Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5674/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və.s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2023 nömrəli, 27 mart 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İşin hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış 08 may 2020 tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 nömrəli ev mebeli topdan satış anbarına sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə əmək haqqı 150 manat təşkil etmişdir. İddiaçı 27 sentyabr 2022 tarixdən 12 oktyabr 2022 tarixədək (xəstəliyin vaxtı sonradan uzadılmaqla) xəstəliyi ilə bağlı işdə olmamışdır. Cavabdeh MMC-nin 04 oktyabr 2022-ci il tarixli K-920 saylı əmrindən görünür ki, ev mebeli topdan satış anbarı 1 struktur bölmə sürücü (əvəzçilik üzrə) vəzifəsini tutan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (üzrsüz səbəbdən işə gəlməməsi) 04 oktyabr 2022-ci il tarixdən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 04 oktyabr 2022 tarixli, K-920 nömrəli əmrin ləğv edilməsi; onun Cavabdeh MMC-də işə bərpa edilməsi; onunla cavabdeh tərəfindən ona işdən çıxarıldığı 04 oktyabr 2022 tarixindən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi; istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi; işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 08 may 2020 tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 nömrəli ev mebeli topdan satış anbarına sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə əmək haqqı 150 manat təşkil etmişdir. Ötən ilin may ayında səhhəti kəskin pisləşdiyi üçün xəstəxanada müalicə almalı olmuşdur. 27 sentyabr 2022 tarixdən 12 oktyabr 2022 tarixədək (xəstəliyin vaxtı sonradan uzadılmaqla) xəstəliyi ilə bağlı işdə olmamışdır. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə cavabdehin 04 oktyabr 2022 tarixli, K-920 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsas olaraq onun üzrsüz səbəbdən işə gəlməməsini göstərmişdir. Halbuki, o xəstəliyinə görə - üzrlü səbəbdən işə gedə bilməmişdir. 27 sentyabr 2022 tarixdən 12 oktyabr 2022 tarixədək ambulator müalicə almışdır, əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün işdə olmamışdır. Əmək qabiliyyətinin olmaması vərəqəsini cavabdehə təqdim etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi (hakim Təhminə Xəlilova) ilə iddia tələbinin təmin edilməsi, “Cavabdeh MMC-nin 04 oktyabr 2022-ci il tarixli K-920 saylı Əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə Cavabdeh MMC-nin ev mebeli topdan satış anbarı 1 struktur bölmə üzrə (əvəzçilik üzrə) sürücü vəzifəsinə bərpa edilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 76, 79, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən qətnaməsi ümumilikdə iddia tələbinin təmin edilməsi ilə bağlı əsassız hesab edilir. Bildirilir ki, sədrlik edən işə baxarkən işin faktiki hallarını, işdə olan dəlilləri düzgün araşdırmamış və nəticədə qanunsuz məhkəmə aktı qəbuledilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı tərəfindən onun xəstəliyini təsdiq edən sənədlər toplusu cavabdehə vaxtında təqdim edilməmiş, işəgötürən bundan xəbərsiz olmuşdur. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutu düzgün qiymətləndirməmiş, düzgün olmayan nəticəyə gəlmişdir. İşçinin işəgötürənə xəstə olmasını şifahi olaraq bildirməsi işçinin işə gəlməməsinin üzürlü halı deyildir ki, bu baxımdan işəgötürənin məlumatlı olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək "Embawood' MMC-de evezçilik üzrə sürücü vəzifəsində işləyib. İddiaçı xx.xx.2022-ci il tarixdən heç bir səbəb gətirmədən işə gəlmirdi. İddiaçı işə gəlmədikdən sonra şirkətin əməkdaşları onunla əlaqə saxlasalar da, o, şifahi olaraq bildirmişdir ki, xəstədir. Əməkdaşlar onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədin (xəstəlik vərəqəsi) teqdim etməsinin zəruriliyini bildirdilər. İddiaçı işə çıxdığı an xəstəlik vərəqəsini təqdim edəcəyini bildirdi və onun bu xahişi nəzərə alınaraq işə çıxması gözlənilsə də, bu zaman dövründə o, müvafiq xəstəlik sənədini şirkətə təqdim etmədi. Əməkdaşlar onunla əlaqə saxlamağa çalışsalar da bu mümkün olmadı və onun uzun müddət üzrlü səbəb olmadan işə gəlməməsi tərəfimizdən əmək münasibətlərinin kobud pozuntusu kimi qiymətləndirildi. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən İddiaçı ünvanına xx.xx.2022-ci il tarixindən işə gəlməməsinin üzrlü olmasını təsdiq edən sənəd və yazılı izahat, məlumatları 3 gün ərzində təqdim etməsi barədə 420 nömrəli məktub göndərilmişdir. Göndərilən məktub xx.xx.2022-ci il tarixdə İddiaçı (xəbərnamə əlavə edilir) tərəfindən imzalanaraq qəbuledilmişdir. Lakin İddiaçı bu mektuba da cavab verməyərək işəgötürənə işə gəlməməsinin üzrlü hal hesab edilməsi barədə təsdiqedicisənədi (xəstəlik vərəqəsini) təqdim etməmişdir. 2022-ci ilin sentyabr ayının sonunda İddiaçı whatsapp tətbiqi vasitəsilə şirkətin əməkdaşına xx.xx.2021-ci il tarixli Caspian İnternational Hospitaldan verilmiş diaqnoz sənədinin və 13865 nomrəli xəstənin tibbi kartasından çıxarışın (xx.xx.2022-xx.xx.2022) surətlərini göndərdi ki, həmin sənəd də müayinədə olmasını təsdiq edən sənəd idi, onun xəstəlik tarixçəsini əks etdirən sənəd deyildir. Bununla bağlı bildirilir ki, iddiaçının ünvanına dəfələrlə məlumat göndərilməsinə, işə gəlməməsinin üzrlü hal hesab edilməsinə səbəb olan sənədləri təqdim etməyi təklif etsək də, o, heç bir üzrlü səbəb göstərməmişdir. Belə ki, eyni zamanda bildiririk ki, Caspian İnternational Hospitaldan verilmiş 2021-ci ilin diaqnoz sənədinin və 13865 nomreli xəstənin tibbi kartasından çıxarışların (xx.xx.2022-xx.xx.2022) surətləri işçinin əmək qabiliyyətinimuvəqqəti itirilməsini təsdiq etmir. Habelə, whatsapp tətbiqi vasitəsilə şirkətin əməkdaşına göndərdiyi Caspian İnternational Hospitaldan verilmiş diaqnoz sənədi xx.xx.2021-ci il tarixldir və 13865 nomrəli xəstənin tibbi kartasından çıxarışın surətində xx.xx.2022-xx.xx.2022 tarixləri qeyd olunmuşdur. Caspian İnternational Hospitaldan verilmiş diaqnoz sənədi və 13865 nomrəli xəstənin tibbi kartasında çıxarışlar xəstəlik vərəqəsi hesab olunmur. İşçinin uzun və ya qısa müddətə əməkəmək qabiliyyətini müvəqqəti olaraq itirilməsi yalnız xəstəlik vərəqəsi ilə təsdiq olunur. Nazirlər Kabinetinin 08 yanvar 1993-cu il tarixli, 9 nömrəli qərarına nömrəli qərarına 2 nömrəli əlavə ile təsdiq edilmiş "Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın (bundan sonra Təlimat adlanacaq) 1-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbuledilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanunimənafelərinimüdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətliaraşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəlisürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqimövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyimülahizələri, dəlilləri və sübutları hərtərəfliaraşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı,“məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfliaraşdırmaq öhdəliyi yaradır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqiaktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bununla da, hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi həm maddi həm də prosessual hüquq normalarını pozmaqla qətnamə çıxarmış, iş üzrə doğru maddi hüquq normasını tətbiq etməmiş və nəticədə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına göz yummuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
11. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda...
12. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
13. Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər. 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
14. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar 1. İşəgötürən tərəfindən: ...əmək qabiliyyətini müvəqqəti itirən işçilərin... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
15. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 3(004)-646/2023 saylı qərarından müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə vəzifəli şəxs (Cavabdeh MMC- nin direktoru) Abbasov Elşad İnşalla oğlu işçi İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə, yəni İddiaçı xəstə olduğu halda onun əmək müqaviləsinə üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi) xitam verildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə ona 1600 manat şərti cərimə tətbiq edilmişdir.
26. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Abbasov Elşad İnşalla oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir.
27. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-646/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. İş materiallarında olan Cavabdeh MMC- nin direktoru Abbasov Elşad İnşalla oğlu qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-492/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-646/2023 saylı qərarı isə dəyişdirilmədən saxlanılmışdır.
29. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılması müəyyən edilmişdir. Belə ki, iddiaçı xəstə olması ilə əlaqədar, yəni üzrlü səbəbdən işə çıxmamasına baxmayaraq cavabdeh iddiaçı ilə əmək müqaviləsinə iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə xitam vermişdir.
30. Məhkəmə haqlı olaraq hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 04 oktyabr 2022-ci il tarixli K-920 saylı əmri ləğv olunmalı, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı, eyni zamanda həmin müddətə aid istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməklə Cavabdeh MMC-nin ev mebeli topdan satış anbarı 1 struktur bölmə üzrə (əvəzçilik üzrə) sürücü işinə bərpa olunmalıdır.
31. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh şirkət iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla, yəni qanun pozuntusu ilə işdən azad etməsi iş materialları ilə tam təsdiq edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1149/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.