Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5596/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçının Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın qarşısındakı özbaşına tikilmiş konstruksiyanın sökülməsi, cavabdehdən vurulmuş maddi zərər, əldə çıxmış fayda, habelə hüquqi yardım və mübahisənin həlli ilə bağlı müraciətlərin edilməsinə görə 130 100 (yüz otuz min yüz) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək işin icraatı dayandırılmışdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə şikayətə baxılması qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasına qərar verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixli qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş, onun ləğv olunmasını və xx.xx.2024-cü il tarixli ərizəsinin təmin edilərək 4 sualın da əks olunduğu əlavə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, tikinti-texniki ekspertizasının təyin edilməsi barədə məhkəmə qərardadında iddiaçının iddia tələbində qeyd edilməyən 2-ci giriş qapısı ilə bilavasitə bağlı digər 4 sualın əks olunduğu əlavə qərardad qəbul edilməsi xahişi ilə məhkəməyə müraciət etsə də, məhkəmə əlavə qərardad qəbul edilməsini təmin etməmişdir. Əslində sözügedən 4 sual iddia tələbinin məhz həmin 2-ci giriş qapısının gələcəkdə fəaliyyətinin təmin edilməsi məqsədi ilə verildiyini üzə çıxaracaq, həmin 2-ci giriş qapısının özünün qanunsuz olmasını, eyni zamanda bu 2-ci giriş qapısının açılması məqsədilə vaxtilə onun pilləkəni üzərində icazəsiz tikilmiş və mühəndislik baxımından təhlükəsizlik normalarına cavab verməyən döşəmənin (səki örtüyünün) qanunsuz olmasını müəyyən edəcəkdi. Yəni bu 4 sualın əks olunacağı əlavə qərardadın qəbul edilməsi ədalətli məhkəmə qərarının çıxarılmasına kömək edə bilər. Lakin məhkəmə bu 4 sualın əks olunacağı əlavə qərardadın qəbul edilməsini əsassız olaraq rədd etmişdir. Məhkəmənin 02 avqust 2024-cü il tarixli qərardadı ilə 17 iyul 2024-cü il tarixli qərardaddan verilən şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, həmçinin cavabdehin “ekspert qarşısında qoyulacaq əlavə suallar barədə əlavə qərardad çıxarılması”na dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadın “ekspert qarşısında qoyulacaq əlavə suallar barədə əlavə qərardad çıxarılmasına dair ərizənin təmin edilməməsi” hissəsindən cavabdehin verdiyi şikayət də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət üzrə apellyasiya xx.xx.2024-cü il tarixli qərardadla mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, həmin şikayət qeyrimümkün hesab edilməli, mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 97-98-ci maddələrinin mənasına görə, qanunvericilik istər ekspertiza təyin edilməsi, istərsə də ekspertiza təyin edilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, ekspertizanın təyin olunması, yaxud ekspert qarşısında qoyulması istənilən suallar barədə vəsatət üzrə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, MPM-in 264.0.7-ci maddəsinin ziddinə olaraq qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verilməsi imkanının nəzərdə tutulduğunu göstərmiş, eləcə də verilmiş şikayətə baxmaqla onu həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də, şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normasını düzgün tətbiq etməməklə öz qərardadında ondan şikayət verilə bilməsi imkanını əks etdirməsi nəticəsində yaransa da, bu hal, həmin səhvin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadı “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2013/2024 saylı iş üzrə 02 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh verdiyi şikayətin mümkün hesab edilməsi” hissəsində ləğv olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2013/2024 saylı iş üzrə 02 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5596/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5596/2024
19.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver