Məhkəmə qərarları › İş №2(103)-568/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-568/2025

17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-568/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-568/2025 (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə4, eyni zamanda vəkili Nümayəndə1 Bəxiyar oğlu, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı, X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1477/2024 nömrəli 21 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 mart 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2009cu il tarixli müqavilədən görünür ki, ünvan 2də inşa olunan yüksək mərtəbəli yaşayış binasının İİİ blok, 15-ci mərtəbə, ümumi sahəsi 91.4 kv.metr olan 149 №-li mənzilin izolə olunmuş 2 (iki) otaqdan ibarət olub bir pay kimi verilməsi nəzərdə tutulmuşdur.

2. Müqavilə üzrə mənzilin dəyəri bir kv.metr sahəsi üçün 500 manat olmaqla, cəmi 91.4 kv.m sahəsi üçün 73120 manat təşkil edir.

3. Müqaviləyə əsasən mənzilin pay dəyəri 73120 manat tam ödənilmişdir.

4. Müqavilə cavabdeh MTK-nın möhürü ilə təsdiq edilmiş, lakin iddiaçı tərəfindən imzalanmamışdır.

5. 07.03.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı bacısı X5 hüquqi yardım üçün 3 saylı Vəkil Bürosunun hesabına 330 manat ödəniş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2də inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasının İİİ blok, 15-ci mərtəbəsində ümumi sahəsi izolə olunmuş 2 (iki) otaqdan ibarət 91.4 kv.metr olan 149 №-li mənzilin məcburi qaydada Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi, vəkil-nümayəndəyə ödənilmiş 330 (üç yüz otuz) manat və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 09 yanvar 2009-cu il tarixində ünvan 2də inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilə bağlanmışdır. Müqavilənin əsas predmeti ünvan 2də inşa olunan yüksək mərtəbəli yaşayış binasının İİİ blok, 15-ci mərtəbə, ümumi sahəsi 91.4 kv.metr olan 149 №-li mənzilə izolə olunmuş 2 (iki) otaqdan ibarət olub bir pay kimi verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə mənzilin dəyəri bir kv.metr sahəsi üçün 500 AZN təyin edilmiş, cəmi 91.4 kv.m sahəsi üçün 73120 AZN təşkil edir. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Qeyd edilənlərə baxmayaraq cavabdeh bu günə qədər üzərinə götürdüyü binanı inşa edib başa çatdırsa da iddiaçını mənzillə təmin etməklə bağlı öhdəliyini icra etməmişdir. Dəfələrlə cavabdehə bu barədə müraciət etsələr də, təəsüflər olsun ki, qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən nəinki yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir, hətta onun yerinə yetirilməsi və icra edilməsindən müxtəlif bəhanələr ilə boyun qaçırmışdır. 2009-cu ildən iddiaçı ailəsi ilə birlikdə kirayə mənzildə yaşamaq məcburiyyətində qalaraq mülkiyyətindən, eləcə də layiqli həyat səviyyəsindən məhrum olmuşdur. Bütün bunların hamısı iddiaçı və ailəsinin mənəvi sarsıntı keçirilməsi ilə nəticələnmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1477/2024 nömrəli 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 09 yanvar 2009-cu il tarixli müqavilədə Cavabdeh Mənzil Tikinti Kooperativinin möhürü olsa da, müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Həmçinin məhkəmə iclasında ifadəsi alınmış şahid MTK-nın direktoru olmuş X6 bildirmişdir ki, müqaviləyə vurulmuş möhür MTK-ya məxsus olsa da, ad və soyadının qarşısında çəkilmiş imza ona məxsus deyil və İddiaçı adlı şəxsi tanımır, onunla müqavilə bağlamamışdır.

10. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə görə imza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir.

11. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, müqavilədə mənzilin dəyəri olan 73120 manat məbləğində pulun tam ödənildiyi qeyd edilsə də, bununla bağlı maliyyə arayışı, ödənişi əks etdirən qəbz təqdim edilməmişdir. Odur ki, iddiaçının təqdim etdiyi 09 yanvar 2009-cu il tarixli müqavilə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2, 331.1, 337.1, 337.2, 337.3, 389.1 və 407.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 340-cı maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 407.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 12 avqust 2020-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 89.3, 119.1, 216-220, 227 və 360-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlərdən əlavə qeyd edilmişdir, məhkəmə həqiqətə nail olmaq üçün mübahisəli məsələnin araşdırılması məqsədilə iş üzrə mütəxəssis və ya ekspertiza təyin edilməmiş, ekspert rəyi olmadan iddiaçı tərəfindən imzalanmayan müqavilənin cavabdeh tərəfdə olan nüsxəsini tələb etmədən müqavilənin mötəbərliyinə qiymət verməmişdir. Müqavilə imzalanan zaman iki nüsxədən ibarət olmuş və iddiaçı müqavilənin birinə imza atmış özündə olan nüsxəsinə imza atmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri, eyni zamanda vəkilləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndələri apellyasiya baxışında xx.xx.2009-cu il tarixdə “Kamaz-6450 yük” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının mənzilin dəyərinin əvəzi olaraq iddiaçının bacısının əri tərəfindən MTK-ya verildiyini bildirmişlər.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında izahatınвa qeyd etmişdir ki, “MTK-dan mənə verilən məlumata görə, əslində müqavilə iddiaçı ilə bağlanmamışdır. MTK adını xatırlamadığım şəxslə müqavilə bağlamış, onunla əvəzləşdirmə aparılmış və ona hazırki müqavilə təqdim edilmişdir. Belə ki, həmin şəxslə MTK arasında razılıq olmuşdur ki, şəxs MTK-ya daş karxanası və beton çəkən maşın verəcəkdir. Bunların əvəzində isə MTK həmin şəxsə mənzilə dair müqavilə verilməsi barədə şərtləşmişlər. Sonradan həmin şəxs öz öhdəliklərini yerinə yetrməmiş, əqd baş tutmamışdır. Şəxsdən müqavilə geri istənilmiş, o isə cavabında “cırıb tullamışam” bildirmişdir”.

18. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 20.Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. 21.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 22.Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 23.Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 24.Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 25.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 27.Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 28.Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 29.Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 30.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 31.Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 32.Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 33.Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 34.Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 35.Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

43. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və mübahisəyə müqavilə münasibətlərinin yaranmaması kimi qiymət vermişdir, bu hal isə qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.

44. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

45. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2009cu il tarixli müqavilədən görünür ki, ünvan 2də inşa olunan yüksək mərtəbəli yaşayış binasının İİİ blok, 15-ci mərtəbə, ümumi sahəsi 91.4 kv.metr olan 149 №-li mənzilə izolə olunmuş 2 (iki) otaqdan ibarət olub bir pay kimi verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə mənzilin dəyəri bir kv.metr sahəsi üçün 500 manat olmaqla, cəmi 91.4 kv.m sahəsi üçün 73120 manat təşkil edir.

46. Müqaviləyə əsasən mənzilin pay dəyəri 73120 manat tam ödənilmişdir.

47. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, müqavilə 2 nüsxədə imzalanmış, MTK-da olan nüsxə onun tərəfindən imzalanmışdır.

48. Qeyd edilən dəlilin yoxlanılması məqsədi ilə Kollegiyanın 10 dekabr 2024-cü il tarixli qərardadı iddiaçı ilə bağlanmış 09 yanvar 2009-cu il tarixli müqavilənin əsli, həmçinin həmin mənzilə dair aparılmış bütün hərəkətlər barədə sənədlər cavabdeh MTK-dan tələb edilmişdir.

49. Qərardadın icrası ilə əlaqədar cavabdeh MTK özünün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanladığı 31 yanvar 2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı ilə 09 yanvar 2009-cu il tarixdə bu və ya digər hər hansı mənzilin alqı-satqısında dair müavilə bağlanmamışdır. Tərəflər belə bir müqavilə tərtib etməmişdir. Həmin mənzilə dair digər sənədlər mövcud olmadığından onların təqdim edilməsi imkanları xaricindədir.

50. Kollegiya tərəfindən eyni zamanda mübahisəli mənzillə bağlı onun qeydiyyata alınıbalınmaması barədə ətraflı məlumat verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmişdir.

51. 1 saylı Bakı Ərazi İdarəsinin 10 yanvar 2025-ci il tarixli cavab məktubunda mübahisəli mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilmədiyi qeyd edilmişdir.

52. Kollegiya tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə mübahisəli mənzillə bağlı hər hansı müraciət edilibedilməsi barədə, olduğu təqdirdə araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsi barədə sorğu verilmişdir.

53. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 06 yanvar 2025-ci il tarixli cavab məktubunda iddiaçının müraciətində hər hansı araşdırma aparılmadığı qeyd edilmişdir.

54. Kollegiya tərəfindən mübahisəli mənzillə bağlı kommunal xidmətlərə dair müqavilələrin bağlanılmasına dair məlumatların təqdim edilməsi barədə “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC-yə sorğular verilmişdir.

55. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik hüquqi şəxsindən və “Azəriqaz” İB-dən daxil olmuş cavab məktublarında mübahisəli ünvan üzrə istehlakçı qismində X1 ilə müqavilələr bağlandığı məlum olmuşdur.

56. Kollegiyanın 14 yanvar 2025-ci il tarixli qərardadı ilə X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

57. Mənzilə dair müqavilə nə cavabdeh, nə də üçün şəxs tərəfindən təqdim edilmədiyindən Kollegiya tərəfindən “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik hüquqi şəxsinə və “Azəriqaz” İstehsalat Birliyinə üçüncü şəxslə bağlanmış müqaviləyə əsas olmuş sənədlərin təqdim edilməsi barədə sorğu verilmişdir.

58. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik hüquqi şəxsindən daxil olmuş 03 mart 2025-ci il tarixli məktuba üçüncü şəxslə MTK arasında bağlanmış müqavilənin surəti təqdim edilmişdir.

59. X1 və Cavabdeh MTK arasında bağlanmış 12 may 2007-ci il tarixli (2007-ci qaralanmış vəziyyətdə olmaqla) müqaviləyə əsasən Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllə ünvanında inşa edilən binanın 3-cü bloku, 12-ci mərtəbə, ümumi sahəsi 87,6 kv.m olan 149 nömrəli izolə olunmuş 2 otaqdan ibarət olan mənzilin bir kv.m sahəsi üçün dəyəri 650 ABŞ dolları təyin edilmişdir. Mənzilin dəyəri 56940 ABŞ dolları təşkil edir.

60. Müqavilənin 2.3-cü bəndində göstərilir ki, məbləğin ödənilməsi hər ay hissələrlə tikinti başa çatana qədər həyata keçirilir.

61. Göründüyü kimi iddiaçı və üçüncü şəxs arasında bağlanmış müqavilələr arasında fərqli cəhətlər mövcuddur.

62. Belə ki, müqavilələr arasında mənzilin sahəsi və yerləşdiyi mərtəbələr fərqli göstərilmişdir.

63. Qeyd edilən ziddiyətli hallara aydınlıq gətirilməsi məqsədi ilə kollegiya tərəfindən binaya baxış keçirilməklə yerində müayinə aparılmışdır.

64. Müayinə zamanı müyyən olundu ki, bina 3 blokdan ibarətdir. Mübahisəli mənzilin yerləşdiyi 3-cü blokda hər mərtəbədə 4 mənzil mövcuddur.

65. Yerində müayinə zamanı üçüncü şəxs 149 nömrəli mənzilə dair onunla MTK arasında bağlanmış müqaviləni təqdim etmişdir. Təqdim edilən müqavilə məhkəmənin daha əvvəl əldə etdiyi müqavilədən fərqli olaraq trafaret tipli müqavilə deyil, tam olaraq çap üsulu ilə tərtib edilmiş müqavilədir. Digər müqavilədə ödəniş ABŞ dolları ilə nəzərdə tutulsa da, müqavilədə ödəniş və qiymət məsələləri manatla ifadə olunur.

66. Müayinə zamanı iddiaçı onun mənzilinin 15-ci mərtəbədə liflə üzbəüz durduqda liftdən sağ tərəfə birinci mənzil olduğunu göstərmişdir. Qapı döyülmüş, qapını açan şəxs ev sahibinin arvadı olduğunu bildirmişdir. O, mənzili təxminən 3 il əvvəl ipoteka ilə aldıqlarını, mənzilin əri Şahid mülkiyyətində olduğunu bildirmişdir.

67. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən də görünür ki, ünvan 2 ünvanında 15-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət olan ümumi sahəsi 91,30 kv.m təşkil edən mənzil X4 mülkiyyətindədir.

68. İddiaçının nümayəndəsinin göstərdiyi və Şahid mülkiyyətində olan mənzilin nömrəsinin “163” olduğu müəyyən olunmuşdur.

69. Müqavilənin iddiaçı tərəfindən imzalanmamasına münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı müqavilənin 2 nüsxədə tərtib edildiyini və MTK-da olan nüsxəni imzaladığını, özündə qalan (məhkəməyə təqdim olunan) nüsxəni isə imzalamağa ehtiyac duymadığını bildirir. Bundan əlavə müqavilə iddiaçı tərəfindən imzalanmasa belə, o öz hərəkətləri ilə müqaviləni bəyənir və onun icrasını tələb edir.

70. Bunun əksinə olaraq, müqavilə cavabdeh MTK tərəfindən möhürlə təsdiq edilmişdir. Bu isə hüquqi şəxs olan MTK-nın iradə ifadəsinin bəyanıdır. Bundan əlavə müqavilənin mübahisələndirilməsi, onun ləğv edilməsi və ya dəyişdirilməsinə cavabdeh tərəfindən təşəbbüs göstərilməsi müəyyən olunmamışdır. MTK-nın adından müqavilənin kim tərəfindən imzalanması da vəziyyəti dəyişmir, çünki, artıq qeyd olunduğu kimi, MTK-nın iradəsi möhürlə ifadə olunmuşdur. Müqavilənin qarşı tərəfi bunu yoxlamaq məcburiyyətində deyil (hazırki hala münasibətdə), xüsusi ilə nəzərə alınsa ki, MTK-nın nümayəndəsi izahatında bildirmişdir ki, müqaviləni təsisçilərdən hansısa biri imzalamışdır.

71. Odur ki, birinci instansiya məhkəməsi müqavilənin mötəbərliyini şübhə altına almaqda səhv etmişdir, müqavilə qüvvədə olmaqla keçərlidir və onun tərəfləri üçün hüquq və vəzifələr yaratmışdır.

72. Bundan başqa məhkəmə mənzilin dəyərinin ödənilməməsi barədə də səhv nəticəyə gəlmiş və bunu maliyyə arayışı və ya mədaxil qəbzinin olmaması ilə əsaslandırmışdır. Halbuki müqavilənin özündə mənzilin dəyəri olan 73120 manat məbləğində pulun tam ödənildiyi qeyd olunmuşdur və belə bir qeydin olması ödənişin aparıldığı qənaətinə gəlməyə kifayət edir. 73.Eyni zamanda müqavilələrin tərəflər arasında mal-mənzil mübadiləsi əsasında tərtib olunması barədə MTK-nın dəlilləri həmin müqavilənin etibarsız olması nəticəsinə gəlmək üçün kifayət deyil, ona görə ki, MTK-nın bir şəxsdən mal (tikinti materialı, yaxud yük avtomaşını və s.) alması müqabilində satıcının, yaxud onun göstərdiyi şəxsin adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alqı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar.

74. Adına müqavilə verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (tikinti materialı və s. malın verilməsi əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir.

75. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla satıcıya borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Göstərilən qaydada razılaşma və hesablaşma hallarında MTK qarşısında kreditor olan şəxs mənzilin özünün və ya göstərdiyi üçüncü bir şəxsin adına sənədləşdirilməsini istəyə bilər. Məlum olduğu kimi qanunverici üçüncü şəxsin xeyrinə müqavilə bağlanılmasını mümkün sayır.

76. İddiaçı tərəf mənzilə dair müqavilə ilə eyni tarixli “Kamaz” markalı yük avtomobilinə dair etibarnamə təqdim edərək, mənzilin məhz həmin avtomobilin müqabilində əldə etdiklərini bildirmişdir.

77. Tərəflər arasında mal-mənzil mübadiləsinin olmasını və mənzilə dair müqavilənin də məhz həmin mübadilə əsnasında yazılıb iddiaçıya verildiyini, lakin həmin sövdələşmənin baş tutmadığını cavabdehin nümayəndəsi-vəkili də apelyasiya icraatında təsdiq etmişdir.

78. Göründüyü kimi MTK tərəfindən bu cür əvəzləşdirmə ilə bağlı müəyyən işlər görülmüş və pulun əvəzində müqavilə bağlanmışdır. Sonradan həmin sövdələşmənin baş tutmaması və bu əsasla müqavilənin də qüvvədən düşməsi kimi hallar müəyyən olunmur.

79. Hər bir halda iddiaçı etibarsızlığı və ya qüvvədən düşməsi müəyyən olunmayan əqdə əsaslanaraq hazırki iddianı qaldırmışdır və həmin əqdin (mənzilə dair müqavilənin) hansı şərtlərlə bağlanması hazırki mübahisənin premetini təşkil etmir və məhkəmə də bunu araşdırmaq məcburiyyətində deyil.

80. Odur ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına dair iddiaçının mülahizəsi də əsassızdır. Belə ki, iddiaçı müqavilə tərəfi olmaqla hazırki tələbi irəli sürməkdə haqlıdır.

81. Lakin kollegiya hesab edir ki, iddiaçının tələbi hazırki vəziyyətdə təmin edilə bilməz. 82.Araşdırma zamanı müəyyən edilmişdir ki, 149 nömrəli mənzilə dair müqavilə X1 ilə daha əvvəl - 12 may 2007-ci ildə bağlanmış, mənzil ona təhvil verilmiş və o, mənzili təmir edərək orada yaşayır. 83.İddiaçı ilə MTK arasında isə müqavilə 09 yanvar 2009-cu ildə bağlanmışdır. Nəzərə almaq lazımdır ki, nə iddiaçının, nə də üçüncü şəxsin hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Üçüncü şəxslə cavabdeh arasında müqavilə öhdəliyinin icra edilməsi ilə bağlı hər hansı mübahisə yoxdur.

84. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ”

86. Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 mart 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun Cavabdeh MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdimüəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla Cavabdeh MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdimüəyyən əşya olan mənzil sonradan Cavabdeh MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin Cavabdeh MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh MTKnın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir... Göründüyü kimi, satıcı Cavabdeh MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir... Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə Cavabdeh MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz Cavabdeh MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır.”

87. Göründüyü kimi, Konstitusiya baxışının predmeti olmuş mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzil bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından gedir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzilin dəyəri ilkin alıcı tərəfindən ödənildikdən sonra həmin alıcı əmlaka (mənzilə) sahiblik və istifadə etmək hüququnu əldə edir və belə olan halda, MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni sonradan mənzilə dair başqa şəxslə, hazırki halda iddiaçı ilə alqı-satqı müqaviləsi bağlaması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır.

88. Beləliklə, 149 nömrəli mənzil daha əvvəl üçüncü şəxsə satıldığından, iddiaçı həmin mənzilin ona təhvil verilməsini MTK-dan tələb edə bilməz.

89. Lakin kollegiya onu da qeyd edir ki, iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsi tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət edə bilər.

90. Vəkil-nümayəndəyə ödənilmiş 330 manat və 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutulmasına münasibətdə Kollegiya hesab edir ki, iddia təmin edilmədiyindən həmin xərclər onu ödəmiş iddiaçının özünə aid edilməlidir.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1477/2024 nömrəli iş üzrə 21 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh MTK-ya qarşı, X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “mənzilin təhvil verilməsi tələbinə dair” iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar