Məhkəmə qərarları › İş №2(103)-5732/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5732/2025

05.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5732/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair mülki iş üzrə (açar sözlər: barışıq sazişinin təsdiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1998/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki:

2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq aldığı 21.000 (iyirmi bir min) ABŞ dolları (35.700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1.000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür.

3. Tərəflərin övladı X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X2 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 22 oktyabr 2025-ci il tarixli 3-17-5/2-97563/2025 nömrəli məktubla təqdim etdiyi “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumata əsasən Maraqlı şəxs ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə əsas əmək müqaviləsi bağlanılmış, xx.xx.2025-ci il tarixdə bağlanılan əmək müqaviləsinə xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cari vergi ödəmələrinin hesablanması haqqında arayışına əsasən vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 1-ci rüb 2025-ci il üzrə ümumi gəlirinin həcmi 8.396,03 manat, güzəşt və azad olmaların məbləği 6.297,02 manat, vergi ödəməsinin həcmi 384,54 manat; 2-ci rüb 2025-ci il üzrə ümumi gəlirinin həcmi 2.515,74 manat, güzəşt və azad olmaların məbləği 1.886,81 manat, vergi ödəməsinin həcmi 115.22 manat; 3-ci rüb 2025-ci il üzrə ümumi gəlirinin həcmi 6.953,45 manat, güzəşt və azad olmaların məbləği 5.215,09 manat, vergi ödəməsinin həcmi 318,47 manat olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

Ərizəçi Rəhimli X3 Şamxal Yasin oğlunu maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 8 aprel 2025-ci il tarixində Bakı 20 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış barışıq sazişinin təsdiq olunması və ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutulub ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs ilə 08 aprel 2025-ci il tarixində Bakı 20 saylı Mediasiya Təşkilatı vasitəsilə barışıq sazişi bağlamışdır. Barışıq sazişinin predmetini “1. Maraqlı şəxs tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında onun adına ipoteka ilə yüklü edilmiş və DƏDRX-dan çıxarış əldə olunmuş mənzil üzrə bank qarşısında olan öhdəliklərini bankın razılığı ilə Ərizəçi ötürməyi öhdəsinə götürür. 1.1. Öhdəlik Ərizəçi ötürülənədək ipoteka ödənişləri Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 1.2. Maraqlı şəxs gələcəkdə ünvan 2 ünvanında yerləşən əmlakla bağlı iddia irəli sürməyəcəkdir. 2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq alığı 21.000 (iyirmi bir min) ABŞ dollar (35.700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1.000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür. 3. Tərəflərin övladı X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X2 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür.” təşkil edir. Qeyd edir ki, Sazişin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs barışıq sazişinin 2-ci maddəsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməkdən boyun qaçırır və bu da Sazişin hüquqi xarakterini itirməsinə və öz əhəmiyyətinə görə barışıq yolu ilə icra olunmasına çətinliklər yaradır buna görə də məhkəməyə müraciət olunması və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi zərurəti meydana gəlmişdir. Barışıq sazişinin 8-ci maddəsinə görə saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00267 saylı mediasiya prosesi vasitəsilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin 2-ci və 3-cü bəndlərinin “2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq aldığı 21.000 (iyirmi bir min) ABŞ dolları (35.700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1.000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür. 3. Tərəflərin övladı X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X2 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür” - məzmununda təsdiq edilməsi və 260 (iki yüz altmış) manat həcmində mediasiya xərci və məhkəmə dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs məhkəmə ərizə ilə müraciət edərək nümayəndəsinin (vəkili) ölkə xaricində olduğunu və 8 sentyabrdan etibarən ölkədə olacağına görə məhkəmə iclasını həmin tarixdən sonrakı tarixlərə təxirə salınmasını, məhkəmə iclasında nümayəndəsi ilə birlikdə şəxsən iştirak etmək istədiyi üçün məhkəmə iclasının bir dəfə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, iclasın təxirə salınmasına zərurət görməmiş və MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1998/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilmiṣdir:

2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq aldığı 21.000 (iyirmi bir min) ABŞ dolları (35.700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1.000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür.

3. Tərəflərin övladı X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X2 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür. Qətnaməyə əsasən, Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 160 (bir yüz altmış) manat mediasiya xərcinin və 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi qət edilmiṣdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, 2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq aldığı 21000 (iyirmi bir min) ABŞ dolları (35700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür. 3. Tərəflərin övladı X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X2 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin müvafiq bəndlərinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Məhkəmə mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 305.1.17, 355-23.1, 355-24, 355-26-cı maddələrinə istinadla əsaslandırmıṣdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1998/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini “barışıq sazişin təsdiqi” tələbinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə istinad edərək bildirir ki, o, işdən azad olunduğundan, maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş, onun bu diqqətəlayiq maraqları nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən uşaq üçün ödənilmiş aliment həm də uşağın təhsilinə xərclənir. Məhkəmə onun iştirakı olmadan və sübutlarını təqdim etməyə şərait yaratmadan qətnamə qəbul etdiyinə görə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. Belə ki, o, üzürlü səbəbdən məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin prinsipinə əsasən məhkəmə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxa bilməz. O, iştirak etmək niyyətini bildirdiyinə görə hakim hər bir halda prosesin çəkişmə prinsipini təmin etməli idi. Bildirir ki, məhkəməyə özünün və nümayəndəsinin iştirak edə bilməyəcəyinə dair məlumat verməsinə baxmayaraq, məhkəmə bu halın üzürlü olmasına əhəmiyyət verməyərək, iclasın cəmi 1 dəfə təxirə salınmasına dair xahişini qərəzli olaraq nəzərə almamışdır. Ərizəçi ilə onun arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanarkən o, "xxxx" ASC-də işləyirdi və maddi cəhətdən təminatı yaxşı idi. Ona görə həmin vaxt barışıq sazişində övladı X2 yüksək həyat şəraitinin qorunub saxlanılması üçün oxuduğu özəl məktəbin təhsil haqqısını ödəməyi öz təşəbbüsü ilə üzərinə götürmüşdür. Bundan başqa, Ərizəçi borc aldığı 21.000 ABŞ dolları (35.700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1.000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin xx.xx.2025-ci il tarixdə o, işdən azad olunmuş və maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Bu səbəbdən obyektiv olaraq barışıq sazişi ilə üzərinə götürdüyü maddi öhdəliklərə dair bəndləri icra etmək imkanı yoxdur. Buna dair müvafiq sübutları da vardır. xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasına onun və nümayəndəsinin (vəkilinin) üzürlü səbəbdən getmək imkanı olmadığından bu barədə elektron kabinet vasitəsi ilə məlumat yerləşdirsə də, məhkəmədən iclasın başqa tarixə təxirə salınmasını xahiş etsə də, məhkəmə onun şəxsən iştirak etmək və müvafiq sübutlarını təqdim etmək hüququnu pozaraq işin faktiki hallarını kifayət qədər araşdırmadan nəticəyə gələrək qətnamə qəbul etmişdir. Beləliklə, qətnamənin ləğv olunmasını, “barışıq sazişin təsdiqi” tələbinə dair ərizənin təmin edilməməsini xahiş olunur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, "xxxx" ASC-də işləmiş, maddi gəliri yaxşı olmuş, amma 5 iyun tarixindən işdən azad olunmuş, həmin tarixdən rəsmi olaraq işləmirəm, tək gəlir mənbəyi xidməti müqavilə əsasında işlədi kursdur. Həmin müddətlə müqayisədə gəlirində ¼ həcmində azalma var. Bununla bağlı Dövlət Vergi Xidmətindən çıxarışı məhkəməyə təqdim edir. Birgə nikahlarından olan uşağın 7 yaşı var. O, uşağı ilə bağlı heç bir xərcdən qaçmamış, təhsil aldığı üç ilin iki il yarımını o, qarşılamışdır. May ayında 3.200 manat ödəniş etmişdir. Ödəniş illik 10.000-11.000 manat təşkil edir. O, ərizəçidən avqust ayındakı 30%-lik ödənişi etməyi təklif etmişdir. Yanvarda 50%-lik ödənişədək o, vəziyyəti düzəltməyə çalışacaqdır. Qarşı tərəf buna etiraz etmişdir. Hal-hazırda onun aylıq ortalama gəliri 1.600-2.000 manatdır. Bu gəlir xalis gəlir deyildir. O, hər ay bu gəlirdən vergi də ödəyir. Məhkəmənin qərarı ilə ondan 500 manat tutulur. "xxxx" ASC-də müəyyən anlaşmazlıqlar olduğundan gələcəklə bağlı problemlər ola biləcəyindən işdən çıxmalı olmuşdur. Barışıq sazişini o, mübahisələndirməmiş, avqust ayına kimi ödənişləri ödəmiş, avqust ayından problem yaranmışdır. Qarşı tərəfin dedikləri həqiqət deyil, onun qeyrirəsmi gəlirləri yoxdur. O, proqramistdir, proqramist hesabı var idi. Həmin hesab iyul ayından bağlanmışdır. Çünki tələb olunan illik 100 ABŞ dolları ödəyə bilməmişdir. Ərizəçi onun mail hesabına ondan icazəsiz giriş etmişdir. Bununla bağlı o, Nəsimi RPİ-yə şikayət etmişdir. İş yeri ilə planları üst-üstə düşmədiyindən o, həmin iş rejimindən çıxmaq barədə qərar vermişdir. Psixoloji olaraq hər gün 09:00-dan 18:00-də olan iş rejimində işləmək istəməmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayəti ilə razılaşmayıb, izahatında göstərmişdir ki, maraqlı şəxsin Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Həmin maddə işçi tərəfindən müqaviləsinin ləğv edilməsi qaydasını tənzim edir. Açıq-aydın görünür ki, işdən azad olunma məsələsi yoxdur, şəxs öz istəyi ilə işdən çıxıb və həmin dövrdə qarşı tərəfin "xxxx" ASC-də rəsmi əmək haqqı 6.000 manatın üzərində olub. Maraqlı şəxs paralel olaraq akademiyada dərs deməklə məşğul idi. Şəxsin aylıq rəsmi gəliri 6.000 manatın üzərində olub. Yəni şəxsin bilərəkdən əmək haqqının az göstərməyə cəhd etməsi aliment, borc və digər öhdəliklərdən yayınması deməkdir. O, maraqlı şəxsin qeyri-rəsmi gəlirlərinin olması barədə Maliyyə Monitorinq İdarəsinə, Dövlət Vergi Xidmətinə müvafiq sorğular göndərmişdir. Maraqlı şəxs kompüter mühəndisi olduğuna görə apple store tətbiqi üzərindən proqramlar yaradıb yükləyir və bunların vergi bəyannaməsini etmir, vergidən yayınmaqla edir. Bununla bağlı sübutlar da var. Barışıq saizşi tərəflərin azad iradə ifadəsi əsasında bağlanılıb. Onların boşanmasından heç bir il müddət keçməyib. Barışıq sazişi də aprel ayında bağlanılıb. Münasibətlər də avqust ayına kimi tam normal olub. Uşaq 3 ildir özəl məktəbdə təhsil alır, təhsil müqaviləsi də maraqlı şəxslə məktəb arasında bağlanıb. Cavabdehin qeyri-rəsmi aylıq gəlirləri 10.000 manat təşkil edir. Birdən-birə 6.000 manatlıq maaşdan ərizə yazıb imtina etməsi məntiqli davranış deyil.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Maddə 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Maddə 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Maddə 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 5.1. Mediasiya könüllü (bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Maddə 5.2. Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında (bu Qanunun 21.1-ci maddəsi nəzərə alınmaqla) həyata keçirilir. Maddə 5.3. Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər. Maddə 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Maddə 33.3. Barışıq sazişi qüvvədə olan qanunvericiliyə və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 23 fevral 2024-cü il tarixli, 01\2024 nömrəli Qərardadı: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Mediasiya haqqında” Qanun) 1.0.7-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “İcra haqqında” Qanun) 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406). Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Məsələn, daşınmaz əşyaya sərəncam verilməsi razılaşdırılırsa, belə saziş notarial qaydada təsdiqlənməlidir. Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Məhkəmənin təsdiqlədiyi barışıq sazişi isə protokol şəklində tərtib olunur (Mülki Məcəllə, maddə 881.3). Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir. MPM-in 191-ci maddəsində nəzərdə tutulmuşdur ki, tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda, iş üzrə icraata xitam verir. Göründüyü kimi, barışıq sazişi mübahisədə olan tərəflər arasında həm məhkəmədən kənar, həm də məhkəmə təsdiqi ilə bağlana bilər.”

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə ərizə təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən, maraqlı şəxs qətnaməni bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1998/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Belə ki, maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə görə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanarkən Maraqlı şəxs "xxxx" ASC-də işlədiyindən maddi cəhətdən təminatı yaxşı olduğundan, həmin vaxt barışıq sazişində övladı X2 yüksək həyat şəraitinin qorunub saxlanılması üçün oxuduğu özəl məktəbin təhsil haqqını ödəməyi öz təşəbbüsü ilə üzərinə götürmüş, bundan başqa, A.B.Ərizəçi borc aldığı 21.000 ABŞ dolları (35.700 manat) məbləğini hər ay 1.000 manat olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin xx.xx.2025-ci il tarixdə o, işdən azad olunmuş və maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Bu səbəbdən obyektiv olaraq barışıq sazişi ilə üzərinə götürdüyü maddi öhdəliklərə dair bəndləri icra etmək imkanı yoxdur. Bundan başqa məhkəmə onun iştirakı olmadan, sübutlarını təqdim etməyə şərait yaratmadan qətnamə qəbul etmişdir. Ona görə də, qətnamənin ləğv olunmasını, “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizənin təmin edilməməsini xahiş olunur. Göründüyü kimi maraqlı şəxs barışıq sazişi təsdiq edilərkən öz iradə ifadəsinə uyğun hərəkət edib qərar qəbul etməsini apellyasiya şikayətində etiraf edir. Bundan başqa mülki işin sənədlərindən və maraqlı şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, o, kifayət qədər yüksək əmək haqqına malik oduğu işindən öz təşəbbüsü ilə azad edilmişdir. Bu hal isə kollegiyaya öhdəlikləri olan maraqlı şəxsin öz əlavə gəlirlərinə güvənərək hərəkət etməsi qənaətinə gəlməyə əsas verir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında sazişin şərtləri müəyyən edilib, razılaşdırılıb bağlanarkən maraqlı şəxs öz iradə ifadəsini könüllü şəkildə ifadə etdiyindən, saziş bağlandıqdan sonra da həmin sazişi mübahisələndirmədiyindən, maraqlı şəxsin yüksək əmək haqqı ilə təmin olunan işindən öz təşəbbüsü ilə azad edilməsi, bu səbəbdən gəlirlərinin dəyişməsi barışıq sazişini bu şərtlərinin təsdiq edilməməsi üçün əsas olmadığından, tərəflər arasında bağlanan sazişin təsdiq edilməsinə dair ərizəçinin ərizəsinə baxılarkən sazişin 2-ci və 3-cü bəndlərinin maraqlı şəxs tərəfindən icra edilməməsi öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi baxılması üçün 10 gün prosessual müddət müəyyən edilən işə qanunvericiliklə müəyyən olunan müddətdə bağmalı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1998/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1998/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar