksək saymış və Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə həmin məbləği 1000 manatadək azaltmışdır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilsə də, faktiki olaraq əsas, faiz və cərimə borcu mübahisələndirilmişdir. Apelyator qətnaməni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verərkən Cavabdeh1 qətnamənin əsas və faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissələri ilə razı olduğunu bildirdi və apelyasiya şikayətində tələb etmiş olsa da, hazırda ekspertiza təyin olunmasına ehtiyac olmadığını göstərdi. O, məhkəmədən yalnız dəbbə pulunun (cərimənin) miqdarının azaldılmasını xahiş etdi. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ qanunla artıq müəyyən edilmişdir. Belə ki, məhkəmə müəyyənləşdirilmiş dəbbə pulunun məbləğinin öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyini müəyyən etdikdə həmin məbləği tənasübsüz surətdə müəyyənləşdirilən yüksək dəbbə pulu kimi qiymətləndirərək azalda bilər. Tənasübsüz surətdə müəyyənləşdirilən yüksək dəbbə pulu onu ifadə edir ki, ödənilməli olan dəbbə pulu kreditorun həqiqi çəkdiyi zərərə nisbətən son dərəcə çoxdur. Belə halda maraqlı tərəf dəbbə pulunun azaldılması barədə məhkəmə müraciət edə, məhkəmə isə həmin məbləğin azaldılması haqqında qərar qəbul edə bilər. Məhkəmə bu cür qərar qəbul edərkən öhdəliyin borclu tərəfindən yerinə yetirilmə dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün əsaslı (diqqətəlayiq) mənafelərini nəzərə alır. Hazırkı işin hallarından görünür ki, iddiaçı bankın tələb etdiyi cərimə məbləğinin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehlərdən müştərək qaydada tutulmalı dəbbə pulunun məbləğinin 500 (beş yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən kredit müqaviləsi üzrə 3 illik müqavilə müddətinin hələ bitmədiyini, Bankın müqavilə müddəti bitmədən məhkəmədə iddia qaldırdığını və müqavilə müddəti üçün dəbbə pulu tələb etdiyini də nəzərə alır. Müqavilə müddəti ərzində Bankın məruz qaldığı əsas zərər isə yalnız əsas və faiz borcunun ödənilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dəbbə pulunun tutulması hissəsi istisna olmaqla qalan hissələrdə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin həmin hissələrdə ləğvi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya şikayəti 2 əsas dəlil üzərində qurulmuşdur: birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılması; əsas, faiz və cərimə borcunun şişirdilmiş olması. Məhkəmə kollegiyasının iclasında izahat verərkən apelyator əsas və faiz borcunun məbləği ilə razı olduğunu, onları, eləcə də ipoteka predmetlərinin ilkin satış qiymətlərini mübahisələndirmədiyini, bununla bağlı ekspertiza keçirilməsinə ehtiyac olmadığını göstərdi. Apelyasiya şikayətinin digər dəlilinə gəldikdə isə məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişlər cavabdehlərin işdə olan yeganə ünvanlarına göndərilmişdir. Onların başqa hər hansı ünvanlarının olmasına dair işdə heç bir məlumat olmamışdır. Bundan əlavə, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat smsbildiriş vasitəsilə də cavabdehlərə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni dəbbə pulunun (cərimənin) tutulması hissəsi istisna olmaqla qalan hissələrdə düzgün həll etmiş, qətnamə həmin hissələrdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin həmin hissələrdə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissələrdə Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, qətnamə yalnız dəbbə pulunun (cərimənin) tutulması hissəsində dəyişdirilməklə cavabdehlərdən tutulan dəbbə pulunun (cərimənin) məbləği azaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2017-ci il tarixli, nzaz 11878 saylı baş kredit müqaviləsi üzrə 1000 manat cərimə (dəbbə pulu) tutulması hissəsində dəyişdirilsin və həmin məbləğ 500 (beş yüz) manat müəyyən edilsin. Qətnamənin qalan hissələri Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar