Məhkəmə qərarları › İş №2(103)-5738/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5738/2023

27.10.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5738/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 və cavabdeh-iddiaçı Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi barədə” ilk iddiasına, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, pul tutulması və havalandırma qurğusunun qaytarılması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında yerləşən 720 kv.m sahənin icarəsinə görə 134.140 manat icarə haqqı tutulsun. "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsində tələb olunub: 1) tərəflərin arasında həmin sahəyə dair bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilsin; 2) sahənin təmirə çəkilmiş xərcin əvəzi kimi 500.000 manat tutulsun; 3) sahədə quraşdırılmış havalandırma qurğusu qaytarılsın. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, ilk iddia təmin olunsun, icarə haqqı kimi 134.140 manat "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun, qarşılıqlı iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılan hissəsi: Hazırkı apellyasiya baxışında qətnamənin yalnız ilk iddiaya aid hissəsi yoxlanılır. Qətnamənin qalan hissəsi bundan əvvəl apellyasiya qaydasında yoxlanılıb və həmin hissədə apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minib. Belə ki, bundan əvvəl işə iki dəfə apellyasiya qaydasında, iki dəfə isə kassasiya qaydasında baxılıb. Birinci dəfə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, apellyasiya məhkəməsinin həmin qətnaməsi qismən – ilk iddianın təmin edilməsi və qarşılıqlı iddiadakı müqavilənin ləğv edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İkinci dəfə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, qətnamə ilk iddianın təmin edilməsi və qarşılıqlı iddiadakı müqavilənin ləğv edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia müqavilənin ləğv edilməsi hissəsində təmin edilsin, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə qərara alınıb ki, apellyasiya məhkəməsinin həmin qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin yoxlanılması: Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC-nin (icarəçinin) arasında ünvan 1 ünvanında yerləşən 720 kv.m sahənin icarəsinə dair xx.xx.2020 və xx.xx.2021-ci il tarixli iki icarə müqaviləsi bağlanıb, icarə haqqı hər təqvim ayı üçün 20.000 manat müəyyən edilib. İcarəyə verən bildirir ki, 13 ay ərzində, yəni 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər (mart ayı da daxil olmaqla) olan dövrdə icarə haqqının bir hissəsi ödənilməyib, ödənilməyən icarə haqqının məbləği 134.140 manat təşkil edir. 13 ay ərzində ödənilməli olan icarə haqqının cəmi məbləği 260.000 manat təşkil edir (13 ay x 20.000 manat = 260.000 manat). İcarəyə verən etiraf edir ki, həmin məbləğin 125.860 manatı ödənilib, qalan məbləğ 134.140 manat təşkil edir (260.000 manat - 125.860 manat = 134.140 manat). İcarəyə verən bu barədə ödəniş cədvəlini məhkəməyə təqdim edib (iş v. 6). İcarəçi ödəniş cədvəlində göstərilən məbləğlərə etiraz etmir, bildirir ki, həmin dövrdə icarə haqqını tam deyil, cüzi miqdarda ödəyib. İcarəçi bunun səbəbini belə izah edir ki, icarəyə götürülmüş sahədən oyuncaqların pərakəndə satışı mağazası kimi istifadə olunub, lakin pandemiya səbəbindən göstərilən dövrdə mağaza fəaliyyət göstərməyib, tərəflərin arasında qarşılıqlı güzəştlərin həyata keçirilməsi barədə şifahi razılıq olub, icarəçi həmin razılığa uyğun hərəkət edib. İcarə haqqının ödənilməsinə münasibətdə icarəçi borclu sayılır. Belə vəziyyətlər üçün borclunun vəzifəsi Mülki Məcəllənin 448.4-cü maddəsində müəyyən edilib. Həmin maddəyə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borcu həmin halı (mağazada ümumiyyətlə satış olmadığını) təsdiq edən sübutları (kassa aparatının göstəricilərini, mağazanın müşahidə kamerasının görüntülərini və s.) məhkəməyə təqdim etməyib. Buna baxmayaraq, əgər şərti olaraq hasab olunsa ki, borclu həmin hal sübuta yetirib, yəni mağaza pandemiya səbəbindən fəaliyyət göstərməyib, bu vəziyyətdə həmin hal öz-özlüyündə borclunu öhdəliyin pozulmasına (icarə haqqının tam ödənilməməsinə) görə məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, 448.4-cü maddəyə görə, borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Maddədə daha sonra qeyd olunub ki, əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi, borclu maneənin (pandemiyanın) onun icra qabiliyyətinə təsiri barədə kreditora dərhal məlumat vermək vəzifəsi daşıyıb. Lakin o, kreditora belə məlumatı verdiyini sübut edə bilmir, ona görə də icarə haqqını tam ödəməlidir. Bundan başqa, hər iki icarə müqaviləsinin 8.1-ci bəndinə görə, fors major hal 60 gündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verə bilər. İcarə haqqı 13 ay ərzində tam ödənilməyib, lakin borclu müqaviləyə xitam vermək üçün əks tərəfə yazılı xəbərdarlıq etməyib. Bu isə onu təsdiq edir ki, icarə münasibətinin müqavilədə göstərilən şərtlərlə davam etdirilməsi borclunun iradəsinə uyğun olub. Ona görə də borclu icarə haqqını tam ödəməlidir. Borclu (icarəçi) bildirir ki, pandemiya ilə əlaqədar tərəflərin arasında qarşılıqlı güzəştlərin həyata keçirilməsi barədə şifahi razılıq olub. Lakin kreditor (icarəyə verən) belə razılığın olmadığını bildirir, borclu isə razılığın olduğunu təsdiq edən sübut təqdim edə bilmir. Beləliklə, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Ona görə də birinci instansiya məhkəməsi ilk iddianı təmin etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti baxılan hissədə təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilən hissəsində, yəni 134.140 manat icarə haqqının Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar