Məhkəmə qərarları › İş №2(103)-5729/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5729/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5729/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)- 178/2021 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı Əmanətlərinn Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2014-cü il tarixli, 175/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 176/14/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh3 ilə həmin tarixdə 175/14/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə müvafiq olaraq zamin Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 197283.44 (yüz doxsan yeddi min iki yüz səksən üç manat, 44 qəpik) manat əsas, 44865.89 (qırx dörd min səkkiz yüz altmış beş manat 89 qəpik) manat müddət sonuna hesablanan faiz, 1764.59 (min yeddi yüz altmış dörd manat 59 qəpik) manat məbləğində cərimə və 3690,87 (üç min səkkiz yüz doxsan manat 87 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 247804,79 manat borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 197283.44 (yüz doxsan yeddi min iki yüz səksən üç manat, 44 qəpik) manat əsas, 44865.89 (qırx dörd min səkkiz yüz altmış beş manat 89 qəpik) manat müddət sonuna hesablanan faiz, 1764.59 (min yeddi yüz altmış dörd manat 59 qəpik) manat məbləğində cərimə və 3890,87 (üç min səkkiz yüz doxsan manat 87 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 247 804,79 (iki yüz qırx yeddi min səkkiz yüz dörd manat 79 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12- ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)- 178/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 03.07.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 197283,44 manat əsas, 41260,02 manat faiz, 1000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 3890,87 manat, cəmi 243434,33 (iki yüz qırx üç min dörd yüz otuz dörd manat 33 qəpik) manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiymətinin 240000 manat müəyyən edilməklə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun "xxxx" ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-178/2021 saylı iş üzrə 12.03.2021-ci il tarixli qətnaməsinin faiz borcu və cərimə məbləğinin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması barədə təmin edilməyən və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin təmin olunmamaış hissəsi ilə razı deyillər. Belə ki, Cavabdeh1 Qasını oğlu ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafıkin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Cavabdeh1 tərəfindən imza edilən 03 iyul 2014-cü il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən ekspert rəyini əsas alaraq haqlı tələbləri olan 44865.89 manat faiz, 1764.59 manat cərimə borcunu tam təmin etməmişdir. Məhkəmə tərəfindən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddiarı qismən təmin edərək əmlakın ilkin satış qiymətinin müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən əmlakın qiymətini 240000 manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ əmlakın real qiymətini əks etdirmir. Hesab edirlər ki, əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağı olduğunu hesab edirlər. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil da apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-178/2021 saylı iş üzrə 12.03.2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni Qətnamə qəbul edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş iş üçün zəruri olan hallara diqqət yetirməmiş və işə zahiri görünüşünə görə qiymət verərək qətnamə qəbul etmişdir. Qeyd edir ki, məhkəmə işi araşdıran zaman cavabdehin kredit götürdüyü borc məbləğinin bir hissəsini ödədiyini, həmin ödənilmiş məbləğin faiz borcuna hesablandığını nəzərə almamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş ekspert rəyində də cavabdehin ödəmiş olduğu borcun faizə hesablanması ilə bağlı qeyd edilməmişdir. Ümumiyyətlə iş üzrə keçirilmiş ekspertiza tərəfindən düzgün rəy verilməmişdir. Beləliklə yuxarıda sadalanan hallardan müəyyən olur ki, məhkəmənin mövqeyi ədalətli olmamaqla yanaşı işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şiakətinin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətlərinin hər ikisi təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan 03.07.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 60 ay müddətinə illik 7 faiz olmaqla, 200000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.07.2014-cü il tarixli, 176/14/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tərəfindən kreditin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzil banka girov qoymuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 04.07.2014-cü il tarixli, 175/14/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, sonuncu Cavabdeh1 bank tərəfindən verilmiş 200000 manat kredit üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 42 nömrəli mənzil "xxxx" ASC-nin adına 08.077.2014-cü il tarixdə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 42 nömrəli mənzil Cavabdeh2 adına 02.10.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.10.2020-ci il tarixli 9/4290 saylı rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən 03.07.2014cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-nə olan borcu aşağıdaki kimi müəyyən olunur, o cümlədən; əsas borc üzrə 197283,44 manat, faiz borcu üzrə 41260,02 manat. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 28.01.2021-ci il tarixli QXM 348/M saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin real bazar qiyməti 250000 manat təşkil edir. İş materiallarında olan Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 26 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 11 avqust 2021-ci il tarixli 9/5055 saylı Ekspertiza Rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında mövcud olan hesabdan çıxarış məlumatlarına əsasən 03.07.2014-cü il tarixli, 175/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 03.07.2019-cu il (müqavilə müddətinin bitdiyi tarixə) və 27.11.2019-cu il tarixlərə (iddia tərtib edilən tarixə) "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 03.07.2019-cu il tarixə əsas borc üzrə 197.283,44 manat, faiz borcu üzrə 41.260,02 manat; 27.11.2019-cu il tarixə əsas borc üzrə 197.283,44 manat, faiz borcu üzrə 45.205,69 manat. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən "xxxx" ASC-ilə Cavabdeh1 arasında 03.07.2014-cü il tarixli, 175/14 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz borcu müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanıldı və müqavilə bitdikdən sonra (03.07.2019-cu il tarixdən 27.11.2019-cu il tarixədək olan) hesablanan faiz borcunun miqdarı 3945,67 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı X1 12 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 11 noyabr 2021-ci il tarixli 262 saylı Qiymətləndirmə Rəyindən görünür ki, rəyin tədqiqat nəticəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 saylı binanın 42 saylı mənzilinin hazırkı bazar qiyməti ilə təqribi dəyərinin 423.000,00 manat olduğunu nəzərə alaraq, hazırkı şəraitdə likvid dəyərinin təqribən 380700,00 manat təşkil etdiyi müəyyən olunur. Qeyd: Respublika əmlak bazarlarında mövcud olan tələb və təklifdən asılı olaraq müəyyən edilmiş orta bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Bu kredit üzrə Cavabdeh3 iş üzrə digər Cavabdeh1 bank tərəfindən verilmiş kredit üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə 03.07.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış borcu ekspert rəyi ilə birgə nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və gecikdirilmiş günə görə hesablanmış faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Faiz borcu ekspert rəyindəki məbləğ əsas götürülməklə 41260,02 manat məbləğində müəyyən edilməlidir. Cərimə borcuna gəldikdə isə məhkəmə 197283,44 manat əsas borca nisbətdə 1764,59 manat cərimə borcunu tənasübsüz dərəcədə yüksək hesab edir və 1000 manat məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Məhkəmə kollegiyası eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 03.07.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 197283,44 manat əsas, 41260,02 manat faiz, 1000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 3890,87 manat, cəmi 243434,33 (iki yüz qırx üç min dörd yüz otuz dörd manat 33 qəpik) manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdehlərdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 240000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. İddia tələbini ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində məhkəmə kollegiyası hesab edir ki, bu icra mərhələsinə aiddir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, Kollegiya hesab edir ki, MPM 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçı və cavabdehlərdən müştərək qaydada tutularaq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir.Eyni zamanda apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının dəyəri olan 400 (dörd yüz) manatın 200 (iki yüz)manatı iddiaçıdan, 200 (iki yüz)manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq Bank Respublika ASC KOD: 506957, VÖEN **********, M/h: AZ80NABZ**********000001944, SWİFT: BRESAZ22; Alan/ ALTERNATİV EKSPERTİZA MƏRKƏZİ MMC VÖEN **********; İBAN: AZ94BRES******************** hesabına keçirilməlidir. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətlərinin hər ikisi təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)- 178/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı və cavabdehlərdən müştərək qaydada tutularaq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilsin. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının dəyəri olan 400 (dörd yüz) manatın 200 (iki yüz)manatı iddiaçıdan, 200 (iki yüz) manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq Bank Respublika ASC KOD: 506957, VÖEN **********, M/h: AZ80NABZ**********000001944, SWİFT: BRESAZ22; Alan/ ALTERNATİV EKSPERTİZA MƏRKƏZİ MMC VÖEN **********; İBAN: AZ94BRES******************** hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar