Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5563/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5563/2024 (Açar sözlər: əşyaların, olmadıqda isə dəyərlərinin verilməsi və pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların, olmaqdıqda isə dəyərlərinin verilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1408/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların, olmaqdıqda isə dəyərlərinin verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1 ədəd dəyəri 2000 (iki min) manat olan 120 kvadratmetrlik “E.C.A” markalı kombinin, Cavabdeh1 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının, olmadıqda isə onların dəyərinin və Cavabdeh1 8452 (səkkiz min dörd yüz əlli iki) manatın alınaraq ona verilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər doğma bacıqardaşdırlar. Cavabdehlər atalarının ölümündən sonra onun mənzildə olmadığından istifadə edərək, oradan ona məxsus əşyaları icazəsi olmadan aparıblar. Həmin əşyalardan Cavabdeh2 apardığı 1 ədəd dəyəri 2000 manat 120 kvadratmetrlik “E.C.A” markalı kombidən və Cavabdeh1 apardığı 1 ədəd dəyəri 6000 manat 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasından ibarətdir. Bundan başqa, Cavabdeh1 daha əvvəl iddiaçının ailəsinə məxsus, onlara toylarında hədiyyə olunmuş 1 ədəd 750 əyarlı, çəkisi 21 qram, dəyəri 2100 manat olan qızıl boyunbağını analarına məxsus qızıllarla birgə götürüb özü ilə aparıb. Onun tərəfindən Cavabdeh1 mirasdan pay əvəzi kimi digər vərəsələrlə bölüşmək üçün 20000 manat məbləğində pul verilib. Lakin sonradan məlum olub ki, cavabdeh həmin pulun hamısını özündə saxlayıb. Məhkəmə qətnaməsi ilə müəyyən edilib ki, onun verdiyi etibarnamə əsasında Cavabdeh1 Tağı qızı ona məxsus olan 20000 manat depozit pulu götürüb və ona çatmalı olan məcburi pay dəyəri həmin puldan çıxılıb. Bu səbəbdən də, həmin 20000 manatdan məcburi pay dəyəri olan 11548 manat çıxıldıqdan sonra qalan 8452 manat, digər əşyalarla cavabdehlərdən alınaraq ona verilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(011)-2082/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilib, iddiaçılar Cavabdeh1, X1, Cavabdeh2, X4 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin üzərində hər birinin 1/10 hissədə məcburi payı tanınıb, iddia tələbi qalan hissədə rədd edilib. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2082/2022 saylı iş 12 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, miras qalmış əmlak - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 Tağı qızına verilmiş 5000 ABŞ dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilməsi, iddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı X3 12548 manat, Cavabdeh2 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X6 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq onlara ödənilməsi, iddiaçı Cavabdeh1 aid hissədə iddia tələbinin təmin edilməməsi qət edilib. Həmin qətnamənin 80-86-cı abzaslarında qeyd edilib ki, “miras kütləsinə daxil olan 1000 manat pul Cavabdeh1 qalıb. Ona görə də, ona düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 11548 (12548-1000) manat müəyyən edilməlidir (80). Bununla belə, müəyyən edilib ki, cavabdehin verdiyi etibarnamə əsasında Cavabdeh1 cavabdehə məxsus olan 20000 manat depozit pulu götürmüşdür (81). Belə ki, "xxxx" QSC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilib ki, QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açılıb, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nörməli etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanıb. Hazırda onun adına heç bir əmanət hesabı mövcud deyildir (82). Cavabdeh göstərib ki, ataları öləndən sonra iddiaçı Cavabdeh1 etibarnamə verib ki, ona məxsus 20000 manat məbləğində əmanəti götürüb, mənzildən olan paylarının əvəzi olaraq digər iddiaçılarla bölüşsün. Lakin məlum olub ki, Cavabdeh1, nəinki götürdüyü puldan digər iddiaçılara verməyib, onlara hətta pulu götürməsi barədə məlumat da verməyib (83). İddiaçı Cavabdeh1 isə həmin pulun özünə məxsus olduğunu, xaricdə yaşadığı üçün cavabdehin adına depozitə qoyulduğunu bildirib (84). Kollegiya iddiaçının bu dəlilini əsaslı hesab etməyərək, qeyd edir ki, işin halları ilə bu hal təkzib edilir, belə ki, iddiaçının atası xx.xx.2021-ci il tarixdə ölmüş, qısa zaman sonra xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh1 tərəfindən cavabdehə məxsus depozit hesabından 20000 manat məbləğində pul götürülüb. Sonuncu istinad etdiyi halları, yəni həmin pulun özünə məxsus olmasını sübut edə bilməyib, halbuki bunu sübut etmək yükü məhz onun üzərinə düşür. Odur ki, Kollegiya cavabdehin dəlillərini əsaslı hesab edir (85). Göründüyü kimi iddiaçı Cavabdeh1 çatası məcburi payın həcmi 12548 manat olub, o isə 20000 manat məbləğində cavabdehə məxsus depozit məbləğini götürdüyü üçün ona çatmalı olan məcburi pay dəyəri artıq ona verilib, yəni hazırda tamamlanmamış hissə qalmayıb”. Odur ki, ona münasibətdə iddia tələbi rədd edilməlidir (86). Odur ki, iddiaçı ona məxsus cavabdehlərdə olan əşyaların, onlar olmadıqda isə onların dəyərlərinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını istəyir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2(007)- 1408/2024 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 8452 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 135.1, 135.2., 157.2, 372.1, 372.2, 375.1, 375.2, 1091, 1091.1, 1091.1.2, 1092.1 və 1095ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2, 77, 82.3, 88,119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh bir ailə üzvüdürlər, yəni bacı-qardaşlardır. İddiaçının hazırki tələblə çıxış etməsi üçün zəruri olan müddət axımına riayət etməsi gərəklidir. Lakin əsassız varlanmaya dair işlərə baxarkən məhkəmə qanunvericiliyin tələbindən irəli gələn 2 il müddət axımına riayət etmədən iddia tələbinin müvafiq hissədə təmin edilməsini qət etmişdir. Nizami rayon məhkəməsi qətnaməsində müddətin keçmədiyini əsaslandırarkən ancaq "xxxx" QSC-nin verdiyi açılan və bağlanan hesab haqqında məlumatı əks etdirən arayışa istinad edir. Halbuki bu arayışa işdə ehtiyac belə yoxdur, belə ki iddiaçı müvafiq etibarnaməni Cavabdeh1 verməyində məqsəd onsuzda pulun ordan çıxarılması idi, yəni pulun çıxarılacağından xəbəri var idi. Həmçinin mübahisələndirilən əşyaların iddiaçının yoldaşına məxsus olması faktını məhkəmənin təsbit etməsi cavabdehin hüquqlarının birbaşa pozuntusudur. Ümumiyyətlə, məhkəmə hansı sübuta, hansı dəlilə əsasən qeyd edilən əşyaların Nümayəndə məxsusluğunu müəyyən etdiyini qeyd etməmişdir. Bu halları təsdiq edən heç bir sübut olmamasına baxmayaraq məhkəmə qanunsuz olaraq yuxarıda cümlələri qətnaməsinə daxil etmişdir. Hər kəsə bəllidir ki, qətnamə yuxarıdaki cümlədəki şəkildə qüvvəsində qalsa, Nümayəndə ayrıca iddia qaldıraraq heç bir sübut qoymadan preyudisiallığa əsaslanaraq həmin əşyaların, olmadığı təqdirdə isə dəyərinin ödənilməsini tələb edəcək və məhkəmə tərəfindən də həmin tələb təmin olunacaqdır. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarındandır.
12. Maddə 135.1. bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır;
13. Maddə 135.2. əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur;
14. Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
17. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
18. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
22. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
23. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
24. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
25. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
29. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 82.3. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
40. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən və yalnız iddiaçı tərəfindən qətnamənin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin məhz həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.
45. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
46. Kollegiya ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir: 1) əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi; 2) iddiaçıya məxsus puldan ona qaytarılmalı olan 8452 manat pulun ödənilməsi.
47. Əşyaların qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi ilə əlaqədar kollegiya hesab edir ki, həmin hissədə işin digər halları ilə yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən hüquqi mövqelər nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətləri qismən təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(011)-2082/2022 saylı iş 12 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması və iddia tələbinin qismən təmin edilməsi, miras qalmış əmlak - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 Tağı qızına verilmiş 5000 ABŞ dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilməsi, iddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı X3 12548 manat, Cavabdeh2 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X6 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı oğlundan tutularaq onlara ödənilməsi, iddiaçı Cavabdeh1 aid hissədə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə xərcinin dəyəri olan 500 manatın 200 manatı cavabdehdən, 200 manat digər iddiaçılardan tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, 100 manatı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.
48. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə rədd edərkən iddiaçının qaytarılmasını tələb etdiyi əşyaların ona məxsus olmadığını bildirmiş və buna görə də hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Lakin kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır.
49. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
50. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
51. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən iddianın “Cavabdeh1 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının, olmadıqda isə onların dəyərinin alınaraq ona verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, adıçəkilən əşyalar iddiaçıya deyil, iddiaçının arvadı Nümayəndə məxsus olmuşdur. Məhkəmə iddiaçıya əsl iddiaçı ilə əvəz edilməsi ilə bağlı təklif edilsə də, iddiaçı bununla razılaşmamışdır. Nəticədə məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur.
52. Qeyd edilənlərə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli əşyaların iddiaçıya deyil, onun arvadına məxsus olduğunu bildirsə də, bu hal özünü heç bir mötəbər sübuta əsaslanmamış, yalnız sonuncunun məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində göstərilmiş və həmin fakt işdəki digər hər hansı dəlillə öz təsdiqini tapmamışdır. Cavabdeh də öz apellyasiya şikayətində mübahisəli əşyaların iddiaçının arvadına məxsus olduğunu qəbul etməmiş, heç bir tərəf bu halı mübahisələndirmədiyi halda birinci instansiya məhkəməsi sadəcə şahid ifadəsi ilə belə bir nəticəyə gəlmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
53. Buna görə də nə qədər ki, mübahisəli əşyaların iddiaçıya məxsusluğunu təkzib edən hər hansı mötəbər dəlil iş materiallarında mövcud deyil, kollegiya hesab edir ki, bu zaman həmin əşyaların mülkiyyətçisi kimi məhz iddiaçı tanınmalı və hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququn da məhz ona aid olması təsbit edilməlidir.
54. Kollegiya qeyd edilən hissədə iddianın əsaslı və ya əsassız olması ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
55. Belə ki, əmlakın özgənin qanunsuz sahibliyindən alınması ilə bağlı iddialara dair (vindikator iddia) işlərə baxılarkən sübutetmə yükü iş üzrə tərəflər arasında düzgün bölüşdürülməli, həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını iddiaçı, onun olduğu yerdən aparılması isə cavabdeh tərəfindən sübuta yetirilməli və işin halları ilə təkzibedilməz olmalıdır.
56. Hazırkı işdə də iddiaçı iddia tələbində qeyd etdiyi 1 ədəd dəyəri 2000 (iki min) manat olan 120 kvadratmetrlik “E.C.A” markalı kombinin, 1 ədəd dəyəri 6000 (altı min) manat olan 1.3*2.4 metr ölçüdə Quba “Qımıl” əl xalçasının və 1 ədəd 21 qramlıq 750 əyarlı, dəyəri 2100 (iki min yüz) manat olan qızıl boyunbağının ona məxsus olmasını, eləcə də adıçəkilən əşyaların cavabdehlərdə olmasını sübuta yetirməlidir.
57. Yuxarıda da qeyd edildiyi kimi hansısa əmlakın qaytarılmasının tələb olunması üçün ilk növbədə həmin əmlakın mövcudluğu və məhz başqa şəxslər tərəfindən mülkiyyətçinin həmin əmlak üzərindəki ixtiyarının əlindən alınması sübut edilməlidir.
58. Lakin hazırki iş üzrə mübahisəli əmlakların məhz iddiada göstərilən dəyərdə və miqdarda mövcud olmasına dair hər hansı mötəbər sübut olmamış, cavabdeh tərəfindən də bu hal təkzib olunmuşdur. Bundan əlavə qeyd edilən hallar yalnız iddiaçının ifadəsində öz əksini tapmış, bu ifadəni təsdiq edən və sözügedən əmlakların cavabdehlərdə olmasına dair məhkəməyə hər hansı mötəbər dəlillər təqdim edilməmişdir.
59. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
60. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
61. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
62. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbi mübahisəli əşyaların qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı hissədə əsaslı olmasına dair kifayət qədər sübutlar olmadığından rədd edilməlidir.
63. İddia tələbinin 8452 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
64. Birinci instansiya məhkəməsi göstərilən hissədə iddianı təmin edərkən cavabdehin əməlini bütövlükdə əsassız varlanma kimi qiymətləndirmiş və pozuntunun əsasını məhz mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları ilə əlaqələndirmişdir. Lakin kollegiya qeyd edilən mövqe ilə tam razılaşmır.
65. Belə ki, istər birinci instansiya məhkəməsində, eləcə də qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən edilmiş hallar bundan ibarətdir ki, iddiaçının atası xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddiaçı cavabdehə etibarnamə verərək özünə məxsus olan 20.000 manat məbləğində puldan ona aid olan məcburi pay məbləğini götürməsini, qalanını isə iddiaçının özünə qaytarmasını tapşırmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən iddiaçıya məxsus depozit hesabından 20000 manat məbləğində pul götürülmüş, Cavabdeh1 iş üzrə məcburi payı əvəzləşdirildikdən sonra qalan pul iddiaçıya qaytarılmalı olsa da, bu cür qaytarma baş tutmamışdır. Sözügedən qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 çatası məcburi pay miqdarı 12548 manat olmuş, miras əmlakdan 1000 manat öncədən onun özündə olduğundan nəticə etibarilə ona çatası məbləğ 11548 manat təşkil etmişdir.
66. Beləliklə, işin müəyyən olunan hallarından göründüyü kimi cavabdeh iddiaçıya məxsus 20.000 manat məbləğindəki puldan özünə məcburi pay məbləği kimi çatası olan 11548 manat məbləğində pulu götürdükdən sonra yerdə qalan 8452 manat pulu iddiaçının özünə qaytarmalı olsa da, bunu etməmiş və nəticədə əsassız varlanmışdır. Lakin bu hissədə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən əsassız varlanma halının mövcudluğu göstərilsə də, nəzərə alınmamışdır ki, həmin məfhumun yaranma əsası məhz tərəflər arasındakı tapşırıq müqaviləsinin tələblərinin icra edilməməsindən qaynaqlanmış, əsassız varlanma epizodu isə iş üzrə məcburi pay haqqı çıxıldıqdan sonra yerdə qalan 8452 manatın tapşırığın lazımi qaydada icra edilməməsi nəticəsində mənimsənilməsində ehtiva olunmuşdur.
67. Belə ki, Mülki Məcəllənin tapşırıq hüquq münasibətlərini tənzimləyən normalarına müvafiq olaraq tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürsə də, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əgər tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Eyni zamanda əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
68. Yuxarıda da qeyd edildiyi kimi vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Hazırda işin mübahisəsiz halıdır ki, iddiaçı özünə məxsus pul vəsaitinin tam formada cavabdeh tərəfindən mənimsənilməsini tapşıra bilməzdi və bu cür mənimsənilmə qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarına görə əsassız olacaqdı. Bu isə o deməkdir ki, cavabdehə etibarnamə verilməsi və ona məxsus pulun məxaric edilməsi ilə bağlı iddiaçının tapşırığı həmin pul vəsaitinin cavabdehə düşən pay çıxıldıqdan sonra qalan hissəsinin onun özünə qaytarılması olmuş, bu tapşırıqdan kənaraçıxmaya icazə verilməsi barədə isə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh də həmin pulun iddiaçıya verilmədiyini məhkəmə proseslərinin heç birində danmamış, sadəcə bu tələblə məhkəməyə müraciət edilməsi ilə bağlı iddia müddətinin ötürüldüyünü bildirmişdir. Vəkalət alan olan cavabdeh vəkalət verən olan iddiaçıların göstərişlərindən yalnız o halda kənara çıxa bilərdi ki, işin hallarına görə buna müvafiq icazə ala bilmədiyini və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsasları olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edərdi.
69. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə vermədiyindən və bununla da müqavilənin şərtlərini pozduğundan, iddiaçı qeyd olunan məbləği tələb etməkdə haqlı olmuşdur.
70. Apelyatorun qeyd etdiyi iddia müddətinin tətbiqi zərurəti ilə bağlı isə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi razılaşaraq aşağıdakı mühüm halları qeyd edir.
71. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 oğlu iddia müddətinin tətbiqi barədə ərizəsində Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçının depozit hesabından pulu çəkdiyini və iddiaçının bundan məlumatlı olduğunu, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı onun pulun çıxırılmasından təkrar məlumat əldə etdiyini qeyd etmişdir.
72. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-c maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
73. Belə ki, MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin ö hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
74. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-503/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin 82-ci bəndinə əsasən qeyd edir ki, "xxxx" QSC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açmış, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E12040 reyestr nörməli etibarnamə əsasında Cavabdeh1 tərəfindən bağlanmışdır. Hazırda onun adına heç bir əmanət hesabı mövcud deyildir. Göründüyü kimi, iddiaçı məhz xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində məhkəmə araşdırması davam edən zaman "xxxx" QSC-dən müvafiq məlumatı əldə etmişdir və bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən MM-in 1095-ci maddəsinə nəzərədə tutulan müddət ötürülməmişdir.
75. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 8452 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
76. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
77. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
78. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
79. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün ödənmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid olunmalıdır.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1408/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh1 8452 (səkkiz min dörd yüz əlli iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu Cavabdeh1 aid edilsin, 104,52 (104 manat 52 qəpik) manat dövlət rüsumu ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev