Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5685/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 kredit öhdəliyi üzrə qalan 25.413,56 manat icra edilməmiş əsasın, müddət sonuna hesablanan 6.385,51 manat faizin, 22.594,79 manat cərimənin, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.087,53 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1-də yerləşən 10 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 25% faiz ödənilmək şərtilə, 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə həmin tarixdə 267 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəşimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 58-də yerləşən 10 saylı mənzil "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan bankdan aldığı kredıti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 25.413,56 manat əsas, müddət sonuna hesablanan 6.385,51 manat faiz, 22.594,79 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.087,53 manat borcu mövcuddur. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsi 20.08.2019-cu il tarixli maliyyə arayışı üzrə yaranmış 25.413,56 manat əsas borcun, 6.385,51 manat faiz borcunun, 4.105,39 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına (MM 445.7-ci maddəsinə uyğun olaraq) əsaslanan faizin, 24.250,81 manat cərimənin, 60.155,27 manat cəmi borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1-də yerləşən 10 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsi üzrə yaranmış 25.413,56 (iyirmi beş min dörd yüz on üç manat, əlli altı qəpik) manat əsas borc, 5.579,95 (beş min beş yüz yetmiş doqquz manat, doxsan beş qəpik) manat faiz borcu, 4.105,39 ( dörd min yüz beş manat, otuz doqquz qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına (MM 445.7-ci maddəsinə uyğun olaraq) əsaslanan faiz, 2.500 (iki min beş yüz) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 37.628,90 (altmış min yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan, ilkin satış qiyməti 54.000 manat (likvid dəyər) məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 58 ünvanında yerləşən 10 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM-nin hesabına köçürülməsi, iş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri 400 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən narazıdır, hakim onun iştirakını təmin etmədən, hüquqlarını pozmaqla ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə qətnamənin qət etdi hissəsində cəmi məbləği səhv göstərmiş, iddia qismən təmin olunmasına baxmayaraq məbləği 60.128,90 manat göstərmiş, əslində isə həmin məbləğ hesablayanda cəmi 37.598,90 manat pul edir. Xahiş edir bu da nəzərə alınsın.ız. Nəsimi Rayon Məhkəməsi qətnamə ilə bir vətandaş kimi hüquqlarını pozmuşdur. Aşağıda qeyd olunanlarla qətnamənin qanunsuz və əsassız olması, hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə bank tərəfindən şişirdilmiş faizləri nəzərə almamış və faizlərin hesablanması üçün ekspertiza təyin etməmişdir. Banka olan borcu ödəməkdən imtina etmir, lakin faizlər azaldıqdan sonra bankın borcunu hissəhissə ödəməyə heç bir etirazı yoxdur. Bank tərəfindən şişirdilmiş faizlərin yenidən hesablanmasını və ekspertiza keçirilməsini istəyir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və Cavabdeh1 gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bu baraədə məhkəməyə heç br rəsmi sənəd təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, müqaviləyə əsasən iddiaçı "xxxx" ASC öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319, 448, 467 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Xanlar Əliyevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, iddiaçı "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 267 saylı, 27 may 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin “Xətai” filialı Cavabdeh1 illik 25 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında оlan, iddiaçı "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 267 saylı, 27 may 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh1 30.000 manat məbləğində əsas bоrc və 8.427 manat faiz məbləği оlmaqla hər ay 1.601,15 manat оlmaqla banka 38.427,60 manat məbləğini 27 iyun 2014-cü il tarixdən 27 may 2016-cı il tarixə kimi ödəməli idi. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrarayon, M.Cəlal küçəsi 58-də çoxmərtəbəli binada yerləşən, 40,47 m2 ümumi, 29,47 m2 yaşayış, 11,00 m2 yardımçı sahədən ibarət, 2 otaqlı 10 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2113 nömrəli kitabın 195535 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında оlan, iddiaçı "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh2 arasında bağlanmış 267 saylı, 27 may 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 267 saylı, 27 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2nn mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrarayon, M.Cəlal küçəsi 58-də çoxmərtəbəli binada yerləşən, 40,47 m2 ümumi, 29,47 m2 yaşayış, 11,00 m2 yardımçı sahədən ibarət, 2 otaqlı 10 saylı mənzil Cavabdeh1 267 saylı, 27 may 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndində göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlak 77.000 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrarayon, M.Cəlal küçəsi 58-də çoxmərtəbəli binada yerləşən, 40,47 m2 ümumi, 29,47 m2 yaşayış, 11,00 m2 yardımçı sahədən ibarət, 2 otaqlı 10 saylı mənzil Cavabdeh1 267 saylı, 27 may 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 29 oktyabr 2015-ci il tarixli 10/H-118 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” Ərizədən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişlərin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan, "xxxx" MMC-nin “Daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” Hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin bazar qiyməti 72.000 manat, likvid qiyməti 54.000 manat müəyyən olunmuşdur. Qiymətləndirmə tədqiqatının dəyəri 400 manat təşkil etmişdir. İş materiallarında olan, ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 16 may 2019-cu il tarixinə kredit müqaviləsi üzrə 25.413,56 manat əsas, 6.385,51 manat faiz, 24.250,81 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 4.105,39 manat olmaqla, cəmi 60.155,27 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. İddia tələbindən göründüyü kimi "xxxx" ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinə görə 267 saylı, 27 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - 20.08.2019-cu il tarixə əsas kredit məbləğ üzrə 25.413,56 manat, faiz məbləği üzrə 6.385,51 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz 4.105,39 manat, dəbbə pulu 24.250,81 manat olmaqla cəmi 60.155,27 manat təşkil edir. Məhkəmə kоllegiyası Cavabdeh1 apelyasiya şikayətinin əsas dəlili olan "xxxx" ASC tərəfindən faiz məbləğinin artıq hesablanması və birinci instansiya məhkəməsi tərəfindən isə bu halın kifayət qədər nəzərə alınmaması barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 31323 saylı, 24 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları, cari hesabdan çıxarış məlumatları və 267 saylı, 27 may 2014-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 27 may 2016-cı il (müqavilə müddətinin bitdiyi tarixə) tarixə əsas borc 28.113,56 manat, faiz borcu 5.579,95 manat və 16 may 2019-cu (sualda qeyd edilən tarixə) tarixə əsas borc 28.113,56 manat, faiz borcu 24.350,36 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 267 saylı, 27 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit məbləği üzrə tələb olunan 22.594,79 manat dəbbə pulunun 2.500 manat həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin dəbbə pulu və faiz hissəsində gəldiyi nəticə əsaslı və qanuni olduğundan həmin tələblərlə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alındığından, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas yoxdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində Bank tərəfindən təqdim edilən arayışda yazılan məbləğlərin hədsiz dərəcədə şişirdildiyini və düzgün hesablanmadığını göstərsə də bunu əsaslandıran hər hansı bir mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Bundan başqa Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5685/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5685/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver