Məhkəmə qərarları › İş №2(103)-5572/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5572/2025

14.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5572/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2(001)-4725/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09 yanvar 2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında müddətsiz əmək müqaviləsi bağlanaraq işçi X9nə satış məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin mağaza satış meneceri – Şahid, əməliyyat mütəxəssisi – X5 və xəzinədar – X4 tərəfindən imzalanmış (işçinin işə gəlmədiyi günlərə dair) aktda qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin (bundan sonra “işəgötürən”) əməkdaşı, satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı İ-3585 xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək işə gəlməmiş və gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işə götürənə məlumat verməmişdir.

3. Cavabdeh MMC-nin mağaza satış meneceri – Şahid, əməliyyat mütəxəssisi – X5 və xəzinədar – X4 tərəfindən imzalanmış (işçinin işə gəlmədiyi günlərə dair) aktdan qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin (bundan sonra “işəgötürən”) əməkdaşı, satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı İ-3585 xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək işə gəlməmiş və gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işə götürənə məlumat verməmişdir (AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən üzrlü səbəblər barədə işə götürənə məlumat verilmədiyini nəzərə alınaraq, işçinin işə üzrsüz səbəbdən gəlmədiyi günlər tərəflərindən aktlaşdırılmışdır).

4. Cavabdeh MMC-nin İnsan resursları və inzibati işlər üzrə kiçik mütəxəssisi – Rəhimli Z.E, əmək münasibətləri üzrə aparıcı mütəxəssisi – Vəliyev Y.E və əmək münasibətləri üzrə qrup rəhbəri – Həsənzadə H.M tərəfindən imzalanmış (işçinin xəbərdarlıq sənədini imzalamamasına dair) xx.xx.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin (bundan sonra “işəgötürən”) əməkdaşı, satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı (İ-3585) 03 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq” sənədi ilə tanış olmaqdan və imzalamaqdan imtina etmişdir.

5. "xxxx" MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixində 137293 saylı qaimə ilə Yevlax rayonu, Aran qəsəbəsi ünvanında qeydiyyatda olan İddiaçı məktubun göndərilməsi sifariş edilmiş, lakin verilən məlumata əsasən şəxs həmin ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığından və zənglərə cavab vermədiyindən, məktub ünvana geri qaytarılmışdır.

6. Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 07 aprel 2025-ci il tarixli, 2025/04/07- 0013 nömrəli əmrindən görünür ki, işçinin işə gəlmədiyinə dair aktlar, HRM proqramındakı boşdayanma qeydləri əsas götürülərək, “X9” bölməsində “Satış Məsləhətçisi” vəzifəsində işləyən İddiaçı Əlvan oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 ”ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixdən xitam verilmiş, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 21,73 manat məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 07 aprel 2025-ci il tarixli, 2025(04)07-0013 №-li əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, o, Baku Electronics” MMC-də xx.xx.2023- cü ildən 07.04 2025-ci ilə qədər satış təmsilçisi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə hər hansı bir nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir tədbir olmamışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən təşkilatın əsas binasına çağrıldığından, rəhbərliyin tələbinə əsasən, onların yanına gəlmişdir. Cavabdeh təşkilatın rəhbər vəzifəsində çalışan işçiləri ilə söhbət əsnasında onlar ondan təkidlə, guya öz xahişi ilə işdən çıxmağı ilə bağlı ərizə yazmağını tələb etməyə başlamışlar. Onlara bunu etməyəcəyini dedikdə, onlar mübahisə etməyə və istənilən halda, onu işdən çıxaracaqlarını bildirdilər. Bütün bu təziqlərə baxmayaraq işdən öz xahişi ilə çıxmağı ilə bağlı ərizəyə imza etməmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qanunvericiliyin şərtlərini pozmaqla xx.xx.2025-ci il tarixli əmrlə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. Ona cavabdeh tərəfindən xx.xx.2025-cil tarixdə göndərilən məktubda xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər hər hansı üzürlü səbəb olmadan işə gəlmədiyini əsas gətirirlər ki, guya o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər üzürlü səbəb olmadan işə gəlməmişdir. Halbuki, bu həqiqəti əks etdirmir. Sadəcə olaraq işlədiyi filiala təyin olunan təzə müdür öz tanışını onun yerinə işə düzəltmək istəyirdi. Bu səbəbdən də, onu işdən hər hansı bahanə ilə azad etmək istəyirdilər. Bununla bağlı onda olan WhatsApp səs yazılarılarından da görünür ki, müəssisənin mənafeyinə xələl gətirməmiş,əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini hüquqa uyğun yerinə yetirmişdir. Həmin əmrlə razı deyil, hesab edir ki, əmr ləğv edilməli və məcburi buraxılmış iş günləri ödənilməlidir. O, əmək fəaliyyəti zamanı heç bir səhvə, hüquq pozuntusuna yol verməmiş, işəgötürənin, müəssisənin mənafeyinə xələl gətirməmiş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini hüquqa uyğun yerinə yetirmişdir.Onun hərəkətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a”, 70-ci maddəsinin “ç” bəndinin tələblərinin təsiri altına düşmür. Bu səbəbdən barəsində verilmiş əmr qanuni deyil. Dəfələrlə müraciət etsə də, xx.xx.2025-ci il tarixli əmr ona təqdim edilməmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında əmək münasibətləri mövcud olmuş, işçinin vəzifə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinin xitamı qanuni əsaslarla həyata keçirilmiş, əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək münasibətlərinə xitam verilməsi barədə Cavabdeh MMC tərəfindən əmr verilmiş və bu əmr işçinin əmək intizam qaydalarını pozmasına dair daxili sənədlər və aktlar ilə sübuta yetirilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən işə bərpa tələbi əsassızdır, işçinin əmək müqaviləsinin xitamı əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilmiş və əsaslandırılmışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2(001)- 4725/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

11. Qətnamənin əsaslarına görə, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMCdə satıcı vəzifəsinə təyin edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024cü il tarixli izahat alınmış və o, izahatında həmin gün iş qrafikini səhv salaraq 13:00-da gəlməli olduğu işə 10:00-da gəlmədiyini, yuxusuz olduğu üçün yatdığını, anbarda yatması ilə bağlı heç kimə məlumat vermədiyini göstərmiş, habelə bu halın bir daha təkrarlanmayacağını bildirib nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh MMC-nin X13 müdiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimata əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 2024/10/03- 0016 nömrəli “əmək intizamının pozulmasını nəzərə alaraq yazılı xəbərdarlıq verilməsi haqqında” əmrinə əsasən cəmiyyətin Pərakəndə satış departamenti X9 Satış məsləhətçisi vəzifəsində çalışan İddiaçı Əlvan oğlu daxili inzitam qaydalarını pozduğuna görə, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək, eləcə də xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək işə gəlmədiyindən şirkət əməkdaşları tərəfindən müvafiq aktlar tərtib olunaraq imzalanmışdır. İddiaçının həmin tarixlərdə işə gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işəgötürənə məlumat vermiş olduğu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Göstərilən səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə “AR ƏM-nin 70 ”ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı Əmək Müqaviləsinə əsasən, işçinin Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmasına, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq vəzifələri daşımasına baxmayaraq o, bunlara əməl etməyərək, xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək, eləcə də xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək işə gəlməmiş və gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işə götürənə məlumat verməmişdir. Qeyd edilən hal işə əlavə edilmiş aktlar və xəbərdarlıqlarla öz təsdiqini tapmışdır. İddiaçı Əmək Müqaviləsinə əsasən, işçinin Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmasına, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq vəzifələri daşımasına baxmayaraq o, bunlara əməl etməyərək, xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək, eləcə də xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək işə gəlməmiş və gəlməməsinin hər hansı bir üzrlü səbəbinin olması barədə işə götürənə məlumat verməmişdir. Qeyd edilən hal işə əlavə edilmiş aktlar və xəbərdarlıqlarla öz təsdiqini tapmışdır. Məhkəmə İddiaçı əmək müqaviləsinə əsasən, işçinin Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmasına, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq vəzifələri daşımasına baxmayaraq, qeyd edilənlərə riayət etməməsini, işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirir və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsinin işəgötürən tərəfindən qeyd edilən əsasla qanuna müvafiq olaraq ləğv edilə bilməsini nəzərə alaraq, əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin pozulmasının nəticəsi olaraq Cavabdeh MMC-nin İnsan resursları üzrə direktoru X2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 2025/xx/xx-0013 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq İddiaçı xx.xx.2025-ci il tarixdən Cavabdeh MMC-nin “X9” bölməsində “Satış Məsləhətçisi” vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xitam verilməsini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə, həmçinin xüsusilə qeyd etmişdir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 10, 11, 70, 71, 72, 80-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində və iclaslarda qeyd edilən hallara düzgün qiymət verilmədən, qanunvericiliyin tələbləri pozulmaqla əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə hər hansı nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir tədbir olmamışdır. Əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini hüquqauyğun yerinə yetirmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun işdən azad edilməsi üçün əsaslar olmamışdır. xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən təşkilatın əsas binasına çağırılmışdır. Cavabdeh təşkilatın rəhbər vəzifəsində çalışan işçiləri iddiaçıdan təkidlə öz xahişi ilə işdən çıxmağına dair ərizə yazmağını tələb etmişlər. O, ərizə yazmayacağımı bildirsə də, onlar istənilən halda onu işdən çıxaracaqlarını söyləmişlər. Göstərilən təzyiqləyə baxmayaraq hər hansı bir ərizəni imzalamamışdır. Buna baxmayaraq, həmin tarixdən etibarən ididaçıya əmək haqqı ödənilməmişdir. İşlədiyi filial rəhbərliyi tərəfindən ona işdən azad olunduğu bildirildikdən sonra, əmək haqqı da ödənilmədiyi üçün əmək müqaviləsinə xitam verildiyini düşünərək, iş yerinə getməmişdir. Cavabdeh tərəf isə yalnız cari ilin aprel ayında xx.xx.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçıya işdən çıxarıldığını bildirmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, həmin əmr ona təqdim edilməmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq” sənədi barədə hər hansı bir məlumatı olmamış, işəgötürən tərəfindən rəsmi şəkildə həmin sənədlə tanış edilməmişdir. Cari ilin fevral ayından etibarən iddiaçıya əmək haqqı ödənilməməsindən, həmçinin məhkəməyə təqdim etdiyi WhatsApp səs yazılarından da məlum olur ki, hüquqları pozularaq, heç bir əsas olmadan işdən kənarlaşdırılmış və nəticədə barəsində qanunsuz şəkildə müvafiq əmr rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd etdiyi hallar nəzərə alınmamış, ətraflı araşdırma aparılmadan müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən iş ətraflı araşdırılmadığı üçün iddiaçının əmək haqqı hesabından çıxarış tələb edilməmiş, son haqq hesabın ona ödənilib-ödənilməməsinə münasibət bildirilməmişdir. İşin hallarından və qeyd edilənlərdən görünür ki, məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilən sübutlar nəzərə alınmamış, cavabdeh tərəfindən köhnə təqdim tarixi ilə təqdim edilmiş və iddiaçıya təqdim edilməmiş aktlara istinad edilərək, iddia tələbi əsassız olaraq təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, 2025-ci il fevral ayının 6-da, iş vaxtında onu ofisə çağırmış və işdən ayrılmalı olduğunu bildirmişlər. Səbəbini soruşsa da cavab verilməmiş və təzminat ödəniləcəyini demişlər. Hələ də nə səbəbə işdən çıxarıldığı ona məlum deyildir. İddiaçı göstərdiyi xidmət səviyyəsinin aşağı olduğuna görə işdən çıxarıldığını iddia edir, lakin altı dəfə motivasiya tədbirlərində birinci yerə çıxaraq ayın işçisi seçilmişdir. Birinci instansiya məhkəməsinə təqdim etdiyi səsyazısında açıq şəkildə bildirilir ki, ofisdə ərizə imzalamalıdır və işdən azad edilmişdir. Elektron poçtuna da göndərilən məktubda da qeyd olunur ki, işçi ofisə yaxınlaşsın, ərizəni təqdim etsin.

17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

18. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş səs – yazıları tədqiq olunarkən müəyyən edilmişdir ki, həmin səs yazılarında aşağıdakı ifadələr əksini tapmışdır: “Ayxan, ofisə nə vaxt yaxınlaşmağın barədə sənə özləri məlumat verəcəklər. Həm ərizəni yazarsan, həm də sənə təzminatı deyəcəklər.” “Ayxan, xitam məsələsi nə yerdə qaldı? Deyəsən gedib ofislə danışmısan, demisən ki, öz istəyimlə işdən azad olmaz istəmirəm. Məsələ nədir ki? Kompensasiya məsələsidir?” “Sabah saat 10-da Baş ofisin İnsan Resurları şöbəsinə yaxınlaşarsan. İnsan resurlarının əməkdaşı Yengibar Vəliyev səninlə danışacaq. Yəqin məsələ yekunlaşacaq. Təzminatı da o, sənə deyəcək.”

19. İddiaçı səs yazılarının ona filial müdiri Şahid tərəfindən göndərildiyini bildirdiyindən sonuncu məhkəmə iclasında şahid qismində dindirilmişdir.

20. Şahid ifadəsində göstərmişdir ki, audioyazıda olan səslər ona məxsusdur və iddiaçıya 07 fevral 2025-ci il tarixdə göndərilmişdir. İddiaçı 2024-cü ilin sentyabr ya da oktyabr aylarından Cavabdeh MMC-də işləyir, kollektivlə münasibəti yaxşı olub, heç bir problem yaşanmayıb. Lakin, iddiaçının müştərilərə yaxşı xidmət göstərməməsinə görə rəhbərlik belə bir qərar aldı ki, artıq iddiaçı şirkətdə işləməsin. O, iddiaçıya bildirmişdir ki, baş ofisə yaxınlaşsın, orada onun başqa filiallarda işləməsi ilə bağlı məsələlər müzakirə ediləcək. İddiaçı isə işə gəlməməyə başladı və qeyd etdi ki, yalnız təzminat verilsə, işdən çıxar. Sonrakı dövrdə iddiaçı ilə görüşü və ya hər hansı əlaqəsi olmayıb.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 8. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər/ Maddə 186.

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187.

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. Maddə 189. 1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Maddə 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır. Maddə 190.3 İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Maddə 290.1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib iddianın təmin edilməsi tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmalıdır.

25. Cavabdeh MMC-nin 07 aprel 2025-ci il tarixli əmrində hüquqi əsas olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə, faktiki əsas olaraq iddiaçının işə gəlmədiyi günlərə dair aktlar və HRM proqramındakı boşdayanma qeydlərinə istinad edilmişdir.

26. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

27. Məhz bu normaların tələbləri baxımından işçinin hansı səbəblərdən işdə olmaması əhəmiyyət kəsb edir. İddiaçının arqumenti ondan ibarətdir ki, 2025-ci il fevral ayının 6-da, iş vaxtında onu ofisə çağırmış və işdən ayrılmalı olduğunu bildirmişlər.

28. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, onun işlədiyi filialın rəhbəri Şahid tərəfindən göndərilmiş səs – yazılarında aşağıdakı ifadələr əksini tapmışdır: “Ayxan, ofisə nə vaxt yaxınlaşmağın barədə sənə özləri məlumat verəcəklər. Həm ərizəni yazarsan, həm də sənə təzminatı deyəcəklər.” “Ayxan, xitam məsələsi nə yerdə qaldı? Deyəsən gedib ofislə danışmısan, demisən ki, öz istəyimlə işdən azad olmaz istəmirəm. Məsələ nədir ki? Kompensasiya məsələsidir?” “Sabah saat 10-da Baş ofisin İnsan Resurları şöbəsinə yaxınlaşarsan. İnsan resurlarının əməkdaşı Yengibar Vəliyev səninlə danışacaq. Yəqin məsələ yekunlaşacaq. Təzminatı da o, sənə deyəcək.”

29. Bu danışıqların məzmunundan görünür ki, MMC tərəfindən iddiaçıya öz xahişi ilə işdən azad oluması təklif edilmiş, sonuncu isə bununla razılaşmamışdır. İş materiallarından olan e-mail yazışmasından (10-cu vərəqə) görünür ki, hətta bu məqsədlə MMC tərəfindən ünvanlanmış “Xitam müraciəti Hacyev Ayxan-3585” başlıqlı e-maildə qeyd olunmuşdur ki, “Xahiş edirik əməkdaşı ərizəsini təqdim etməsi üçün xx.xx.2025, saat 15:00-a qədər qeydiyyata yaxınlaşması barədə məlumatlandırasınız”.

30. Bundan başqa məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “iddiaçının müştərilərə yaxşı xidmət göstərməməsinə görə rəhbərlik belə bir qərar aldı ki, artıq iddiaçı şirkətdə işləməsin.” Yəni, hadisələrin xronoloji ardıcıllığı belə olmuşdur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi qənaətinə gəlinmiş, bu məqsədlə ona özü tərəfindən ərizə yazılması təklif olunmuş, sonuncu ilə bununla razılaşmamışdır.

31. Buna görə də məhkəmə kollegiyası işçinin üzrsüz səbəbdən işə çıxmaması ilə bağlı cavabdeh tərəfindən irəli sürülmüş dəlilləri inandırıcı hesab etmir, əksinə 28-29-cu bəndərdə göstərilən sübutlara əsasən iddiaçının ona işdən çıxarılması ilə bağlı məlumat verildiyinə görə işə getməməsi ilə bağlı irəli sürdüyü arqumentlər daha inandırıcıdır.

32. Cavabdehin etirazın əsası kimi istinad etdiyi hallardan biri ondan ibarətdir ki, iddiaçıya işə gəlməməsi ilə bağlı qeydiyyatda olduğu və faktiki ünvanına bildirişlər göndərilmişdir.

33. İş materiallarından (40-41, 43-cü vərəqələr) görünür ki, iddiaçıya qeyd olunan məzmunda 2 məktub göndərilmişdir: 20 fevral 2025-ci il tarixli məktub Bakı şəhəri Sabunçu rayonu, Aydınbəyov küçəsti 10 ünvanına (faktiki); 06 mart 2025-ci il tarixli məktub qeydiyyatda olduğu Yevlax rayonu, Aran qəsəbəsinə.

34. 1-ci (20 fevral 2025-ci il tarixli) məktubun göndərilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, 2-ci (06 mart 2025-ci il tarixli) məktubla bağlı isə "xxxx" MMC-nin aşağıdakı məzmunlu aktı təqdim edilmişdir. “Bildiririk ki, verilən məlumata görə şəxs qeydiyyatdadır, lakin bu ünvanda yaşamır və zənglərə cavab vermir. O, səbəbindən məktub ünvanınıza geri qaytarılır.”

35. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Əgər işçi Cavabdeh MMC-nin Bakı şəhərində yerləşən filialında işləyirsə, onun hər gün Yevlax rayonu, Aran qəsəbəsindən Bakı şəhərinə gedib – gəlməsi qeyri – mümkündür, buna görə də Bakı şəhərində yaşayış yeri var və bu ünvan barədə cavabdeh də məlumatlıdır, digər bildirişi də məhz Bakı şəhərindəki ünvana göndərmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə bildirişin Bakı şəhərindəki ünvana göndərilməsi, çatıdırlması ilə bağlı heç bir məlumat təqdim edilmir, məntiqə zidd olaraq Yevlax rayonu, Aran qəsəbəsinə göndərilmə ilə bağlı hər hansı bir MMC tərəfindən tərtib olunmuş akt təqdim olunmuşdur, halbuki, həmin MMCnin “poçt – rabitə orqanı” statusuna cavab verib – verməməsi də məhkəmə kollegiyasına məlum deyildir.

36. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, intizam tənbehi tətbiq olunarkən Əmək Məcəlləsində göstərilən tələblərə də riayət olunmamışdır.

37. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.

38. Cavabdehin əmrdə istinad etdiyi aktlar iddiaçının 08 fevral – 11 fevral 2025-ci il və 12 fevral - 20 fevral 2025-ci il tarixlərdə işə heç bir üzrlü səbəb olmadan gəlməməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 187.2-ci maddəsin tələbinə görə intizam tənbehi 08 fevral – 11 fevral 2025-ci il tarixləri əhatə edən akta görə ən geci 11 mart 2025-ci il tarixdə, 12 fevral - 20 fevral 2025-ci il tarixləri əhatə edən akta görə isə ən geci 01 aprel 2025-ci il tarixdə (20 mart – 31 mart 2025-ci il tarixlərinin qeyri – iş günləri olması nəzərə alınmaqla) verilə bilərdi. Lakin cavabdeh tərəfindən intizam tənbehi 1-ci akta münasibətdə 1 ay 26 gün, 2-ci akta münasibətdə isə 1 ay 17 gün sonra - 07 aprel 2025-ci il tarixdə verilmiş, bununla da Əmək Məcəlləsinin 187.2-ci maddəsinin imperativ tələbi pozulmuşdur.

39. Beləliklə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları ilə təsdiq olunmaqla, qətnamənin ləğvinə və iş üzrə yeni qətnamənin çıxarılaraq iddianın təmin olunmasına əsas verir.

40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2(001)- 4725/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2(001)- 4725/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 aprel 2025-ci il tarixli, 2025/04/07- 0013 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh X9 bölməsində satış məsləhətçisi vəzifəsinə bərpa edilsin. Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İlkin medasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar