Məhkəmə qərarları › İş №2(103)-5575/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5575/2022

28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5575/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, Ərizəçi “hüquqi faktların müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X6, nənəsinin anası Səkinə xanım Şahbaz qızının, nənəsinin qardaşı X12 və nənəsinin qardaşı qızı X9 ölüm faktlarının, mərhumlarla onun qohumluq münasibətlərinin və mərhumlardan miras qalmış Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı mülkün onun tərəfindən miras kimi qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, X6, Səkinə xanım Şahbaz qızının, X9 və X12 ölüm faktları, mərhumlarla Ərizəçi arasında qohumluq münasibəti və Ərizəçi tərəfindən mərhumlardan miras qalmış Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı evin vərəsə kimi qəbul etməsi faktlarının müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən maraqlarına toxunan şəxs qismində X3 prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə X1 hüquqi varisi (vərəsəsi) müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Daha sonra X5 ərizə ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi olmasının nəzərə alınması, iş üzrə icraatın təzələnməsi, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilərək, verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə gönədirlməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsindən verilmiş prosessual müddətin bərpası barədə vəsatətə dair mülki iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi və qətnamə ilə maraqlarına toxunan şəxs kimi X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli, 2- 1709/2005 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(103)-1647/2022 saylı qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin X4 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan maraqlarına toxunan şəxs qismində X5 tərəfindən kassasiya şikayəti verilmiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(102)-2274/2022 saylı qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Apellyasiya instansiyasının mövqeyinə görə - iş materiallarında X1 qətnamə ilə ölüm faktı müəyyən edilmiş X12 qızı olması barədə doğum haqqında şəhadətnamə və ya digər mötəbər sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi yanlış olaraq qətnamənin X1 (və onun vərəsəsi kimi C.Allahverdiyevanın) hüquq və vəzifələrinə toxunmasının açıqaşkar təsdiq olunmasına istinad etmişdir. Daha sonra maraqlarına toxunan şəxs qismində X5 buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu (MPM-nin 361, 363-cü maddələri) yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildiyi halda məhkəmə ilkin olaraq qətnamənin onların hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarır, sonra isə şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Birinci instansiya məhkəməsi isə yalnız buraxılmış prosessual müddətin bərpası barədə qərardad çıxarmış, lakin qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(103)- 1647/2022 saylı qərardadı ilə maraqlı şəxsin apellyasiya şikayəti qeyri-mümkün hesab edilərkən də məhz bu hala istinad olunmuş, qətnamənin maraqlı şəxsin hüquq və vəzifələrinə toxunması halını təsdiq edən sübutların iş materiallarında olmaması qeyd edilmişdir. Mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra isə iş materiallarına hər hansı sübut əlavə olunmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin maraqlı şəxsin hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarmalı və qərardad konkret sübutlara istinad olunmaqla əsaslandırılmalı, daha sonra şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu (eləcə də prosessual müddətin ötürülüb-ötürülməməsi, bərpasına zərurətin olub-olmaması və s.) yoxlamalıdır. Halbuki, MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “hüquqi faktların müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar