Məhkəmə qərarları › İş №2(103)-5724/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5724/2022

30.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5724/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 1550 manat məbləğində maddi zərər, 36,50 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, ümumilikdə 1686,50 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdehlə aralarında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 13000 manat ödəyərək «Ravon Nexia R3» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, avtomobilə 77- CE- 968 dövlət qeydiyyat nişanını almışdır. İddiaçı alqı-satqıdan bir neçə gün sonra avtomobili idarə edərkən surətlər qutusunda texniki qüsur olduğunu aşkarlamışdır. «Performance Center» avtomobil servis mərkəzində surətlər qutusunun əvvəllər açıldığı, təmir işlərinin görüldüyü, həmin vaxt qutunun plastmasının qırıq olduğu, datçikinin və feredosunun yararsız olduğu, bublikin qaynaq olduğu və furuksionlarının yeyildiyi aşkar olunmuşdur. İddiaçı qutunun təmirinə 1550 manat məbləğində pul xərcləmişdir

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Tahirə Əsədova).

4. Həmin qətnamədən narazı qalan iddiaçı iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutlarla (qüsur aktı və s.), həmçinin şahid ifadəsi ilə avtomobili Cavabdeh satın aldıqdan əvvəl sürətlər qutusunda qüsur olması faktı tam təsdiq olunduğu halda, məhkəmə heç bir əsas olmadan absurd bir şəkildə iddianın rədd edilməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni öz qanunsuz qətnaməsində “əsaslandırmağa” cəhd etmiş, lakin bu çox uğursuz olmuşdur. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan DİN Baş X3 İdarəsi tərəfindən verilmiş kompüter çıxarışından görünür ki, «Ravon Nexia R3» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil, buraxılış ili 2017-ci il, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı satılmış, avtomobilə **-CE-*** dövlət qeydiyyat nişanı verilmişdir.

10. Həmin avtomobili cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-dən almşdır. RS Avtoservis tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, avtomobilin surətlər qutusunun təmirinə 1550 manat məbləğində vəsait tələb olunur.

11. Birinci intansiya məhkəməsində icraat zamanı ifadə verən şahid X1 qeyd etmişdir ki, avtomobili servis mərkəzində o, təmir etmişdir. Surətlər qutusundakı qüsurlar, qaynaqlar uzun müddət bundan əvvələ təsadüf edir. Hüquqi dəyərləndirmə:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, tam yoxlayır.

15. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, «Ravon Nexia R3» markalı, **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobil, buraxılış ili 2017-ci il, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı satılmış, avtomobilə **-CE-*** dövlət qeydiyyat nişanı verilmişdir (DİN Baş X3 İdarəsi tərəfindən verilmiş kompüter çıxarışı). Həmin avtomobili cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-dən almşdır. RS Avtoservis tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, avtomobilin surətlər qutusunun təmirinə 1550 manat məbləğində vəsait tələb olunur.

16. Kollegiya qeyd edir ki, avtomobillərin alqı-satqısı notarius tərəfindən deyil, X3 tərəfindən həyata keçirilir və həmin müqavilənin hər-hansı bir məzmunu və ya şərtləri nəzərdə tutulmur. Yəni, alqı-satqı müqaviləsində keyfiyyət barəsində hər hansı bir şərt nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh iddiaçıya istismara yarayan avtomobil verməyə borclu idi. Alıcı aldığı avtomobilin keyfiyyətini yoxlamış və sonradan almışdır, yəni keyfiyyət onu qane etmişdir.

17. Satıcı o zaman məsuliyyət daşıyır ki, əşyanın qüsuru barədə özünün məlumatı olsun və qabaqcadan alıcıya bunu bildirməsin. Buna dair kollegiya qeyd etməyi zəruri hesab edir ki, avtomobilin buraxılışı 2017-ci ilə təsadüf edir, satıcı özü həmin avtomobili buraxılış ilində avtosalondan deyil, lizinq şirkətindən buraxılış ilindən iki il sonra almışdır və həmin qüsur o zamandan mövcud ola bilərdi və cavabdeh onu bilməyə bilərdi. Bundan başqa, alıcı çəkdiyi xərcin əvəzinin ödənilməsini istəyə bilər, iddiaçı isə çəkdiyi xərcə dair məhkəməyə sübut təqdim etməmişdir. İş materiallarında olan (i.v.28) servis mərkəzində ziyan aktının tərtib edilməsi bunun üçün kifayət deyildir.

18. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh avtomobili avtosalondan almadığından və iddiaçı avtomobili alarkən onun keyfiyyətini yoxlatdırdığından sonradan aşkar etdiyi qüsurların onu almasından daha əvvəl mövcud olmasını, eləcə də həmin qüsurların cavabdeh tərəfindən bilərəkdən gizlədilməsini sübut etmə yükü də iddiaçının üzərinə düşür. Lakin, iş materiallarında belə bir sübutun olması aşkarlanmamışdır.

19. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

22. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

23. Kollegiya hazırki işin mahiyyəti ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edir və öz mövqeyini onlarla əsaslandırır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

26. 581.2-ci maddəsinin birinci cümləsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur.

27. 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər.

28. 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.

29. 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir.

30. 586.4-cü maddəsinə əsasən istər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır.

31. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən ggər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:

32. 587.1.1. alış qiymətinin mütənasib azaldılması;

33. 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;

34. 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

35. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə olan halda, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

38. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar