Məhkəmə qərarları › İş №2(103)-5674/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5674/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5674/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsinə pay hüququnun tanınması və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3067/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ММС-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2016-cı il tarixli müqavilə əsasında Cavabdeh MMC-yə məxsus yaşayış binasının ikinci mərtəbəsində yerləşən cizgi-plan əsasında koordinatları müəyyən edilən qeyriyaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılamsı və qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “Cavabdeh" MTK ilə aralarında bağlanmış xx xxx 2016-cı il tarixli müqavilə əsasında Xətai rayonu M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95 kv.m-lik qeyriyaşayış sahəsinin pay haqqını ödəməklə almışdır. Həmin qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3 ay müddətində 47500 manat məbləğ ödənilməklə almağı MTK tərəfindən verilmiş maliyyə arayışları ilə də təsdiq edilir. Cavabdeh MTK (MMC) məxsus bu binada mənzillərin və qeyri-yaşayış sahələrinin qanunsuz təkrar satışı ilə bağlı ayrı-ayrı təsisçilər, o cümlədən direktor olmuş Alışov Cahangir və digərləri barədə cinayət işi başlanmış və cinayət təqibi aparılır. Aldığı qeyri-yaşayış sahəsinin digər şəxslərə satılması və ya istifadəyə verilməsi ilə bağlı hazırda binaya həmsədr statusunda rəhbərlik edən X.Bağışova etdiyi müraciətə tam cavablar verilmir. Belə ki, bu qeyri-yaşayış sahəsinə dair hər hansı mübahisə yaradan sənədlərin verilib-verilməməsi onlara bildirilməmişdir. Aldığı qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi, maliyyə arayışları və qeyri-yaşayış sahəsinin plan sxemi ona verilmişdir. Bina üzrə istər yaşayış mənzilləri, istərsə də qeyriyaşayış mənzilləri üzə ayrı-ayrı vətəndaşlar arasında mübahisəli məsələlərin baş verməyəcəyinə təminat olmadığı üçün qeyri-yaşayış sahəsinə pay hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddianın rədd edilməsi qənaətinə gəlsə də, nəticə etibarı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahədən ibarət qeyri- yaşayış sahəsinin dəyərinin İddiaçı tərəfindən ödənilməsi və həmin sahənin ona aid olması qənaətinə gəlmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair alqı-satqı barədə xx xxx 2016-cı il tarixli müqavilədəki imzalar və möhürlər X3 aid deyildir, həmin müqavilədəki imzalar ona məlum olmayan digər şəxslər tərəfindən satılmışdır. Həmin müqavilə Cavabdeh MMC-nin sədrinin iradə ifadəsinə əks etdirmir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahəsi X1, həmin sahənin dəyəri tam olaraq sonuncu tərəfindən ödənilmişdir. Yəni, həmin sahə İddiaçı tərəfindən əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Məhkəmə iclasları iştirakları və məlumatları olmadan keçirildiyindən İddiaçı tərəfindən təqdim edilmiş xx xxx 2016-cı il tarixli müqavilədəki imzanın X3 deyil, digər şəxslərə məxsus olması barədə sübutları təqdim etmək hüququndan məhrum edilmişlər. Göründüyü kimi, iddia tələbi rədd edilsə də, faktiki olaraq İddiaçı tərəfindən təqdim edilmiş xx xxx 2016-cı il tarixli müqavilənin həqiqiliyi tanınmışdır. Hesab edir ki, İddiaçı tərəfindən təqdim edilmiş xx xxx 2016-cı il tarixli müqavilənin imzanın X3 və digər şəxslərə məxsus olması, İddiaçı həqiqətən də ödəniş edib-etməməsi və sair hallar araşdırılmalı, X12 üçüncü şəxs qismində cəlb ediməli və göstərdikləri nəzərə alınmaqla iddianın digər əsaslarla rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərkibinin nəzərinə onu da çatdırır ki, işin hallarından və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğlu tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindın hər hansı maneə törədilmir. Əgər maneə yoxdursa belə bir iddianın hansı məqsədlə qaldırılmışdır. Görünür ki, iddianın məqsədli olaraq irəli sürülməsi açıq aşikardır. Qətnamənin məzmunundan görünür ki, dolayı yolla hazırki qətnamə ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahəsinə İddiaçı sahiblik və istifadə hüquqları tanınmışdır. Apellyasiya baxışı zamanı cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair alqı-satqı barədə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmş xx xxx 2016-cı il tarixli müqavilənin və həmin sahəyə dair verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC cavabdeh olmasına baxmayaraq məhkəmədən xəbərsiz olmuş, rəsmi olaraq məhkəmə bildirişlərini əldə etməmişlər. Məhkəmə öz qətnaməsində iddianın rədd edilməsi qənaətinə gəlsə də, nəticə etibarı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337- ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin dəyərinin İddiaçı tərəfindən ödənilməsi və həmin sahənin ona aid olması qənaətinə gəlmişdir. Amma əslində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair alqı-satqı barədə xx xxx 2016-cı il tarixli müqavilədəki imzalar və möhürlər X3 aid deyildir, həmin müqavilədəki imzalar ona məlum olmayan digər şəxslər tərəfindən çəkilmişdir. Həmin müqavilə Cavabdeh MMC-nin iradə ifadəsinə əks etdirmir. Mübahisə olduğu halda müqavilə imzaların həqiqiliyinin ekspertiza rəyləri ilə müəyyən edilməsinə zərurət vardır.Məhkəmədə iştirakları təmin edilmədiyindən və məhkəmə iclaslarından xəbərsiz olduğundan qarşılıqlı iddia ərizəsi vermək hüquqlarından istifadə edə bilməmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti və qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apelyasiya şikayətinə və qarşılıqlı iddia ərizəsinə etiraz edərək təmin olunmamasını xahiş etdi və həmçinin bildirdi ki, cavabdehin nümayəndəsinin mübahisəli ünvana dair iddiaçıya verilmiş maliyyə arayışlarında guya imzanın Cavabdeh MMC-nin sədri Cahangir Alışova məxsus olmadığı barədə dəlili əsassızdır. Belə ki, Cavabdeh MTK-nın xx xxxx 2016-cı il tarixli yekun maliyyə arayışında İddiaçıla yanaşı, adı çəkilən ünvanda digər sahənin mülkiyyətçisi X9 iddia tələbi ilə əlaqədar mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 11356 nömrəli rəyinə əsasən həmin imzanın X8 tərəfindən icra olunduğu təsdiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bağışov Xaləddin Vəkil oğlu və X12 iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, ilk və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, onun məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Bu hal mülki-prosessual qanunvericiliyin tələblərini pozduğuna görə qətnamənin ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2). Bununla yanaşı, işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, cavabdehlə iddiaçı arasında Bakı səhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının ikinci mərtəbəsində 95,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə xx xxx 2016-cı il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin (qeyriyaşayış sahəsinin) dəyəri kimi razılaşdırılmış 47700 manat pul xx xxx 2016-cı il tarixli maliyyə arayışına əsasən 15000 manat, xx xxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən 17000 manat və xx xxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən 15700 manat olmaqla tam ödənilmişdir. Cəmiyyətin sədri Cahangir Alışov tərəfindən, cizgidə göstərilən boş olmuş qeyri-yaşayış sahəsinin pay dəyərinin tam ödənilməsi və qeyri-yaşayış sahəsinə dair cavabdehin hər hansı iddia tələbinin olmayacağı barədə iddiaçıya xx xxx 2016-cı il tarixli maliyyə arayışı da verilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X2 və X5 barəsində aparılan cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmamışdır. Beləliklə, iddiaçı ilə cavabdeh arasında qeyd edilən ünvanda yerləşən 95,4 kv.m qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının qeyri-yaşayış sahəsinə istifadə və sabiblik hüququ qeyri-yaşayış sahəsinə olan pay haqqını tam ödəyib qurtardıqdan sonra, yəni xx.xx.2016-cı il tarixdən yaranmışdır. Eyni zamanda, qeyri-yaşayış sahəsində müayinə keçirilərkən qeyri-yaşayış sahəsinin iddiaçının sahiblik və istifadəsində olması müəyyən olunmuşdur. Beləliklə, iddiaçının qeyriyaşayış sahəsinə dair hər hansı maneələr yaradılması isə hazırda aşkar olunmamışdır. İddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh tərəfindən hansı maneələrin yardılması, maneələrin nədən ibarət olması barədə inandırıcı dəlillər irəli sürə bilməmiş, manelərin yaradılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi də öz təsdiqini tapmışdır. Belə ki, qeyriyaşayış sahəsinin giriş qapısı iddiaçı tərəfindən qoyulmuş, açarları isə özündədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtİəri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əsasən, cavabdehlə iddiaçı arasında qeyd edilən qeyri-yaşayış sahəsinin alınmasına dair müqavilə bağlanmışdır. Cəmiyyətin sədri tərəfindən pay dəyərinin tam ödənilməsi və qeyri-yaşayış sahəsinə dair cavabdehin hər hansı iddia tələbinin olmayacağı barədə iddiaçıya maliyyə arayışı verilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək həmin müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etsə də, bu halları təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Əksinə ilk iddia ərizəsi üzrə iddiaçının nümayəndəsinin təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 11356 nömrəli rəyinin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə tərtib olunmuş xx xxxx 2016-cı il tarixli maliyyə arayışında “C.H.Alışov” yazısı qarşısındakı imza X8 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər (məsələn: Mülki Məcəllənin 1248-ci maddəsində mirasın qəbul edilməsi vaxtının uzadılması nəzərdə tutulmuşdur). Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd edilən norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mübahisələndirdiyi əqdin və maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etsə də, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmiş, həmçinin əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X14 Məhkəməsi “X4” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, ilk və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3067/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsinə pay hüququnun tanınması və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. Cavabdeh MMC-nin İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar